Ulu öndər Heydər Əliyevin milli təhsilimizə əvəzsiz töhfəsi

 

Təhsil sahəsində islahat Proqramının qəbul edilməsindən 10 il ötür

 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı milli təhsilimizin gələcək inkişafında mühüm və əhəmiyyətli rol oynadı. Milli təhsilimiz böhrandan yaxa qurtardı, müəllimlərin sosial vəziyyəti getdikcə yaxşılaşdı, təhsilin bütün sferalarında islahatlar başlanmasına rəvac verildi. 1999-cu il iyunun 15-də Heydər Əliyev “Azərbaycan Respublikasında təhsil sahəsində islahat Proqramı”nın təsdiq edilməsi ilə bağlı sərəncam imzaladı. Bu proqram təhsilimizin sonrakı inkişafında mühüm rol oynadı.

 

Proqramın başlıca məqsədi məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə, ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət idi. Bu Proqram ölkədə təhsilin inkişafına bir növ güclü impuls verdi. Əslində bu Proqramın qəbulu böyük cəsarət tələb edirdi. Onun reallaşması üçün güclü vəsait tələb olunurdu. Ölkə isə iqtisadi böhrandan yenicə çıxmağa başlamışdı. Amma ulu öndər bu risqə getdi. Dünya Bankı ilə bağlanmış kredit müqaviləsi bu problemi də həll etdi. Beləliklə, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoydu.

Yeni əlifbaya keçid təhsilimizdə ciddi problemlər yaratmışdı. Oxu materialları çatışmırdı. Yenisini yaratmaq üçünsə müəyyən müddət lazım idi. Tezliklə bu problemlərin həlli yolunda ciddi addımlar atıldı.

Təhsil sahəsində islahat Proqramı təhsilimizin sürətli inkişaf etdirilməsi yollarını müəyyənləşdirməklə, yaxın gələcəkdə yeni təhsil sisteminin formalaşmasını təmin etməli idi. Bu islahat təhsilin demokratikləşməsi, humanistləşməsi kimi yeni prinsiplərin bərqərar olmasını tələb edirdi. Müstəqillik qazanmış Azərbaycan Respublikasının təhsil sistemi qabaqcıl ölkələrin təhsil sistemlərinin ən mütərəqqi cəhətlərini mənimsəməklə milli-mənəvi dəyərlərə əsaslanan yeni bir məzmun kəsb etməli idi.

İlk olaraq təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun məzmunca yeniləşməsinə nail olmaq vacib idi. 2003-cü ilə qədər bu istiqamətdə xeyli iş görüldü. Bəzi məktəblər təmir edildi, bəzilərinə yeni avadanlıqlar verildi, dərsliklərin yeniləşməsi istiqamətində müəyyən işlər görüldü. Ən əsası isə pedaqoji kadrların məktəbdən uzaqlaşması prosesinin qarşısı alındı. Müəllimlərin sosial vəziyyətində qismən yaxşılaşma nəzərə çarpmağa başladı. Belə ki, bu müddət ərzində müəllimlərin əməkhaqqı bir neçə dəfə artırıldı. Müəllim əməyini yüksək qiymətləndirən ulu öndər, onların həyat şəraitini yaxşılaşdırmaq üçün bütün mümkün imkanlardan istifadə etdi. Beləliklə, təhsil sistemində kadr probleminin həlli sahəsində müəyyən addımlar atılmış oldu.

2003-cü ildə ulu öndərin məktəb tikintisi, məktəblərin əsaslı təmiri və əlavə korpusların inşası ilə bağlı imzaladığı Dövlət Proqramını təsdiq edən sərəncamı təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ilk mühüm addım oldu. Qeyd etdiyimiz kimi, Azərbaycan müstəqillik qazandığı vaxtdan məktəblərdə əsaslı təmir aparılmamış, yeni məktəb və əlavə korpuslar tikilməmişdi. Ona görə də Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə şagird sıxlığı ciddi narahatlıq doğururdu. Bu proqramda 2007-ci ilə qədər ölkədə xeyli məktəb tikintisi, əsaslı təmir işləri, yeni korpusların tikintisi nəzərdə tutulurdu. Tezliklə bu işlərə başlanıldı. Bakıda, ayrı-ayrı regionlarda yeni məktəblərin tikintisi geniş vüsət aldı.

Heydər Əliyev ideyalarının sədaqətli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən təhsilə xüsusi qayğı göstərməyə başladı. Dövlət başçımız 2004-cü ilin avqust ayında iki mühüm sərəncam imzaladı. Bunlardan biri Bilik Gününün və yeni dərs ilinin sentyabr ayının 15-nə keçirilməsi, ikincisi isə orta ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramının təsdiq olunması ilə bağlı idi.

2004-cü ildən etibarən məktəb tikintisi geniş vüsət aldı. Bir neçə faktı diqqətə çəkmək istəyirəm. 2006-cı ildə dövlət proqramları və digər mənbələr hesabına ümumilikdə 102089 şagird yerlik 288 yeni məktəb və əlavə korpusun tikintisinə başlanılmış və onlardan 50416 şagird yerlik 204 məktəb və əlavə korpus həmin ilin sonuna kimi təhvil verilmişdir. Ümumiyyətlə, beş il ərzində inşa olunmuş yeni məktəblərin və əlavə korpusların sayı 1600-ə çatmışdır.

Məktəb tikintisi sahəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə görülmüş işləri də qeyd etməmək olmaz. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki xidmətləri, doğrudan da, əvəzsizdir.

Artıq 2008-2012-ci illər üçün məktəb tikintisinə dair yeni Dövlət Proqramı möhtərəm Prezidentimizin tapşırığı ilə hazırlanmışdır. Bu illərdə 120 yeni məktəbin tikintisi, 140 məktəb üçün əlavə korpusların inşası, 300 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Artıq Proqramın reallaşması istiqamətində xeyli iş görülmüşdür.

Möhtərəm Prezidentimiz bildirmişdir ki, yaxın gələcəkdə bizim şagirdlərimiz Avropa standartlarına uyğun müasir məktəblərdə təhsil alacaqlar.

Bu gün ölkə iqtidarı təhsilin davamlı inkişafını təmin etmək üçün çox ciddi iş aparır. Son 6 ildə təkcə təhsil sahəsinə aid 16 Dövlət Proqramı qəbul edilmişdir. Onlar “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” (2005-2009-cu il)"; “Dərslik təminatı Proqramı (2006-2015-ci il)”, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2006-ci il)”, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu il)”, “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Proqram (2006-2009-cu il)”, Azərbaycan gənclərinin xaricdə təhsil almaları, texniki peşə, ali təhsil və s. üzrə proqramlardır.

Bu proqramların hər biri dövlət başçısının şəxsi nəzarətində olduğundan onların icrası tez və səmərəli şəkildə yerinə yetirilir.

Məsələn, elə götürək İKT sahəsində təminat Proqramını. Möhtərəm Prezidentimiz ölkədə kompyuter texnologiyalarının tətbiqini həmişə prioritet sahə kimi diqqət mərkəzində saxlamışdır. Möhtərəm Prezidentimizin bu fikrinə diqqəti yönəltmək istərdim: “Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır. Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Ona görə məktəblərdə kompyuter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”. Bunun üçün isə məktəblərə informasiya texnologiyalarının gətirilməsi vacibdir. Ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramında da yaxın iki ildə ölkədəki hər 33 şagirdə 7 kompyuter nisbəti həll olunmalı idi. Budur, artıq bu proqramın həyata keçirildiyi göz qabağındadır.

Müqayisə üçün deyək ki, 2004-cü ildə ölkədə 1000 şagirdə 7 kompyuter düşürdü. Bu kompyuterlər isə fiziki və mənəvi cəhətdən xeyli köhnəlmişdi. Artıq indi Bakının və Sumqayıtın məktəblərində hər 29 şagirdə bir kompyuter nisbəti həll olunmuşdur.

2005-ci ildən etibarən məktəblərimizə kompyuter verilməsi ilə yanaşı, bu sahədə çalışacaq kadr probleminin də həlli diqqət mərkəzində idi. Müəllimlər Təhsil Nazirliyinin təşkil etdiyi treninqlərdə iştirak etməklə kompyuterlərin sirlərini öyrənirdilər. 2006-cı ildə 4000 müəllim belə treninqlərdən keçmişlər. Artıq məktəblərimizdə kompyuter otaqları yaradılmış, onlar müvafiq avadanlıqlarla təmin olunmuşlar. Keçən il ərzində 437 məktəbə kifayət qədər kompyuter və noutbuklar verilmişdir. Yeni elektron dərsliklər yaradılmışdır. Müxtəlif fənlər üzrə yaradılan “elektron dərsliklər” artıq məktəblərə paylanmışdır.

Azərbaycan Respubliksı Prezidentinin tapşırığı ilə ölkənin təhsil sisteminin informasiyalaşdırılması üzrə 2008-2012-ci illəri əhatə edən yeni Dövlət Proqramı hazırlanmışdır. Bu proqram isə məktəblərin informasiyalaşdırılması işinin təlimatçısına çevriləcəyinə heç bir şübhə yoxdur.

Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməsi də şagirdlərin məsuliyyətini xeyli artırmışdır.

Təhsil olduqca mürəkkəb prosesdir. O, sosial institutlar arasında cəmiyyətin bütün təbəqələrini əhatə edir. Ona görə də dövlət başçımız cənab İlham Əliyev bu sahəyə böyük önəm verir və bu gün ulu öndərin başladığı islahatların davamlı şəkildə həyata keçirilməsini təmin edir.

 

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 

Xalq qəzeti.- 2009.- 18 iyun.- S. 5.