Ağdaş: islahatlardan qaynaqlanan hərtərəfli
yüksəliş
Yaz köçünü çəkib gedib. Yayın isti nəfəsi
aranla dağ arasında yerləşən Ağdaşda
adamların qayğılarını artırıb. Mal-qara
yaylağa qaldırılır, əkinlərin su tələbatını
ödəmək üçün zəruri işlər
görülür. Tikinti-quruculuq sahəsində
çalışanlar da isti ayların çətinliklərini
dəf etmək üçün hazırlıqlarını
artırırlar. Builki yazın səxavətindən bolluca bar
götürmüş zəmilərdə, tarlalarda gecə-gündüz
tər tökən, əziyyət çəkən
ağdaşlılar daha bir uğurlu ili yarıya çatdırmışlar.
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı aqrar islahatların, özəlləşdirmə proqramlarının yüksək səviyyədə aparıldığı rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış beşillik regional inkişaf proqramı da tarixi nailiyyətlərlə əlamətdar olmuşdur. Rayonun giriş-çıxış qapılarından tutmuş idarə və müəssisələrinədək, Ağdaş şəhərinin küçə, məhəllə, meydan və parklarından başlamış ucqar kəndlərədək hər yerdə, hər addımda yeniləşmənin, inkişaf və yüksəlişin şahidi olursan. Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyevlə söhbətimiz də əvvəlki 10 illik islahatlar dövrü üzərində bərqərar olan son 5 illik quruculuq işləri barədə oldu.
Əzəmətli 5 il
Son 5 ilin uğurlarını Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü
il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər)” vüsət
və əzəməti ilə bağlayan rayon rəhbəri
bildirdi ki, nəzərdə tutulmuş tədbirlərin
icrası müntəzəm olaraq nəzarətdə
saxlanılmış, rüblər, yarımilliklər və
illər ərzində görülmüş işlər təhlil
edilmiş, növbəti dövrlər üçün vəzifələr
müəyyənləşdirilmişdir. Dövlət
Proqramında abadlıq və sosial sahənin
inkişafının ön plana çəkilməsi bu sahəyə
xüsusi diqqət tələb edirdi. Ona görə də
2003-2008-ci illər ərzində rayonda quruculuq-abadlıq sahəsində
tədbirlərin həyata keçirilməsi və əhalinin
xidmətlərlə normal təmin olunması üstün
istiqamət kimi seçilmiş, bu sahədə məqsədyönlü
işlər görülmüşdür.
Əvvəlki 5 ildə
Ağdaş şəhərinin küçələrinə
93700 kvadratmetr tamet döşənmiş, küçə və
yollara 372,3 min kvadratmetr asfalt vurulmuşdur. 10,5 kilometr
uzunluğunda Ağdaş — Pirkəkə, Ləki — Pirəzə
— Qaxay yolunun 2 kilometr hissəsi, Orta Ləki kəndində kəndarası
3,2 min kvadratmetr yol, Əmirarx — Güvəkənd — Ləki kəndlərarası
8 min kvadratmetr yol, Ağdaş şəhərinin mərkəzi
küçələri, Ləki qəsəbəsinin iki mərkəzi
küçəsi də
asfaltlaşdırılmışdır.
Ağdaş şəhərinin
Heydər Əliyev prospekti və digər mərkəzi
küçələri — M. Ə. Rəsulzadə, M.
İsayev, Vaqif, 20 Yanvar, M. Ə. Rəsulzadə, Maşad və
C. Cabbarlı küçələrinə yenidən asfalt
çəkilmişdir. Küçələrə 600
müasir elektrik dirəyi basdırılaraq gecə
işıqlanma sistemi yeniləşdirilmişdir.
Kükəl və Ərəb kəndlərinin 3 kilometr, Yenicə kəndinin 8 kilometr, Birinci Aral kəndinin 6,5 kilometr, Qaradeyin kəndinin 6 kilometr, Tofiqi kəndinin 5,5 kilometr, Mürsəl kəndinin 7,4 kilometr yolu, Eymur — Ərəbski — Ağcaqovaq kəndlərinin 5 kilometr yolu və Şordəhnə kəndinin kəndarası 5,4 kilometr yolu çınqılla əsaslı təmir olunmuşdur. Bələdiyyələr kənd yaşayış məntəqələrinin daxili yollarına 56,1 min kubmetr çınqıl tökdürmüşdür. Beynəlxalq “İpək yolu” layihəsinin tərkib hissəsi olan “Ucar — Yevlax yolunun rekonstruksiya layihəsi”ni həyata keçirən “Polat Yol” Şirkətinin Azərbaycan filialı Ağdaş rayonunda yerləşir. Hazırda bu şirkət Ucar — Yevlax yolunun rayon ərazisindən keçən hissəsində tikinti və yenidənqurma işlərini davam etdirir.
İnsana qayğı və diqqət
Başçı xidmət sahəsindəki
uğurlardan söz açaraq dedi ki, elektrik enerjisi və təbii
qaz yanacağı ilə təminatı
yaxşılaşdırmaq üçün ötən
dövr ərzində əsaslı yenidənqurma və təmir
işləri görülmüşdür. Rayonda 2005-ci ildə
2X16 MVA gücündə 110\35\10 KV-luq “Ağdaş” elektrik
yarımstansiyası tikilib istifadəyə verilmişdir. 7,4
kilometr uzunluğunda yeni elektrik xətti çəkilməklə,
“Pirəzə” və “Pirkəkə” 35\10 KV-luq
yarımstansiyaları, həmçinin 3 kilometr uzunluğunda
yeni elektrik xətti çəkilməklə, “Kükəl” və
“Xosrov” 10 KV-luq xətlər “Ağdaş”
yarımstansiyasına qoşulmuşdur. 10 KV-luq “Kükəl” xəttinin
7,5 kilometr uzunluğunda elektrik dirəkləri yenisi ilə əvəz
olunmuşdur. Ümumiyyətlə, bu dövrdə rayonda 54
yeni elektrik transformatoru qoyulmuşdur. Rayon üzrə 19006
elektrik sayğacı quraşdırılmışdır.
Elektrik enerjisi verilməsində fasilələr tamamilə
aradan qaldırılmışdır.
Rayonda əhalinin normal təbii
qaz yanacağı ilə təmin edilməsi üçün
2006-cı ildə 5,5 kilometr uzunluğunda qaz xətti çəkilərək,
“Şəmsabad” qazpaylayıcı stansiyası işə
salınmışdır. Ağdaş şəhərində
təbii qazla təminatı yaxşılaşdırmaq üçün
2,5 kilometr dairəvi qaz xətti çəkilmiş, 1600 metr xətt
yer üstünə çıxarılmış, 1400 metr yeni
xətt çəkilmişdir. Cücük, Qolqəti,
Yuxarı Qəsil, Qülbəndə, Gürcuva, Nehrəxəlil,
Qarağan — Sədi, Bulaqotağı, Qarağan —
Şıxlar, Qəsil, Qumlax, Kotanarx, Şordəhnə, Ərəb,
Birinci Aral, Şəmsabad, Aşağı Qəsil, Kükəl
və Orta Ləki kəndlərində isə qaz kəmərlərinin
təmiri başa çatdırılmış və təbii
qaz yanacağı verilmişdir. Rayon üzrə 10026 qaz
sayğacı quraşdırılmışdır.
Daha sonra öyrəndik ki,
Ağdaş şəhər M. Şeyxzadə, M. İsayev
adına və 3 saylı məktəblərin, Ləki qəsəbə,
Kükəl kənd məktəblərinin, Güvəkənd
kənd orta məktəbinin yeni tikilmiş korpusunun istilik
sistemləri qurulmuşdur. Ağdaş şəhərində
şəhid ailələri və əlillər
üçün tikilən 48 mənzilli yaşayış
binası istifadəyə verilmişdir.
Ağdaş şəhərinin
su-kanalizasiya sisteminin yenidən qurulması üçün
layihə-smeta sənədləri hazırlanmışdır.
Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən
qurulması layihəsi çərçivəsində 2
artezian quyusu qazılmış, idarə və anbar
binalarının tikintisinə başlanılmışdır.
Orta Ləki, Qoşaqovaq, Yuxarı Nemətabad kəndində
isə modul tipli sutəmizləyici qurğu
quraşdırılmışdır. Qəsil, Qəribli, Abad
və Xosrov kəndlərində artezian su quyuları
qazılmış və supaylayıcı sistem tikilmişdir.
Regional inkişaf proqramı
üzrə rayonda humanitar sahənin yeniləşdirilməsindən
söz açan başçı bildirdi ki, tibb xidmətinin səviyyəsinin
yüksəldilməsi üçün Mərkəzi Xəstəxanada,
poliklinikada, doğum evində təmir və abadlıq işləri
aparılmışdır. Orta Ləki, Aşağı Ləki
və Ərəb kəndlərində həkim
ambulatoriyaları tikilmişdir. Ağdaş şəhərində
100 çarpayılıq yeni xəstəxana binasının və
9 kənddə sağlamlıq mərkəzinin tikintisi
üçün müvafiq torpaq sahələri
ayrılmışdır. 2008-ci ilin fevral ayında Dövlət
Neft Şirkəti Mərkəzi Xəstəxanaya 381,9 min
manatlıq 35 adda müxtəlif tibb avadanlıqları
vermişdir.
Dövlət Proqramına
uyğun olaraq, rayonda təhsilin inkişafına da xüsusi
diqqət yetirilmişdir. Bu dövrdə 264 şagirdlik Kotavan,
200 şagirdlik Pirkəkə, 200 şagirdlik Kükəl kənd
orta məktəblərinin binaları tikilib istifadəyə
verilmişdir. Ağdaş şəhər 3 saylı orta məktəbinə
200 yerlik 10 sinif otağı, Yuxarı Ləki kənd orta məktəbinə
100 yerlik 5 sinif otağı, Yenikənd kənd əsas məktəbinə
40 yerlik 2 sinif otağı, Güvəkənd kənd orta məktəbinə
160 yerlik 8 sinif otağı, Dəhnəxəlil kənd orta məktəbinə
160 yerlik 8 sinif otağı, Mürsəl kənd orta məktəbinə
120 yerlik 6 sinif otağı tikilmişdir.
Ağdaş şəhər
M.Şeyxzadə adına internat, 3 saylı, M.İsayev
adına və Ləki qəsəbə 6 saylı orta məktəbləri
əsaslı təmir olunmuşdur. 2008-ci ildə 320
şagirdlik Yuxarı Ləki və 320 şagirdlik Qaradeyin kənd
orta məktəbləri üçün binanın tikintisinə
başlanılmışdır. Hazırda həmin binaların
tikintisi davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığı əsasında
Ağdaşda tikilməsi nəzərdə tutulmuş Olimpiya
İdman Kompleksində və Heydər Əliyev Fondunun vəsaiti
hesabına tikintisinə başlanılmış Musiqi məktəbində
də tikinti işləri davam edir.
Azərbaycan Respublikasının
birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 2006-cı ildə əsaslı təmir olunmuş
Ağdaş şəhər M.Şeyxzadə adına internat məktəbinin
bazasında gimnaziya yaradılmışdır. Rayonun
bütün məktəblərinə 387 kompyuter, 16
proyektor-noutbuk və müxtəlif avadanlıq verilmişdir.
Rayonda rabitə xidmətinin
yaxşılaşdırılması üçün Mərkəzi
Avtomat Telefon Stansiyasının (ATS-in) elektron ATS-lə əvəz
edilməsi məqsədilə tender elan edilmişdir. Orta Ləki,
Abad və Aşağı Zeynəddin kəndlərinin hər
birində yeni 256 nömrəlik elektron ATS istifadəyə
verilmişdir. Cardam kəndində 100 nömrəlik yeni ATS
quraşdırılmışdır. Hapıtlı kəndində
isə 96 nömrəlik yeni elektron ATS-in
tikinti-quraşdırma işləri aparılır. Ləki qəsəbə
ATS-nin tutumu 200 nömrə, Kükəl, Qoşaqovaq və Dəhnəxəlil
kəndlərindəki ATS-in hər birinin tutumu 50 nömrə
artırılmışdır. Rayonun Orta Ləki kəndində
və Ləki qəsəbəsində yeni poçt
binaları istifadəyə verilmişdir. Ağdaş şəhərində
“Azərsell — Ekspress” müştəri xidməti mərkəzi
yaradılmışdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasının əsaslı təmiri başa çatmışdır. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni binası və 9 saylı Ərazi Vergilər İdarəsinin xidməti terminalı tikilib istifadəyə verilmişdir.
İqtisadi uğurlar
Rayonda kənd təsərrüfatı
məhsulları istehsalının artımını təmin
etmək üçün də ardıcıl tədbirlər
görülmüşdür. 2008-ci ilin məhsulu
üçün əkilmiş 13812 hektar payızlıq
taxıl sahələrindən 43,3 min ton taxıl istehsal
olunmuşdur. Ümumiyyətlə, bitkiçilik məhsulları
istehsalının inkişaf etdirilməsi sahəsində həyata
keçirilmiş tədbirlər nəticəsində
2003-cü ilə nisbətən 2008-ci ildə taxıl 15964 ton
artaraq 43347 tona, kartof 3388 ton artaraq 9985 tona, tərəvəz
15339 ton artaraq 54142 tona, bostan məhsulları 5613 ton artaraq
21233 tona, meyvə və giləmeyvə 5067 ton artaraq 19150 ton,
üzüm istehsalı 1727 ton artaraq 2396 tona
çatmışdır.
Taxıl məhsulları
istehsalının artırılması üçün rayonda
7 yeni toxumçuluq təsərrüfatı
yaradılmışdır. 2009-cu ilin məhsulu
üçün 15528 hektar sahədə taxıl əkilmişdir.
Bu, ötənilkindən 1716 hektar çoxdur. Zəmilərdən
bol məhsul gözlənilir. Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında Prezident sərəncamına uyğun olaraq, ilk dəfə
15065 nəfər istehsalçıya 2170,3 min manat dövlət
yardımı verilmişdir. Bu il üçün aqrar sektorda
çalışanlara güzəştli qiymətlərlə
529 ton gübrə satılmışdır.
Rayonda heyvandarlıq məhsulları
istehsalının artırılması üçün əhalidə
olan mal-qaraya baytarlıq xidmətləri göstərilir,
vaksinləşmə işləri aparılır. 2003-cü ilə
nisbətən 2008-ci ildə iri malın sayı 17061 baş
artaraq 72068-ə, xırda malın sayı isə 17698 baş
artaraq 87428-ə çatmışdır. Son beş ildə ət
istehsalı (kəsilmiş çəkidə) 2226 ton, süd
9807 ton, yun 34,6 ton, yumurta isə 4 milyon 88 min ədəd
çoxalmışdır. Rayonda 7 yeni süni mayalandırma məntəqəsi
yaradılmışdır. 2005-ci ildən rayonda şəkər
çuğunduru istehsalına başlanmışdır.
Şirvan Kollektorlar və Ucar
Meliorasiya idarələri ilə birlikdə rayonun Abad,
Yuxarı Nemətabad, Xosrov, Binələr, Dovutlu, Qəribli,
Yenicə və Kükəl kəndlərində mövcud kollektorların
və şor kanallarının lildən təmizlənməsi
layihələşdirilmişdir.
Son 5 ildə 50 min tut tingi, 35 mindən
çox şam ağacı əkilərək, müxtəlif
ərazilərdə yaşıllıq zolaqları
salınmışdır. Bakı şəhərində təşkil
edilmiş kənd təsərrüfatı məhsullarının
satışı yarmarkalarına 683 tondan çox mal göndərilmişdir.
2005-ci ildə rayonda “Aqrotexservis” yaradılmışdır. Hazırda 8 şum traktoru, 8 taxılbiçən kombayn və 19 müxtəlif aqreqat və qurğu ilə aqrar sektora xidmət göstərilir. Fiziki şəxslər 5 kiçik aqrotexservis yaratmışdır.
Dövlət Proqramına uyğun olaraq rayonda olan tikinti materiallarının yataqları müəyyənləşdirilmişdir. Sənaye ehtiyatı 1500 min kubmetr olan Kükəl, 2197 min kubmetr olan Xaldan gil yataqları, ehtiyatı 10957 min kubmetr olan Türyançay qum-çınqıl yatağı mövcuddur. Ötən dövr ərzində Kükəl kərpic istehsalı zavodunda yeni texnologiya tətbiq olunaraq, istehsal fəaliyyəti bərpa edilmişdir. Burada müasir avadanlıq quraşdırılmış, istehsal gücü artırılmışdır. 2 yeni qim-çınqıl karxanası və 2 kərpic istehsalı sahəsi yaradılmışdır.
Plastik materiallardan qapı-pəncərə istehsal edən 3 yeni müəssisə fəaliyyət göstərir. 2 yeni nar şirəsi istehsalı sahəsi və “Ərəş” sərinləşdirici sular istehsalı müəssisəsi işə salınmışdır. 2004-cü ildə tikiş və trikotaj məhsulları istehsalı üçün yaradılmış müəssisəyə əlavə olaraq, 2,5 min kvadratmetr sahəsi olan üçmərtəbəli bina ayrılmışdır. Həmin binada hazırda təmir və yenidənqurma işləri davam etdirilir. Rayonda sənayenin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 2003-cü ilə nisbətən 2008-ci ildə sənaye məhsulu istehsalı 3,1 dəfə və ya 6011 min manat artmışdır.
Əhaliyə göstərilən bank xidmətlərinin yaxşılaşdırılması üçün ötən dövr ərzində “Azəriqazbank”ın, “Dəmiryolbank”ın filialları və “FİNCA” kredit təşkilatının mərkəzi yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2003-2008-ci illərdə rayonda 10907 iş yeri yaradılmışdır. Onun 3873-ü daimidir. Daimi iş yerlərinin 3792-si yeni yaradılmış müəssisə, təşkilat və xidmət obyektlərinin, 81-i isə mövcud müəssisələrinin payına düşür.
Yeni hüdudlar
Son 5 ildə əldə edilmiş uğurlar 2009 — 2013 illəri əhatə edən yeni dövlət proqramında nəzərdə tutulan irimiqyaslı işlərlə davam etdirilir, artırılır. Bu proqramda qarşıdakı illərdə sənaye, kənd təsərrüfatı, təbii sərvətlərdən istifadə, yol-nəqliyyat şəbəkəsi sahəsində yeni hüdudlar müəyyənləşdirilmişdir. Xidmət sahələrinin inkişaf etdirilməsi, meliorasiya və irriqasiya işlərinin genişləndirilməsi, quruculuq-abadlıq işlərinin artırılması da zəruri işlər sırasında yer alıb. İlin əvvəlindən əldə olunmuş nailiyyətlər göstərir ki, ağdaşlılar bu proqramda göstərilən müddəaları ardıcıl, dəqiq yerinə yetirirlər.
Bu müddətdə Ağdaş şəhərinin əsas mərkəzi küçələrinin abadlaşdırma işləri davam etmiş, bələdiyyələr tərəfindən kənd yaşayış məntəqələrinin daxili yollarına 2,8 min kubmetr çınqıl tökülmüşdür. Ucar-Yevlax yolunun rayon ərazisindən keçən hissəsində tikinti və yenidənqurma işləri davam etdirilmişdir. Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması sahəsində də işlər sürətlənmiş, inzibati binanın, baza binasının və 6 min tonluq içməli su anbarının tikintisində xeyli iş görülmüşdür. “Azərsu” Səhmdar Cəmiyyətinin və Asiya İnkişaf Bankının nümayəndələrinin rayonda keçirilən görüşlərində işlərin layihədə nəzərdə tutulduğu müddətdə başa çatması qeyd olunmuşdur. Rayonun Qaradeyin kəndində əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün artezian quyusu qazılmışdır.
Elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatı yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etdirilmişdir. Dəhnəxəlil və İkinci Aral kəndlərdə yaşayan abonentlərin mənzillərinə qaz sayğacları quraşdırılaraq, təbii qaz yanacağı verilmişdir. Rabitə xidmətinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüş, 84 yeni telefon çəkilmişdir. Rabitə olmayan kəndlərdə və yeni xəttin çəkilməsi mümkün olmayan şəhər ərazisində 35 abonentə CDMA telefonları quraşdırılmışdır.
İlin əvvəlindən sənaye sahələrinin inkişaf etdirilməsi sahəsində lazımi tədbirlər görülmüşdür. Yerli xammaldan istifadə edən qum-çınqıl karxanalarında, Kükəl kərpic istehsalı müəssisəsində istehsal prosesləri davam etmişdir. “Orelay” şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexinin yaradılması sahəsində tikinti-quraşdırma işləri aparılmışdır. Birinci rübdə keçən ilin eyni dövründəkindən 27,8 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sahibkarlara 542 min manat kredit verilmişdir. Onların şəxsi vəsaiti hesabına iki şadlıq sarayının və bir istirahət mərkəzinin tikintisi davam edir.
2009-cu ilin məhsulu üçün əkilmiş 16 min 857 hektar taxıl sahəsində aqrotexniki qulluq işləri davam etdirilmiş, biçinə ciddi hazırlıq aparılmışdır. 868 hektar təzə yonca, 563 hektar kartof, 1218 hektar tərəvəz, 73 hektar bostan əkilmişdir.
Heyvanlara zoobaytar xidmətlərinin aparılması, heyvandarlığın inkişafı və onun cins tərkibinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlət Baytarlıq Xidmətindən vaksin və dərmanların gətirilməsi və sahə baytar həkimlərinə paylanması təmin edilmişdir.
Yeni yaşıllıq zolaqlarının salınması və şəhərin mərkəzi küçələrindəki ağacların budanması, gül-çiçəklərin əkilməsi işləri aparılmışdır. Yaşıllıq zonaların artırılması məqsədilə 8 min şam və müxtəlif növlü bəzək ağacları əkilmişdir. Bakı şəhərinə 70 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
2009-cu ilin birinci rübündə istehsalçıları müxtəlif növbə 125 ton güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır. 2009-cu il üçün buğda əkən 2468 nəfər istehsalçıya 436 min manat vəsait ödənilmişdir. Həyata keçirilmiş tədbirlən nəticəsində rayonda keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 16,7 faiz və ya 3 milyon 378 min manat artaraq, 23 milyon 738 min manat olmuşdur.
Xoş günlərə doğru
Aztəminatlı ailələrin sosial müdafiəsi ilə bağlı hazırda rayonda 2630 ailənin 12131 üzvünə ayda 275 min manat ünvanlı dövlət sosial yardımı verilir. 7 min 177 nəfərin pensiyalarının sığorta hissəsində indeksləşmə aparılmış və əlavə hesablanmış 17,4 min manat vəsait fevral ayında pensiyaçılara çatdırılmışdır.
5 nəfər Qarabağ, 1 nəfər Çernobıl və 11 nəfər Böyük Vətən müharibəsi əlili, pulsuz avtomaşın almaq üçün növbəyə götürülmüşdür. Bir nəfər Qarabağ əlilinə fərdi ev tikilmişdir. Ağdaş ƏSMM tərəfindən rayon ərazisində yaşayan 209 nəfər tənha, ahıl və kimsəsiz qocaya evlərdə sosial-məişət xidməti göstərilmişdir. 2009-cu ilin I rübü ərzində rayon üzrə sosial müavinətlərin ödənilməsi üçün dövlət büdcəsindən 1 milyon 413 min manat vəsait sərf olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən 825 min manat və ya 2,4 dəfə çoxdur.
Rayon rəhbərliyi əhalinin problemlərinin, arzu və istəklərinin yerindəcə həll edilməsi üçün adamlarla canlı görüşlərə üstünlük verir. Bu yaxınlarda Qəşil və Binələr kəndlərində keçirilən belə görüşdə adamların istəklərinin bir çoxu dərhal həyata keçirilmişdir. Şikayətlərin və yuxarı orqanlara müraciətlərin sayı getdikcə azalır.
Rayonda təhsilin səviyyəsinin yüksəldilməsi, onun maddi-texniki bazasının mözhkəmləndirilməsi sahəsində dövlətin qayğı və diqqəti bu ilin əvvəlində daha sürətlə davam etmişdir. Məktəblərə 5 min 500 əyani dərs vəsaiti alınmış və kompyuter texnologiyasının tətbiqinin genişləndirilməsi üçün kimya, biologiya və Azərbaycan tarixi fənlərinin tədrisi ilə əlaqədar 271 kompyuter diski paylanmışdır. Rayon kitabxanalarına 403 nüsxə müxtəlif yeni bədii kitab alınmışdır.
Azərbaycan Respublikası regionlarının 2009 — 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı ağdaşlıların da qarşısında mühüm vəzifələr qoymuşdur. Rayon İcra Hakimiyyəti Aparatı, idarə, müəssisə və təşkilatlar, yerli icra nümayəndəlikləri və bələdiyyələr öz fəaliyyətlərini daha səmərəli quraraq proqramda nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etməyə çalışırlar.
Ağdaş yurdsevər, halallığa bağlı insanların əzmi, iradəsi sayəsində günbəgün dəyişir, artan imkanlar rifahın daha da yüksəlməsinə xidmət edir. Adamlar bugünkü həyat və güzəranlarından razı qalır, sabaha daha böyük inamla gedirlər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2009.- 20 iyun.- S. 5.