“İncəsənətin iki qızıl budağı”
Daşkənddə Üzeyir bəy Hacıbəyov və
Muxtar Əşrəfinin xatirəsi anılmışdır
İyunun 11-də Daşkənddə Muxtar Əşrəfinin
xatirə muzeyində iki görkəmli bəstəkar, xalq
artistləri, Azərbaycan və Özbəkistanda peşəkar
musiqinin yaradıcıları Üzeyir bəy Hacıbəyov
və Muxtar Əşrəfinin yaradıcılığına
həsr olunmuş “İncəsənətin iki qızıl
budağı” adlı xatirə gecəsi keçirilmişdir. Xatirə
gecəsi Özbəkistandakı Azərbaycan
Respublikasının səfirliyi, Özbəkistan
Respublikasının Mədəniyyət və İdman Nazirliyi,
Bəstəkarlar İttifaqı, Dövlət
Konservatoriyası, Nəvai adına Dövlət Akademik
Böyük Teatrı (DABT) və M.Əşrəfinin memorial
muzeyinin birgə təşkilatçılığı ilə
ərsəyə gəlmişdir.
Tədbirdə Azərbaycan
Respublikası səfirliyinin əməkdaşları, Özbəkistanın
tanınmış alimləri, musiqi və teatr xadimləri
iştirak etmişlər.
Azərbaycan Respublikası
səfirliyinin müşaviri,
filologiya elmləri namizədi Akif Əliyev iki türk xalqının tarixi əlaqələri, o cümlədən mədəni sahədə,
xüsusilə musiqidə
olan sıx əlaqələr barədə
söhbət açmış,
iki böyük şəxsiyyətin musiqi
tarixindəki əvəzedilməz rolundan danışmışdır. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana
və 2008-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi dövlət səfərlərinin
nəticəsi kimi ölkələrimiz arasında
humanitar sahədə əməkdaşlıq barədə
saziş imzalanmışdır. Sazişdə
musiqi əlaqələrinin
genişlənməsi, musiqi
sahəsindəki tədbirlərin
keçirilməsinin zəruriliyi
xüsusi vurğulanmışdır.
Müşavir tədbir iştirakçılarına Azərbaycan–Özbəkistan mədəni
əlaqələrinin inkişafına
verdiyi töhfəyə
görə səfir N.Abbasovun Muxtar Əşrəfinin xatirə
muzeyinin rəhbərliyinə
ünvanladığı minnətdarlıq
məktubunu oxumuşdur.
Dövlət konservatoriyasının
professoru İ.Q.Qaluşenko
çıxışında xatirə gecəsinin iki xalqın öz musiqi tarixinə verdiyi böyük önəm, keçmişini qorumaq və yaşatmaq, tariximizdəki müştərək
səhifələrin yad
edilməsi baxımından
nə qədər mühüm tədbir olduğunu qeyd etmişdir. O, Muxtar Əşrəfinin yaradıcılıq
yolu haqqında danışmış, onun
peşəkar musiqiçi
kimi formalaşmasında
görkəmli bəstəkar
Üzeyir bəy Hacıbəyovun musiqisinin
rolu barədə tədbir iştirakçılarına
ətraflı məlumat
vermişdir.
Özbəkistan Bəstəkarlar
İttifaqının sədri,
əməkdar incəsənət
xadimi Rüstəm Abdullayev öz çıxışında Üzeyir
bəy Hacıbəyov
və Muxtar Əşrəfi dühalarının
xalqlarımızın və
dünya mədəniyyəti
xəzinəsinə verdikləri
töhfədən danışmış, özbək
xalqının Üzeyir
bəy Hacıbəyovu
doğma bəstəkar
hesab etdiyini qeyd etmiş, hələ uşaqlıq illərindən onların
evlərində Üzeyir
bəyin musiqisinə olan böyük sevgini xatırlatmışdır.
R.Abdullayev Ü.Hacıbəyovun “Arşin mal alan” musiqili komediyasının özbək
bəstəkarları üçün
məktəb olmasını
xüsusi vurğulamışdır.
Əməkdar incəsənət
xadimi, Muxtar Əşrəfinin tələbəsi
olmuş Qəni Tulyaqanov müəllimi haqqında olan xatirələrini bölüşmüş,
M.Əşrəfini peşəkar
musiqiçi, pedaqoq, gözəl təşkilatçı,
təvazökar insan kimi xarakterizə etmişdir.
Azərbaycan və
Özbəkistanın xalq
artisti, Dövlət mükafatı laureatı,
Nəvai adına DABT-ın baş rejissoru, professor Firudin Səfərov Muxtar Əşrəfinin dirijorluğu ilə Nəvai adına DABT-ın repertuarında
Ü.Hacıbəyovun “Koroğlu”
operasının tamaşaya
qoyulmasından söhbət
açmışdır. Ü.Hacıbəyovun yaradıcılığı ilə
tədbir iştirakçılarını
yaxından tanış
edən Firudin Səfərov dahi bəstəkarın yaradıcılığının
zənginliyi və janr rəngarəngliyini xüsusi vurğulamış,
bu gün Özbəkistanda gənc musiqiçilərin musiqi təhsilində Üzeyir bəyin əsərlərinin olduqca böyük rol oynamasını qeyd etmişdir. Azərbaycan peşəkar musiqisinin yorulmaz təbliğatçısı
F.Səfərov dəfələrlə
Bakı və Daşkənddə səhnələşdirdiyi
“Koroğlu” və “Leyli və Məcnun”
operaları ilə bağlı xatirələrini
də bölüşmüşdür.
Muzeydə əsərləri
nümayiş olunan rəssam Marat Sadıqov çıxışı
zamanı görkəmli
bəstəkarların musiqisinin
gözəlliyini qeyd etmiş, onların musiqisindən böyük
ilham aldığını
söyləmişdir.
Tədbirdə çıxış
edən teatrşünas
Bəhrəddin Nəsrəddinov
Üzeyir bəy Hacıbəyov haqqında
olan araşdırmaları,
Azərbaycan və Özbəkistan teatr və musiqi əlaqələrinə dair
tədqiqatları barədə
məlumat vermiş, tədbir iştirakçılarına
XX əsrin əvvəllərində
çəkilmiş nadir
fotoşəkilləri nümayiş
etdirmişdir.
Tədbirin sonunda Özbəkistan Respublikasının
əməkdar memarı,
Dövlət və Beynəlxalq mükafatlar laureatı, M.Əşrəfi
muzeyinin direktoru Firuz Muxtar oğlu
Əşrəfi çıxış
etmişdir. O, atası haqqında xatirələrini danışmış,
M.Əşrəfinin Ü.Hacıbəyov
və digər Azərbaycan bəstəkarları
ilə şahidi olduğu yaradıcılıq
münasibətləri haqqında
tədbir iştirakçılarına
məlumat vermiş, xatirə muzeyinin ekspozisiyasında qorunan Azərbaycan və Üzeyir bəy Hacıbəyovla bağlı
dəyərli materiallar
barədə söhbət
açmışdır.
Təbdirin musiqi hissəsində Üzeyir bəy Hacıbəyovun və Muxtar Əşrəfinin əsərlərindən
parçalar ifa olunmuşdur. Belə ki, Ü.Hacıbəyovun
“Arşın mal alan” musiqili komediyasından Əsgərin,
“Koroğlu” operasından
Koroğlunun ariyaları,
“Sevgili canan” romansı Nəvai adına DABT-ın aparıcı solistləri
tərəfindən təqdim
olunmuşdur.
Pərzad ABDİNOVA,
Heydər Əliyev adına
Azərbaycan
Mədəniyyət Mərkəzinin
əməkdaşı
Xalq qəzeti.- 2009.- 17 iyun.- S. 5.