Azərbaycanda uşaqların sağlamlığı dövlətin daim diqqət mərkəzindədir

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin 2009- cu il aprelin 14-də imzaladığı yeni Dövlət Proqramında deyilir: “Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm tədbirlər görülmüş, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əsaslı dərəcədə yaxşılaşdırılmışdır”. Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilmişdir . Hər il iyun ayının 17-də peşə bayramımızı qeyd edirik. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş səhiyyə strategiyası bu gün də çox uğurla davam etdirilir.

 

Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilmişdir. Çünki uğurla başlanan səhiyyə strategiyasında Azərbaycanda səhiyyənin diqqət çəkən sahələri içərisində ana və uşaqların mühafizəsi işi önə çəkilmişdir və prioritet sahə olaraq müəyyən edilmişdir. Əslində bu belə də olmalıdır, çünki uşaqlara tibbi xidmət, uşaqların sağlamlığı, uşaq səhiyyəsi, səhiyyənin ən əsas, vacib sahələrindən biridir. Uşaqlara göstərilən tibb xidməti, onların sağlamlığının bərpa edilməsi bizim gələcəyimiz üçün vacibdir. Təsadüfi deyildir ki, 22 dekabr 2008- ci ildə ölkə başçısının xüsusi sərəncamı ilə 2009- cu il bütövlükdə Azərbaycanda Uşaq ili elan edilmişdir. Bu təkcə səhiyyə məsələsi deyil, ölkəmiz üçün siyasi əhəmiyyəti olan bir məsələdir. Bu peşə bayramı günündə böyük fərəhlə deyə bilərəm ki, Azərbaycanda pediatriya sahəsində, yəni uşaqlara tibbi xidmət sahəsində yüksək nailiyyətlər əldə etmişik. Müqayisə üçün bəzi göstəricilərə müraciət etmək istəyirəm. Belə ki, 1992-93-cü illərdə Azərbaycanda uşaq xəstəlikləri ilə bağlı bir çox problemlər mövcud idi və onların həllinin çoxu sual altında idi. Poliomielit, difteriya, qızılca, məxmərək kimi bir çox xəstəliklər baş alıb gedirdi və hətta bu xəstəliklərin çoxu epidemiya həddinə çatmışdı. Ulu öndərin apardığı uğurlu səhiyyə siyasəti nəticəsində MDB dövlətləri içərisində ilk dəfə olaraq o dövrdə Azərbaycan Avropadan külli miqdarda kredit əldə etdi və bu kredit, ilk növbədə, uşaqların peyvəndlə təmin olunması, vaksinasiya işinə və yoluxucu xəstəliklərin qarşısının alınmasına, mövcud xəstəliklərin müalicə və profilaktikasına yönəldildi. Beləliklə, MDB ölkələri içərisində Azərbaycan ilk dəfə olaraq 1996-cı ildə həm poliomielit, həm difteriya kimi qorxulu xəstəliklərin, o cümlədən qızılca və məxmərəyin epidemiya törətmək təhlükəsindən tam uzaqlaşdı. Hətta 1996-cı ildən 2002-ci ilə qədər Azərbaycanda poliomielit xəstəliyi müşahidə edilmədiyinə görə 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən Azərbaycan poliomielitsiz ölkə sertifikatı aldı. Bunu difteriya xəstəliyi haqqında da demək olar. Difteriya ilə xəstələnmə sıfır həddinə çatmışdır. Yəni, bu o deməkdir ki, bu gün bütöv respublika üçün qorxulu sayılan difteriya xəstəliyinə tutulan və ölən uşaqlar yoxdur.

Yeni qəbul edilən Dövlət Proqramında da tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur. 2009-cu ilin aprel ayının 21-26-da Azərbaycan Respublikasının da qoşulduğu “Avropa peyvənd həftəsi” keçirildi. Azərbaycan dövlətinin və Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən həmin peyvənd həftəsi Səhiyyə Nazirliyinin planlaşdırdığı tədbirlər içərisində bu gün dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da həyata keçirilən 9 xəstəliyə qarşı peyvəndin 10-cu peyvəndlə tamamlanması ilə başa çatdırıldı. Azərbaycanda Avropanın ən inkişaf etmiş ölkələrində olduğu kimi, 9 xəstəliyə, yəni uşaq doğulduğu gündən bir həftə ərzində 3 xəstəliyə – B virus hepatitinə, poliomielit və vərəmə qarşı, uşaqlar 2-3 aylıq olanda daha 3 xəstəliyə – difteriya, tetanus və göy öskürəyə qarşı, 1 yaşa çatdıqda isə daha 3 xəstəliyə – qızılca, məxmərək və epidemik parotitə qarşı peyvənd aparılır. Bunlara əlavə olaraq uşaqlar arasında bəzən çox ağır pnevmoniya və meningit törədə bilən hemofilus influensa çöplərinə qarşı da il ərzində yeni peyvəndin Azərbaycana gətirilərək dövlət hesabına tətbiqi nəzərdə tutulmuşdur. Əminəm ki, 2010-cu ildə həmin 10 xəstəliyə qarşı, yəni bizi əhatə edən ölkələrin heç də hamısında olmayan peyvəndlər də Azərbaycanda uşaqlar arasında həyata keçiriləçək və beləliklə, biz peyvənd problemini tamamilə həll etmiş olacağıq. Təqdirəlayiq cəhət də budur ki, əgər əvvəllər Azərbaycanda peyvənd işi müxtəlif təşkilatların dəstəyi və humanitar yardımı ilə həyata keçirilirdisə, indi peyvənd işi bütovlükdə dövlət vəsaiti hesabına aparılır. Ancaq Vişnevskaya – Rostrapoviç fondu tərəfindən bir proqrama – müəyyən dərəcədə qızılcanın və məxmərəyin eliminasiyası proqramına dəstək vardır. 2010- cu ilədək qızılca və məxmərək xəstəliklərinin də sıfıra endirilməsi gözlənilir. Bu da artıq reallaşmışdır. Çünki artıq Azərbaycanda son bir ildə nə qızılca, nə də məxmərəyin, nə epidemiyası , nə də qrup halında xəstəlik müşahidə edilməmişdir. Bu isə Azərbaycanda aparılan uğurlu milli immunizasiya proqramlarının, kampaniyalarının nəticəsində əldə edilmişdir. Məxmərək xəstəliyi uşaqlar böyüyərkən, xüsusən də gənc qadınların hamililəyi zamanı böyük fəsadlar verə bilər. Uşaqlar ağır inkişaf qüsurları ilə dünyaya gələ bilər. Buna görə də bu kimi yoluxucu xəstəliklərin insanlarda tamamilə olmaması tələb olunur.

Səhiyyənin ikinci inkişaf pilləsi, hesab edirəm ki, 2003-cü ildən başlanır. Ölkə rəhbəri İlham Əliyev Azərbaycan Prezidenti kimi öz işinə başlayandan az sonra ilk bir ay ərzində imzaladığı sənədlər içərisində bizim üçün ən vacibi “Azərbaycan Respublikasında sosial iqdisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman idi. Doğrudan da, son zamanlar Azərbaycan səhiyyəsində həm köklü islahatlar, həm də yenidənqurma və bərpa işləri çox böyük sürətlə davam etdirilir. Onu da qeyd edə bilərəm ki, təkcə 2005-2006-cı illərdə Azərbaycanda səhiyyənin inkişafına, yenidən qurulmasına həsr olunmuş 9 dövlət proqramı qəbul edilmişdir. Bu proqramların işərisində biri elə bütövlükdə “Azərbaycanda ana və uşaqların sağlamlıqlarının qorunması haqqında” Dövlət Proqramı idi. İkinci proqram əslində sırf uşaqların sağlamlığına həsr olunmuş ”Azərbaycan Respublikasında yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Dövlət Proqramı idi. Bundan sonra “İrsi qan xəstəliklərinin müalicə və profilaktikası haqqında” Dövlət Proqramı qəbul edildi. Böyrək çatışmazlığı, şəkərli diabetlə, onkoloji xəstəliklərlə bağlı qəbul edilmiş dövlət proqramları da, adlarından göründüyü kimi, uşaq yaşlarını da əhatə etdi. Bu tədbirlər Azərbaycan səhiyyəsində ana və uşaqların mühafizəsi işinin təcili və təxirəsalınmaz tibbi yardım ilə bərabər prioritet olaraq müəyyən edilməsindən sonra daha da sürətlə həyata keçməyə başladı.

Bu gün səhiyyədə aparılan uğurlu və köklü islahatlar öz bəhrəsini verməkdədir. 2008-ci ilin sentyabr ayının 24-də Azərbaycanın tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlar, o cümlədən YUNİSEF təşkilatı, yəni BMT-nin Beynəlxalq Uşaq Fondu açıqlama verdi ki, Azərbaycanda keçən bir neçə il ərzində uşaq ölümü 2 dəfədən də çox azalıb. Bu bizim üçün çox sevindiricidir. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda dövlət statistikası da deyilənləri təsdiq etmişdir. Belə ki, 1992-1993-cü illərdə hər 1000 nəfər diri doğulan uşaqdan 1 yaşa çatana qədər 28-30 nəfəri ölürdüsə, 2008-ci ilin yekunlarına görə, bu rəqəm 11-12 promilli arasında dəyişib və 2,5 dəfə azalıb. Bu göstəricilər hələ son deyil. Fərəhlə qeyd etmək istəyirəm ki, Azərbaycan minilliyin məqsədlərindən sıra ilə dördüncüsü hesab edilən – dünyaya gəlib, sonra ölən uşaqların sayının 1990-cı illə müqayisədə 2015-ci ildə 3 dəfə azaldılmasına yönəlmiş proqrama qoşulmuşdur. Yaxşı yadımdadır ki, 2005-ci ilin dekabr ayında səhiyyə naziri Oqtay Şirəliyev ilk xarici səfərini Londona etdiyi zaman həmin dediyim proqrama – “Uşaqların xilası – 2015” proqramına Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə birgə Azərbaycan da qoşuldu. Bu proqramda qarşıya qoyulan vəzifələrə zamana müvafiq olaraq nail olmuşuq. Göründüyü kimi Azərbaycanda uşaq ölümü göstəricisi 2 dəfə azaldılmışdır. Fərəhlisi və vacibi odur ki, beynəlxalq təşkilatlar bu nailiyyətləri özləri etiraf edirlər.

Azərbaycanda ötən son illər ərzində səhiyyə sahəsində irimiqyaslı layihələr, görülən tədbirlər, ilk növbədə, ən vacib istiqamətlərə yönəlmişdir. Yeni tibb müəssisələri yaradılmış, müasir, son model aparatlarla təmin edilərək əhalinin ixtiyarına verilmişdir. Azərbaycanda yaradılan səhiyyə müəssisələrinin çoxunun nəinki ölkəmizdə, o cümlədən də qitədə analoqu yoxdur. May ayında Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO -nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilən Talassemiya Mərkəzinin açılışını misal göstərmək istəyirəm. Bu mərkəzin açılışı səhiyyənin ən ağrılı problemlərinin həlli yönündə görülən əvəzsiz işdir. Çünki yaradılmış belə bir mərkəz, orada quraşdırılan avadanlıqlar onun bu gün və gələcəkdə malik olduğu imkanların bölgədə analoqu yoxdur. Bu səhiyyə ocağında nəinki irsi qan xəstəliyi olan uşaqların müalicəsi və profilaktikası, hətta yaxın zamanlarda sümük iliyinin transplantasiyası kimi ağır əməliyyatın da həyata keçiriləcəyi reallaşacaq.

Bundan başqa, valideyn himayəsindən məhrum olan uşaqlara alternativ qayğı – deinstitusionalizasiya proqramı nəzərdə tutulmuşdur. Başqa sözlə, valideynini itirmiş, yaxud da valideyn himayəsindən uzaqda olan körpələrin ailələrə verilməsi – deinstitusionalizasiya proqramının təsdiq edilməsi və 2015-ci ilə qədər davam etdirilməsi Azərbaycanda uşaqlara qayğının ən bariz nümunəsidir. Söhbət təkcə bu sahədə uşaqların problemlərinin həllindən deyil, Azərbaycanda gənc nəslin sağlam böyüməsi üçün silsilə tədbirlərin həyata keçirilməsindən gedir. Bəli, Azərbaycanda bu gün uşaqlara göstərilən dövlət qayğısı nəyinsə xatirinə, yaxud kampaniya xarakterli deyil, daimi və yüksələn xəttlə davam etdirilir. Bu gün dövlət rəhbərinin xeyir-duası ilə Səhiyyə Nazirliyi tərəfindən Uşaq Kardiocərrahiyyə Mərkəzi tikilib istifadəyə hazırlanmaqdadır. Bundan başqa, respublika Milli Onkologiya Mərkəzində bu günə qədər problem olan uşaq onkologiyası xidməti sahəsinin yaradılması, o cümlədən burada, onkohematoloji, yəni uşaqlar arasında rast gəlinən onkohematoloji xəstəliklərin mərkəzdə uğurla müalicə olunması və bu xəstəliklərin qarşısının alınması üçün tədbirlər uğurla həyata keçirilməkdədir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda aparılan səhiyyə islahatları və bu islahatların nəticəsində uşaqlar arasında xəstələnmə və ölüm göstəricilərinin bundan sonra da azaldılmasına yönəlmiş işlərimizi davam etdirəcəyik. Mən Azərbaycanda körpə ölümü göstəricisinin 11-12 promilli, yəni hər 1000 nəfər yeni doğulan uşaqdan bir yaşadək 11-12 nəfərinin öldüyünü deməklə bəzi müqayisələr aparmaq istəyirəm. Bu göstərici Türkiyə Respublikasında 24, Afrika qitəsi ölkələrində 50-100-dən yuxarı, Asiya ölkələrində 20-40 arasında, MDB dövlətləri içərisində 15-20 arasında dəyişir. Amma elə ölkələr də var ki, onlarda uşaq ölümü sadaladığım ölkələrə nisbətən yox dərəcəsindədir. Almaniya, İsveç, Finlandiya, Norveç, Yaponiya kimi ölkələrdə bu göstərici 3-4 promilliyə bərabərdir. Azərbaycanda aparılan səhiyyə islahatlarının əsas məqsədi yaxın illərdə bu göstəricinin Avropanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə çatdırmaqdan ibarətdir.

Uşaqlara qayğının bariz nümunəsi olaraq 2009-cu ilin Azərbaycanda Uşaq ili elan olunmasının da çox böyük əhəmiyyəti var. Biz uşaq həkimləri hamıdan birinci olaraq bu sərəncama görə dövlət başçısına təşəkkür və ehtiramımızı bildiririk. Çünki ölkə rəhbərinin 2009-cu ili Uşaq ili elan etməsi təkcə uşaqlara deyil, həm də uşaqlarla bağlı çalışan həkimlərə, müəllimlərə, həm də digər sənət sahiblərinə göstərdiyi diqqət və qayğının nümunəsidir. Təbii ki, uşaqlara xidmət göstərən insanların işinin nə qədər əhəmiyyətli və vacib olduğunu dövlət başçısı qabartmaqla həm də bizə olan diqqəti, qayğını əks etdirir. Yəni təkcə 2009-cu il ərzində dövlət rəhbəri tərəfindən Azərbaycanda Uşaq ili elan olunmasından sonra Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsi və digər qurumlar tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir. Onu deyim ki, Səhiyyə Nazirliyi tərəfindən xüsusi olaraq Uşaq ili ilə əlaqədar tədbirlər planı təsqid edilmişdir. Tədbirlər planı ilə bağlı ölkədə yaşayan bütün uşaqların dispanser müayinələrindən, yəni tibbi kütləvi müayinələrdən keçirilməsini planlaşdırmışıq. Bu tədbir fevralın 5-dən ölkənin bir çox bölgələrində, rayon və şəhərlərdə uğurla həyata keçirilir. Artıq on minlərlə uşaq, uşaq əhalisi kütləvi tibbi müayinələrdən keçmişlər. Bu yaxınlarda Qəbələ rayonundan ezamiyyətdən qayıtmışam. Rayonda yaradılan 8 həkim briqadasının köməyilə 3 gün ərzində 4808 nəfər uşağı kütləvi tibbi müayinədən keçirmişik. Orada rast gəldiyimiz, qarşısının alınması mümkün olan, bütün sağlamlıqla bağlı problemləri həll etməklə uşaqlar arasında sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə işimizi görürük. Öncə biz müayinə edirik, uşaqlar arasında xəstəlik, yoluxma, qurd invaziyası, anemiya və bu kimi hər hansı bir problem aşkar edilərsə, yerindəcə həmin problemin həllinə çalışırıq. Lazım olan hallarda həmin xəstələrin Bakı şəhərinə, o cümlədən, Pediatriya İnstitutunun klinikasına gətirməklə sağlamlaşdırıcı tədbirlərimizi, müalicə profilaktika işlərimizi davam etdiririk. Onu da deyim ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə yaşayan uşaqların tibbi müayinəsi, onlar arasında sağlamlaşdırıcı tədbirlərin aparılması ön plandadır. İlin əvvəlindən Səhiyyə Nazirliyi tərəfindən yaradılmış həkim briqadalarının həmin bölgələrə səfərləri həyata keçirilir və o uşaqlar da, ilk növbədə, tibbi müayinədən keçirilərək onlara yerindəcə tibbi yardım göstərilir. Bu yaxınlarda 2 teleqram almışıq. Teleqramları göndərənlər Xocavənd və Laçın rayon sakinləridir. Onların uşaqlarında orada keçirilən tibbi müayinə zamanı xəstəliklər aşkarlanmış, xəstə uşaqlar Pediatriya İnstitutunun klinikasına gətirilmiş və uşaqlarda cərrahi müdaxilələr həyata keçirilmiş və tam sağaldıqdan sonra yaşadıqları yerə qayıtmışlar. Onlar da dövlət rəhbərinə, səhiyyə nazirinə teleqram vuraraq minnətdarlıq və təşəkkürlərini bildirmişlər.

Bu gün Azərbaycan səhiyyəsində uşaqlara tibbi xidmətin nə dərəcədə vacib olduğunu çoxsaylı nümunələrlə göstərmək olar. Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun açılış mərasimində ölkə rəhbəri, Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycanda səhiyyədə aparılan köklü islahatlar bu gün öz müsbət və gözəl nəticələrini verməkdədir. Biz uşaq həkimləri çalışacağıq ki, ölkəmizdə uşaq əhalisinə göstərilən tibbi xidmətin səviyyəsi günbəgün yaxşılaşsın. 1997-ci ildə Türk dünyası pediatrlarının IV konqresinin açılış mərasimində ümummilli lider Heydər Əliyev çıxış edərkən belə bir ifadə işlətmişdir: “Azərbaycanda çalışan həkimlər mənim dostumdur. Amma uşaq həkimləri bir nömrəli dostumdur”. Yəni belə bir dahinin dediyi sözləri biz özümüzə şərəf kimi, çox böyük məsuliyyət kimi qəbul edirik. Çünki hələ o zaman ulu öndər bu fikri söyləməklə bir daha səhiyyə işçilərinə, uşaq səhiyyəsində çalışanlara , uşaqlara diqqət və qayğının artırılması üçün bütün mümkün vasitələrdən istifadə edirdi. Bu o deməkdir ki, biz xalqımızın gələcəyi olan uşaqların sağlamlığı naminə əlimizdən gələni əsirgəməməliyik. Mən uşaq səhiyyəsi ilə bağlı fikirlərimi tamamlayaraq onu deyə bilərəm ki, Azərbaycan səhiyyəsi bütövlükdə ölkə Prezidenti İlham Əliyevin ağıllı, müdrik siyasəti sayəsində durmadan və yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan xalqı arxayın ola bilər ki, aybaay, ilbəil bu doğru və düzgün siyasətin nəticəsində xalqımıza göstərilən tibbi xidmətin səviyyəsi daha da yaxşılacaq. Onu da qeyd etmək istəyirəm ki, keçən il ərzində həm dövlət tibb müəssisələrində xəstələrin, o cümlədən uşaqların müalicəsi, onların dərmanla və qida ilə təchizatı, həm də uşaqların peyvənd işi ümumillikdə dövlət hesabına pulsuz həyata keçirilir. Bu çox böyük bir işdir. Çünki Azərbaycanda sığorta təbabəti yoxdur. Bizi əhatə edən ölkələrin çoxunda isə pullu tibbi xidmət qalmaqdadır. Halbuki, Azərbaycanda keçən ilin fevral ayından əhaliyə göstərilən pullu tibbi xidmət tamamilə ləğv edilib. Bu gün bizi əhatə edən ölkələrin heç birində bütövlükdə bu xidmətlər dövlət tibb müəssisələrində pulsuz həyata keçirilmir. Bu da Azərbaycan dövlətinin xalqa, əhaliyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Mən əminəm ki yaxın illərdə Azərbaycan səhiyyəsinin daha yeni-yeni uğurlarının şahidi olacağıq. Çox qısa zaman ərzində Azərbaycan əhalisinə göstərilən tibbi xidmətin səviyyəsi dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə çataçaq.

 

 

Nəsib QULİYEV,

Səhiyyə Nazirliyi Elmi -Tədqiqat

Pediatriya İnstitutunun direktoru,

əməkdar elm xadimi, professor,

Səhiyyə Nazirliyinin baş pediatrı 

 

Xalq qəzeti.- 2009.- 17 iyun.- S. 5.