Taleyimizə yazılan gün

 

Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına xidmət olmuşdur.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi əbədi daxil olmuşdur. Xalqın israrlı təkidindən sonra 1993-cü ilin həmin günü ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdı və Milli Məclisin sədri seçilməyə razılıq verdi. Bu günün çox böyük tarixi əhəmiyyəti vardır. Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ilə yeni müstəqil Azərbaycan dövləti quruldu və gənc, suveren dövlətin yeni inkişaf istiqamətləri müəyyən olundu.

 

15 İyun — Milli Qurtuluş Günü Azərbaycanın parçalanmadan, vətəndaş qarşıdurmasından xilas edildiyi, erməni işğalının qarşısını almağa güclü və nizami ordu yaratmağa başladığı, milli birliyə nail olduğu bir şərəfli gündür. Həmçinin cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin edilməsi ilə xalqın öz gələcək dövlətçiliyini, demokratik cəmiyyətini qurmağa başladığı, dünyada tanınmağa, iqtisadiyyatını dirçəltmək istiqamətində işlərə başlandığı gündür.

15 iyun Azərbaycan xalqının müasir tarixində qızıl hərflərlə yazılıbdır. Xalqımız məhz həmin gün bəlalardan xilas olubdur. Həmin tarixdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlətimiz bugünki hərtərəfli inkişaf mərhələsini yaşayır.

Hər bir cəmiyyət müəyyən proseslərlə idarə olunur. Bu proseslərin həyata keçirilməsi digər proseslərin baş verməsi üçün zəmin yaradır. Proseslər zəncirvari xüsusiyyətlərə malikdir. Onlar mütləq şəkildə düzgün idarəolunmanı tələb edir. İdarəolunma yalnız müdrik şəxslər tərəfindən düzgün və məqsədəuyğun aparılmalıdır. Əks- təqdirdə xaotik, başa düşülməyən, qeyri-normal vəziyyət yaranır. Nəticəsi isə cəmiyyətə və dövlətə, insanların həyatına olduqca böyük zərbələr vurur, dərin böhran yaradır.

Belə bir fikir də əsrlər boyu hər bir dövlət və cəmiyyətdə öz təsdiqini tapıb: müdrik şəxslər hər hansı bir maneəni dəf etməyə qadirdirlər və istənilən çətin şəraitdən çıxmaq qabiliyyətlərinə malikdirlər. Məhz ulu öndər Heydər Əliyev öz təcrübəsindən, dərin zəkasından, geniş düşüncəsindən məharətlə istifadə edərək, gələcək inkişaf üçün lazımi şəraiti yaratmağa qadir olan bir şəxsiyyət idi. Bununla yanaşı, cəmiyyəti və dövləti istənilən çətin vəziyyətdən çıxarmağı bacaran bir lider idi. Heydər Əliyevin tətbiq etdiyi idarəetmə prinsiplərinın nəticəsi olaraq Azərbaycan cəmiyyəti daima bir-birini əvəzləyən inkişaf mərhələlərini keçir. Müdrik rəhbər kimi, o, qlobal siyasi oyunlarda kiçik Azərbaycanı böyük iştirakçıya çevirə bildi. Hələ o zamanlar çoxları inanmırdı ki, Heydər Əliyev kiçik Azərbaycanı böyük siyasi oyunlardan qoruyacaq və inkişaf etdirəcək. Ulu öndər bunu bacardı. Azərbaycanın xilaskarı olaraq, milli həmrəyliyi bərpa etdi, xalqı və dövləti bütün daxili və xarici düşmənlərdən lazımınca qorudu və gələcək nəsillərə bəxş etdi.

Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev birliyi əbədidir!

Cəmiyyətdə müdrik şəxslər digərlərindən ona görə fərqlənirlər ki, onlar daha çox ümumi mənafe uğrunda çalışırlar. Öz güclərini, enerjilərini insanlara xidmət üzərində qururlar. Nəticədə müdrik şəxslərlə çoxluq arasında sıx əlaqə yaranır. O xalqın ki, rəhbəri müdrik olur, ona zaval yoxdur. Müdrik şəxslərlə cəmiyyətin digər üzvləri arasında qurulan münasibətlər, əlaqələr, xoş ünsiyyət hər iki tərəf arasında qarşılıqlı inam, sədaqət, etibar, istək və məhəbbət yaradır. Ulu öndərlə xalq arasında olan münasibət, birgə inam, qarşılıqlı etimad “Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev birliyi əbədidir” qənaətinin ortaya çıxmasına səbəb oldu. Bu tezis əbədi olaraq yaşayacaqdır. Heydər Əliyevlə xalq arasında geniş əlaqələr hələ ümummilli liderin hakimiyyətinin birinci dövründə, 1969-1987-ci illərdə yaranmışdı. Lakin bu dövrdə SSRİ rejimi həmin birliyin cəmiyyətdə geniş səslənməsinə imkan vermirdi.

“Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!”

1987-ci ildə Heydər Əliyevin İttifaq rəhbərliyindən istefa verdikdən sonra səhhətində yaranmış müəyyən problemlərə görə həyatının o anlarında istirahət etmək əvəzinə, çətin bir şəraitdə doğma Azərbaycana qayıtması və olduqca həyəcanlı günlərdə xalqı ilə bir yerdə olması onu göstərirdi ki, ümummilli lider daima özündən çox xalqının taleyini fikirləşir. Naxçıvan Ali Məclisinin sədri seçilməsi və Naxçıvan ərazisini və sakinlərini blokada şəraitində erməni işğalçılarından qoruması onun öz torpağına, Vətəninə və dövlətinə sədaqətini bir daha sübut etdi. 15 iyun 1993-cü ildən isə Azərbaycan Respublikasına rəhbərlik etməyə razılıq verməsi onu göstərdi ki, həqiqətən də ulu öndər öz həyatının qalan hissəsini xalqına bağışladı. Bağışlanan ömür sayəsində bu gün Azərbaycan xalqı öz firavan həyatını yaşayır.

Prezidentlikdən ümummilli liderlik səviyyəsinə

Müdrik insanlar zaman keçdikcə daha da ucalır, sevilir, əməlləri ilə əbədiləşirlər. Nadir hallarda dövlət rəhbərləri öz xalqının gözündə əbədi lider səviyyəsinə ucala bilirlər. Ulu öndərimiz Heydər Əliyev belə xoşbəxt şəxsiyyətlərdən biridir. Respublikaya rəhbərlik etdiyi 30 ildən artıq müddətdə xalqla yaratdığı sıx əlaqələr, xoş ünsiyyət, yüksək səviyyəli xidmət onu bu uca məqama yüksəltmişdir.

“İnanıram ki, mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev... başa çatdıra biləcək...”

Ulu öndər Azərbaycan üçün çox işlər görmək, bir sıra vacib problemləri özü həll etmək istəyirdi. Təəssüf ki, bu işləri görməyə ömür vəfa etmədi. Lakin böyük realist və praqmatik siyasətçi olan Heydər Əliyev insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına bələd idi. Elə bu səbəbdən də Azərbaycanı xoşbəxt gələcəyə aparacaq liderin kim olacağı sualı barədə çox düşünmüş, götür-qoy etmiş və sonda o vaxtlar hökumətə uğurla rəhbərlik edən cənab İlham Əliyevin üzərində dayanmışdı. Uzaq Klivlenddən doğma xalqına göndərdiyi müraciətində ümummilli lider qeyd edirdi ki, “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

İlham Əliyev gənc yaşlarından siyasətə qoşularaq və idarəçilik sahəsində böyük təcrübələr əldə edərək xalqın iradəsi və seçimi ilə prezident seçildi.

“Mənim məqsədim xalqımızın xoşbəxt və firavan yaşamasını təmin etməkdən ibarətdir”

İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda Heydər Əliyev siyasəti özünün çiçəklənmə dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin qəbul etdiyi dövlət proqramlarının nəticəsi olaraq, Azərbaycanda inanılmaz yeniliklər müşahidə olundu. O, Heydər Əliyev siyasətini layiqincə davam etdirərək Azərbaycanda yüksək demokratik cəmiyyətin qurulması istiqamətində köklü islahatlar həyata keçirdi. İqtisadiyyat, o cümlədən sənaye sahəsində, inşaat sektorunda, səhiyyə, elm, idman və digər sosial sahələrdə, hərbi, dövlət quruculuğu sahələrində yüksək inkişafa nail oldu. 2003-2009-cu illər ərzində dövlət büdcəsinin mədaxili və məxarici on dəfədən çox artırıldı. Bu illərdə qəbul edilən və icrası başa çatdırılan dövlət proqramları və digər iqtisadi və sosial qanunvericilik sahələrində qəbul edilən normativ-hüquqi sənədlərin icrası sahəsində Azərbaycanda ümumilikdə həyat səviyyəsi yüksəldi. 2003-2009-cu illər ərzində 750 min nəfərlik yeni iş yerləri açıldı. Mindən çox məktəb binaları tikildi. Respublikanın bütün rayonlarında, yaşayış məskənlərində müasir tələblərə cavab verən səhiyyə, idman, istirahət ocaqları ilə yanaşı, müasir yaşıllaşdırma zonaları salındı, yeni-yeni parklar istifadəyə verildi.

Prezident İlham Əliyev tərəfindən bu yaxınlarda 2009-2013-cü illəri əhatə edən növbəti Dövlət Proqramı qəbul edilmişdir. Hazırda bu proqramın icrası uğurla həyata keçirilir.

Azərbaycan nadir ölkələrdəndir ki, dünyanın ən inkişaf etmiş dövlətlərinin belə güclü zərər çəkdiyi qlobal iqtisadi böhrandan bir o qədər də ziyan görmür. Bu, onunla izah olunur ki, son illər ərzində iqtisadiyyatın stimullaşdırılması çox düzgün şəkildə həyata keçirilir. Azərbaycanın artan iqtisadiyyatı, strateji valyuta ehtiyatları ölkədə iqtisadi böhranı təsirsiz edir, milli valyuta öz dayanıqlığını nümayiş etdirir. Nüfuzlu beynəlxalq qurumların hesablamalarına görə, Azərbaycan dünyanın ən nadir ölkələrindəndir ki, iqtisadi böhrana baxmayaraq, burada 2009-cu ildə də iqtisadi artım müşahidə olunur.

İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olacaqdır. Bütün bu uğurlarımızın kökündə ümummilli liderimiz Heydər Əliyevin alternativi olmayan düzgün siyasi kursu dayanır.

 

 

Elşən NƏSİBOV,

politoloq 

 

Xalq qəzeti.- 2009.- 18 iyun.- S. 3.