Azərbaycanın xarici siyasətində
Avrasiyaya inteqrasiyanın
əsas istiqamətləri
Bizim xarici ölkələrlə
münasibətlərimiz yalnız qarşılıqlı
maraqlar və qarşılıqlı hörmət əsasında
qurulur. Siyasi gücündən, yaxud da ki,
böyüklüyündən, ərazilərindən
asılı olmayaraq, bütün ölkələrlə bərabər
hüquqlu münasibətlər qura bilmişik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bu sitat
dövlət başçımızın
hələ 2007-ci ilin
oktyabrında Naxçıvan
Dövlət Universitetinin
konservatoriyasının açılış
mərasimində söylədiyi
nitqdən seçilmişdir. Həmin tədbirdən
beş ay sonra – 2008-ci ilin Novruz bayramı münasibətilə Bakıda
keçirilən ümumxalq
şənliyində isə
Azərbaycan Prezidenti daha da qətiyyətli
idi: “Bizim xarici siyasətimiz sabitliyin möhkəmlənməsinə,
bölgədə əməkdaşlığın
dərinləşməsinə, sülhün bərqərar
olunmasına yönəldilibdir”.
Yəqin ki, əsas məqsədimiz diqqətli oxuculara aydın oldu. Azərbaycanın sosial-iqtisadi
inkişafı daha böyük vüsət aldıqca, dövlətimiz
daha da qüdrətləndikcə
xarici siyasətimizin qarşısında duran vəzifələr də getdikcə konkretləşir.
Cəmi beş ay fərqlə
söylənilən bəyanatların
birincisində biz öz siyasətimizi qarşılıqlı maraqlar
və qarşılıqlı
hörmət əsasında
qurduğumuzdan danışırdıq.
İkinci bəyanatda isə artıq sabitliyin möhkəmlənməsi,
sülhün bərqərar
olunması əsas məqsəd kimi irəli sürülür.
Bunun isə bircə adı var: inkişaf dinamikasının diplomatiyadakı
əks-sədası.
Azərbaycan ikinci
dəfə dövlət
müstəqilliyini əldə
edəndən dərhal
sonra öz xarici siyasət kursunu müəyyənləşdirməli
idi. Çox təəssüf ki, bu, mümkün olmadı. Çünki müstəqilliyin ilk ilində ölkəyə
rəhbərlik edən
Ayaz Mütəllibov rəsmi Bakının müəyyən
edəcəyi xarici siyasətin konturlarını
hazır şəkildə
Moskvadan gözləyirdi.
Onu tankla-topla devirib hakimiyyətə gələn AXC-Müsavat iqtidarının rəhbərləri
isə heç bir ölkədən heç bir formula gözləmir, özləri də bu istiqamətdə heç nə barədə düşünmürdülər.
Nəticədə gənc, müstəqil
Azərbaycan dövləti
beynəlxalq aləmdən
təcrid olunmuş vəziyyətə düşmüşdü.
Bir-birinə diş qıcardan güc mərkəzlərinin
göz ağartması
olmasaydı, Azərbaycanın
dövlət müstəqilliyi
bircə günün içərisində yox olar, ölkə parçalanıb gedərdi. Bu dəhşətli tarixçə
ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına
qədər davam etdi.
1993-cü ilin yayından sonra müstəqil Azərbaycanda cəmiyyət
həyatının digər
sahələri kimi xarici siyasət kursunda da bir
durulma, saflaşma yarandı. Azərbaycan diplomatiyası elmi əsaslara, dünya təcrübəsinə və
milli-mənəvi dəyərlərə istinadən
formalaşdırıldı. İlk növbədə, isə xarici siyasət kursu müəyyən edildi. Rəsmi Bakının dünyanın
aparıcı dövlətləri
və mühüm güc mərkəzləri
ilə əməkdaşlığının
yaradılması (daha
sonra inkişaf etdirilməsi), region dövlətləri ilə
münasibətlərin nizama
salınması (AXC-Müsavat
iqtidarı bütün
region ölkələrini Azərbaycanın düşməni
elan etmişdi), nəhayət, beynəlxalq
təşkilatlarla əlaqələrin
qarşılıqlı maraqlar
əsasında müəyyənləşdirilməsi
əsas məsələlər
kimi dərhal gündəliyə gətirildi.
Bu kursun hazırlanmasını bilavasitə
özü başlayıb
özü başa çatdıran ulu öndər mükəmməl
bir xarici siyasət strategiyası ərsəyə gətirmiş
oldu.
Biz ötən yazıda Azərbaycanın
xarici siyasət kursunda Avropaya inteqrasiya məsələlərindən
söz açmışdıq.
Bu yazıda isə artıq obyekt bir az
da böyüyür, rəsmi Bakının Avrasiyaya inteqrasiyası əsas məsələ kimi götürülür.
Bu məkanda Azərbaycanın Müstəqil
Dövlətlər Birliyi,
GUAM, İqtisadi Əməkdaşlıq
Təşkilatı, Türkdilli
Dövlətlər Birliyi
kimi mühüm tərəfdaşları vardır.
Qeyd edilən müstəvidə Rusiya, Çin, İran, Türkiyə, Yaponiya kimi böyük dövlətlər, Orta Asiya, Cənubi Qafqaz regionları və digər postsovet ölkələri
birləşiblər. Avrasiya
bölgəsi, sözün
həqiqi mənasında,
dünyanın gələcək
perspektivlərinin müəyyən
edilməsində, beynəlxalq
münasibətlərin formalaşdırılmasında
mühüm əhəmiyyət
kəsb edir. Yeni əsrin ilk illərində (dünya terminologiyasına
qloballaşma ifadəsi
də daxil olandan bəri) Avrasiyada çox maraqlı meyillər yaranır. Bu mürəkkəb regionda bütün dövlətlər
öz maraq və mənafelərini yüksək səviyyədə
qorumağa çalışdıqlarına
görə burada çox müxtəlif siyasi gəzişmələr
icra edilir. Bütün bu prosesləri böyük uzaqgörənliklə duyan
və hiss edən ulu öndər
Heydər Əliyev öz ölkəsinin xarici siyasətini məhz bugünkü Avrasiyada baş verən proseslərə cavab verə biləcək səviyyədə
qurmuşdur.
Avrasiya məkanında,
Azərbaycanın ən
geniş əməkdaşlıq
etdiyi təşkilatlardan
biri də Müstəqil Dövlətlər
Birliyidir.
Əvvəlki iqtidar Azərbaycanın MDB-yə
üzv olmasını
qəbuledilməz sayır,
bu qurumu SSRİ-nin başqa variantı kimi qəbul edirdi. Heydər Əliyev isə Azərbaycanın bu quruma qəbul edilməsini mümkün saydı – amma bir şərtlə – MDB-nin nizamnaməsinə belə bir müddəa
salınsın ki, bu qurum hökumətlərarası
təşkilatdır, üzv
ölkələrin daxili
və xarici siyasətinə müdaxilə
etmək səlahiyyətinə
malik deyil və sair. Belə olduğu halda Azərbaycan MDB-yə üzv oldu və
SSRİ-nin çökməsindən
sonra dağılmış
iqtisadi əlaqələrin
bərpası nəticəsində
ölkəmiz iqtisadi dirçəliş imkanı
əldə etdi. MDB-nin bir dövlət
deyil (Əbülfəz
Elçibəy və
İsa Qəmbər bu qənaətdə idilər), hökumətlərarası
təşkilat olduğunu
sübut edən bir məqamı xatırlatmaq yerinə düşər. Məsələn,
Azərbaycan, Gürcüstan
və Türkmənistan
MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsində
iştirak etmirlər.
Azərbaycanın xarici
siyasətində əsas
istiqamətlərdən biri
də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
(QİƏT) ilə əlaqələrin
qurulmasıdır. 1992-ci ildə
İstanbulda yaranmış
bu təşkilatın
əvvəlcə 11 üzvü
var idi. 2004-cü ildə Serbiya və Çernoqoriya dövləti də QİƏTƏ
üzv olmuşdur. Azərbaycanın bu quruma üzv olmaqda əsas marağı region dövlətləri ilə çoxtərəfli
əməkdaşlığı daha da dərinləşdirmək,
özünün əlverişli
coğrafi mövqeyindən
istifadə edərək
tranzit imkanlarını
daha dolğun şəkildə genişləndirməkdir.
Eyni zamanda, ölkəmiz Rusiya, Ukrayna, Rumıniya, Türkiyə,
Yunanıstan, Moldova, Bolqarıstan, Albaniya və digər dövlətlərin də
üzv olduğu bu qurumun potensialından
istifadə edərək
özünün enerji
resurslarının dünya
bazarına çıxarılması
yollarını genişləndirir.
Bu isə ixracın şaxələndirilməsinə
mühüm zəmin yaradır.
Rəsmi Bakının
Avrasiya məkanında
daha çox əməkdaşlıq etdiyi
təşkilatlardan biri
də 1997-ci ildə məhz MDB-nin üzvü olan ölkələrin yaratdığı
GUAM (Gürcüstan – Ukrayna
– Azərbaycan – Moldova)
təşkilatıdır. 1998-ci ildə Özbəkistan da bu təşkilata
üzv olmuş, 7 ildən sonra oradan çıxdığını
bildirmişdir. GUAM-ın
Azərbaycan üçün
əhəmiyyəti nədir?
Bu qurum Qərb istiqamətli siyasət yeridən, Qərbi Avropa nümunəsində
hərtərəfli inteqrasiyaya
nail olmağa çalışan, ən
başlıcası, bütün
bu proseslərdə bərabərhüquqlu qarşılıqlı
faydalı əlaqələr
yaratmaq istəyən dövlətlərin birliyidir.
Təsadüfi deyil ki, ABŞ və Avropa Birliyində GUAM-ın gələcəyinə
ümidlə baxanlar ildən-ilə çoxalır. Türkiyə,
Rumıniya, Bolqarıstan,
Litva və Polşa GUAM-ın son sammitlərində iştirak etməklə bu quruma maraq
göstərirlər. GUAM Xəzərin karbohidrogen ehtiyatlarının Qərb
şirkətləri ilə
birlikdə işlənilməsi
və hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə Qərb bazarına çıxarılması,
Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, ölkələr
arasında azad ticarət əlaqələrinin
qurulması kimi məsələlərdə
fikir yekdilliyi nümayiş etdirir. Ən başlıcası,
GUAM üzvü olan ölkələrdəki dondurulmuş
münaqişələrin həllinin
tezləşdirilməsi də
bu qurumun gündəliyində daimi
yer tutan məsələlərdəndir.
Bir sözlə,
bu gün Azərbaycanın Avrasiya məkanındakı ölkələr
və beynəlxalq təşkilatlarla əməkdaşlığı
xalqımızın və
dövlətimizin milli
maraqlarına yüksək
səviyyədə xidmət
edir. Bu isə ulu öndər
Heydər Əliyevin işləyib hazırladığı
xarici siyasət kursunun mükəmməlliyindən,
elmiliyindən, reallığa
söykənməsindən xəbər verir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2009.- 17 iyun.- S. 1.