Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

 

Bu, dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatların mövqeyidir

 

Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin yeritdiyi siyasət müstəqil dövlətimizi dünya birliyində sülhsevər dövlət kimi tanıdıb. Möhtərəm Prezidentimiz bu məqsədlə keçirdiyi bütün görüşlərdə Azərbaycanın mövqeyini birmənalı olaraq diqqətə çatdıraraq deyib ki, biz münaqişənin nizamlanmasında sülh variantına, beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük veririk. Dövlət başçımız hələ sülh potensialının tükənmədiyini bildirib.

 

Əgər Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirməkdən əl çəkməzsə, öz işğalçılıq missiyasını davam etdirərsə, təbii ki, Azərbaycan tərəfi işğal altında olan torpaqların azad olunması üçün digər vasitələrdən istifadə edəcək. Bundan ötrü Azərbaycanın çox güclü və qüdrətli ordusu var. Ermənistan tərəfi artıq Azərbaycan ordusu qarşısında davam gətirə bilməyəcəyini hiss edir və buna görə də danışıqlar zamanı konstruktiv mövqeyə meylli olduğunu büruzə verir. Bunu ATƏT- in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Sankt-Peterburqda keçirdikləri təkbətək və birgə görüşlərindən sonra verdikləri bəyanatda da əks etdirmişlər. Həmçinin ABŞ dövlət katibi Hillari Klinton da Sankt-Peterburqda iki dövlət başçısının keçirdikləri görüşlərin nəticəsindən razı qaldığını bəyan etmişdir. Dünya dövlətləri, habelə tanınmış beynəlxalq təşkilatlar artıq Ermənistanın işğalçı dövlət olmasını rəsmən təsdiqləyir, münaqişənin nizamlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi mövqeyinə tərəfdar çıxdıqlarını bildiriblər. Hətta ATƏT-in Minsk qrupu həmsədrlərindən olan ABŞ tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirmiş, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını və buna hörmətlə yanaşılmasını Ermənistan qarşısında bir tələb kimi qoymuşdur. Qeyd edilmişdir ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsi Azərbaycanın suveren hüquqlarının təmin olunması əsasında mümkün ola bilər. Bu məqsədlə dövlət başçımızın münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda tutduğu ardıcıl və qətiyyətli mövqeyi, milli ordumuzun qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər birmənalı olaraq dəstəklənir.

Azərbaycan hökumətinin yeritdiyi uğurlu diplomatik gedişlərin nəticəsi olaraq Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmişdir. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyi xüsusi vurğulanmışdır. Xatırladaq ki, BMT Baş Məclisi 59, 60 və 62-ci sessiyalarında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair məsələni müzakirəyə çıxarmışdır. Baş Məclis təqdim olunmuş faktlara istinadən Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılmasını, həmin ərazilərdə kütləvi yanğınların törədilməsini, insanların sağlamlığına və həyatına təhlükə yaratmasını pisləyən qətnamələr qəbul etmişdir. Həmin qətnamələrdə öz ata-baba torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmaq hüququ bir daha təsdiqlənmişdir. Qeyd edək ki, bu tələblər AŞPA-nın 2005-ci il 1690 saylı tövsiyələrində də öz əksini tapmışdır. Bundan sonra, 2008-ci il martın 14-də BMT Baş Məclisi səs çoxluğu ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnaməyə əsasən Baş Məclis məsələ ilə bağlı Ermənistandan mütəmadi hesabat almalıdır.

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyi birmənalı olaraq dəstəklənir, ölkəmizə tərəfdar çıxanların, müstəqil dövlətimizin yeritdiyi siyasəti qəbul edən qurumların sayı getdikcə çoxalır. Bu günlərdə ölkəmizdə səfərdə olmuş Polşa Seyminin Polşa — Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vieslav Voda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində öz dövlətinin mövqeyini bildirərkən dedi ki, Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətlə həllinə tərəfdardır. Rumıniya Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi Boqdan Aureski də Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidentinin mövqeyinə tərəfdar çıxdıqlarını bildirib. O deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, Rumıniya ilə münasibətləri inkişaf etdirərək yüksək səviyyəyə çatdırıb. Azərbaycan Prezidentinin Rumıniyaya səfərləri, Rumıniya Prezidenti Trayan Beseskunun qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirmiş, əlaqələri genişləndirmişdir. T.Beseskunun sözlərinə görə, imzalanmış sazişlər Avropa İttifaqının tələblərinə tam uyğunlaşdırılmış sənədlərdir. Bu da Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə təkan verəcək. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rumıniyanın mövqeyindən söhbət açan B.Aureski münaqişənin yalnız sülh yolu ilə beynəlxalq hüququn normaları çərçivəsində tənzimlənməsinə tərəfdar olduqlarını bildirib. Rumıniya Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı da münaqişələrin sülh yolu ilə tənzimlənməsinə tərəfdardır. Onun sözlərinə görə, Avropa İttifaqının orqanları və Avropa Parlamenti mütəmadi olaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəziyyətə qiymət verir, prosesi ciddi nəzarətdə saxlayırlar. Bu orqanlar münaqişənin nizamlanması prosesində BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə, ərazi bütövlüyünə, xüsusi suverenliyə, sərhədlərin toxunulmazlığına ciddi riayət olunmasını dəstəkləyir. Rumıniya tərəfi də həmişə beynəlxalq hüquq prinsiplərinin, xüsusilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin aliliyini xüsusi vurğulayır. Bütün bunlar Azərbaycan diplomatiyasının, xarici siyasətinin uğurlarından, bu siyasətin artıq dünyada qəbul olunmasından xəbər verir. Faktlar bir daha təsdiqləyir ki, artıq Avropa İttifaqı, Avropa Parlamenti və qurumun digər orqanları da Azərbaycan Prezidenti İlham Əliyevin mövqelərini dəstəkləyir, siyasi kursunu bəyənirlər. Dünya dövlətlərinin, həmçinin tanınmış qurumların Azərbaycan Prezidentinin mövqeyini birmənalı olaraq dəstəkləmələri həmin qurumun rəhbərliyində Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması inamı yaradıb. Digər tərəfdən, Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu da münaqişənin tezliklə həllinə öz müsbət təsirini göstərir. ABŞ dövlət katibinin müşaviri Filip Qordon bu günlərdə verdiyi açıqlamada bu məsələni diqqətə çatdırıb. Diplomat qeyd edib ki, Azərbaycan regional təhlükəsizlik, xüsusilə terrorla mübarizədə və avropalı müttəfiqlərə təbii qazın ötürülməsində ABŞ-ın vacib tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycan inhisarçı təzyiqlərdən azad olaraq Bakı — Tbilisi — Ceyhan neft kəməri vasitəsilə dünya bazarına gündə təxminən bir milyon barrel neft ixrac edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın mövqeyini diqqətə çatdıran F.Qordon deyib ki, ABŞ ATƏT-in Minsk qrupu vasitəçisi kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün irəliləyişin əldə olunmasına kömək edir. Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada və iyunun 4-də Sankt-Peterburqda keçirdikləri görüşlər 2009-cu ildə çərçivə razılaşmasını sona çatdırmaq üçün cəhdlərin fəallaşmasına yol açıb.

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan Prezidentinin yeritdiyi məntiqli siyasət artıq öz bəhrəsini verməkdədir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün Azərbaycan hökumətinin ardıcıl səyləri Ermənistanı qeyri-konstruktiv mövqeyindən əl çəkmək məcburiyyətində qoyub.

 

 

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti” 

 

Xalq qəzeti.- 2009.- 20 iyun.- S. 1.