Ulu öndər Heydər Əliyev Azərbaycanda aqrar islahatların banisidir

 

Dünən “Xalq qəzeti”nin mətbuat mərkəzində “Yeni Həyat — İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən “Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasət” mövzusunda “dəyirmi masa” keçirildi.Tədbiri giriş sözü ilə açan “Yeni Həyat — İqtisadi İnkişaf” İctimai Birliyinin sədri Müşviq Həsənov öncə iştirakçıları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Möhkəm iqtisadi bazis və demokratik dəyərlər üzərində güclü vətəndaş cəmiyyətinin yaradılmasının hər bir dövlətin uğurlu inkişafının obyektiv əsasını təşkil etdiyini bildirən natiq ümummilli liderimiz Heydər Əliyevin bu sahədəki tarixi xidmətlərindən söhbət açdı.

 

Qeyd olundu ki, ulu öndərimiz dünya iqtisadi sisteminin tərkib hissəsi olan Azərbaycan iqitsadiyyatını liberallaşdırmaq, bazar iqtisadiyyatına keçidi təmin etmək məqsədilə iqtisadi islahatlar yolunu seçərək bu istiqamətdə misilsiz işlər görmüşdür. Belə ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” — deyən ümummilli liderimiz Heydər Əliyev istər Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra bütün qüvvə və bacarığını respublikamızın çiçəklənməsinə həsr etmişdir. Xüsusən də suveren, müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin ilk illərində ulu öndər respublikamızda ictimai-siyasi sabitliyin əldə edilməsi, ölkənin yeni neft strategiyasının uğurla həyata keçirilməsi, əlverişli investisiya mühitinin yaradılması, müasir texnologiyaların iqtisadiyyata cəlb olunması, rəqabət qabiliyyətli məhsul istehsal edən sahibkarlıq subyektlərinin formalaşdırılması, özəl bölmənin inkişaf etdirilməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər görməyə başladı.

M.Həsənov daha sonra dedi: — Ölkəmizin çox böyük inkişaf potensialına malik əsas sahələrindən biri də aqrar sektor — kənd təsərrüfatıdır. Kənd təsərrüfatının əsl inkişaf dövrü 1969 — 1982-ci illəri əhatə edir. Təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan yalnız bu dövrdə, yəni ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrdə daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanmışdır. Məhz ulu öndər xalqımızın əvəzsiz sərvəti olan torpaqdan, xüsusən də əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.

Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ikinci dövrü — 1993-2003-cü illəri dövlət quruculuğu və islahatlar mərhələsi adlandıran Müşviq Həsənov 2003-cü ildən sonrakı dövrdə də kənd təsərrüfatının inkişafına yüksək diqqət verildiyindən söhbət açdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm prinsiplərinə əməl edərək ölkəmizi dünyanın ən islahatçı dövləti səviyyəsinə qaldırmışdır.

Natiq bildirdi ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması son illər alternativ iqtisadiyyatın formalaşdırılmasını şərtləndirmişdir. Hazırda ölkəmizdə çoxşaxəli iqtisadiyyatın mövcud oldğunu diqqətə çatdıran M.Həsənov qeyd etdi ki, hazırda qeyri-neft sektorunda əsas inkişaf potensialına malik olan sahələrdən biri də kənd təsərrüfatıdır. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi aqrar bölmə Azərbaycanda məşğulluğun təmin olunmasında da mühüm rol oynayır. Ulu öndərimizin müəyyənləşdirdiyi iqtisadi strategiyanı uğurla reallaşdıran Prezident İlham Əliyevin bu ilin aprel ayında təsdiq etdiyi ikinci regional inkişaf proqramı yaxın illərdə ölkənin aqrar sektorunun daha da inkişaf etməsinə səbəb olacaqdır.

Ölkənin kənd təsərrüfatının ümumi inkişaf strategiyasından irəli gələn vəzifələrin həyata keçirilməsində “Yeni Həyat — İqtisadi İnkişaf” İctimai Birliyinin də müəyyən rol oynadığını diqqətə çatdıran Müşviq Həsənov dedi ki, Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli sərəncamı ilə aqrar sənaye kompleksinin inkişaf etdirilməsi üzrə Dövlət Proqramı və hüquqi-normativ sənədlərin hazırlanması ilə bağlı texniki tapşırığın icrasına başladıq və onu uğurla tamamladıq. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarının kooperasiya əlaqələrinin qurulması və kənd təsərrüfatı kooperativlərinin inkişafına dair Dövlət Proqramı layihəsini hazırlayıb Kənd Təsərrüfatı Nazirliyindən müvafiq rəy aldıqdan sonra Nazirlər Kabinetinə təqdim etdik. Ümummilli liderimizin aqrar siyasətinə diqqət yetirilən zaman, ilk növbədə, kənd təsərrüfatının inkişaf tarixinə nəzər salmağın vacibliyini bildirən natiq daha sonra dedi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ayrı-ayrı illərdə bu sahədə çox böyük nailiyyətlər əldə olunmuşdur.

“Dəyirmi masa”nın işində iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov ulu öndər Heydər Əliyevin Azərbaycanın aqrar sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi məqsədyönlü fəaliyyətdən kifayət qədər bəhs olunduğunu bildirdi və qeyd etdi ki, ölkəmizin tarixinin elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimizin izi hiss olunmasın. 40 il əvvəl — 1969-cu ilin iyul ayında respubilka rəhbərliyinə gələn Heydər Əliyevin gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin Azərbaycanın ümumi inkişafında müstəsna rol oynadığını bildirən natiq ötən əsrin 90-cı illərində gənc, müstəqil Azərbaycan dövlətinin xilası naminə göstərdiyi titanik fəaliyyətdən geniş bəhs etdi. Xüsusən də bir təsərrüfat sistemindən digərinə keçən Azərbaycanın aqrar bölməsinin tənəzzüldən qurtarması üçün həyata keçirilən işlərə toxunan İ.İbrahimov ulu öndərin kənd təsərrüfatı ilə bağlı qəbul etdiyi mühüm dövlət sənədlərinin uğurlu icrasının, qabaqcıl ölkələrin bu sahədəki təcrübələrinin Azərabycanda yayılmasının qısa müddətdə müsbət nəticələr verdiyini diqqətə çatdırdı.

Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün qəbul olunmuş normativ sənədlərin ölkədə aqrar islahatların uğurla həyata keçirilməsinə mühüm zəmin yaratdığını bildirən İ.İbrahimov dedi ki, ötən illərdə qiymət sahəsində liberallaşmanın həyata keçirilməsi, mərkəzdən planlaşmanın ləğv edilməsi, torpaqların özəlləşdirilməsi və digər lazımi tədbirlərin reallaşdırılması Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə inamla irəliləməsini təmin etdi. Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə paralel olaraq radikal islahatlar həyata keçirildiyini bildirən natiq ötən müddətdə aqrar sektorda qazanılmış uğurlardan söhbət açdı. Dedi ki, hazırda neft sektorunda yüksək inkişafla yanaşı, kənd təsərrüfatı sahəsində də böyük canlanma, dinamika müşahidə olunur. Qeyd olundu ki, dünyanın qabaqcıl ölkələrində aqrar sektorda inkişaf tempi 1,2-2 faiz təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 5 faizə qədərdir. İqtisadi strategiyada tənzimləmə mexanizminin mühüm rol oynadığını diqqətə çatdıran İ.İbrahimov dedi ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət və inzibati tənzimləmənin uğurlu tətbiqi aqrar sektorda yüksək nailiyyətləri şərtləndirən başlıca amillərdəndir. 2007-ci il yanvarın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Kənd təsərrüfatı istehsalçılarının stimullaşdırılması haqqında” mühüm sənədə əsasən hər hektar əkilən sahəyə görə 40 manat vəsait ayrılmasının aqrar sahədəki inkişafa dinamizm vermək məqsədi daşıdığını diqqətə çatdıran natiq bunun daxili potensialdan daha səmərəli istifadə üçün də stimul yaratdığını bildirdi. O, fikrinin davamı olaraq qeyd etdi ki, xaricdən idxalın 30 faizdən yüksək olmadığı ölkənin sərbəst, müstəqil yaşamaq imkanı yüksəkdir. Bu baxımdan natiq son illər Azərbaycanın özünü bir sıra kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək imkanı qazandığını və hətta ölkəmizin bu sahədə ixrac potensialının da formalaşdığını diqqətə çatdırdı.

“Dəyirmi masa”da çıxış edən Rusiyanın Novosibirsk şəhərində yerləşən Heydər Əliyev adına Beynəlxalq Forumun Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Mirkazım Seyidov, iqtisadçı Cəmşid Dərələyəzli, Bakı İdarəetmə Texnologiya Kollecinin müdiri Yaqut Cəfərova, iş adamı Əhməd Məhidyəddinov və başqaları ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasətin uğurlarından, kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan bəhs etdilər, aqrar sahədə struktur islahatların başa çatdırılması, aqrar-sənaye kompleksinin kooperasiya əsaslı bazar infrastrukturunun formalaşdırılmasının vacibliyini vurğuladılar.

Tədbirə yekun vuran “Yeni Həyat — İqtisadi İnkişaf Birliyi”nin sədri M.Həsənov “dəyirmi masa”da müzakirə olunan mövzunun əhəmiyyətini bir daha qeyd etməklə yanaşı, ilin sonunadək sözügedən mövzuda elmi-praktik konfransın keçiriləcəyini diqqətə çatdırdı.

 

 

Mirbağır YAQUBZADƏ,

 

 Rafiq SALMANOV (foto),

 

“Xalq qəzeti”

 

Həftə içi.- 2009.- 13 iyun.- S. 3.