Heydər Əliyev böyük sənət hamisi idi
Bu gün dünya dövlətləri içərisində
yaxşı tanınan, xalqın iradəsi ilə
yaranmış azad, müstəqil bir dövlət kimi
demokratik yolla öz xoşbəxt gələcəyinə
doğru inamla addımlayan Azərbaycan Respublikasının
taleyi bu xalqın övladı, bu ölkənin yetirməsi
olan ümummilli lider Heydər Əliyevin adı və şəxsiyyəti
ilə ayrılmaz surətdə bağlıdır.
Ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyəti Azərbaycan
xalqı üçün taleyin böyük bir töhfəsi,
həm də tükənməz bir xəzinədir. Vaxtı ilə
böyük Füzuli deyirdi ki, sözdən elə bir süfrə
açmışam ki, hər gələn qonağa orada
mütləq bir nemət tapılar. “Heydər Əliyev xəzinəsi”
adlanan milli sərvətdən də hamıya pay
düşür. Siyasətçilər də, dövlət
adamları da, təsərrüfatın müxtəlif sahəsində
çalışanlar da bu xəzinədən həmişə
faydalanacaq və meydana çıxan çətinlikləri və
problemləri Heydər Əliyev zəkasından, onun zəngin
və çoxsahəli irsindən öyrənərək
aradan qaldıracaqlar.
Ona da şübhə
ola bilməz ki, Heydər Əliyev xəzinəsindən ən
böyük, ən səxavətli pay ədəbiyyat və mədəniyyət
adamlarının, şairlərin, yazıçıların,
bəstəkarların, memarların, kino xadimlərinin qismətinə
düşüb. Dünya tarixində, keçmiş dövrlərin
və əsrlərin təcrübəsində elmə, sənətə,
maarifə və mədəniyyətə himayədarlığı
ilə ad çıxaran dövlət başçıları
və siyasi xadimlər az olmayıb. Lakin Heydər Əliyevi
özünün bu sahədəki sələflərindən fərqləndirən
bir mühüm cəhət var – o, öz doğma
xalqının ədəbiyyatına və mədəniyyətinə
yalnız himayədarlıq etməmişdir, həm də bu mənəviyyat
sahələrinin dərin bilicisi, dönməz təəssübkeşi,
alovlu təbliğatçısı kimi
tanınmışdır. Azərbaycan xalqının əsrlər
boyu yaratdığı elm və mədəniyyət abidələrinə,
ədəbiyyat və incəsənət sərvətlərinə
olan sevgi və məhəbbət Heydər Əliyevin öz
doğma xalqına, torpağına, tarixinə olan sonsuz sevgi və
məhəbbətindən qaynaqlanır.
Ötən əsrin
70-ci illərində Azərbaycanda ictimai-siyasi həyatın
bütün sahələri ilə birlikdə ədəbiyyat və
mədəniyyət də özünün yeni çiçəklənmə
dövrünü yaşayırdı. Çox
maraqlıdır ki, səksəninci illərin ortalarında –
“yenidənqurma” və “aşkarlıq” deyilən kampaniya
başlananda Azərbaycan yazıçılarının əvvəlki
dövrlərdə yazıb, lakin çap etdirə bilmədikləri
əsərlər, demək olar ki, tapılmadı. Bəziləri
bunu bizim yazıçıların, daha geniş mənada isə
yaradıcı adamların üzüyolalığı,
axına qarşı üzməmələri, partiya qərarlarına
dönmədən əməl etmələri və s. ilə əlaqələndirirlər.
Mən isə həmişə belə bir qənaətdə
olmuşam ki, həmin dövrdə Heydər Əliyevin Azərbaycanda,
bədnam Qorbaçovdan on beş il əvvəl
başladığı həqiqi bir aşkarlıq əhval-ruhiyyəsi
hökm sürürdü. Qələm adamlarının, ədəbiyyat
və mədəniyyət xadimlərinin
özünümüdafiəsi, onları maraqlandıran
problemlərə müraciəti üçün hərtərəfli
imkan yaradılmışdı.
Əgər həmin
dövrdə kimlərsə bu imkandan yararlana bilməmiş,
yaxud özünün müəyyən mülahizələri
ilə bunu istəməmişdisə, bu artıq məsələnin
başqa tərəfidir. Azərbaycan
yazıçılarının özlərinin də etiraf
etdiyi kimi, keçmiş sovet məkanında “dissident ovu”
aparıldığı illərdə, əslində, Azərbaycanda
ən böyük dissident Heydər Əliyev özü idi. Onun
məsuliyyət payını öz üzərinə
götürməsi, lazımi məqamlarda sinəsini qabağa
verərək yazıçıları, bəstəkarları,
kino xadimlərini və başqalarını Mərkəzin təzyiqlərindən
qoruması respublikada sərbəst bədii
yaradıcılıq atmosferinin formalaşmasına az təsir
göstərməmişdi.
Heydər Əliyevin Azərbaycanda
birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən
başlayaraq onun özünün ideyaları əsasında və
rəhbərliyi altında ölkəmizdə geniş və
uzaq hədəfli humanitar siyasət həyata keçirilirdi. Bu
siyasətin əsas qayəsi və amalı Azərbaycan
xalqında tarixi yaddaş duyğusu tərbiyə etmək,
onun mənəvi cəhətdən daha da təkmilləşdirilməsinə
şərait yaratmaq idi. Təbii ki, öz dilini və ədəbiyyatını
bilən, tarixinə yaxından bələd olan, adət-ənənələrini
dərindən mənimsəyən, dinin ehkamlarına əməl
edən bir xalq əcdadlarının yaratdığı mənəvi
sərvətlərin həqiqi varisi, torpağının həqiqi
sahibi ola bilər. Mənəvi dəyərlərə belə
yüksək diqqət yetirən Heydər Əliyevin əsas məqsədi
məhz millətimizi, ilk növbədə isə gəncliyi
bu ruhda tərbiyə etmək idi.
Bu məqsədlə
70-ci illərdə respublikamızda mənəvi tərbiyənin
bütün sahələrinə mühüm diqqət
yetirilirdi. Ədəbiyyat isə, təbii ki, ən
öncül mövqedə dayanırdı. Həmin dövrdə
Azərbaycan ədəbiyyatı klassiklərinin yubileylərinin
necə ehtişamla qeyd edildiyi, demək olar ki, bütün
klassikanın yenidən çap olunduğu, gənc
yazıçılardan tutmuş qocaman sənət
adamlarına kimi yaradıcılıq sferası nümayəndələrinə
necə böyük qayğı və diqqət yetirildiyi
hamının yadındadır. Hər şeyin Moskva tərəfindən
tənzimlənməsinə baxmayaraq, Heydər Əliyevin
şəxsi təşəbbüsü və geniş əlaqələri
sayəsində Azərbaycanda yeni mətbuat orqanları və
nəşriyyatlar yaradılır, kitab çapına diqqət
artırılır, Azərbaycan ədəbiyyatının təbliği
diqqət mərkəzinə çəkilirdi. Təkcə bir
faktı xatırlatmaq lazımdır ki, Heydər Əliyevin
böyük nüfuzu və qiyməti sayəsində Azərbaycan
ədəbiyyatının və incəsənətinin yeddi
nümayəndəsinə bir neçə ilin ərzində
keçmiş SSRİ-nin ali təltifi sayılan Sosialist Əməyi
Qəhrəmanı adı verildi. Bu, Kremlin milli mədəniyyətin
nümayəndələrinə münasibətdə yol
verdiyi, bəlkə də, yeganə istisna idi. Həmin istisna
isə Heydər Əliyevin sayəsində mümkün
olmuşdu.
Heydər Əliyevin ədəbiyyata
böyük qayğısından, şair və
yazıçılarla ardıcıl ünsiyyətindən hər
bir ziyalı kimi mən də xəbərdar idim. Ulu öndər
1992-93-cü illərdə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi
dövrdə isə onun ədəbiyyata vurğunluğunun, sənət
aşiqliyinin həqiqi miqyasları mənə daha yaxından
və əyani şəkildə bəlli oldu. Həmin
dövrdə mən Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyimdən
Heydər Əliyevlə tez-tez görüşməli, onun
müxtəlif tapşırıqlarını yerinə yetirməli
olurdum.
Naxçıvanın
blokada şəraitində yaşadığı, insanların
elementar məişət tələblərinin yerinə
yetirilməsinin imkan xaricində olduğu, üstəlik də,
hakimiyyət uğrunda mübarizənin səngimək bilmədiyi
bir şəraitdə Heydər Əliyevin yerinə başqa
bir lider olsaydı, bəlkə də, belə bir nazirliyin
mövcudluğunu unudardı, yaxud onun problemlərini həll
etməyə, qaldırdığı məsələlərlə
maraqlanmağa vaxt tapa bilməzdi. Heydər Əliyev isə
Naxçıvanın ən gərgin, həyəcanlı,
iqtisadi sıxıntılarla dolu vaxtlarında da ədəbiyyat
və mədəniyyət xadimlərini unutmurdu, onların
çətinlikləri və problemləri ilə
maraqlanırdı. İqtisadi çətinliklər bəhanəsi
ilə mədəniyyətin arxa plana
sıxışdırılmasına imkan vermirdi.
İndiki kimi
yadımdadır: 1992-ci il oktyabrın 23-də Hüseyn Cavidin
anadan olmasının 110 illiyi ilə bağlı tədbirlər
keçirilirdi. Həmin tədbirlərdə iştirak etmək
üçün Bakıdan da bir sıra tanınmış
alimlər, ədəbiyyat xadimləri, Cavid sənətinin pərəstişkarları
gəlmişdilər.
Həmin gün Heydər
Əliyev əvvəldən axıra kimi Cavid havasında
yaşadı. Əvvəlcə, şəhər sakinləri və
Bakıdan gələn qonaqlarla birlikdə böyük
şairin məzarını və ev-muzeyini ziyarət etdi,
axşam isə C.Məmmədquluzadə adına
Naxçıvan Musiqili Dram Teatrında keçirilən Cavid
gecəsində iştirak etdi. İstər Cavidin məzarı
başında, istərsə də ədəbi gecədə
bir-birindən dərin, məzmunlu çıxışlarla
dinləyiciləri təsirləndirdi. Təəssüflənirəm
ki, ulu öndərin Cavid sənətinə və şəxsiyyətinə
geniş, filosof siqləti ilə münasibətini
özündə əks etdirən həmin
çıxışlar o dövrdə mətbuatda çap
edilmədi, böyük ədəbiyyatsevərlər ordusuna
çatdırılmadı. Ertəsi günü, oktyabrın
24-də Naxçıvanda artıq iğtişaşların
ilk dalğasının başlanmasına baxmayaraq, Heydər Əliyev
vahimə və başıpozuqluğa yol vermədi, Bakıdan
Cavid yubileyində iştirak etmək üçün gəlmiş
ziyalıları o zaman son dərəcə qeyri-sabit işləyən
Naxçıvan aeroportundan paytaxta hörmətlə yola
saldırdı.
Heydər Əliyevin ədəbiyyata
və mədəniyyət xadimlərinə son dərəcə
ehtiramlı münasibəti ilə bağlı başqa bir
epizodu da xatırlayıram. 1992-ci ilin əvvəllərində
Təbrizə getmişdim. İrşadi-islami (İslam mədəniyyəti)
idarəsinin rəisi bir qrup ziyalını, sənət
adamını mənimlə görüşə dəvət
etmişdi. Cənubdakı qardaşlarımız həmin
dövrdə Azərbaycanda baş verən mürəkkəb
prosesləri maraqla izləyirdilər. Görüşə gələnlərin
arasında öz şirin bəstələri ilə illər
boyu ürəyimizi fəth edən, ruhumuza təravət
saçan tanınmış bəstəkar Əli Səlimi də
vardı. El gölünün ortasındakı
yaraşıqlı binada çay içirdik. Əli Səlimi
məni bir kənara çəkib pıçıltı ilə:
“Fəttah müəllim,
Şəhriyar ”Bakı-Bakı”,
“Naxçıvan-Naxçıvan” – deyə-deyə
dünyasını nisgillə dəyişdi. Qorxuram, bu gün
- sabah mən də öləm, Bakını,
Naxçıvanı görmək arzum gözümdə qala”
– deyə göz yaşlarını axıtdı. Mən ona
ürək-dirək verib “İnşallah, tezliklə arzunuza
yetişərsiniz” — dedim.
Naxçıvana
qayıdandan sonra bu hadisəni o zaman muxtar respublika Ali Məclisinin
sədri olan Heydər Əliyevə danışdım. Naxçıvan
blokada şəraitində idi. Qaz, işıq, yanacaq yox idi, əhali
ərzaq qıtlığından əziyyət çəkirdi.
Lakin buna baxmayaraq, ulu öndər mənə
tapşırıq verdi ki, Əli Səlimini rəhbərlik
etdiyi musiqi kollektivi ilə birlikdə Naxçıvana dəvət
edim. Tezliklə tanınmış bəstəçi rəhbəri
olduğu 33 nəfərlik kollektivlə birlikdə
Naxçıvana gəldi.
Naxçıvan şəhərinin
1100 yerlik mədəniyyət sarayı ağzına kimi
dolmuşdu. Yer olmadığından adamların çoxu ayaq
üstə dayanmışdı. Heydər Əliyev konsertə
tamaşa edəndən sonra qonaqlarla birlikdə çay
süfrəsi arxasında əyləşdi. İki saatdan
artıq çəkən səmimi söhbət zamanı Heydər
Əliyev Cənubi Azərbaycanın ədəbiyyat və mədəniyyətinin
mövcud durumundan danışdı, Şəhriyarın və
Səhəndin şeirlərini məmnuniyyətlə
oxuduğunu, onların şeirlərinə bəstələnmiş
mahnılara həmişə qulaq asdığını dedi. Daha
sonra üzünü Əli Səlimiyə tutdu:
– Çox sağ ol ki,
Azərbaycan musiqisini qoruyub saxlamağa və inkişaf etdirməyə
bu qədər zəhmət çəkmisən. Elə bir az əvvəl
qulaq asdığımız orkestri yaradıb-yaşatmaq, bu
gün dinlədiyimiz müğənniləri qayğı ilə
yetişdirmək əsl qəhrəmanlıqdır!
Ertəsi gün Heydər
Əliyev Əli Səlimini öz kabinetində qəbul etdi. Söhbət
Şəhriyar sənətindən düşdü. Mən
Heydər Əliyevin Şəhriyar
yaradıcılığına necə dərindən bələd
olduğunu ilk dəfə orada müşahidə etdim. Bu böyük
siyasətçi və dövlət xadiminin Cənubi Azərbaycandakı
ədəbi mühiti belə diqqətlə izləməsi Əli
Səlimini əməlli-başlı kövrəltdi. Çətinliklərə
baxmayaraq, mən Heydər Əliyevin
tapşırığı və şəxsi köməyi ilə
Əli Səlimini dəstəsi ilə birlikdə Bakıya
yola saldım. Ustadın paytaxtımızı ziyarət etmək
arzusu ürəyində qalmadı.
Nadir yaddaşı və
sənətə böyük məhəbbəti ilə
bütün sənət adamlarının sevimlisinə
çevrilmiş Heydər Əliyev xalq artisti Sofa Bəsirzadəyə
hələ 40-cı illərdə Şekspirin “Maqbet” faciəsində
ustalıqla yaratdığı rolun məziyyətlərini
xatırladanda onun necə kövrəldiyi və göz
yaşlarını saxlaya bilmədiyi indi də
yadımdadır.
Blokada şəraitində
Naxçıvana gələn Azərbaycan Dövlət Akademik
Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar
teatrlarının, ayrı-ayrı musiqi kollektivlərinin,
şair və yazıçıların, sənət
adamlarının Heydər Əliyevlə səmimi
görüşləri, ilk növbədə, onların
özləri üçün əlamətdar və yaddaqalan
idi. İşin çoxluğuna, vaxtın məhdudluğuna
baxmayaraq, Heydər Əliyev onunla görüşmək istəyən
sənət adamlarının birini də geri
qaytarmamışdı. Bu adamların hər biri
üçün o, xoş söz, lazımlı məsləhət
tapır, hər vasitə ilə onların qayğısına
qalırdı.
Müasir Azərbaycan ədəbiyyatının
nümayəndələri ilə ardıcıl və
işgüzar əlaqələr saxlayan Heydər Əliyev
klassiklərin irsinə qayğı göstərilməsi və
onların xatirələrinin əbədiləşdirilməsi
sahəsində də fövqəladə diqqətcilliyi və
vətəndaş prinsipiallığı ilə
seçilirdi. O, indi düşmən əlində olan
Şuşada yeni Azərbaycan şeirinin banisi Molla Pənah
Vaqifin əzəmətli abidəsinin ucaldılması
üçün nə qədər səy göstərmişdisə,
Bakıda görkəmli dramaturq Cəfər Cabbarlının
bütöv qranitdən yonulmuş abidəsinin araya-ərsəyə
gəlməsi üçün də o qədər ürəkdən
çalışmışdı.
Heydər Əliyev
böyük dövlət xadimi, yazıçı-publisist və
maarifçi Nəriman Nərimanovun heykəlinin Bakının
ən uca nöqtələrindən birində
ucaldılması üçün siyasi opponentləri, Azərbaycan
xalqına qənim kəsilmiş qara qüvvələrlə
nə dərəcədə çətin və
barışmaz mübarizə aparmışdısa, uzaq Sibir
torpaqlarında uyuyan Hüseyn Cavidin məzarının
axtarılıb tapılması və onun cənazəsinin
qalıqlarının Vətənə gətirilməsində,
Bakıda onun heykəlinin, Naxçıvanda isə məqbərəsinin
ucaldılmasında bir o qədər əzmkarlıq göstərmişdi.
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir
Hacıbəyli, Mirzə Ələkbər Sabir, Səməd
Vurğun və başqa görkəmli sənətkarlarımızın
ev-muzeylərinin, xatirə muzeylərinin yaradılması,
yaxud əsaslı şəkildə yenidən qurulması və
zənginləşdirilməsi də Heydər Əliyevin
adı ilə bağlıdır.
XX əsrin fenomen şəxsiyyətlərindən
olan Heydər Əliyev haqqında son illər çox
yazılıb və əminəm ki, hələ bundan sonra daha
çox yazılacaq. Ümummilli liderin dərin məzmunlu nitq
və məruzələrinin, müsahibə və söhbətlərinin
toplandığı sanballı cildlər indi siyasətlə
az-çox maraqlanan hər bir adamın stolüstü
kitabına çevrilmişdir.
Fəttah HEYDƏROV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2009.- 17 iyun.- S. 3.