Makroiqtisadi vəziyyətin sabit
saxlanılması regionların
inkişafında mühüm
amildir
Dövlət başçısı İlham Əliyev
ölkəyə rəhbərliyinin ilk günündən
bölgələrin problemləri ilə ciddi şəkildə
məşğul olmağa başladı. Prezident “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004–2008-ci illər) təsdiq
edilməsi haqqında” fərman imzaladı. Ötən
müddətdə regionlarda adı çəkilən
proqramın icrası ilə bağlı geniş həcmdə
iş görülmüşdür. Müasir güclü
infrastruktur, yeni müəssisələr yaradılmış,
iş yerləri açılmışdır.
Bu barədə dövlət
başçısı İlham Əliyev demişdir: “...Nəzərə
alsaq ki, Azərbaycan dövləti son beş il ərzində
bölgələrə çox böyük sərmayə
qoyubdur, bununla bərabər özəl sektorun inkişafı
üçün böyük həcmdə kreditlər
ayrılmışdır, sahibkarlığın
inkişafına böyük dəstək verilmişdir. Həm
mənəvi dəstək, həm siyasi, həm də maddi dəstək.
Yəni bütün bu amillər birləşəndə, əlbəttə
ki, uğura nail olmaq mümkündür və Azərbaycanın
son beş il ərzində keçdiyi yol bunun əyani
sübutudur”.
Regionlarda mövcud olan əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafı və aqrar sektorda islahatları sürətləndirmək,
əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun
səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli
investisiya şəraiti, müasir müəssisələr,
yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin
həyata keçirilməsi məqsədi ilə son beş ildə
Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran,
Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi
rayonlarına daxil olan şəhər və rayonların
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə 17 sərəncam imzalanmışdır.
Bölgələrdə
yaşayan vətəndaşların arzu və istəklərini,
onların qayğılarını əhatə edən
dövlət proqramının təsdiq edilməsi ölkəmizin
inkişafında yeni mərhələnin
başlanğıcını qoymuş, regionların
inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən
biri səviyyəsinə qaldırmışdır. Böyük
uzaqgörənliklə müəyyənləşdirilmiş
bu strategiyanın düzgünlüyü ötən beş
ildə bariz təsdiqini tapmış, bütün
rayonların siması köklü şəkildə dəyişmiş,
paytaxta və digər iri şəhərlərə kütləvi
axın səngiyərək əks-proses başlamış,
regionlarda işləməyə və yaşamağa
üstünlük verənlərin sayı
artmışdır. Bu gün hər bir ailə, hər bir vətəndaş
dövlət proqramının real nəticələrini öz
gündəlik həyatında hiss edir.
Dövlət investisiya xərclərində
regionlardakı layihələrin həyata keçirilməsinə
ayrılan vəsaitin məbləği 2004-cü illə
müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9
milyard manat təşkil etmişdir. Bu isə ümumi
investisiyaların 83 faizidir. Ümumilikdə, son beş il ərzində
regionlara 6,8 milyard manat həcmində dövlət
investisiyaları qoyulmuşdur. Kənd təsərrüfatı
məhsulları istehsalçılarına yanacaq, mühərrik
yağları, buğda, toxum və gübrəyə görə
subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının
yaxşıladırılması üçün dövlət
büdcəsindən vəsaitin ayrılması və vergi
güzəştlərinin tətbiqi nəticəsində son
beş ildə məhsul istehsalının nominal dəyəri
2,4 dəfə artmışdır. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
məqsədi ilə beş ildə regionlarda 1000 kilometrdən
çox magistral yollar çəkilmiş və ya əsaslı
təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və
2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri
aparılmış, 69 yeni körpü tikilmiş, 34
körpü təmir edilmişdir.
Son beş ildə
Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala
şəhərlərində müasir standartlara uyğun yeni
hava limanları tikilmişdir, Lənkəranda yeni dəniz
limanının tikintisi davam etdirilir. Elektrik enerjisi ilə təminatın
yaxşılaşdırılması üçün 7-si
regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik
stansiyasının tikintisi başa
çatdırılmışdır. Şirvan şəhərində,
Dəvəçi, Quba və Füzuli rayonlarında
stansiyaların tikintisi davam etdirilir. Naxçıvan Muxtar
Respublikası uzun fasilədən sonra, Lerik və
Yardımlı rayonları, Füzuli rayonunun Horadiz şəhəri
ilk dəfə təbii qazla təmin edilmişdir. Ümumilikdə,
son beş ildə regionlarda 1600 kilometrədək yeni qaz xətləri
çəkilərək, ölkədə
qazlaşdırmanın səviyyəsi 85 faizə
çatdırılmışdır. Regionlarda rabitə
infrastrukturunun, su və kanalizasiya sistemlərinin, istilik təchizatının
yaxşılaşdırılması məqsədi ilə 632
avtomat telefon stansiyası, 610 yeni poçt binası, 75 qazanxana
tikilib istifadəyə verilmiş, 72 qazanxana əsaslı təmir
olunmuş, 720 kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri
çəkilmiş, 23 su anbarı tikilmiş, 214 artezian quyusu
qazılmışdır.
Statistik rəqəmlərdən
göründüyü kimi, proqramın icrası ilə
bağlı böyük uğurlar əldə edilmişdir. Təbii
ki, bu uğurların miqyası cənab İlham Əliyevin rəhbərliyi
ilə bundan sonra da genişlənəcəkdir. Bu barədə
möhtərəm dövlət başçımızın
dediyi sözləri xatırlatmaq yerinə düşər:
“...Növbəti beş il ərzində biz bu istiqamətdə
siyasətimizi artıq bu gözəl əsas üzərində
davam etdirəcəyik. Bütün iqtisadi, maliyyə böhranlarına
baxmayaraq, biz öz siyasətimizi davam etdirəcəyik. Azərbaycanın
hərtərəfli inkişafı üçün, ölkəmizin
zənginləşməsi üçün, insanların rahat
yaşaması üçün öz səylərimizi davam
etdirəcəyik”.
Birinci regional dövlət
proqramında göstərildiyi kimi, nəzərdə
tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində
ölkədə qeyri-neft sektorunun davamlı inkişafı,
yeni iş yerlərinin və müəssisələrin
yaradılması, regionlarda kommunal xidmət və sosial
infrastruktur təminatının həcminin və keyfiyyətinin
yüksəldilməsi, sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılması, əhalinin məşğulluq
səviyyəsinin artırılması, yoxsulluğun
azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər
əldə olunmuşdur. Odur ki, sözügedən dövlət
proqramı çərçivəsində
başlanmış işlərin davam etdirilməsi məqsədilə
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” hazırlanmış və artıq onun icrasına
başlanmışdır. Bir daha xatırladaq ki, yeni dövlət
proqramının əsas məqsədi ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət
proqramında müəyyənləşdirilmiş məqsədlərə
nail olunması, eləcə də qeyd edilən vəzifələrin
yerinə yetirilməsi üçün ölkədə
makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət
kəsb edir. Uğurla həyata keçirilən neft
strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə
inteqrasiyasına, neft və qaz gəlirlərinin səmərəli
istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub
saxlanmasına səbəb olmuş və bu sahədə tədbirlərin
davamlı olaraq həyata keçirilməsinə əlverişli
şərait yaratmışdır.
Makroiqtisadi sabitliyi nəzərə
alaraq qarşıdakı illərdə bütövlükdə
iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı
sahələrin inkişafının başlıca şərtlərindən
biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin
məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin
optimal həddə müəyyənləşdirilməsi, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq edilən güzəştlərin
müddətinin uzadılması, xarici borcların səmərəli
idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta
gəlirlərinin artırılması, inflyasiya risklərinin
azaldılması, monetar və büdcə-vergi siyasətinin
koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin
artımının nəzarətdə saxlanılması kimi tədbirlər
hesabına makroiqtisadi vəziyyətdə, habelə qeyri-neft
sektorunun inkişafına mənfi təsirlərin
qarşısının alınması növbəti illərdə
də iqtisadi siyasətin başlıca məsələləri
hesab olunur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2009.- 13 iyun.- S. 1.