Peşə, ixtisas və ziyalılıq

 

Bütün dövrlərdə cəmiyyətlərin həyatında ən çox müzakirə olunan məsələlərdən biri təhsil və elm olmuş və olaraq qalmaqdadır. Bu isə özlüyündə çox təbii bir məsələdir. Çünki insan cəmiyyəti meydana gələndən dərk etmişdir ki, onun inkişafı, həyatının rahatlığı düşüncədən və bu düşüncə nəticəsində düzəldə bildiyi alət və qurğuların müxtəlif işlər üçün tətbiq olunmasından, içərisində yaşadığı təbiətin sirlərinin öyrənilməsindən, özü ilə dünya arasındakı harmoniyanı duymasından asılıdır. Buna görə də hələ ilkin insanlar onları əhatə edən təbiətdəki predmetlər və hadisələr aləmini öyrənməklə, yaxud mənalandırmaqla yanaşı, musiqi və nəğmələr də yaratmışlar. Biz bunu eradan əvvəl VI əsrdə qədim Yunanıstanda olan Pifaqor məktəbinə məxsus filosofların yaradıcılığında aydın şəkildə görürük. Onlar bir tərəfdən təbiətin və cəmiyyətin bütövlüyünü (fəlsəfə), digər tərəfdən bu bütövlüyü yaradan kəmiyyət ölçülərini (riyaziyyat), üçüncü bir tərəfdən təbiətlə insan arasında olan harmoniyanı (musiqi) öyrənməklə məşğul olmuşlar və bununla da sonrakı dövrlər üçün də insan düşüncəsi qarşısında ciddi problemlər qoymuşlar. Çünki dünyaya onun mövcud bütövlüyündə yanaşma metodunu biz ilk dəfə Pifaqor məktəbində görürük.

 

Elmə və təhsilə qarşı olan münasibətlərdə, gözləntilərdə müxtəlifliklər də özünü göstərir. Bu isə həmişə hər hansı bir cəmiyyətin mövcud olduğu sosial məkan (təbii-coğrafi şərait, adət-ənənə, etiqad, həyat tərzi, fəaliyyət sahələri və s.) və sosial zamanla (demoqrafik say və tərkib, ümumi ruhi durum, yaxud ictimai şüur, istehsal və istehlak səviyyəsi, sağlamlıq, elmin və texnikanın nə dərəcədə inkişafı, ümumi-mədəni və sivilizasion səviyyə və s.) ilə bağlı olur. Bütün bunların hamısı bir yerdə, vəhdət halında təhsilin təşkilini və onun məzmununu müəyyənləşdirən amillərdir. Buna görə də təhsilin təşkili və məzmununu müəyyənləşdirərkən kimə isə oxşamaq, kimi isə təqlid etmək yox, ölkənin real vəziyyətindən, onun ictimai-psixologiya və ictimai şüur səviyyəsindən çıxış etmək daha düzgün və daha çox fayda verir. Qabaqcıl təcrübəyə gəldikdə isə bu təcrübənin götürülməsi və tətbiqi həmişə olmuş və olmalıdır da. Burada təqlidçilik yolu ilə deyil, təhlil və sintez yolu ilə getmək daha çox fayda verir.

Əslində bizim təhsil sistemimizin məzmunu elə əvvəldən Avropa təcrübəsinə və elminə əsaslanıb. Çünki təbiətşünaslıq və texniki elmlərin məzmunu əsasən Avropa alimlərinin elmi nəzəriyyə və ideyalarına əsaslanır. İctimai və humanitar elmlərə gəldikdə isə bunların da əsas konsepsiya və konstruksiyaları Avropa elmlərinə əsaslanır. Bunların qurulması, tikilməsi, sistemləşdirilməsi, müəyyən bir məzmun və formaya salınması isə yerli materiallara əsaslanır. Təsadüfi deyildir ki, istənilən elm sahəsinin həm meydana gəlməsi və inkişaf tarixini, həm də müasir səviyyəsini araşdırdıqda biz mütləq Avropaya müraciət etməli oluruq. Başqa yol yoxdur. Onlar bu işə daha tez başlayıblar və irəli gediblər. Biz isə velosipedi yenidən kəşf etmək üçün baş sındırmaqdan, vaxt itirməkdənsə, hazır olandan istifadə etməliyik. Lakin fikirləşməliyik ki, dünya elmini biz yalnız erudisiya, bilik naminə bilik kimi, hansısa ehkamlar sistemi kimi deyil, bizim həyatımıza, varlığımıza tətbiq etmək üçün, öz varlığımızdan, həyatımızdan irəli gələn məsələlərin həlli üçün öyrənməliyik. Avropa elmi XVI-XVII əsrlərdən başlayaraq məhz Avropa həyatının, Avropa düşüncəsinin tələblərini ödəmək yolu ilə inkişaf etmişdir. Bu elm öz inkişaf tələblərini ödəmək üçün elmi laboratoriyalarla yanaşı həm də elmin daxili məntiqi bazasını, onun nəzəriyyə sahəsini yaratmışdır. Buna görə biz fikirləşməliyik ki, bu gün biz elmin və təhsilin hansı sahələrinə üstünlük verməliyik və bu sahədə ehtiyac və tələbləri ödəyə biləcək təhsil sistemi və ən yeni avadanlıqlarla təchiz olunmuş tədqiqat mərkəzləri yaratmalıyıq. Burada kimə isə oxşamaq, kimi isə təqlid etmək çətin ki, gözlənilən səmərəni verə bilsin. Yadda saxlamaq lazımdır ki, təhsilin və elmin inkişafı iki mühüm amillə bağlıdır: 1) cəmiyyətin real həyatından irəli gələn problemlərin həlli; 2) elmin özünün daxili məntiqindən irəli gələn problemlərin həlli. Həm də bunlar heç də ayrı-ayrılıqda mövcud olmayıb, vahid vəhdətdə olan məsələlərdir, cəmiyyətin hərəkət, dəyişkənlik və inkişaf sürətinin ağırlıq mərkəzini bu iki amil müəyyənləşdirir və ən azı XVI-XVII əsrlərdən başlayan dünya təcrübəsi bunu təsdiq edir.

Bəli, sosial varlıq, yaxud cəmiyyət həyatı fikrin, düşüncənin və bunun həyata keçirilməsi üzərində yaranır, qurulur və yaşanılır. Lakin düşüncə heç vaxt yalnız hazır, sistemləşdirilmiş, proqramlaşdırılmış biliklər hüdudunda mövcud olmur. Çünki bu biliklər düşüncədən çox yaddaşa əsaslanır və belə biliklər əsasında hər hansı konkret bir situasiyada meydana çıxan həyati problemi təhlil edərkən hansısa optimal bir variant tapmaq mümkün deyildir. Hazır biliklər yalnız standart situasiyalara, funksiyalara aiddir. Burada təfəkkür prosesi yox, verilən tapşırığı yerinə yetirmək, icraçılıq funksiyası işə düşür. Belə olduqda isə, insanın özü bir mexanizmə, robota çevrilir. Başqa sözlə, insanların çox qismi, az qismdə olan adamların yaratdığı mexanizmə çevrilir. Belə halda koqnitiv proses, yaxud təfəkkür prosesi, yaxud düşünmə qabiliyyəti öz təbii funksiyasını itirməyə başlayır. Belə olduqda, hələ eradan əvvəl V əsrdə Sokrat tərəfindən təhsil prosesinə daxil edilən və bu gün də aktual olaraq qalan düşünmə qabiliyyətini inkişaf etdirmək qanunauyğunluğu sıxışdırılaraq zəifləmiş olur.

Bu fikirlər ona görə söylənilir ki, indi biz kompyuter erasına daxil olmuşuq və kompyuter ətrafında böyük bir hay-küy yaranıb. Hətta başqa miflər kimi “informasiya cəmiyyəti” mifi də yaranıb. Yaddan çıxarılır ki, cəmiyyət həyatı informasiya ilə deyil, düşüncə və istehsalla müəyyənləşir. Bu hay-küydə yaddan çıxarılır ki, kompyuter də telefon-teleqraf, avtomobil, təyyarə və s. kimi texniki yeniliklərdən biridir və bu yeniliyin yükü, əvvəlkilərdən fərqli olaraq, informasiya daşımaq və çatdırmaqdır. Lakin bu informasiyanı toplamaq, qruplaşdırmaq, yoxlamaq, dəqiqləşdirmək və onun əsasında hansısa bir iş qurmaq üçün dərindən düşünə bilmək bacarığı lazımdır. Kompyuter isə bu düşüncəni vermək iqtidarında deyildir. Çünki bu, insan beyninə xas olan keyfiyyətdir və təxminən yüz milyard beyin hüceyrəsinin fəaliyyəti nəticəsində hasil olan hadisədir. Bu keyfiyyəti şüurun hazırladığı hansı bir qurğu iləsə almaq mümkün deyildir. Beynin sonsuz potensialı açıldıqca o, hələ daha mürəkkəb, daha böyük surətlə işləyən qurğular, mexanizmlər yaradacaqdır. Lakin özünü əvəz edə biləcək bir qurğu yaratması mümkün deyildir. Çünki insan beyni təbiətin yaratdığı ən unikal, ən nadir bir substansiyadır və onun iş fəaliyyəti birinci mərhələdə informasiya almaqdırsa, ikinci daha yüksək mərhələdə bu informasiyanı təhlil etmək, düşünməkdir. Düşüncə olmadan görülən iş isə müəyyən alqoritmlərə əsaslanan işlərdir. Məsələn, telefon, yaxud kompyuter operatorlarının işi belə işdir. Buna görə də tədris işində şübhəsiz ki, kompyuterdən istifadə etmək nəinki lazımdır, hətta vacibdir. Lakin kompyuterə hər şeyi həll edən nə isə möcüzəli bir şey kimi baxmaq və hər şeyi onun vasitəsilə həll etmək uşaq sadəlövhlüyüdür. Kompyuter böyük bir texniki yenilikdir, lakin bu texniki yeniliyi bütövlükdə düşüncə hadisəsi, yaxud prosesi kimi qəbul etmək olmaz. Düşüncə nitqlə, danışıqla bağlı hadisədir və situasiyadan asılı olaraq müxtəlif cürə qoyula bilən, düşüncə qabiliyyətini və onun əsaslandırılmasını yoxlaya bilən suallarla bağlıdır. Kompyuter isə situasiya ilə bağlı deyildir. Onda məkan və zaman vəhdəti, ruhi durum yoxdur. Çünki o sadəcə mexanizmdir. Buna görə də canlı danışığı, izahı, ünsiyyəti kompyuterlə əvəz etmək düşüncə kasıblığına, faktlar içərisində dolaşıb qalmağa, qarşlıqlı keçid və təsir əlaqələrini görə bilməməyə gətirib çıxarır. Bütün bunlar isə tədris prosesində müəllimin aparıcı rolu ilə bağlı olan məsələlərdir və buna görə də şagirdin və ya tələbənin hər hansı bir məsələyə nə dərəcədə müstəqil və yaradıcı yanaşma qabiliyyətini tam halda yalnız müəllim müəyyənləşdirə bilər. Burada mexanikləşdirmə və avtomatlaşdırma arzu olunan nəticəni verə bilməz. Çünki bunlar standart, təkrarlanan iş üçündür. Buna görə də şagird və tələbələrdən imtahan götürülərkən kompyuterlə yanaşı daha hansısa bir üsuldan istifadə etmək yaxşı olardı. Hamıya aydın olan faktdır ki, qəbul imtahanlarında keçid balı toplayan abituriyentlərin xeyli qismi sonradan ali məktəbdə zəif oxuyurlar. Çünki onlar testlər üzrə hazırlaşdıqları üçün materialı sistemli surətdə öyrənməkdən daha çox onu çoxlu təkrarlar nəticəsində ayrı-ayrı fraqmentlər halında yadda saxlayırlar. Ali məktəbdə əsaslı və sistemli halda keçilən kursları, bu kursların daxili məntiqi əlaqələrini qavramaq üçün isə yalnız yaddaş deyil, həm də düşünə bilmək qabiliyyəti lazım gəlir. Yadda saxlamaq lazımdır ki, tədris prosesində öyrənilənlərin heç də hamısı yaddaşda qalmır, gec-tez silinir, yox olur. Tədrisdən əldə olunan ən başlıca sərvət isə düşüncə qabiliyyəti olur. Məşhur alman fizika alimi Verner Heyzenberq də bunu nəzərə alaraq deyirdi ki, təhsil, öyrəndiyiniz hər şeyi unutduqda yerdə nə qalırsa odur, yaxud düşünə bilmək qabiliyyətidir. Çünki bu qabiliyyət varsa, lazım gəldikdə yaddan çıxanları asanlıqla bərpa etmək və onlardan istifadə etmək mümkündür.

Cəmiyyət yerində saymadığına, onun həyatında bu və ya digər dəyişikliklər baş verdiyinə görə təhsildə heç vaxt həmişəlik müəyyənləşmiş vahid prinsiplər, tələblər sistemi ola bilməz. Onda qəbul edilən prinsiplər sistemi həmişə bugünkü vəziyyətdən çıxış etməklə yaxın gələcəyə hesablanır. Adətən təhsilin strategiyası deyilən şey də elə budur. Lakin bu strategiyanı hazırlamaq o qədər də asan bir məsələ deyildir. Burada demoqrafiyadan tutmuş qloballaşmaya və ölkənin iqtisadi, elmi və mədəni inkişafına, əhalinin fiziki və mənəvi sağlamlığına qədər hər şey dəqiq öyrənilməli, hesablanmalı, planlaşdırılmalı və proqnozlaşdırılmalıdır. Buna görə də təhsilin planlaşdırılması, proqramlaşdırılması və proqnozlaşdırılması makro və mikro iqtisadiyyat, elm, maddi və mənəvi mədəniyyət, idarəetmə, əhalinin sağlamlığı (tibb) və s. sahələrdə aparılan ciddi elmi-fəlsəfi və sosioloji tədqiqatların nəticələrinə əsaslanmalıdır. Təhsili yalnız məktəbin və tədrisin təşkili sahəsində görülən və görüləcək işlərlə məhdudlaşdırmaq olmaz. Çünki bu işlər artıq məzmunu və məqsədi müəyyənləşdirildikdən sonra tədris işinin icra olunmasına, yaxud həyata keçirilməsinə aiddir.

Təhsilin məzmun və məqsədini, onun həcmini tam müəyyənləşdirməməyin o qədər də yaxşı dərk etməməyin nəticəsidir ki, bizdə peşə təhsili, orta ixtisas təhsili və ali təhsil arasındakı spesifik fərqlərə o qədər də ciddi əhəmiyyət verilmir, hətta bəzən ali təhsili belə peşə və orta ixtisas təhsili səviyyəsinə salan fikirlər də səslənir. Məsələn, nəzəri predmetlərin sayının azaldılması kimi fikirlər söylənilir. Yaddan çıxarırlar ki, ali təhsil özündə həm peşəni, həm ixtisası birləşdirməklə yanaşı həm də geniş dünyagörüşünə, çevik zəkaya malik ziyalı hazırlayır. Ziyalılıq isə yalnız peşə və ixtisas təhsili ilə formalaşa bilməz. Ziyalılıq birbaşa hansısa fəaliyyət sahəsi ilə bağlı olmayıb, bütün həyati məsələlərdə özünü təmkinli saxlamaq və yaranmış hər hansı bir situasiyanı düzgün təhlil etməyi bacarmaq və optimal çıxış yolu axtarıb tapmağa çalışmaqdır. Bunun üçün isə ali məktəbdə peşə və ixtisas bilikləri ilə yanaşı düşüncə, fəaliyyət və yaşayışın məzmun və mahiyyətini açan fənlər də məcburi fənn kimi tədris proqramlarına daxil edilməlidir. Bu fənlər sırasına ilk növbədə fəlsəfə daxil edilməlidir.

Təhsil sisteminə rəhbərlik edənlərin arasında bəziləri fəlsəfəyə münasibətdə təəccüb və təəssüf doğuran qəribə fikirlər səsləndirirlər. Onlar təxminən belə fikir söyləyirlər ki: 1) bütün elmlər fəlsəfəni tərk etmiş və fəlsəfə predmetsiz qalmışdır. Məlum deyildir ki, o nə ilə məşğul olur; 2) artıq sosiologiya və politologiya kimi elmlər də fəlsəfədən ayrılmışdır və fəlsəfə deyilən şey daha bir heçə, nəyə isə, kimə isə lazım olmayan bir şeyə çevrilmişdir. Beləliklə, həmişə fəlsəfənin predmeti haqqında gedən müzakirələrdən ancaq ən bəsit və neqativ olan şeyləri eşidən bu adamlar heç vaxt müasir fəlsəfənin predmeti və cəmiyyət həyatında rolu haqqında nəinki xarici ölkələrdə yaşayan, hətta öz ölkəmizdə yaşayan filosof alimlərin yazıları ilə belə tanış deyillər. Buna görə də müasir fəlsəfə elmi və onun əhəmiyyəti haqqında ən adi təsəvvürə belə malik deyillər. Hətta bir nəfər hay-küylü təhsil işçisi mənə sübut etməyə çalışdı ki, indi filosof həm yas mərasimində dualar oxuyan, həm dua yazan, həm cadu quran köhnə kənd mollasından başqa bir şey deyil. Əlbəttə, mən bu sözlərdən sonra onunla mübahisə edərək nəyi isə sübut etmək fikrindən əl çəkdim. O, öz monoloqunu qurtardıqdan sonra təzədən məndən soruşdu ki, siz deyə bilərsinizmi fəlsəfənin predmeti nədir. Mən yaxa qurtarmaq və məsələni uzatmamaq üçün, həm də doğrusu bir qədər rişxəndlə fəlsəfə təfəkkür, düşüncə tərzi və mədəniyyətidir deyə cavab verdim. Beləliklə, başa salmaq istəyirdim ki, sənin dediklərin əslində ətrafdakıların kefli İsgəndərə dediklərindən başqa bir şey deyil və sən özün də Kəlbalıdan heç nə ilə fərqlənmirsən. Lakin o, heç nə başa düşmədi və dedi ki, necə yəni, bəyəm fəlsəfə olmasa camaat fikirləşə bilmir ki? Mən daha cavab verməyi artıq saydım ki, camaat düşünür, lakin çox vaxt Novruzəli (C.Məmmədquluzadə) və Kəlbalı (Ə.Haqverdiyev) kimi düşünür. Həm də vay o gündən ki, bizim adını ziyalı qoyanlarımız, müəllimlərimiz, həkimlərimiz, mühəndislərimiz, hətta alimlərimizin bir qismi və şübhəsiz ki, onların arasından çıxan dövlət məmurlarımızın da bir qismi belə düşünməyə başlaya. Bu düşüncənin üstünə müxtəlif növlü kleptomaniya xəstəliyini də gəlsək onda doğrudan da vay bizim halımıza. Çünki külli miqdarda Ostap Benderlər əmələ gələcək və onlar hər yerdə peyda olacaqlar.

Hər hansı bir mexaniki qurğu ona verilən hər hansı bir təcillə hərəkətə gətirildiyi kimi, hər hansı bir konkret cəmiyyət də ona verilən təcil və bu təcilin gücündən asılı olaraq hərəkətə gəlir, dəyişir, kiçik və ya böyük sürətlə irəli getməyə, inkişaf etməyə başlayır. Cəmiyyət həyatına verilən bu təcilin mənbəyini kimlərsə fövqəltəbii qüvvədə, kimlərsə maddi istehsalda və onun bölüşdürülməsi prinsiplərində, kimlərsə də insan zəkasının gücündə axtarırlar. Şübhəsiz ki, bu cür baxışların ayrı-ayrılıqda hər birində başqalarının da məzmununa daxil olan elementlər tapmaq mümkündür. Lakin bütövlükdə bunlar varlığa, o cümlədən ictimai varlığa, yaxud cəmiyyət həyatına baxışda müxtəlif səpgili yanaşmalar, yaxud konsepsiyalardır. Bu konsepsiyaları burada təhlil etməyə lüzum görmürəm. Lakin onu qeyd edə bilərəm ki, XVII-XVIII əsrlərdən, cəmiyyətin irəliyə doğru tərəqqisi, inkişafı problemi elmə daxil edilən vaxtdan indiyə qədər bu inkişafın mənbəyinin, mühərrikinin insan zəkası olması tarixin özü tərəfindən də təsdiqlənmişdir və bunu qəbul etməmək mümkün deyildir. Buna görə mən bu konsepsiyanın üzərində dayanıram və şübhəsiz ki, ona əsaslanıram.

Bir halda ki, bütün sahələri ilə birlikdə cəmiyyətin tərəqqisinin, inkişafının, irəliyə doğru getməsinin əsas mənbəyi ağıl, düşüncə və zəkadır. Bəs bu ağlın, düşüncənin, zəkanın özünün mənbəyi, əsası nədir? O hansı yolla əldə edilir? İndi hamıya məlumdur ki, burada yeganə mənbə, amil təhsil və onun təşkili sistemidir. Bu məsələ XVII-XVIII əsrlərdən başlayaraq bu günə qədər maarifçilik və təhsil fəlsəfəsinin həmişə müzakirə etdiyi problemlərindən biri olmuş və belə olaraq da qalacaqdır. Çünki nə cəmiyyətin, nə də təhsilin inkişafında hansısa bir son hədd vardır.

Təhsilin müxtəlif səviyyələri beyin potensialının açılması, bu potensialın bir tərəfdən özünün özünü hərəkətə gətirməsi, digər tərəfdən isə bu potensialın açılması üçün ona kənardan verilən sistemli biliklərdir. Təbii ki, bu biliklər sadədən mürəkkəbə doğru verilir. Bu isə bir tərəfdən yaş, digər tərəfdən isə mənimsəmə bacarığı və meyllə, maraqla bağlıdır. Beyin potensialına gəldikdə isə bu heç də hamıda eyni deyildir və burada ağ lövhə dedikdə heç də hamıda bunun eyni olması deyil, yalnız başlanğıcda, körpəlikdə olan eynilik nəzərdə tutulur. Təhsil, öyrətmə və tərbiyə prosesi isə beynin gücünü, marağı və meyli aşkarlayır. Təhsil prosesi ona görə müxtəlif mərhələlərə bölünür ki, icbari təhsil mərhələsindən sonrakılar artıq toplanmış bilik potensialına, beynin gücünə, meyl və marağa əsaslansın. Burada məcburiliklə heç nə əldə etmək mümkün deyil. Əksinə, psixi və fiziki şikəstlik əldə etmək olar. Yuxarıda “icbari təhsil” anlayışından istifadə etdikdə heç də hamının icbari bilikləri eyni səviyyədə mənimsəməsindən söhbət getmir. Burada təhsil prosesi eyni proqram və tələblər əsasında qurulsa da öyrədilən biliklərin mənimsənilməsi müxtəlif olur və bu faktla razılaşmaq lazım gəlir. Burada izahı, müxtəlif pedaqoji və psixoloji üsulları heç də hər hansı bir zorakılıqla əvəz etmək olmaz. Fikrimcə, təhsildə demokratiyanın, yaxud demokratik təhsil üsulunun nüvəsini də elə bu təşkil edir.

Təhsil və tərbiyə heç də bilavasitə məktəblə hüdudlanmır və hüdudlana da bilməz. Burada ailə və cəmiyyət də öz işini, öz üzərinə düşən vəzifəni yerinə yetirmək səviyyəsində olmalı və bunu bacarmalıdır. Məktəb isə bu işlə peşəkar səviyyədə ardıcıl və sistemli halda məşğul olan bir təsisatdır. Lakin ailə və cəmiyyət məktəbin işinə kömək etməzsə, yardımçı olmazsa, məktəb daha böyük çətinliklərlə qarşılaşmalı olar və öz vəzifəsini istənilən səviyyədə yerinə yetirə bilməz. Əgər məktəb daha çox təlimə və intizamlı olmağa diqqət verirsə, ailə və cəmiyyət daha çox mənəvi keyfiyyətlərin formalaşmasına xidmət göstərir.

Tarixi dövrlərin dəyişməsi bilavasitə cəmiyyət həyatında gedən sosial proseslərlə, yeni ictimai keyfiyyətlərin və dəyərlərin yaranması ilə müşayiət olunur ki, bu da indiki sosial zamanın məzmunun, onun aparıcı amillərinin müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur. Belə amillərin müəyyənləşdirilməsi isə istər cəmiyyət həyatına və istərsə də onun getdikcə daha böyük əhəmiyyət kəsb edən təhsil sahəsinə sinergetik yanaşmanı tələb edir. Sinergiya isə hər hansı bir obyektə onun strukturunu təşkil edən bütün elementlərin mövcud sistemi daxilində qarşılıqlı əlaqə və təsir halında, onların vahid birliyi əsasında yanaşmaqdır. Burada başlanğıc, yaxud çıxış nöqtəsi heç də ayrılıqda götürülən hər hansı bir element, hər hansı bir cəhət olmayıb, elementlər, cəhətlər, xüsusiyyətlər arasındakı əlaqədir. Burada ənənəvi olan öndən başlamalı sualı nələrdən başlamalı sualına çevrilir. Buna görə də sinergizm konkret elm sahələrindən fəlsəfi düşüncə və fəlsəfi yanaşma, metodologiya səviyyəsinə qalxan yeni elm sahəsidir. Və təsadüfi deyil ki, bu elm sahəsi XX əsrin sonu və XXI əsrin əvvəllərini yaşadığımız indiki sosial zamanda intensiv halda işlənilir və tətbiq olunur. Əgər biz Azərbaycan təhsil sisteminə məhz Azərbaycan gerçəkliyində mövcud olan bütün reallıqları nəzərə almadan yanaşsaq onda biz həmişə gah ərəbləşəcəyik, gah farslaşacağıq, gah ruslaşacağıq, gah da avropalaşacağıq, daha doğrusu, ingilisləşəcəyik. Lakin yadda saxlamaq lazımdır ki, bunların hamısı həmin xalqların tarixi və bu tarixdən sızıb gələn, formalaşan həyat tərzi, mentalitetlə bağlıdır. Bizim isə yaxşı və pis cəhətləri ilə birlikdə öz həyat tərzimiz və mentalitetimiz vardır və olmalıdır da. Çalışmalıyıq ki, bu mentalitetdəki bu gün üçün lazımsız olan şeyləri aradan çıxaraq.

İndi biz hamımız deyirik və yazırıq ki, Avropaya inteqrasiya oluruq. Gəlin baxaq görək biz Avropadan demokratiya və insan hüquqları saqqızından başqa nə götürə bilmişik. Avropa hər şeydən əvvəl, onun elm və texnologiyasıdır. Bizim isə Avropadan götürdüyümüz hələlik şit, duzsuz, dəyərsiz şoular, kosmetika və geyimdir. Avropa öz məişəti üçün hər şeyi özü istehsal edir. Bəs, biz bəh-bəhlə bir neçə ev əşyalarından, avtomobillərdən, ərzaq məhsullarından tutmuş hər şeyi qərbdən və şərqdn alırıq, danışanda isə hələlik məzmunu, mahiyyəti o qədər də aydın olmayan milli Azərbaycan mentalitetindən danışırıq. Bəyəm bu milli Azərbaycan mentalitetinə yüksək səviyyəli mühəndislik, həkimlik, müəllimlik, dövlətçilik elementləri daxil deyildirmi? Milli mentalitetin məzmunu, mahiyyəti özünü peşə, ixtisas, ziyalılıq səviyyəsində göstərməməlidirmi? Axı, mentalitet anlayışı, hər şeydən əvvəl ağıl, düşüncə deməkdir . Bu ağıl, düşüncə isə özünü dövrün, zamanın ən qabaqcıl elm sahələrində, texnika və texnologiyasında, sosial istiqamətli fərdi işgüzarlıq bacarığında göstərməlidir. Bəzən deyirlər ki, biz qərbin elmini, texnika və texnologiyasını götürməli, ancaq öz mentalitetimizi qoruyub saxlamalıyıq. Bu mentalitet anlayışına yarımçıq yanaşmadır. Həm də xoş arzudur, xəyaldır. Hamımız görürük ki, biz hələlik qərbin elm və texnologiyasını deyil, onların özündə tənqid olunan yüngül və dəyərsiz şeyləri götürürük.

Azərbaycan təhsili özünün müxtəlif səviyyələrində məhz Azərbaycan mentalitetini formalaşdırmalıdır. Bu mentalitetin məzmununa müasir səviyyədə olan peşə və ixtisas bilikləri qazanmaq, müasir texniki və texnoloji biliklərə yiyələnmək, nəyi isə istehsal etmək və məhz bu istehsaldan əldə edilən gəlirlə yaşamaq, təşəbbüskarlıq, sərbəst düşünə bilmək, iradəlilik keyfiyyətləri daxil edilməlidir. Halallıq, qanunilik, başqasına qərəzli halda ziyan verməmək, öz işini daha yaxşı halda qura bilmək yolu ilə fəaliyyətdə olmaq, fərqlənmək, özünü təsdiqləmək və yaşamaq bu mentalitetin nüvəsini təşkil etməlidir. Bugünkü Azərbaycan mentalitetində rast gəlinən yazıqlıq, ələ baxımlıq, xeyir götürmək naminə hər yola getmək, istehsal etməkdən daha çox alver etməklə qazanmaq, hazır mala göz dikmək, yerliçilik, regionçuluq, tayfabazlıq və s. kimi xüsusiyyətləri çıxarıb atmaq lazımdır. Bunlar bütövlükdə ölkənin, xalqın birliyini, dövlətçiliyi daxildən didib parçalayan, onu zəif salan, tərəqqisinə mane olan cəhətlərdir.

Təbii sual meydana çıxır ki, bəs bütün bu göstərilənlərə hansı vaxtdan və haradan başlamaq lazımdır. Bunlara uşaqlıq dövründən, ailədən, adamlar arasında olan münasibətdən, məktəb skamyasından başlanmalı və təhsilin son ali pilləsinə qədər davam etməlidir. Böyüyən nəsil görməlidir ki, doğrudan da öz işini bilən, bacarıqlı, təşəbbüskar və fədakar adamlar böyük hörmətə layiqdirlər və dolanacaqları da yaxşıdır. Üzündən-gözündən, üst-başından yazıqlıq, kasıblıq tökülən müəllimi və heç də müəllimdən çox əmək haqqı almayan, lakin harın həyat tərzi keçirən, bahalı maşında gəzən bir başqasını gördükdə uşağın psixologiyası, düşüncə tərzi alt-üst olur. O, həyatda düz yolla, halal zəhmətlə yaxşı yaşamağın mümkün olmadığı qərarına gəlir. Yalan, kələk, fırıldaq, dələduzluq, üzdə bir cürə, əslində isə başqa cürə olmaq kimi keyfiyyətsiz keyfiyyətlər onun psixologiyasına yol tapır. Bu isə şübhəsiz ki, hələ ontogenezdə formalaşan mentalitetə çevrilir.

Ali təhsilə gəldikdə isə nəzərə almaq lazımdır ki, bakalavr və magistratura səviyyəsində təhsil alanlar sabah cəmiyyətin düşüncə, praktik fəaliyyət, idarəetmə sistemində əsas ağırlıq mərkəzini öz üzərinə götürəcək adamlardırlar. Bu adamlar həm də əsas ziyalı təbəqəsini təşkil edəcəklər. Belə adamlara geniş dünyagörüşü, ictimai şüurun bütün incəlikləri, fərdi şüur və maraqla ictimai şüur və ictimai marağın vəhdət və uzlaşdırılması kimi məsələlər öyrədilməlidir, onların psixologiya və düşüncə tərzinə hopdurulmalıdır. Burada isə fəlsəfənin əvəzedilməz rolu və funksiyası meydana çıxır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ bizim təhsil sistemində fəlsəfənin funksiyası və əhəmiyyəti lazımınca başa düşülməmişdir. Buna görə də ali təhsil müəssisələrində fəlsəfənin saatları azaldılır, bəzilərində isə tamamilə götürülür. Fəlsəfə ilə fəlsəfədən dərs deyənləri eyniləşdirmək olmaz. Burada bir fənn kimi fəlsəfəni sıxışdırmaq yox, fəlsəfədən dərs deyən kadrlara qarşı tələbləri artırmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, fəlsəfə predmetini tədris etmədən ziyalı hazırlamaq mümkün deyil. Ali təhsilin bütün mahiyyəti peşəkar mütəxəssis hazırlamaqla yanaşı eyni zamanda həm də ziyalı hazırlamaqdır. Çünki məhz ziyalılar cəmiyyətin düşünən və düşündürən hissəsidir, cəmiyyəti irəliyə doğru aparan qüvvədir. Ziyalılığa, ziyalı hazırlığına lazımınca diqqət və qiymət verməyən cəmiyyət özü öz tərəqqisini zəiflədər, problemlərinin həllini çətinləşdirər. Obıvatellik, meşşanlıq, düşüncə dayazlığı və bəsitlik baş alıb gedər. Buna görə də həmişə yüksək ictimai şüura, ölkə, millət və dövlət səviyyəsində düşünə bilən peşəkar mütəxəssislər yetişdirmək ali təhsilin ümdə vəzifələrindən biri olmuşdur və olaraq qalmaqdadır. İndi hər yerdə müasir səviyyəli ziyalı elitanın yetişdirilməsinə ciddi diqqət verilir. Bu isə nəzəri kursların, o cümlədən fəlsəfənin tədrisini zəruri edir. Bizə zombilər, kiborqlar, Ostap Benderlər deyil, müstəqil, dərin və işgüzar ictimai şüura malik ziyalı vətəndaşlar lazımdır.

 

 

Aydın ŞİRİNOV,

professor 

 

Xalq qəzeti.- 2009.- 13 iyun.- S. 5.