Cəlilabadda qaz təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 iyun 2006-cı il tarixli sərəncamı ilə hər il iyunun 20-də qeyd edilən qaz təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə Cəlilabadda zona toplantısı keçirilib.

 

Respublikamızın 17 rayonunun qaz təsərrüfatı işçilərinin qatıldığı toplantının Cəlilabadda təşkil olunması təsadüfi deyildi. Bu gün Cəlilabad ölkənin sürətlə inkişaf edən rayonlarından biri kimi tanınır. Rayon qaz istismarı idarəsi isə “Azəriqaz” QSC-nin qabaqcıl təsərrüfat sahələrindən sayılır. Ölkəmiz müstəqillik qazandıqdan sonra təbii qaz verilişi bərpa olunan rayonlardan biri də Cəlilabaddır. Hazırda rayon mərkəzi, Göytəpə şəhəri və Uzuntəpə kəndi tamamilə qazlaşdırılıb. Rayonda 7522 abonent bu qiymətli enerji daşıyıcısından fasiləsiz istifadə edir. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.

Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət etdilər, gül dəstələri düzdülər. Heydər Əliyev muzeyi ilə tanışlıq hər kəsin qəlbində xoş duyğular yaratdı. Şah əsəri Azərbaycan olan ulu öndərin ölkənin inkişafı naminə atdığı tarixi addımların böyük önəminə diqqət cəlb edildi.

Toplantını giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq 73 il əvvəl təməli qoyulmuş Azərbaycan qaz təsərrüfatının bütün əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi, onlara şərəfli işlərində uğurlar arzuladı. “AzəriqazQSC-nin iqtisadiyyat proqnozlaşdırma şöbəsinin müdiri Tofiq Allahverdiyev sahənin tarixi inkişaf yolu, müstəqillik dövründə tərəqqisi barədə məruzə ilə çıxış etdi. Ölkənin neft -qaz hasilatının inkişaf strategiyasının, “Əsrin müqaviləsinin açdığı geniş üfüqlər, yüksək təzyiqli qaz kəmərlərinin çəkilişi Azərbaycanın qaz idxalçısından ixracatçısına çevrilməsi ilə bağlı konkret faktları nəzərə çatdırdı həmkarlarına peşə bayramı münasibəti ilə ən xoş arzularını çatdırdı.

Masallı Rayon Qaz İstismarı İdarəsinin rəisi Elxan Məmmədov, Saatlı Rayon Qaz İstismarı İdarəsinin rəisi Qənimət Səmədov Cəlilabad rayon ziyalısı Böyükxan Bağırov təbrik nitqləri ilə çıxış etdilər, əldə məşəl el-el gəzərək ev-ev istilik paylayan qaz təsərrüfatı işçilərinin fədakar zəhmətini yüksək qiymətləndirdilər.

Sonra bir qrup qabaqcılaAzəriqazQSC-nin Cəlilabad RİH-nin fəxri fərmanları təqdim edildi. Toplantı Cəlilabad şəhərindəki əsrarəngiz Heydər Əliyev seyrəngahında bayram gəzintisi ilə başa çatdı.

 

 

Əli NƏCƏFXANLI,

Xalq qəzeti 

 

Xalq qəzeti. – 2009.- 18 iyun.- S. 4.