20 iyun qaz təsərrüfatı işçilərinin peşə bayramıdır

 

Heydər Əliyevin qaz təsərrüfatının inkişafında rolu əvəzsizdir

 

Azərbaycanın mövcud qaz nəqli sistemi əsasən XX əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə formalaşmışdır. Bu mürəkkəb proses uzaqgörənliklə gələcəyə hesablanmış və Şərq ölkələrində analoqu olmayan unikal qaz nəqli sistemidir. Həmin illərdə qaz nəqli sistemi planlı, qapalı sosialist təsərrüfatının tələblərini ödəmək üçün inşa edilmişdir. Bu sistemin şimal istiqamətində Rusiya, cənubdan İran İslam Respublikası, qərbdən Gürcüstanın kommunikasiya sistemləri ilə əlaqələrinin üstünlükləri enerji təhlükəsizliyinin təminatı problemlərinin həllində mühüm əhəmiyyət kəsb edir.

 

Son illər qaz nəqli sistemində aparılan texniki-quruculuq işləri, o cümlədən, yeni qaz kəmərlərinin çəkilişi, ölçü qovşaqlarının tikintisi, Naxçıvan MR-in qaz kəmərləri sisteminin İran İslam Respublikasının qaz nəqli sistemi ilə qovuşdurulması və muxtar respublikanın təbii qaz təminatının bərpası, rayonlara yeni qaz kəmərlərinin çəkilməsi və s. qaz nəqli sisteminin dinamik inkişafını göstərir. Abonentlərin məişət sayğacları ilə təmin edilməsi, ölkə ərazisində fəaliyyət göstərməyə imkan verən “Abonent” kompyuter sisteminin mövcudluğu operativ-dispetçer idarəedilməsində ”Azəriqaz” QSC-nin dövrün tələbləri ilə ayaqlaşması kimi qiymətləndirilməlidir.

“Azəriqaz” QSC-də aparılmış səmərəli tədbirlər nəticəsində qaz təchizatı sistemində böyük nailiyyətlər əldə edilmişdir: 80 bölgəyə qaz nəql edilməkdədir; təbii qaz alan əhalinin 80 faizi mavi yanacaqla təmin edilib; qazdan istifadəyə görə yığım iki dəfə, yeraltı qaz anbarlarına vurulan qazın həcmi isə 0,5 milyard kubmetrdən 1 milyard kubmetrə qədər artırılmışdır; qaz alan abonentlərin sayğaclaşması 96 faizə çatdırılmışdır və s.

1989-cu ildə blokadaya düşənə qədər Naxçıvan MR-in yanacaq-enerji təchizatı planlı şəkildə aparılırdı. İdxal sayəsində elektrik enerjisi sahəsində muxtar respublikanın əvvəlki tələbatı nisbətən ödənilsə də, bu sözləri həmin regionun yanacaq təchizatı barədə demək çətindir. 2004-cü ildə muxtar respublikaya təbii qazın verilməsinə dair Azərbaycanla İran arasında müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə görə, hər il 350 milyon kubmetr təbii qazın göndərilməsi nəzərdə tutulur. Bu məqsədlə Culfa-Naxçıvan-Şərur-Sədərək magistral qaz kəmərinin (MQK) tikintisi və qazpaylayıcı şəbəkənin bərpası həyata keçirilmişdir. 2006-cı ildə Xoy-Culfa qaz kəmərinin çəkilişi başa çatdırılmışdır.

Hələ ötən əsrin 70-ci illərində sənayenin inkişafı yeni mərhələyə daxil olmuş, karbohidrogenlərin çıxarılması və emalı sahələrində bu məsələ daha qabarıq şəkildə özünü göstərmişdi. Yarımdalma, özüqalxan qazma qurğularının yaradılması, estakadaların inşa edilməsi və platformaların quraşdırılması, dənizin 100-200 metr dərinliklərində neft-qaz çıxarılması üçün stasionar dəniz platformaları yaradılması məhz ulu öndərin adı ilə bağlıdır.

1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanın qaz sənayesi dinamik inkişaf yolu keçmişdir. Bununla bağlı bəzi məqamlara diqqət yetirək: 1970-1971-ci illərdə diametri 1000-1200 millimetr, illik məhsuldarlığı 10 milyard kubmetr olan İran-Astara-Qazıməmməd-Qazax MQK istismara verilmişdir. Bu unikal kəmərin çəkilişinə rəhbərlik edən keçmiş SSRİ qaz sənayesi naziri Aleksey Kortunov demişdir: “Bu kəmərin çəkilib istismara verilməsində şəxsən Heydər Əliyevin təşkilatçılığını, tələbkarlığını və köməyini nazirlik daim hiss etmişdir”. Həmin qaz kəməri üzərində Qazıməmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilmiş və MQK-nın 55 atmosfer təzyiqlə işləməsi nəzərdə tutulmuşdur.

1970-1982-ci illərdə Yevlax-Laçın-Şahbuz-Naxçıvan və Naxçıvan-Culfa-Ordubad MQK tikilmiş və həmin magistral qaz kəmərindən Şuşa, Qubadlı, Zəngilan və Xankəndinə qaz xətləri çəkilmişdir. Rusiyadan təbii qazın alınması məqsədilə 1972-1982-ci illərdə diametri 1200 millimetr olan Şirvanovka-Qazıməmməd-Ağdaş-Qazax MQK tikilmişdir. Həmin MQK vasitəsilə ildə 25 milyard kubmetr qaz nəql edilirdi. 1984-1986-cı illərdə Yevlax-Şəki, 1986-1987-ci illərdə Şəki-Qax, 1988-1990-cı illərdə Zaqatala-Balakən MQK inşa edilmişdir.

Naxçıvan MR-ə çəkilən 1804 kilometr uzunluğunda qaz xətti iqtisadiyyatın və əhalinin sosial durumunda əhəmiyyət kəsb edərək 7 rayon mərkəzində, kənd və qəsəbələrdə 36 min mənzilin təbii qazla təmin olunmasına imkan vermişdir. Həmin dövrdə Naxçıvanda illik məhsuldarlığı 6 min ton olan qazdoldurma-paylama stansiyası tikilmişdir.

Ötən əsrin 70-80-ci illərində Qərb istiqamətində “Qaradağ – Qazax – Gürcüstan sərhədi”, şimal istiqamətində “Rusiya sərhədi-Qazıməmməd” MQK çəkilmişdir. O zamanlar Zaqafqaziya respublikalarının təbii qazla təchizatı əsasən Azərbaycanın MQK vasitəsilə həyata keçirilirdi. Şəxsən Heydər Əliyevin səyi nəticəsində qısa müddətdə Xaldan-Şəki-Qax-Zaqatala-Balakən MQK-nin çəkilişi başa çatdırıldı. Qaradağla Sumqayıt arasında 40 kilometrlik xətt çəkildi.

1970-ci ilə qədər respublikada qazlaşdırılmış mənzillərin sayı 250 min ədəd təşkil edirdisə, 1980-ci ildə bu, bir milyona çatdırılmışdı. Xatırladım ki, dağlıq yaşayış məntəqələrinin maye qazla təmin olunması problemi isə Prezident İlham Əliyevin gərgin əməyi sayəsində öz həllini tapmışdır.

Ötən əsrin 80-ci illərində üzən qazma qurğularından səmərəli istifadə olunması nəticəsində dənizin 80-350 metr dərinliyində 1979-cu ildə “Günəşli”, 1985-ci ildə “Çıraq” və 1987-ci ildə “Azəri” dəniz strukturlarında nəhəng neft-qaz yataqları kəşf edilmişdir. Lakin keçmiş İttifaq hökuməti həmin yataqların işlənməyə daxil edilməsinə tələsmirdi. 80-ci illərdə Qərbi Sibirin neft-qaz yataqlarının intensiv işlənməyə daxil edilməsi məqsədilə kapitalın əsas hissəsi həmin yataqların mənimsənilməsinə yönəldilmişdir. Yeni kəşf edilmiş dəniz yataqlarının işlənilməsi məqsədilə kapital yatırılmasına keçmiş İttifaq rəhbərliyi qısqanclıqla yanaşırdı. Keçmiş İttifaq çökdükdən sonra xarici şirkətlər həmin strateji obyektlərin istismarına investisiyalar yönəltmişdilər. 1984-cü ildə Dərin dəniz özülləri zavodunun birinci növbəsi işə düşmüşdür. Dəniz yataqlarının geniş miqyaslı kəşfiyyatının və istismarının aparılması üçün 90-cı illərdə zavod modernləşdirilmişdir və hazırda ulu öndər Heydər Əliyevin adını daşıyır.

1983-1993-cü illərdə hakimiyyətdə yaranmış boşluq qaz təsərrüfatına da mənfi təsirini göstərməyə bilməzdi. Belə ki, elektrik stansiyalarına və mühüm sənaye obyektlərinə verilən qaz həcmi kəskin şəkildə azalmış, qış mövsümündə qazın istehlakçılara çatdırılmasında fasilələrə yol verilmişdir.

1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi sahələrdə islahatlar cəsarətlə aparılır. Azərbaycan iqtisadi sahədə dünyada ən inkişaf etmiş ölkələr sırasına daxil olmuş və Avropanın enerji təhlükəsizliyinin etibarlı qorunmasında mühüm rol oynamağa başlamışdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri artıq reallaşmışdır.

1993-cü ildə Yaponiya hökuməti Azərbaycana qaz layihəsinin hazırlanması üzrə tədqiqatın maliyyələşdirilməsi məqsədilə əvəzsiz maliyyə vəsaiti ayırmışdır. Yeni qaz layihəsinin məqsəd və vəzifələri aşağıdakılardan ibarət idi: təbii qazdan istifadənin səmərəliliyini artırmaq, beynəlxalq standartlara uyğun ölçü cihazlarını təkmilləşdirmək; sayğacların və yeni avadanlıqların tətbiqi hesabına qazın sərf olunması üzrə əməliyyatların kommersiya əsasına keçirilməsi; qaz xətlərində sızmanın aşkarlanması, qazların xüsusiyyətlərinin təyin edilməsi və katod mühafizəsi sisteminin maliyyələşdirilməsi və s. Xatırladım ki, nəzərdə tutulan bu amillər uğurla reallaşdırılmışdır.

1996-cı ilin iyunun 4-də “Şahdəniz” perspektiv strukturunun kəşfi və işlənməsinə dair beynəlxalq müqavilə bağlanmışdır. Sənaye ehtiyatları 1,2 trilyon kubmetr təbii qaz və 300 mln. ton qaz kondensatı olan, nəhəng “Şahdəniz” qazkondensat yatağı “İstiqlal” yarımdalma dərin qazma qurğusundan (YDQQ) iki dərin kəşfiyyat quyusu vasitəsilə kəşf edilmişdir.

1997-ci ildə “Çıraq-1” platformasından ilkin neft çıxarılmağa başlanmışdır. “Çıraq-1” platforması dənizin 120 metr dərinliyində yerləşdirilmişdir. Buradan Neft Daşlarına qaz kəməri çəkilmişdir. 1998-ci ildən yataqdan sutkada 3-4 milyon kubmetr səmt qazı nəql olunur.

1999-cu ildə Avropa Birliyinin qərargahında “Azəriqaz” QSC-nin nümayəndələrinin və qiymətləndirici komitənin iştirakı ilə “Qazın nəqletmə idarə sistemində təhlükəsizlik tədbirlərinin yüksəldilməsi" haqqında TASIS layihəsi üzrə tender keçirilmişdir. 1999-2001-ci illərdə tenderin qalibi olan “Sofregaz” şirkəti TASIS layihəsi çərçivəsində TİƏ-ni işləyib hazırlamışdır.

Qaz kəmərlərinin korroziyadan mühafizəsi məqsədilə Almaniyanın “QUANTE” və ”RURVERS” şirkətlərindən katod mühafizəsi avadanlıqları və korroziyaya uğramış qaz kəmərlərinin bərpa olunması üçün polad borular alınmış və “Azəriqaznəql” İB-yə təhvil verilmişdir.

2006-cı ildə “Şahdəniz” qazkondensat yatağından yüksək təzyiqli təbii qazın qəbulunu reallaşdırmaq məqsədilə Səngəçal baş qurğusundan Qaradağ və Qazıməmməd qazpaylayıcı stansiyalarına qazın təzyiqi uyğun olaraq, 45 və 90 atmosferdə yeni qaz kəmərlərinin çəkilişi başa çatdırılmışdır. Beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycan üzrə 2009-2010-cu illər üçün qaz hasilatını 20 milyard kubmetrə çatdırmağa imkan verəcəkdir.

Onu da xatırladım ki, 2001-ci ildə Neft Daşları-Çilov adası-Zirə sualtı qaz kəmərinin müxtəlif sahələrində təmir-bərpa işləri aparıldıqdan sonra sahilə nəql edilən qazın həcmi gündə 1,6 milyon kubmetrdən 2,7 milyon kubmetrə qədər artmışdır. 2003-cü ildə “Bahar” və “Neft Daşları” yataqları arasında uzunluğu 68 kilometr olan yeni qaz kəməri də çəkilmişdir, burada dənizin dərinliyi 8-30 metr arasındadır”.

Ulu öndərimiz Heydər Əliyev ölkədə enerji potensialından səmərəli istifadə edilməsi, əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə fasiləsiz təmin olunması, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə, 2000-ci ilin 29 iyununda “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” fərman imzalamışdır. Həmin fərmana görə yanacaq-energetika balansına uyğun olaraq əhalinin, iqtisadiyyatın elektrik və istilik enerjisi ilə təmin edilməsi, enerji sistemində zəruri təmir-bərpa işlərinin aparılması, qış mövsümünə hazırlıq işlərinin görülməsi barədə kompleks tədbirlər proqramını işləyib hazırlamaq tələb olunurdu. Bununla əlaqədar “Azəriqaz” QSC bir sıra tədbirlər həyata keçirmişdir: Bakı 1 saylı istilik-elektrik mərkəzinin qazla təchiz olunması məqsədilə “Qum adası-İEM-1” qaz kəməri istismara verilmişdir; “EP-300” etilen-propilen kompleksinin buxar generatorlarının təbii qazla təchiz edilməsi məqsədilə Qaradağ-Sumqayıt qaz kəmərinin 17 kilometrlik hissəsi tikilmişdir; “Şimal” İES-in və Sumqayıt İEM-in rekonstruksiyası layihələri çərçivəsində Qaradağdan sözügedən obyektlərə 90 kilometrlik və 37 atmosfer təzyiqli yeni qaz kəməri çəkilmiş və Qaradağda yeni KS tikilmişdir; Gəncənin qaz təchizatı sistemində təmir-bərpa işləri aparılmışdır...

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş neft-qaz strategiyası Azərbaycana böyük uğurlar gətirməkdədir. Respublikaya böyük həcmdə sərmayə qoyulmaqla geniş infrastrukturlar yaradılmış, yeni boru kəmərləri tikilmiş və nəhəng yataqlar istismara daxil edilmişdir. Ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli yer tutan və iqtisadiyyatın əsaslarından olan təbii qaz təminatının bərpası işində xeyli nailiyyətlər əldə edilməkdədir. Məhz “Azəriqaz” QSC-nin son illər əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adları ilə bağlıdır. Qazanılmış nailiyyətlər qaz təsərrüfatı işçilərini gələcəkdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında istehlakçıların təbii qazla tam təmin edilməsi üçün bütün imkan və bacarıqlarının sərf edilməsinə ruhlandırır.

Respublika Prezidentinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” təsdiq edilməsi haqqında 11 fevral 2004-cü il tarixli fərmanının və ”Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 14 fevral 2005-ci tarixli, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 27 fevral 2006-cı il tarixli sərəncamlarının icrası, qazın istilik-elektrik stansiyalarına çatdırılması, yeni modul tipli istilik-elektrik stansiyalarının təbii qazla təminatı, təbii qaz almayan rayon mərkəzlərinə (Lerik, Yardımlı, İmişli, Ağcabədi, Beyləqan) təbii qazın verilməsinin bərpası, respublika üzrə təbii qazdan istifadə edən əhalinin mənzillərində məişət qaz sayğaclarının quraşdırılmasına dair tapşırıqlar vaxtından əvvəl yerinə yetirilmişdir.

Heydər Əliyev xalqımızın milli iftixarıdır, ulu öndərimizin möhkəm bünövrə üzərində qurduğu müstəqil Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü strateji xətt sayəsində beynəlxalq aləmdə öz nüfuzunu getdikcə artırır. Ölkəmizin qaz təsərrüfatı işçiləri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün bütün imkanlardan istifadə edəcəklər.

 

 

Vaqif ASLANOV,

AzETLQİ-nin laboratoriya müdiri,

geologiya-mineralogiya elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 20 iyun.- S. 4.