68 il bundan əvvəl, iyunun 22-də bəşər tarixinin ən qanlı savaşı başlandı

 

Azərbaycan Böyük Vətən müharibəsində

 

Faşizm Almaniyası 1939-1941-ci illərdə Polşa, Danimarka, Belçika, Niderland, Lüksemburq, Norveç, Çexoslovakiya, Yunanıstan, Yuqoslaviya və Albaniyanı işğal edərək bütün dünyaya sahib olmaq niyyətini ortaya qoydu. Hitler 1941-ci il iyun ayının 22-də xəbərdarlıq etmədən, Sovet İttifaqı ilə Almaniya arasında yenicə imzalanmış bir-birinə hücum etməmək haqqında müqaviləni pozaraq SSRİ üzərinə qoşun yeritdi. SSRİ-yə qarşı müharibəyə 190 diviziya eyni vaxtda hərəkətə gətirildi. Bundan 153-ü alman, 17-si rumın, 18-i fin, 2-si isə macar diviziyası idi. Düşmən 5,5 milyon əsgər və zabitə, 47 mindən çox silah və minaatana, 3,7 mindən çox tanka, 5 minə qədər döyüş təyyarəsinə və 193 döyüş gəmisinə malik idi. Faşist Almaniyası hələ müharibə başlanmazdan xeyli əvvəl bütün iqtisadiyyatını hərbi relslər üzərinə keçirmişdi. Onun hərbi potensialı çox yüksək idi.

 

Sovet İttifaqının rəhbəri İ. Stalinin “Azadlıq uğrunda, haqq işi uğrunda Böyük Vətən müharibəsi’’ adlandırdığı bu ölüm-dirim savaşına Azərbaycan xalqı da fəal cəlb edilmişdi. Müharibənin birinci üç günündə Azərbaycandan ordu sıralarına 40 mindən çox oğlan və qız yola düşdü. Qısa müddətdə 186704 nəfər xalq qoşunu dəstələrinə yazıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı.

1941-ci ilin dekabrında Azərbaycan xalqı ilk azərbaycanlı döyüşçüsünə, əslən gəncəli İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi xəbərini böyük sevinclə qarşıladı. Moskva uğrunda döyüşlərin həlledici çağında Novqorod vilayətinin Pustinka kəndi ətrafında o, misilsiz qəhrəmanlıq göstərdi. İ.Məmmədov 20 nəfər döyüşçü ilə komandanlıq məntəqəsini və rabitə xəttini müdafiə edirdi. Onlar sayca və silah sarıdan qat-qat üstün olan düşmənin 4 həmləsinin qarşısını cəsarətlə ala bildilər. On saatlıq qeyri-bərabər döyüşdə baş serjant İsrafil Məmmədov şəxsən atəş və süngü ilə 70 faşist əsgər və zabitini öldürmüşdü.

Azərbaycan tarixi muzeyində İsrafil Məmmədovun şəxsi şeyləri: ona Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında tərifnamə, qvardiya nişanı, səhra çantası və hərbi bileti saxlanır.

Azərbaycan tarixi muzeyində digər bir azərbaycanlı qəhrəman - Müseyib Bağırov haqqında da güşə vardır. Müharibə illərində ‘’Krasnaya Zvezda’’ qəzeti tərəfindən buraxılmış ‘’Qvardiya qəhrəmanları’’ vərəqəsi böyük maraq doğurur. Vərəqdə oxuyuruq ki, 11 qəhrəman 3 alman tankının və 400 hitlerçinin həmləsinin qarşısını alıb strateji yüksəkliyi faşistlərdən təmizlədi, bizim qüvvələr gələnə kimi onu əlində saxladı, düşmənin iki dəhşətli əks-hücumunu dəf etdi, faşistlər itkiyə düçar oldular. Şəxsən zabit Bağırov özü alman topunu onun heyəti ilə birlikdə sıradan çıxardı. Düşmənin tankını vurdu, 100-dən çox hitlerçi əsgər və zabiti məhv etdi. Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə M.Bağırova SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 fevral 1944-cü il tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Leytenant Hüseynbala Əliyev Leninqrad göylərində 10-a qədər faşist təyyarəsini məhv etdi və cəsur şahin ölümündən sonra Lenin ordeni ilə təltif edildi.

1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getdi. Müharibə illərində milli respublikalardan çağırılanlar hesabına 80 milli diviziya və briqada yaradılmışdı. Onların içərisində əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq, 77-ci Simferopol, 223-cü Belqrad, 402-ci atıcı diviziyalarının döyüşçüləri düşmənə zərbə endirilməsində fəal iştirak etdilər. Bu milli diviziyaların döyüş yolu Qafqaz dağlarının ətəklərindən başlanmışdı.

Ümumiyyətlə elə bir döyüş əməliyyatı yox idi ki, orada azərbaycanlı döyüşçülər fəal iştirak edib qəhrəmancasına vuruşmasınlar. Kerç boğazı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Mehdi Quliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O, 360 faşisti məhv etmişdi.

Müharibənin qalibiyyətlə başa çatmasında Azərbaycan döyüşçülərinin böyük hünərini belə bir fakt təsdiq edir ki, Ukraynanın, Belorusiyanın, Pribaltikanın və Cənubi-Şərqi Avropanın azad edilməsindəki xidmətlərinə görə 30-dan çox həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Partizan müharibəsində Azərbaycan qızları (A. Rüstəmbəyova, S. İbrahimova və b.) kişilərlə çiyin-çiyinə vuruşurdular. 1941-1942-ci illərdə RSFSR, Ukrayna və Belorusiya ərazisində vuruşan 1500-dən çox azərbaycanlı partizan SSRİ-nin orden və medalları ilə təltif olundu.

Azərbaycan döyüşçülərinin faşizmə qarşı mübarizəsi Sovet İttifaqının ərazisi ilə məhdudlaşmırdı. Müharibə illərində Azərbaycan oğulları Çexoslovakiya, Polşa, Yuqoslaviya, İtaliya, Fransa və başqa yerlərdə müqavimət hərəkatı sıralarında fədakarlıqla vuruşurdular. 1942-ci ildə Polşada hərbi əsir düşərgələrindən birində azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit H. Qiyasbəyov, M. Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu.

1944-cü ildə faşist düşərgələrindən qaçan azərbaycanlı döyüşçülər Fransanın cənubunda fəaliyyət göstərən sovet partizan alayına qoşularaq bir sıra şəhərlərin almanlardan azad olunmasında fəal iştirak etdilər. Onlardan biri - Əhmədiyyə Cəbrayılov Fransa müqavimət hərəkatı sıralarında göstərdiyi şücaətə görə Fransanın ali hərbi mükafatı ilə təltif olundu.

Cəsur kəşfiyyatçı Mehdi Hüseynzadə Adriatik dənizi sahillərində fədakarcasına vuruşaraq bir sıra mühüm obyektləri partlatmış, xeyli miqdarda hitlerçini məhv etmişdi. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

Böyük Vətən müharibəsi illərində istedadlı sərkərdə və komandirlərdən H. Aslanov, M. Əbilov, H. Hüseynov, A. Vəzirov, Y. Abdullayev, A. Abbasov, T. Əliyarbəyov, M. Mahmudov, Y. Quliyev və b.-nın adları xidmət etdikləri ordu və cəbhələrdə şöhrət tapmışdı. Sovet hökuməti Azərbaycan oğullarının rəşadətini yüksək qiymətləndirərək onlardan 125 nəfərinə Sovet İttifaqı Qəhrəman adını verdi. General Həzi Aslanov bu yüksək ada iki dəfə layiq görüldü. Onlarla soydaşımız Şöhrət ordeninin bütün dərəcələrini aldı. Ümumiyyətlə respublikanın 170 mindən çox əsgər və zabiti SSRİ-nin orden və medalları ilə təltif edildi.

Bütövlükdə isə, 1941-1945-ci illərdə cəbhədə və arxada respublikanın 250 mindən çox nümayəndəsi orden və medallarla təltif olundu.

Dənizdə, quruda və havada düşmən üzərində Sovet Ordusunun üstünlük qazanmasına, sovet zirehli avtomobil və tank qoşunlarının, aviasiya birləşmələrinin bütün strateji əməliyyatlarına Bakı neftçilərinin müstəsna köməyi oldu. Təkcə 1941-ci ildə mürəkkəb şəraitdə Azərbaycanda rekord miqdarda – 23,5 milyon ton neft çıxarılmışdı. Müharibə illərində Azərbaycan ölkənin başlıca yanacaq bazasına çevrilərək 75 milyon ton neft verdi. O zaman bütün sovet neftinin təqribən 75 faizi Azərbaycanın payına düşürdü. Fərəh hissi ilə xatırlamalıyıq ki, vuruşan təyyarələrin 85-90 faizi Azərbaycan benzini ilə işləyir, düşmənə zərbə vururdu. Sovet İttifaqı marşalı G.K.Jukov haqlı olaraq göstərirdi ki, ‘’Bakı neftçiləri Vətənin müdafiəsini və düşmən üzərində qələbəni təmin edəcək qədər yanacaq verdilər’’.

Bakı döyüşən ordunun mühüm cəbhəxanalarından birinə çevrildi. 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat hazırlanırdı.

Azərbaycanın elm və mədəniyyət xadimləri öz fədakar əməyi ilə qələbə işinə böyük yardım göstərdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı.

Azərbaycan xalqı Vətənin şanlı müdafiəçiləri üçün heç nə əsirgəmirdi. 1941-1943-cü illərdə respublikanın zəhmətkeşləri müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz verdi, müharibə dövründə dövlətdən 1,5 milyon manatlıq istiqraz və lotoreya aldı, tank və təyyarə dəstələri fonduna 230 milyon manat pul ayırdı. Azərbaycan əməkçiləri, ümumiyyətlə, müharibə illərində cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar yollamışlar.

Böyük Vətən müharibəsi illərində bütün Azərbaycan xalqı kimi, tibb işçilərimiz də çox ciddi sınağa çəkildi. Azərbaycan nəhəng hospital bazasına çevrilmişdi. Tibb İnstitutunun əməkdaşlarından — professor M. Topçubaşov respublika Xalq Səhiyyə Komissarlığının nəzdində olan səyyar hospitallar idarəsinin baş cərrahı, professor M. Mirqasımov Azərbaycan Həmkarlar İttifaqı Şurasının nəzdində olan səyyar hospitalların baş cərrahı təyin edilmişdi. İnstitutun ən təcrübəli əməkdaşları Z. Məmmədov, G. Qurbanov, F. Əfəndiyev, B. Mahmudbəyov, N. Bünyadov, X. Hacıyev, A. Tahirov, Q. Səlimxanov, H. Rzazadə, C. Axundov, M. Qarayev və başqaları döyüşən orduda, həmçinin hospitallarda baş mütəxəssis kimi işləyirdilər.

Azərbaycanın tibb işçilərindən 2 nəfəri-orta tibb işçiləri S. Abdullayev və M. Məmmədov Vətənin ən yüksək mükafatı olan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdülər.

Bəli, Azərbaycan övladları kütləvi cəbhə qəhrəmanlığı, respublikanın fəhlələri, kolxozçu kəndliləri və ziyalıları isə arxadakı misilsiz əmək xarüqələri ilə Böyük Vətən mühəribəsi tarixinə qızıl səhifələr yazmışlar.

 

 

Əkrəm ZEYNALOV,

ATU-nun kafedra müdiri,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 5.