Mahnı Teatrında
hesabat konserti
İyunun 18-də
Dövlət Mahnı
Teatrında Bakı Şəhəri Mədəniyyət
və Turizm İdarəsi A.M.Şərifzadə
adına Mədəniyyət
Mərkəzinin bədii
özfəaliyyət kollektivlərinin
böyük hesabat konserti oldu. Konsertə dəvətli qonaqlar sırasında respublikanın
tanınmış elm,
incəsənət xadimləri
ilə yanaşı Mədəniyyət və
Turizm İdarəsinin
məsul şəxsləri,
mərkəzin yetirmələri,
eləcə də gənc istedadların valideynləri iştirak edirdi.
Konserti giriş
sözü ilə açan Mədəniyyət Mərkəzinin
direktoru Zivər Əhmədova öncə burada bu günədək
uğurla fəaliyyət göstərən “Xudafərin”
instrumental, “Şəms” və “Turan” rəqs kollektivlərindən,
“Karvan” nağara çalanlar, “Nur” muğam
üçlüyü, “Arzu” xalq çalğı alətləri
ansamblı və digər kollektivlərin ölkənin mədəni
həyatında fəal iştirakları, festival və
müsabiqələrdə qazandıqları uğurlardan
söz açdı.
Artıq ənənəyə
çevrilmiş belə konsertlərin gənc istedadların həyatında
çox mühüm rol oynadığını
açıqlayan Zivər Əhmədova qeyd etdi ki, digər
konsertlərdən fərqli olaraq, bu konsertdə azsaylı
uşaqların (5 yaş) çıxışlarına daha
çox yer verilmişdir. Bəlkə elə bu səbəbdən
də tamaşaçılar “Turan” və “Şəms”in balaca
rəqqaslarını sürəkli alqışlarla
qarşıladılar. Bu alqışlar ilk növbədə
onları yetirib ərsəyə gətirən müəllimləri
Aysel Abbasova və Vüqar Əliyevin zəhmətinə verilən
qiymət idi.
Konsert “Turan” və
“Şəms” rəqs kollektivlərinin “Bayram rəqsi” ilə
başladı. “Karvan” nağara çalanlar ansamblının
(rəhbəri Eldar Rzaquliyev) ifa etdiyi “Azərbaycan ritmləri”,
“Nur” muğam üçlüyü ansamblının solistləri
Sevinc Mustafayeva və Ülvi Abdinovun “Qarabağ şikəstəsi”,
“Arzu” xalq çalğı alətləri ansamblının (bədii
rəhbər Yusif Heydərov) solisti respublikanın əməkdar
artisti Ədilə Əflakinin oxuduğu “Yaşa Azərbaycan”
mahnısı və bir çox digər ifalar tamaşaçılar
tərəfindən sürəkli alqışlarla
qarşılandı. Tədbirin sonunda A.M.Şərifzadə
adına Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova
bədii özfəaliyyət kollektivlərinin rəhbərlərini
və fəal üzvlərini mərkəzin fəxri fərman
və diplomları ilə təltif etdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 8.