Xalq artisti Tofiq Tağızadənin 90 illik yubileyi qeyd olundu

 

Azərbaycan Dövlət Film Fondu son illər kinomuzun böyük sənətkarlarının yubileylərini təntənəli şəkildə qeyd edir. Belə tədbirlərə sənət adamları, tələbələr, sənətsevərlər cəlb olunur, onlar bu insanların həyat yoluna yenidən nəzər salır, yaratdıqları filmlərdən fraqmentlərə tamaşa edirlər. Elə bu günlərdə xalq artisti, kinorejissor Tofiq Tağızadə də beləcə yad edildi.

 

Dövlət Film Fondunun yeni binasında keçirilən tədbiri giriş sözü ilə fondun əməkdaşı, əməkdar incəsənət xadimi, sənətşünas Aydın Kazımov açdı. O, bu böyük sənətkarın həyat və fəaliyyətindən bəhs edərək dedi ki, milli kinomuzun inkişafında Tofiq müəllimin böyük xidmətləri olmuşdur. 50-ci illərdən başlayaraq o, kinomuzun çox qiymətli nümunələrini yaratmışdır.

Aydın Kazımov Tofiq Tağızadənin bu sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Sənətkar əgər yaratdığı əsərlərdə öz sözünü deyib qurtarırsa, deməli, onun yaradıcılığında qapanma əmələ gəlir. Sənətdə söz deyib nöqtə qoymaq qeyri-mümkündür. Nə qədər ki sənət adamının ürəyi döyünür, beynində fikirlər dolaşır, o, öz sözünü deyəcəkdir”. Tofiq müəllim öz sözünü dedi. Çox qiymətli filmləri ilə.

Sonra Aydın müəllim rejissorun həyat yoluna qısa nəzər saldı. Dedi ki, böyük həyat və yaradıcılıq yolu keçmiş unudulmaz sənətkarımız, Azərbaycanın xalq artisti, kinorejissor, ssenarist, aktyor Tofiq Mehdi oğlu Tağızadə 1919-cu ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. Uşaqlıq çağlarından ailədə incəsənətə məhəbbət ruhunda tərbiyə alan balaca Tofiq 5 il musiqi məktəbində təhsil almışdır.

Məktəbi bitirdikdən sonra o, indiki Azərbaycan Neft Akademiyasına daxil olur. Lakin II Dünya müharibəsi gənc Tofiqə təhsilini davam etdirməyə imkan vermir, o, könüllü olaraq cəbhəyə gedir. Faşizmlə aparılan ağır döyüşlərin birində yaralandıqdan sonra ordudan tərxis olunan T.Tağızadə Bakı komsomol komitəsində məsul vəzifədə çalışır. Lakin incəsənətə məhəbbəti onu Moskvaya-ÜİDKİ- yə gətirib çıxarır və o, rejissorluq fakültəsinə daxil olur. Müəllimləri, məşhur rus kinorejissorları S.Yutkeviç və L.Kuleşovdan dərs alan T.Tağızadə təhsilini uğurla başa vurub “Mosfilm” kinostudiyasına təyinatını alır. Ancaq gənc rejissor Vətəndə yaşayıb işləməyi üstün tutur, ona görə də 1954-cü ildə Bakıya qayıdır.

Kinorejissor T.Tağızadə 1955-ci ildə özünün ilk filmini — “Görüş” kinokomediyasını çəkir. İlk işindən ruhlanan rejissor 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan məşhur “Uzaq sahillərdə” filminə quruluş verir. Film Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında diploma layiq görülür, bəstəkar Q.Qarayev filmə yazdığı musiqiyə görə mükafat alır. Bundan sonra T.Tağızadə müxtəlif illərdə “Əsl dost” (1959), “Mateo Falkone” (1961), “Arşın mal alan” (1965), “Mən ki, gözəl deyildim” (1968, A.Quliyev və R.Əsgərovla birgə), “Yeddi oğul istərəm” (1970, Azərbaycan komsomolu mükafatı), “Qızıl qaz” (1972), “Dədə Qorqud” (1975), “Evin kişisi” (1978), “Babamızın babasının babası” (1981), “Bağ mövsümü” (1985), “O dünyadan salam” (1992), “Köpək” (1994) və s. filmlərə quruluş verib.

T.Tağızadə bir sıra filmlərdə, o cümlədən “Anlamaq istəyirəm”, “Bəxt üzüyü”, “O dünyadan salam” və s. kinolentlərdə aktyor kimi çıxış etmişdir.

Sonra xalq artisti, kinorəssam Mais Ağabəyov çıxış etdi. O, Tofiq Tağızadənin bir neçə filmində rəssam kimi işlədiyini, onun rejissor kimi yüksək intellektə malik olduğunu bildirdi.

Xalq artisti, kinorəssam Rafiq İsmayılov da öz çıxışında Tofis Tağızadənin yaradıcılıq xüsusiyyətlərindən danışdı, onunla bağlı xatirələrini söylədi.

Rejissorun “Mateo Falkone” filmində operator işləmiş Fərəməz Məmmədov, xalq artisti Nuriyyə Əhmədova Tofiq müəllim haqqında xatirələrini danışdılar.

Tədbir zamanı iştirakçılar rejissorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular və filmlərindən fraqmentlərə baxdılar.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

Xalq qəzeti.- 2009.- 20 iyun.- S. 6.