Yeni kitablar
“Peyğəmbər” ucalığından
“Türkün dünyası”na
(Xalq şairi Zəlimxan Yaqubun iki yeni kitabı barədə
incələmə)
Ömrünün və
yaradıcılığının yetkin, məhsuldar
çağını yaşayan xalq şairi Zəlimxan Yaqub
parlaq istedadının bar - bəhrəsi olan yeni-yeni əsərləri
ilə pərəstişkarlarını və ədəbi
ictimaiyyəti sevindirməkdədir. Müstəqillik
dövrü ədəbiyyatımızın ünlü əsərlərindən
olan “Heydər dastanı”ndan sonra şairin ciddi poetik
axtarışlarından yaranan “Peyğəmbər” poeması
və türk sevgisinə çıraq tutan silsilə
şeirləri — “Dünya türkün dünyası” toplusu bu
yaxınlarda nəfis kitablar şəklində oxuculara təqdim
olmuşdur.
Peyğəmbər
İslam peyğəmbəri
həzrəti Məhəmmədin həyat və mübarizəsinin,
şəxsiyyətinin bənzərsizliyini və
ucalığını poetik sözün qüdrəti ilə
nurlandıran coşğun təbli şair bu irihəcmli mənzuməsi
ilə ədəbiyyatımızda dini mövzunu və
çoxəsrlik poema janrını zənginləşdirmişdir.
Uşaqlıqdan dinimizə sevgi, Məhəmməd peyğəmbər
şəxsiyyətinə sonsuz rəğbət mühitində
böyüyüb tərbiyələnən şair illər
boyu qəlbində bəslədiyi bu müqəddəs
duyğuları dövlət müstəqilliyimizin qapı
açdığı din-imana qayıdış prosesində ərsəyə
çatdıraraq poetik bir dastana çevirmişdir.
Poemanın əvvəlində
— “Minacat”da üz tutduğu mövzunun
ağırlığını və məsuliyyətini dərindən
anlayan şair Ulu Yaradandan zəkasına nur, ilhamına qanad
diləyir:
Düşdüm
Peyğəmbərdən yazmaq eşqinə,
Sidq ilə, sevgiylə
“Bismillah” dedim.
“Məndən əsirgəmə
məhəbbətini,
Güc ver
varlığıma, ya Allah” dedim.
Ağırdı bu
işin altına girmək,
Çətindi bu
yükə çiynini vermək...
Nur ver, işıq
salım qaranlıqlara,
Dil ver, bal eləsin
sözüm dilləri,
Yol ver, rahat gəzim bu mənzilləri.
Söz ver, İslam
adlı dinindən yazım...
İslam mövzusuna,
“Peyğəmbər” dastanına həyatının
bütün əvvəlki gedişiylə gəlib çatan,
amalından, imanından ilhamlanan Zəlimxan Yaqub İlahidən
mədəd diləməklə yanaşı, müqəddəs
“Quran”ı dəfələrlə oxuyur, dinimizin tarixindən,
Məhəmməd peyğəmbərin həyatından bəhs
edən qiymətli mənbələri — tarixi, elmi, bədii əsərləri
də diqqətlə nəzərdən keçirir,
bütün bunlardan öz qəhrəmanının poetik
obrazını yaratmaqda məharətlə bəhrələnir.
Əsərin məzmun və tarixi gerçəklik
baxımından qüsursuz, kamil alınması
üçün istedadlı qələm sahibi
Şeyxülislam Hacı Allahşükür Paşazadənin
məsləhətindən, akademik Vasim Məmmədəliyevin
rəyindən faydalanmışdır. Kitabın
redaktorları Hacı Mirəziz Seyidzadə və Hacı Azər
Turan da ədəbi nəşrin səlis və
nöqsansız işıq üzü görməsində
şairin köməkçisi olmuşlar.
Zəlimxan Yaqub “Peyğəmbər”i
niyə yazdım?" adlı ön sözdə poemanın
yazılma səbəbini, əsər üzərində gərgin
işini, məram və duyğularını belə
açıqlayır: “Dəyərli oxucu! Həyatımın
Borçalıda — Kəpənəkçidə keçən
gənclik illəri, məni Əli Fəhmiyə qovuşduran
tələbəlik çağları, taleyimin Heydər Əliyev
mərhələsi, iki dəfə Məkkəni ziyarətim,
qoca Şərqin gördüyüm və sevdiyim müqəddəs
ziyarətgahları, qədim şəhərləri,
oxuduğum elmi, bədii, tarixi kitablar silsiləsi,
ucalığına heyran olduğum zirvələr
ömrümün 60-cı pilləsinə qədəm
basmağa başlayanda öz barını-bəhrəsini verdi
— ”Peyğəmbər"i dünyaya gətirdi.
Yaşadığım illərin təcrübəsi mənə
deyir: “Zəlimxan, elə mövzular var ki, onlara gəncliyimdə
yox, ancaq ömrün altmışında — yetmişində
yaxınlaşa bilərsən”. “Peyğəmbər” də məhz
belə yazıldı, belə yarandı".
Şair Məhəmməd
peyğəmbərin həyat və mübarizəsinin ən
önəmli məqamlarını, sadəcə, təsvir
etmir, həm də mənalandırır, İslam dininin bəşəri
mahiyyətini bu axarda açıb göstrəməyə
çalışır. Poemada tarixlik müasirlik
işığına qərq olur, peyğəmbərin ölməz
şəxsiyyəti zamana və məkana sığmaması
ilə səciyyələndirilir. Poemanı “Bir işıq
doğulub gəldi dünyaya”, “Peyğəmbərin ürəyi”,
“Xəlvət”, “Peyğəmbər və şairlər”,
“Peyğəmbər Quran oxuyur”, “Merac gecəsi”, “Hicrət”, “Bədr
savaşı” kimi xronikal fəsilləri şairin poetik ricətləri
olan “And olsun qələmə”, “Əxlaq nuru, din
işığı”, “Mən üzümü sənə tutub
yazıram”, “Şairlik ziyarəti”, “Türk və İslam”,
“İlahi” fəsillərindəki coşğun duyğularla
tamamlanır, tarixi həqiqət bədii həqiqətə
çevrilir. Bu baxımdan “Allahu-Əkbər!” ricəti
müasirlərimizin imanının və inamının bədii
ümumiləşdirməsi kimi səslənir:
Bir ələ güc
verib yüz əl eyləyər,
Yazı gül,
payızı xəzəl eyləyər,
Neyləsə, həmişə
gözəl eyləyər,
Haqqı var,
haqlıdır “Allahu- Əkbər!”
Şair peyğəmbər
ucalığını “Əxlaq nuru, din işığı”
fəslində böyük sevgi, çağlayan ilhamla sözə
çevirir:
Ona məhəbbətimin
Yox çəkisi,
ölçüsü.
Əxlaq zirvəsindədir
Yaradanın elçisi.
Ülfəti var, mehri
var,
Cazibəsi, sehri var.
Peyğəmbər fərmanında
Tanrının öz
möhrü var.
Zəlimxan Yaqubun hiss-həyacanları,
İslami dəyərlərə bələdliyi və rəğbəti,
Tanrı sevgisi, Peyğəmbər məftunluğu “Məkkənin
himni”ndə zirvəyə çatır:
Yerdən göyə məhəbbət
var,
Göydən yerə mərhəmət
var,
Haqqa doğru hərəkət
var,
Bircədi sifət Məkkədə.
Ər demişik ərənlərə,
Haqqa könül verənlərə,
Məhəmmədi
görənlərə
Var bir şərafət
Məkkədə.
Söz köhlənini
dünəndən bugünə, mənzildən mənzilə,
yerlərdən göylərə qanadlandıran şair, nəhayət,
qəlbinin atəşini bir dastanlıq sözə çevrib
sona — “Əlhəmdülillah”a yetişir:
Məndən salam olsun
ulu dərgaha,
Tapındım
Tanrıya, yetdim Allaha,
Ölsəm də bir zərrə
dərdim yox daha,
Çatdım
muradıma, Əlhəmdülillah!
“Peyğəmbər”
poeması çağdaş şerimizdə uğurlu bir hadisə
olub, xalq şairi Zəlimxan Yaqubun iman əhlinə, Tanrı dərgahına
sığınan soydaşlarımıza dəyərli
töhfəsidir.
“Dünya türkün dünyası”
Zəlimxan Yaqubun ikinci
yeni kitabı olan “Dünya türkün dünyası”
toplusunda isə şairin sonsuz türk sevgisindən qaynaqlanan
şeir və dastanların türkcəyə çevirmələri
yer almışdır. Poetik nümunələri qardaş dilə
Azad Anaroğlu çevirmişdir.
Türkiyə
Cümhuriyyətinin Bakıdakı səfiri Hulusi
Kılıç topluya yazdığı ön sözdə Zəlimxan
Yaqubu Dədə Qorqudu, Manası, Ural Baturu, Koroğlunu yaradan
dastançı şairlərin davamçısı kimi təqdim
edir: “Adı və sənəti qardaş Azərbaycanın sərhədlərini
aşaraq Türkiyəyə, İrana və bütün
Türküstana yayılmış olan, dastanlarımızdan gələn
xalq şairi və fikir adamı Zəlimxan Yaqubu da bu şəxsiyyətlərin
arasında saya bilərik. Onun bu sıradakı yeri sağlam və
möhtəşəmdir, zira o:
Haray sazı, ün
sazı,
Ömür sazı,
gün sazı,
Köksümdə
türkün sazı.
Dilimdə dastan gəldim.
Buludlardan
üzüldüm,
Çiçəklərə
düzüldüm.
Füzulidən
süzüldüm
Axdım Yunusdan gəldim
— deyərək haradan gəldiyini
və bu yolun onu haraya aparacağını lap gənc
yaşlarından etibarən bəlirləmiş olan bir
düşüncə insanıdır”.
Səfirin bu
tanıtması Zəlimxan Yaqubun həyat və fəaliyyəti
barədə yığcam bioqrafiya ilə davam edir, kitaba daxil
edilmiş əsərlər barədə məlumat verilir.
Professor Həsən Əzizoğlunun “Söz ilə sazın
birliyini yaşadan şair” adlı yazısında Azərbaycan
şairini türk dünyasında tanıdan başlıca
xüsusiyyətlər önə çəkilir, Zəlimxan
Yaqubun bənzərsizliyi açıqlanır: “Dədə
Qorqudda ”saz”, Koroğluda “misri qılınc”, Camidə
“duyğu”, Nəsimidə “insan”, Füzulidə “Məcnun”, Xəyyamda
“şərab”, Hafizdə “bülbül”, Sabirdə “millət”,
Müşfiqdə “tar”, Bəxtiyarda “ana dili” olduğu kimi,
dostum Zəlimxanın bəhrələndiyi qaynaq “saz”dır”.
Topluya şairin
türklüyü tərənnüm edən “Ruh”, “Savaşan
türk”, “Nazim Hikməti oxuyarkən”, “İstanbul
qızı”, “Memar Sinan”, “Mövlanə türbəsində”,
“Qurbanam, türkə qurban”, “Dadaloğlunda”, “Salam olsun”,
“Atatürk köşkündə keçən günlərim”
kimi məşhur şeirləri də daxil olmaqla, 43 şeiri
daxil edilmişdir. Zəlimxan Yaqubun “Kərkük”, “Saz”, “Yunus Əmrə”
və “Sən getməsən mən getmərəm”
dastanları da kitabda yer almışdır.
Ulu öndər Heydər
Əliyevin “Biz bir millət, iki dövlətik” fikrinin epiqraf
seçildiyi “Qurbanam, türkə qurban” şeiri toplunun
ümumi yönünü, ruhunu yaxşı ifadə edir:
Tanrının əsəridir,
Bilsən haradan gəldi,
Çırpdı
qanadlarını,
Enib göylərdən
gəldi.
Can içində can nədir?
Damardakı qan nədir?
Altay, Türküstan nədir?
Bu eşqi dərkə
qurban.
“Dünya türkün
dünyası” Zəlimxan Yaqubun yaxın-uzaq ellərdəki
türkdilli oxuculara qardaş salamı, könül sovqatı
kimi diqqəti cəlb edir. Sevimli şairimizi yenicə
işıq üzü görmüş hər iki kitabına
görə oxucularımız adından təbrik edir, tükənməyən
həvəsinin və sönməyən ilhamının
yeni-yeni əsərlərə çevrilməsini arzu edirik.
Qoy “Peyğəmbər” ucalığından “Türkün
dünyası”na yol alan şairimizin səsi həmişə
söz zirvələrindən gəlsin!
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 21 iyun.-
S. 7.