Bir elin
həyat güzgüsü
Tale elə
gətirmişdir ki, qəzetimiz özünün
75 illik fəxri ildönümünü qaçqın
ömrü ilə qarşılayır. Bu nə qədər ağrılı, nə qədər çətin
olsa da həyatın
reallığı ilə
barışmalı oluruq.
Qaçqın qəzet
həyatın bütün
keşməkeşlərinə tab gətirmiş, xeyirxah adamların köməyi ilə özündə yaşamağa
güc tapmış, ayda iki nömrə
ilə oxucuların görüşünə gələ
bilmişdir.
Kəlbəcərsiz
haray çəkən “Kəlbəcər harayı” öz sələflərini
yaşada-yaşada qaçqın ömrünün salnaməsini
yaradır, gələcək nəsillərimizə bu həqiqəti
yadigarlaşdırır, monumental bir tarixə çevirir.
1934-cü ildə həyata
vəsiqə alanda kimsənin ağlına gəlməzdi ki,
“Qızıl maldar” 75 yaşını doğma yurdundan
uzaqlarda, ürək ağrısı, göz yaşıyla
qeyd edəcəkdir, heç kim düşünə bilməzdi
və qəzet öz qeyri-adi ömrünü yaşayaraq
qarşısında qoyulan vəzifələri yerinə
yetirirdi. O illər ağır illər idi və jurnalistlər
daxili düşmənlərdən, repressiyalardan qorunmaq
üçün adlarını gizlədir, “Komsomol”, “Əkinçi”,
“Kətan”, “Çoban” və s. gizli imzalarla
çıxış edirdilər. Həm də qəzet
nöqsanlara qarşı barışmaz mövqe tuturdu. Belə-belə
1953-cü ilə qədər “Qızıl maldar” adı ilə
işıq üzü görən qəzet 1953-cü ildən
1961-ci ilə qədər “Yeni həyat uğrunda”
başlığı ilə çap olunmuşdur. 1961-ci ildə
rayon qəzetləri birləşdirilmiş, Bərdə rayonunda
“Kommunizm yolu” adı ilə ömrünü davam
etdirmişdir.
1965-ci ildə qəzet
yenidən bərpa olunmuş, 1993-cü ilin aprel ayına qədər
“Yenilik” adını daşımışdır. Qəzet bu
illər ərzində təsərrüfat, mədəni
quruculuq, ədəbi yaradıcılıq və s. sahələrdə
mühüm rol oynamışdır.
Belə ki,
özünün mövcud olduğu bu illər ərzində
böyük bir elin həyat güzgüsü, söz
tribunası olan bu qəzet həmişə ictimai-siyasi həyatımızın
ön sırasında getməyə
çalışmış və əksərən buna nail
olmuşdur. Tarixin müxtəlif dövrlərində
qarşısına qoyulan vəzifələri yerinə yetirmək
üçün imkanlarından maksimum istifadə etməyə
səy göstərmişdir. Rayon əhalisinin güvənc
yerinə çevrilmiş və xalq onu özünün
müdafiəçisi kimi görməyə
başlamışdı. Ən vacib məsələlərdə,
bəzən adi şeylərdə də qanunçuluğun
qorunmasında camaatın ümid yerinə çevrilmişdi. Qəzet
doğruluq və xalqa xidmət yolunu tutmuşdu. Müxtəlif
sahələrdə tez-tez reydlər keçirilmiş, kəskin
felyetonlar və tənqidi yazılar dərc edilmiş və
onların nəticələri, görülmüş tədbirlər
qəzetin səhifələrində xalqa çatdırılmışdı.
Bundan başqa qabaqcıl, işgüzar əmək
adamlarının fədakarlığı, mübarizliyi, əmək
qələbələri həmişə burada öz əksini
tapmışdı. Bir sözlə, qəzet rayona bir projektor
işığı salmışdı.
Beş il davam edən
müharibə şəraitində bədxah
qonşularımız tərəfindən blokadaya alınan Kəlbəcəri
respublikanın mərkəzi rayonları ilə birləşdirən
maşın yolu kimi, rayona gələn elektrik
işığı da kəsilmişdi. Bu isə mətbəənin
dayanması demək idi. Lakin əldə olunmuş bir gəmi
mühərriki ilə mətbəə işləmiş, qəzet
öz fəaliyyətini davam etdirmiş, rayonda, respublikada
baş verən hadisələri isti-isti
işıqlandırmış, əhalini məlumatlandırmışdır.
Bunlarla yanaşı təməli
Ağdabanlı Qurban tərəfindən qoyulan, sarayı Dədə
Şəmşirin qüdrəti ilə möhtəşəmlənən,
mayası, beşiyi-bələyi saz-söz olan kəlbəcərli
söz xiridarlarının söz inciləri də bu qəzetin
səhifələrində pərəstişkarlarına
çatdırılmışdır. Bu mənada qəzetin
oxucu auditoriyası təkcə Kəlbəcər yox,
bütün Azərbaycan olmuşdur.
Yetmiş beş illik
tarixi ərzində qəzetimiz bir çox istedadlı jurnalistlərin
yetişməsində ilkin məktəb olmuşdur. Məhəmmədəli
İsmayılov, Əziz Bayramov, Kərəm Əhmədov,
Şamil Əsgərov, Zal Cabbarlı, Əli Mirzəyev, Sədnik
Paşayev, Həbib Əhmədov, Aydın Xanməmmədov,
Vaqif Məmmədov, Bəhmən Məmmədov, Əli
Qurbanov müxtəlif illərdə qəzetin redaktorları
olmuş, ömürlərinin zərrələrini,
ziyasını qəzetin ömrünə paylamışlar.
Burada 20 ildən
artıq bu qəzetin baş redaktoru olmuş, bütün
şüurlu həyatını qəzetin yaşamasına, fəaliyyətinə,
inkişafına həsr etmiş mərhum Zimistan Həsənovun
misilsiz xidmətlərini ayrıca qeyd etmək yerinə
düşərdi. Zimistan müəllim istər Kəlbəcərin
mühasirə şəraitində olduğu vaxtlarda, istərsə
də qaçqınlıq şəraitində bu qəzeti
öz doğma övladından artıq sevmiş, onun
yaşamasına nail olmuşdur. Amansız ölüm onu
sıralarımızdan vaxtsız aparmışdı. Lakin bu
mötəbər gündə onun nurlu əməlləri, əziz
xatirəsi, ruhu bizimlədir. Böyük bir publisist ordusunun
komandanı olan bu qüdrətli qələm sahibinin
dastanlaşan əməyi həmişə bu qəzetdə
yaşayacaqdır.
Məmməd Aslan, Hidayət
Elvüsal, Sücaət, Rahimi Dünyamalıyev kimi
tanınmış şair, publisist və yazıçılar
məhz “Yenilik” qəzetində pöhrələnib qol-budaq
atmış, püxtələşmişlər. Bu gün
respublika mətbuatında dadlı-duzlu, şəhdi şəkər,
dolğun, sanballı yazıları ilə oxucu qəlbinə
yol tapan Amil Novruzov, Məhəmməd Nərimanoğlu, Qəhrəman
Nağıyev, Malik Zeynalov, Kifayət Umudqızı və
başqalarının qələmi məhz “Yenilik” qəzetində
cilalanmışdır.
1987-1989-cu illərdə
“Yenilik” qəzeti redaksiyasında SSRİ jurnalistlər
İttifaqının 7 nəfər üzvü
çalışmışdır. Hazırda redaksiyada 5 nəfər
Azərbaycan Jurnalistlər Birliyinin, 7 nəfər respublika Mətbuat
Şurasının üzvü çalışır.
Əvvəlcədən
qeyd etdiyim kimi qaçqınlıq taleyimizin ilk illərindən
başlayaraq qəzetimiz ayda 2 dəfə işıq
üzü görürdü. 2007-ci ildə 33, 2008-ci ildə 44
nömrəsi çıxmışdır. 2009-cu ildən isə
ayda 4 nömrəsi nəşr olunur.
Bu da
respublikamızın bölgə qəzetləri arasında
ön sıralardan biridir. Bu gün bu uğurun əldə
olunması üçün bizə doğma münasibət,
yüksək qayğı göstərən rayon icra hakimiyyətinə,
onun başçısı cənab Vidadi Məhərrəmova
hədsiz minnətdarıq. Təsərrüfat hesabı ilə
işləyən qəzetimizin maliyyələşməsi,
redaksiya əməkdaşlarının təzyiqsiz, sərbəst
yazıb yaratması üçün normal şərait
yaradılıb. Deyərdim ki, bəlkə də respublikada
yeganə icra hakimiyyətidir ki, öz qəzetinə belə
yüksək qayğı göstərir.
Hal-hazırda
redaksiyamızda 21 nəfər həmyerlimiz
çalışır ki, onların arasında işi gənclərə
örnək olan, ömrünün 40 ilindən çoxunu bu qəzetə
həsr etmiş Qənifə Səmədova da var.
Redaksiyanın
özünəməxsus 2 dəst kompyuteri var ki, qəzetdə
gedən yazılar burada yazılır, Gəncə şəhəri
poliqrafiya mətbəəsində çap olunur. Xatırladım
ki, qəzetimizin respublikamızın 1000-ə yaxın
yaşayış məntəqəsinə səpələnmiş
3000 nəfər kəlbəcərli abunəçisi var. Əslən
kəlbəcərli olan respublikada yüksək nüfuza malik
olan Qənbər Şəmşiroğlu, Cavid Qurbanov, Xəqani
Kazımov, Qurban Sadıqov, Musa Kazımov kimi
ziyalılarımız da qəzetimizlə müntəzəm əlaqə
saxlayır, bizə lazımi köməklərini göstərirlər,
qəzetlə sıx əməkdaşlıq edirlər.
İndi qəzet “Kəlbəcər
harayı” adı ilə yurdumuzun igidlərini haraylayır,
onları dağı-dərəsi, zümrüd meşəsi,
şiş qayası, uca zirvəsi, çiçəyi-gülü,
çəməni-çölü, alagözlü
Alagölü, axarlı-baxarlı yaylaqları, diş göynədən
bulaqları, loğman İstisuyu, qijıltılı Tər-tər
çayı, qızıl yataqları, belə-belə min bir
möcüzəsi saymaqla qurtarmayan, əfsanəvi aləm cənnətin
timsalı Kəlbəcərimizin düşmən
tapdağından azad edilməsi uğrunda müqəddəs
mübarizəyə səsləyir. Bu gün qəzetin bir
nömrəli mövzusu vətənə məhəbbət, vətənpərvərlik
mövzusudur. Bununla yanaşı bu gün qəzetimiz
ağır köçkünlük şəraitində
yaşayan soydaşlarımızın üzləşdikləri
problemləri, onlara göstərilən dövlət və
hökumət qayğılarını, həmçinin əli
işdən, ürəyi həvəsdən düşməyən
kəlbəcərlilərin əməyini, zəhmətini,
ölkəmizin həyatındakı ictimai-siyasi hadisələrə
münasibətini, öz dədə-babalarının müqəddəs
amallarını yaşadan kəlbəcərli gənclərin
təhsil, idman, incəsənət sahələrində əldə
etdikləri uğurları, yaşı yüzü
keçmiş qocalarımızı, qanlı-qadalı
Böyük Vətən müharibəsi illərində
şücaət göstərən müharibə
iştirakçılarını, onların ailələrinə,
həmçinin Qarabağ müharibəsi şəhidlərinin
ailələrinə, Qarabağ müharibəsi əlillərinə
göstərilən qayğıları, onlarla təşkil
olunan görüşləri işıqlandırır. Yenə
də kəlbəcərli el şairlərinin şeirləri,
vətən həsrətli, qələbə ruhlu, cəngi, zəfər
çağırışlı inciləri qəzetimizin səhifələrindədir.
Əlbəttə, arzu
edərdik ki, doğma qəzetimizin ad gününü
doğma yurd-yuvamızda, od-ocağımızda qeyd edək. Daha
təntənəli, daha ürək
açıqlığı ilə. Lakin nə etməli,
taleyin gərdişlərinə, qismətin acı
ruzigarlarına dözmək lazım gəlir. Fəqət, qəzet
yaşayırsa deməli həyat davam edir və həyat davam
etməlidir ki, düşmən mübarizəmizi,
intiqamımızı görsün. Bu gün ölkəmizdə
uğurlu siyasət yürüdülür. Bizim haqq işimiz
dünyaya bəyandır. Əminik ki, doğma yurd-yuvamıza
qayıdacağımız gün lap yaxındadır.
Bizə yubiley
keçirmək çətin olsa da, biz özümüzdə
güc tapmışıq. Bu gün bizə yüksək
dövlət qayğıları var. Ulu öndərimiz Heydər
Əliyev tərəfindən qaynaqlanan bu qayğılar
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
dönmədən həyata keçirilir. Bu tarixi yubiley
gününü yüksək səviyyədə, şərafətli
keçirəcəyimiz bunun bariz nümunəsidir. Bu nəinki
bizim kollektivin, deyərdim ki, 60 min nəfərdən çox
Kəlbəcər əhalisinin sevincinə, hədsiz
razılığına səbəb olub. Bu bizim yaşamaq
eşqimizi, həyata bağlılığımızı
artırır. Ona görə də möhtərəm
Prezidentimizə və yubileyin digər təşkilatçılarına
dərin təşəkkürümüzü bildiririk.
75 yaşın
ahıllıq, müdriklik çağın mübarək, qərib
“Kəlbəcər harayı”. Qoy ömrünün 76-cı ildönümündə
o dağlarda səsin müharibə harayına yox,
toy-düyün harayına qovuşsun. Gün o gün olsun ki,
Kəlbəcər həsrətindən yox,
yaşayıb-yaratmaq əzmi həmişə yüksək
olan yurddaşlarının doğma yurd-yuvada qurub-yaratmaq əzmindən,
qələbə müjdəsindən yazasan.
Zahid MUXTAR,
“Kəlbəcər harayı” qəzetinin baş
redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xalq qəzeti.- 2009.- 20 iyun.- S. 4.