Bal—minbir dərdin dərmanı
Bal Uca Yaradanın insanlara bəxş etdiyi ən qiymətli
və möcüzəli nemətlərdəndir. Xalq təbabətinin
sirlərinə yaxından bələd olan mütəfəkkir
el həkimləri qədim zamanlardan arı balını insan
ömrünü uzadan, iş qabiliyyətini, fiziki-zehni fəaliyyətini
artıran qiymətli qida və eləcə də bir çox
xəstəliklər üçün gözəl müalicə
vasitəsi hesab edirdilər. Bal loğmandır, min bir dərdə
dərmandır, — deyib ulu babalarımız. Bal, sözün əsl
mənasında, can dərmanıdır, zəifə qüvvət,
gözlərə işıq, gücsüzə güc,
sağalmaz dərdlərə şəfa verir.
Bəs,
hanı dağlarımızın, yaylaqlarımızın
gül-çiçək ətirli, sağalmaz dərdlərə
şəfa verən təbii balı. Dağ balının ləzzəti indi də
damağımızdadır. Hələ dadmamışdan ətrindən,
qoxusundan məst olardın. Onun bir qaşığı
adamım dilini, ağzını alışdırıb
yandırar, boğazını göynədərdi. Təəssüflə
qeyd etmək lazımdır ki, son vaxtlar qədim ənənəvi
təsərrüfatı yaşadanların bəziləri
arıçılığa bazar, özü də çox
ucuz bazar gözü ilə baxmışlar. Tanrının bizə
bəxş etdiyi bu əvəzsiz neməti təbii halından
çıxarır, süniləşdirir, arıları zorən
yemləyirdilər. Alverlə məşğul olurdular.
Müalicə əhəmiyyətinə görə neçə-neçə
bal növü arasında şahanə yer tutan dağ balı
nə üçün keyfiyyətsiz süni bal ilə əvəz
olunsun. Bütün bunlara görə arıçılığın
hərtərəfli inkişafını təmin etmək, zəngin
ballı bitkiləri çoxaltmaq, arı məhsullarının
istehsalını artırmaq, arıçılıq təsərrüfatını
tənzimləyən qanunun hazırlanması zərurəti
yarandı.
Arıçılıq qədim
zamanlardan azərbaycanlıların təsərrüfat həyatında
və məişətində əhəmiyyətli yer
tutmuşdur. Azərbaycanın əlverişli coğrafi
mövqeyi, nisbətən mülayim iqlimi, zəngin bitki aləmi
burada arıçılığın meydana gəlməsi və
inkişafı üçün lazımi zəmin
yaratmışdır. Bu sahə Azərbaycanın dağ və
dağətəyi rayonlarında, xüsusilə alp çəmənlikləri
və meşə ilə zəngin ərazilərində daha
çox inkişaf etmişdir. Quba-Xaçmaz, Şəki-Zaqatala,
Lənkəran-Astara, Şirvanın dağ və dağətəyi
bölgələri, Qarabağ, Naxçıvan və Kəlbəcər
— Daşkəsən arıçılığın qədim
mərkəzləri idi.
Az zəhmət tələb edən,
çoxlu gəlir verən arıçılığın
inkişafında azərbaycanlıların nəsildən-nəslə
çatdırdığı zəngin təcrübəsi,
bacarığı da əhəmiyyətli rol
oynamışdır. Arıçılıqla məşğul
olan kəndlilər arıların həmişə qədrini
bilmiş, onların möcüzəli aləmini maraq və
diqqətlə izləmişlər. Görünür, bu,
arıların həyatının və arı balının
lap qədim zamanlardan insanın diqqət mərkəzində
olmasından irəli gəlmişdir. Arıçılar
deyirlər ki, arı yaxşı dövlətdir, gərək
ondan yaxşı da muğayat olasan. Arı da insan kimi qulluq,
qayğı istəyir. Görünür, xalq arasında
deyilmiş “Arını qoy bağçaya, balın getsin
axçaya”, “Arının zilləti, balın ləzzəti”,
“Balı süfrəmizdə, zəhməti
torpağımızda” və digər müdrik el məsəlləri
məhz bunun nəticəsidir.
Azərbaycanda
arıçılığın qədim forması kimi bal və
mum istehsalı XX əsrin əvvəllərinədək
mövcud olmuşdur. Meşələrdəki ağac
koğuşlarında, qayalarda, mağaralarda çoxlu arı
olmuş, ayrı-ayrı şəxslər müxtəlif
üsul və vasitələrlə bal və mum
toplanmasını özlərinə peşə etmişdilər.
Bu qədim formanın hələ ibtidai icma quruluşu
dövründə məlum olduğu ehtimal edilir.
Azərbaycanda mənşəcə
arıçılıqla bağlı coğrafi adların
(Ballıqaya, Balçılı, Apıtəpə,
Arıqaya, Arıxana, Arıdamı, Arıqıran və s.)
olması da bu ərazidə arıçılığın
qədimliyini sübut edir. Öz toponimikasında
arıçılığın qalıqlarını saxlayan,
yaxınlığında çoxlu arı məskəni
salmış qayalar olan Balçılı adlı yer Tunc
dövrünə təsadüf edilir. Bu materiallar qədim
zamanlardan, məhdud da olsa, bal və mum əldə edildiyini
söyləməyə əsas verir. Qədim azərbaycanlılar
arasında yayılmış bal və mum əldə edilməsinin
bu ilkin forması nağıllarda, əfsanələrdə və
digər şifahi xalq yaradıcılığı nümunələrində
də öz əksini tapmışdır.
Aşkara
çıxarılmış arxeoloji materialların təhlili,
xüsusilə mum qəliblər vasitəsilə metal əşyaların
hazırlanma texnikası arıçılığın əhəmiyyətini
təsdiq edir. Azərbaycan ərazisində eramızdan əvvəl
3-2-ci minilliklərdə arı mumundan sənətkarlığın
müxtəlif sahələrində istifadə olunmuşdur.
İnsan və heyvan fiqurları, şəbəkəli xəncər
başları, bəzək əşyaları, möhürlər
və s. mum qəliblər vasitəsilə
hazırlanırdı.
Qazax rayonunda Sarıtəpə
adlı yaşayış yerindən tapılmış
qabın içərisindən sarı rəngli məhlul-bal
aşkar edilmişdir. Bu tapıntı Azərbaycan ərazisində
hələ eramızdan qabaq 1-ci minilliyin əvvəllərində
arı bəslənməsini və müəyyən səviyyədə
inkişaf etməsini göstərir.
Mənbələrdəki məlumatlardan
aydın olur ki, qədim və orta əsrlərdə bal və
mum yerli əhalinin ehtiyacını ödəməklə
yanaşı, ipək, duz, neft və s. məhsullarla bərabər
xarici ölkələrə də ixrac olunurdu. Orta əsr tarixçiləri
və Avropa səyyahları Azərbaycanda yüksək keyfiyyətli
yerli baldan geniş istifadə edilməsi, ondan müxtəlif
növ şirniyyat məhsulları hazırlanması
haqqında məlumat vermişlər. Orta əsrlərdə
arı saxlayan kəndlilərdən ildə hər pətəkdən
12 axça gümüş pul alınırdı. Xanlıqlar
dövründə kəndlilərdən “arı pulu” vergisi
toplanırdı. Bəzi yerlərdə vergi balla ödənilirdi.
XIX əsrin əvvəllərində
Cənubi Qafqazda ən böyük arıçılıq təsərrüfatı
hesab olunan Quba qəzasında 15000 arı ailəsi vardı. Bu
dövrdə Gəncə qəzasında 3000-dən çox,
Ordubad qəzasında 3500, Şirvanda 3000, arı pətəyi
mövcud idi.
Azərbaycanda
arıçılığa dair biliklərin
yayılmasında Həsən bəy Zərdabinin böyük
xidmətləri olmuşdur. O,
arıçılığın kəndli təsərrüfatında
çox xeyirli sahələrdən biri olduğunu qeyd edir.
Arıların həyat tərzindən, çoxalıb
artmasından, qiymətli məhsullar hazırlanmasından
maraqlı faktlar və misallar gətirərək bal
arılarının saxlanması qaydalarından, arı xəstəliklərinə
qarşı mübarizə üsullarından ətraflı
söhbət açır, avropalıların arı bəsləmək
üsullarını təqdir edirdi. Həsən bəy Zərdabi
balın keyfiyyət məsələsi üzərində də
dayanır, gül-çiçəklərdən bal
hazırlayan zəhmətkeş və xeyirxah arılara
qayğı ilə qulluq etməyin vacibliyini göstərirdi.
Mənbələrdən aydın
olur ki, Azərbaycan balı Praqada, Parisdə də
böyük şöhrət qazanıb. Hər il
Qafqaz arıçılığı üzrə görkəmli mütəxəssislər belə hesab etmişlər ki, Azərbaycanın yerli Qabaqtəpə arısı xarici görünüşü, bioloji xüsusiyyətləri və bir sıra əlamətlərinə görə Boz dağ Qafqaz arısı ilə eynidir. Qeyd etmək lazımdır ki, dağ şəraiti bu arılarda yüksək uçuş qüvvəsi inkişaf etdirmiş, onların çalışqanlığı, işgüzarlığı, məhsuldarlığı üçün şərait yaratmışdır.
Qabaqtəpə arısı Azərbaycanın Daşkəsən rayonundan başqa, Kəlbəcər, Şəmkir, Göygöl rayonlarında, həmçinin və Şəki-Zaqatala bölgələrində İsmayllı, Qonaqkənd və s. yerlərdə yayılmışdır. Bu arılar meşəli dağların üst zonalarında və yüksək dağ çəmənliklərində məskən salırlar.
Mütəxəssislərin Qabaqtəpə arısı üzərində apardıqları təcrübə göstərmişdir ki, dağ şəraitində bəslənilən arılar yaxşı inkişaf edir, bir sıra mühüm xüsusiyyətləri ilə başqa arılardan fərqlənir. Akademik A.A.Qrossheym yazır: “Qabaqtəpə arıları bir sıra üstünlüklərə malikdir. Bu arılar Şimal arılarına nisbətən 10-11 faiz ağır, çevik və çox cəfakeşdir. Onlar daha həssas və uzağa uçandırlar. Bu səbəblərə görə Qabaqtəpə arıları başqa arılara nisbətən çox məhsuldardır”.
Qocaman arıçı Əhməd Rəsulov yazırdı ki, yalnız bizim şəraitimizdə deyil, başqa ölkələrdə də (məs. Amerikada) aparılmış tədqiqat Boz dağ Qafqaz arısının İtaliya arısından 70 faiz artıq bal verdiyini göstərmişdir. Qabaqtəpə arısı təxminən səhər saat 3-4-ün yarısında, İtaliya arıları 4-5-in yarısında, Opra Rusiya arıları isə saat 6-da işə başlayır. Qabaqtəpə arısı işini hava tamam qaraldıqda (aylı gecələrdə gecə yarısınadək), İtaliya arıları axşam saat 9-un yarısı - 9-da, Şimal arıları isə 8-9-un yarısında qurtarır. Nəticədə Şimal arıları 19 kq, İtaliya arıları 41 kq, Qabaqtəpə arıları 52 kq bal verir.
Qabaqtəpə arısı dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Kiçik Qafqazın şimal-şərq yamacı olan Şahdağın qarlı zirvəsi yanında yerləşmiş Daşkəsən rayonundakı Qabaqtəpə kəndinin adı ilə bağlıdır. Burada qış uzun sürür, çoxlu qar yağır, 15-18 dərəcəyə çatan şaxtalar olur, havanın temperaturu gündə bir neçə dəfə dəyişir, yazda günəşli gündüzlərdən sonra soyuq gecələr gəlir.
Qabaqtəpə şirəli bitkilərlə də zəngindir. Çəmənlərdə zəncirotu, ətirli əjdaha çiçəyi, çəmən və çöl zəfəranı, müxtəlif növ nanə, gicitkən, cürbəcür yoncalar, meşələrdə armud, alma, zoğal, alça, yemişan, qaratikan, cökə, çiyələk, böyürtkən, moruq və s. bitir.
Sakit, zəhmətsevər, soyuğa və xəstəliyə dözümlü, həmçinin məhsuldarlığı ilə seçilən Qabaqtəpə arısı haqlı olaraq mütəxəssislər tərəfindən “qızıl arı” adlandırılmışdır. Bir çox müsbət xüsusiyyətlərinə görə Qabaqtəpə arısı uzun müddət dünya arıçılarının nəzərini cəlb etmiş və ona həmişə böyük tələbat olmuşdur. Fransa, ABŞ, Çexoslovakiya, Rumıniya, Bolqarıstan, Rusiya və başqa ölkələrin arıçı mütəxəssisləri bu arı haqqında indi də yüksək rəy söyləyirlər.
Vaşinqtonda Əkinçilik Departamentinin arıçılıq şöbəsinə rəhbərlik edən doktor Frenk Benton uzunxortumlu arı sorağı ilə bir sıra ölkələri gəzmişdir. O, 1905-ci ildə Qafqaza gələrkən Qabaqtəpəyə aparılmasını xahiş etmişdi. Qabaqtəpədə Amerika alimi yerli arı növü ilə tanış olmuş, onun bioloji və təsərrüfat xüsusiyyətlərini qiymətləndirmiş, buradan 10 arı ailəsi alıb Amerikaya aparmışdır.
Qabaqtəpə arısını əldə etmək məqsədilə isveçrəli Düma XX yüzilliyin əvvəllərində Tiflisə gəlmiş, bu şəhərin yaxınlığında yurd salaraq arıxana təşkil etmişdi. O, Qabaqtəpə arısını buradan Poti və Batumi limanlarına çatdırır, dəniz vasitəsilə Avropaya göndərirdi.
Təəssüf ki, vaxtilə dağ çəmənlərimizin, meşələrimizin yaraşığı, təsərrüfatımızın şöhrəti olan bu qiymətli arı növü son illər xeyli azalmış, kökü kəsilmək təhlükəsinə məruz qalmışdır. Boz dağ arısının əvvəlki şöhrətini qaytarmaq, yaşatmaq üçün münasib yollar axtarmaq, dünya bazarında qiyməti ildən-ilə qalxan Qabaqtəpə arısının bərpası və artırılması barədə düşünmək lazımdır. Həm Qabaqtəpə arısı, həm də ondan alınan təbii dağ balı tələbat olan qiymətli ixrac məhsullarıdır.
Azərbaycan ərazisində yayılmış sarı İran və ya Lənkəran arısı da qədim arı cinsinə mənsubdur. Adından da göründüyü kimi, bu arı tünd sarı-qızılı rəngdə olub, bədəni sarı zolaqlarla örtülüdür. Bu arı cinsi əsasən respublikamızın Lənkəran-Astara bölgəsində, həmçinin Yardımlı, Lerik, Cəbrayıl, Zəngilan rayonlarında yayılmışdır.
Subtropik iqlim şəraitinə uyğunlaşan Lənkəran arısı özünəməxsus əlamətlərə malikdir. Bu arı ailəsində ana arının tez yetişməsi xarakterikdir. Bu növ arılar Qabaqtəpə və Orta Rusiya arılarından çox beçə verməsi ilə də fərqlənir. Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində Lənkəran arıçıları mütərəqqi üsullardan istifadə edərək bu arı cinsindən keyfiyyətli, ətirli bal və mum ala bilmişdilər. Məhz buna görə də 1910-cu ildə Tiflisdə açılan arıçılıq sərgisində Lənkəran kəndinin bir arıçısı gümüş medalla təltif edilmişdi.
Təcrübəli arıçılar arıçılığın inkişafı üçün hansı arı cinsinin saxlanılmasına böyük əhəmiyyət verirdilər. El arasında söylənilən “bir dolu sağlam pətək, yüz yarımçıq pətəkdən yaxşıdır,” - məsəli də bununla əlaqədardır.
Tofiq BABAYEV,
tarix elmləri namizədi,
əməkdar mədəniyyət
işçisi
Xalq qəzeti.- 2009.- 20 iyun.- S. 7.