Uğurlu makroiqtisadi göstəricilər ölkənin
dinamik inkişafını təsdiq edən real faktlardır
Cari ilin yanvar-may aylarında Azərbaycanda
ÜDM-in həcmi 4,4 faiz
artmışdır
Ölkəmizin
ümumi inkişaf dinamikası davam edir. Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş ümumi inkişaf
strategiyasının uğurla davam etdirilməsi, qlobal enerji və
infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanı
dünyanın ən sabit və davamlı inkişaf edən
dövlətinə çevirmişdir. 2009-cu ilin ilk beş ayının makroiqtisadi göstəricilərinə
də nəzər saldıqda bu inkişafın sosial-iqtisadi həyatın
bütün sahələrini əhatə etdiyini
açıq-aydın hiss etmək olur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 11,4 milyard manatlıq ümumi daxili məhsul istehsal etmişdir ki, bu da ötən ilin eyni dövründəkindən 4,4 faiz çoxdur. Hesabat dövründə istehsal olunmuş ümumi daxili məhsulun 60 faizi istehsal, 30,7 faizi xidmət sahələrində yaradılmış, 9,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. 2008-ci ilin beş ayı ilə müqayisədə əlavə dəyər məhsul istehsalı sahələrində 3,9 faiz, xidmət sahələrində isə 5,9 faiz artmışdır. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmiz adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı ilə bağlı liderliyini qoruyub saxlaya bilmişdir. Belə ki, cari ilin beş ayı ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 1317,1 manat (1638,2 ABŞ dolları) təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Son illər Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı nəzərə çarpır. Bu da yeni istehsal və emal müəssisələrinin açılması, həmçinin xidmət sahələrinin yaradılması ilə müşayiət olunur. Qeyri-neft sektorundakı artım tendensiyası 2009-cu ilin ötən aylarında da davam etmişdir. Belə ki, cari ilin ilk beş ayında sözügedən sahədə 6,6 faizlik artım qeydə alınmışdır. Bununla yanaşı, ölkə iqtisadiyyatının əsasını təşkil edən neft sektorunda da 3,3 faizlik artım müşahidə olunmuşdur. Elə hesabat dövründə ölkədə yaradılmış əlavə dəyərin də məhz 43,2 faizi neft sektorunun payına düşmüşdür.
Artıq bir neçə ildir ki, Azərbaycanda güclü sənayeləşmə prosesi gedir. Ölkədə son illər aparılan davamlı və tarazlı inkişaf siyasəti, regionların iqtisadi potensialından səmərəli istifadəyə başlanması bölgələrdə bir sıra yeni istehsal və emal müəssisələrinin yaradılmasına səbəb olmuşdur. Bu da Azərbaycanda sənaye istehsalının ilbəil artırılması, rəqabət qabiliyyəti məhsulların istehsalı ilə yanaşı, ölkənin ixrac potensialının genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Yeni istehsal və emal müəssisələrinin yaradılması isə, əsasən, ölkəmizdə yaradılmış əlverişli biznes şəraiti, investisiya mühiti ilə bağlıdır. Elə ötən ayın 26-da Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması da bunun bariz nümunəsidir. Müəssisənin açılır mərasimində iştirak edən ölkə Prezidenti İlham Əliyev bununla bağlı demişdir: “Bu gün yeni sənaye sahəsinin işə düşməsi, sadəcə olaraq bu vaxta qədər görülmüş işlərin nəticəsində mümkün olmuşdur... Bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkədir. Belə olmasaydı, Azərbaycana böyük həcmdə investisiyalar qoyulmazdı... Bu zavodun fəaliyyətə başlaması, əslində Azərbaycanda iqtisadi siyasətin təzahürüdür və iqtisadi prioritetlərimizin bütün elementləri burada mövcuddur. Xarici sərmayələr, Azərbaycanın buna hazır olması və çox gözəl şəraitin mövcudluğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının mövcudluğunu və bu zavod da bu proqrama tam uyğundur, eyni zamanda, yeni iş yerlərinin açılması, bunu da burada görürük. Qeyri-neft sektorunun genişlənməsi - bu zavod bunu da təcəssüm etdirir”.
Bütün bu kimi amillər, eləcə də yeni neft strategiyasının uğurla həyata keçirilməsi isə, qeyd etdiyimiz kimi, ölkə sənayesinin dinamik inkişafını şərtləndirir. Təsadüfi deyil ki, son beş ildə Azərbaycanda sənaye istehsalı 3 dəfədən çox artmışdır. Sənaye məhsullarının istehsalındakı artım tendensiyası 2009-cu ilin ötən aylarında da davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında ev təsərrüfatları və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin də işi nəzərə alınmaqla ölkə üzrə 7 milyard 412,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faizlik artım deməkdir. Yeri gəlmişkən, hesabat dövründə adı çəkilən sahədə istehsal olunmuş məhsulun 70,2 faizi hasilat, 22,3 faizi emal, 7,5 faizi isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşmüşdür. İlin ilk beş ayında ölkə üzrə 20,4 milyon ton neft və 7,6 milyard kubmetrlik əmtəəlik qaz hasil olunmuşdur ki, bu da sənayedə xüsusi çəkiyə malik mədənçıxarma bölməsində 2008-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faizlik artım deməkdir.
Sənayenin emal bölməsində məhsul istehsalı əvvəlki ilin ilk beş ayı ilə müqayisədə 7,5 faiz azalsa da, sahənin maşın və avadanlıqların, nəqliyyat vasitələri və avadanlıqların, sellüloz-kağız istehsalında isə artım qeydə alınmışdır. Bununla yanaşı, sənayenin elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 0,4 faizlik artım qeydə alınmışdır.
Ölkə iqtisadiyyatının digər mühüm sahələrindən sayılan aqrar bölmənin inkişaf etdirilməsi üçün mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. Artıq adı çəkilən bölmədə yaz-tarla işləri başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsinin ölkənin cari ilin yanvar-may ayları üçün sosial-iqtisadi inkişafa dair hesabatına əsasən, iyun ayının 1-nə kimi 329 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmış, 26,6 min hektar sahədə dənli və dənli paxlalılar, 29,3 hektar sahədə dən üçün qarğıdalı, 65,5 min hektar sahədə kartof, 74,4 min hektar sahədə tərəvəz əkilmişdir. Bundan əlavə, hesabat dövründə ölkənin kənd təsərrüfatı sahələrində 18,6 min hektar pambıq, 27,2 min hektar bostan bitkiləri, 7,4 min hektar şəkər çuğunduru, 1004 hektar tütün əkilmişdir. Bu da bol məhsul üçün möhkəm təməlin qoyulması deməkdir.
Artıq kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlamışlar. İndi məhsul yığımının qızğın çağıdır. İyun ayının 1-nə kimi tarlalardan 17,9 min ton dənli və dənli paxlalılar, 66,7 min ton kartof, 67,4 min ton tərəvəz, 4,7 min ton meyvə və giləmeyvə, 158,9 ton yaşıl çay yarpağı toplanılmışdır. Bundan əlavə, ilin əvvəlindən etibarən heyvandarlıq məhsullarının istehsalında da ciddi artım müşahidə olunmuşdur. Belə ki, ötən dövrdə ölkə üzrə 120 min ton diri çəkidə ət, 575,2 min ton süd, 500,6 milyon ədəd yumurta, 10,5 min ton yun istehsal olunmuşdur. Bu sahədə sadaladığımız bütün göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Bütövlükdə isə 2009-cu ilin yanvar-may aylarında istehsal olunmuş kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrünün səviyyəsini 3 faiz üstələmişdir.
Dövlət Statistika Komitəsi xəbər verir ki, cari ilin ilk beş ayında ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2,7 milyard manat məbləğində investisiya yönəldilmiş, 1,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsas kapitala yönəldilən vəsaitin 2,2 milyard manatını və ya 82,8 faizini daxili investisiyalar təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,8 faiz çox olmuşdur. Hesabat dövründə daxili investisiyalardan fərqli olaraq xarici investisiyalar 52 faiz azalmışdır. Əsas kapitala yönəldilən daxili investisiyaların xüsusi çəkisinin kəskin şəkildə artması isə, heç şübhəsiz, ölkənin maliyyə imkanlarının genişlənməsi ilə bağlıdır.
Yeri gəlmişkən, cari ilin ilk beş ayında ölkədə ümumi sahəsi 421,4 min kvadratmetr yaşayış evləri, 288 şagird yerlik ümumtəhsil məktəbləri, 35 çarpayılıq xəstəxana, növbədə 45 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator -poliklinika müəssisəsi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub istifadəyə verilmişdir. Bundan əlavə, Bakı şəhərində Göz Xəstəlikləri İnstitutunun yeni binası və Tennis Akademiyası, Beynəlxalq Avtovağzal Kompleksi, Bərdə Müalicə-Diaqnostika Mərkəzi, Şəmkir Olimpiya İdman Kompleksi, Gədəbəy qızıl-mis emalı zavodu və bir sıra digər istehsal və qeyri-istehsal təyinatlı müəssisələr də 2009-cu ilin ilk buraxılış obyektlərinin siyahısına daxil olmuşdur.
2009-cu ilin yanvar-may aylarında ölkənin nəqliyyat kompleksinin və rabitə müəssisələrinin fəaliyyətində də inkişaf meyilləri nəzərə çarpmışdır. Belə ki, hesabat dövründə ölkə üzrə daşınmış yüklərin həcmi 73 milyon ton, sərnişinlərin sayı isə 519,4 milyon nəfər təşkil etmişdir. Bundan əlavə, ilin ötən beş ayı ərzində rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktiki qiymətlərlə 382,3 milyon manatlıq rabitə xidməti göstərmişlər.
Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası 117 xarici ölkə ilə 5 milyard 354,3 milyon dollarlıq ticarət əməliyyatları həyata keçirmişdir. İdxal-ixrac əməliyyatlarının 83,4 faizi və ya 4 milyard 466 milyon dolları uzaq xarici ölkələrlə, 16,6 faizi, yaxud 888,3 milyon dolları isə MDB ölkələri ilə aparılmışdır. İlin ilk dörd ayı ərzində xarici ticarət dövriyyəsində ixracın həcmi 3 milyard 537,1 milyon dollar, idxalın həcmi isə 1 milyard 817,2 milyon dollar təşkil etmişdir. Göründüyü kimi, dörd ay ərzində idxal-ixrac əməliyyatları zamanı Azərbaycan Respublikası 1 milyard 719,9 milyon dollarlıq müsbət saldo əldə etmişdir.
2009-cu ilin ilk beş ayı ərzində pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin həcmi ilə yanaşı digər sahələrdə də artım tendensiyası qeydə alınmışdır. Bu da ölkəmizin dinamik inkişafını bir daha təsdiq edir. Cari ilin fevral ayının 14-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın, eləcə də digər mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması növbəti beş ildə bu inkişaf prosesini bir qədər də sürətləndirəcək.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Xalq qəzeti .- 2009.- 18 iyun.- S. 1.