Müharibənin ağrı-acıları unudulmur...
Düz 68 il bundan əvvəl, iyun ayının 22-də
Almaniya və onun müttəfiqləri Barents dənizindən
Qara dənizə qədər böyük bir ərazi boyu
keçmiş SSRİ üzərinə qəfil hücuma
keçdilər. Tarixi faktlara əsasən bu hücumda iştirak
edən 190 diviziyanın 153-ü alman, qalanları isə
rumın, macar, slovak və s. hərbi birləşmələrdən
ibarət idi. Almanlar ildırım sürəti ilə hərəkət
edərək Sovet İttifaqının içərilərinə
irəliləyirdilər. O vaxt SSRİ-nin tərkibindəki
müttəfiq respublikalardan biri kimi, Azərbaycan da canlı
qüvvəsini, sənaye potensialını səfərbər
edərək Hitler faşizminə qarşı müharibəyə
qoşuldu. Həmin qanlı-qadalı döyüşlərdə
700 minədək həmvətənimiz iştirak etdi. Onlardan təqribən
300 min nəfəri müharibədə həlak oldu...
... Müharibənin
od-alovundan keçənlərdən biri də 84 yaşlı
Qara Əli oğlu Sarıyevdir. O, Tovuz rayonunun Qəribli kəndində
anadan olub. Orta təhsilini başa vurmamış cəbhəyə
yola düşüb. Stalinqrad, Kursk, Vyana-Balaton cəbhələrində
döyüşüb, “Mauthauzen” faşist düşərgəsinin
azad olunmasında iştirak edib. Qara müəllim eyni zamanda
Asiya ölkələrinin, o cümlədən Çin
torpağının yapon militaristlərindən — kvantun
ordusundan azad olunması uğrunda gedən döyüşlərdə
də şücaət göstərib... Beləliklə,
ömrünün 9 ilini hərbi geyimdə keçirib.
Q. Sarıyev o illəri
belə xatırlayır: — O vaxt SSRİ hamımızın Vətəni
idi. Biz İkinci Dünya müharibəsi zamanı bu Vətəni
qoruduq, müdafiə etdik. Ölümdən qorxmadıq,
bütün gücümüzlə faşizmə qarşı
mübarizə apardıq...
... İkinci Dünya
müharibəsi barədə çox deyilib, çox
yazılıb. Ona görə də mən ancaq diqqəti
odlu-alovlu illərdə yaşadığım bir məqama
yönəltmək istərdim. “Mauthauzen” faşist ölüm
düşərgəsində keçmiş sovet
döyüşçüləri, o cümlədən 412 azərbaycanlı
əsir saxlanılmış və vəhşicəsinə qətlə
yetirilmişlər. Faşizm üzərində qələbə
çalınandan sonra buradan digər əsirlər xilas
edilmişlər. Bu ölüm düşərgəsinin azad
olunmasında mən də iştirak etdim... Xatırladım
ki, “Mauthauzen” faşist ölüm düşərgəsi
hazırda Ümumdünya Hərbi Muzeyinə
çevrilmişdir. Muzeyin açılışında
düşərgənin azad olunmasında iştirak edən və
sağ qalan döyüşçülərə dəvətnamə
göndərilmişdi. Ulu öndərimiz Heydər Əliyevin
xeyir-duası ilə mən də o mərasimə
qatıldım. Əvvəlcə Avtsriya uğrunda gedən
döyüşlərdə həlak olmuş azərbaycanlıların
xatirəsi anıldı, memorial lövhə önünə
gül dəstəsi qoyuldu. Sonra İkinci Dünya müharibəsi
iştirakçılarının Avstriyanın “Qara Xaç”
cəmiyyətində görüşü keçirildi.
Avstriyada ən həyəcanlı, unudulmaz anları
keçmiş faşist hərbi əsir ölüm
düşərgəsi – indiki Ümumdünya Hərbi Muzeyi
qarşısında Azərbaycanın üçrəngli
bayrağı dalğalandırılanda yaşadım.
Respublikamızın nümayəndə heyətinin orada 85
ölkənin nümayəndələri tərəfindən
gurultulu alqışlarla qarşılanmasını bu gün də
unuda bilmirəm. Bütün bunlar barədə Avstriyanın ən
nüfuzlu “Der Ştandart” və “Die Press” qəzetlərində
məqalələr dərc olunmuşdur...
Q. Sarıyev 2003-cü
ildə Rusiya Federasiyasının keçmiş prezidenti
V.Putinin şəxsi dəvətilə Moskvada keçirilən
9 May Qələbə paradında iştirak edib. O, 2005-ci ildə
isə Çin Xalq Respublikasının (ÇXR) yapon
imperialistlərinə qarşı müharibəsinin
iştirakçısı kimi bu ölkənin hökuməti
tərəfindən Pekin şəhərinə dəvət
olunub və ÇXR kvantun ordusu üzərində qələbəsinin
60 illiyi mərasiminə qatılıb. Burada Qara müəllimə
müharibə əleyhinə ümumdünya deklarasiyasına
imza etmək hüququ verən xüsusi yazılı ayna
bağışlanıb.
Qara müəllim daha
sonra dedi: “Müharibədən sonra hansı ölkəyə
dəvət almışamsa, orada qonaqpərvərliklə
qarşılanmışam, hörmət-izzət
görmüşəm. Bütün mərasimlərdə
xalqımızın, onun qəhrəman oğullarının
ünvanına xoş, səmimi sözlər söylənilib.
Faşizmə qarşı aparılan döyüşlərdə
həlak olmuş Azərbaycan oğullarının xatirəsi
minnətdarlıq hissi ilə yad edilib.”
Q. Sarıyev onu da
vurğuladı ki, faşizm üzərində tarixi qələbə
çalınmasında Azərbaycanın xüsusi rolu olub. Bir
tərəfdən azərbaycanlıların döyüşkən
ruhu, vətənpərvərliyi, digər tərəfdən
Bakı nefti müharibənin uğurla başa
çatmasında həlledici amilə çevirilib. Müharibə
dövründə Sovet İttifaqında çıxarılan
neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Respublikamızdakı
maşınqayırma müəssisələri silah-sursat
istehsalı ilə bağlı fəaliyyət göstərirdi.
Faşizmə qarşı gedən döyüşlər
zamanı Azərbaycanda 130 növ silah-sursat istehsal edilib cəbhəyə
göndərilirdi...
Yeri gəlmişkən,
Q. Sarıyevin cəbhədən sonrakı həyat yoluna da
diqqət yetirək. O, bugünkü gənclərimizə
örnək ola biləcək bir ömür yolu keçib. Cəbhədən
qayıtdıqdan sonra yarımçıq qalmış orta təhsilini
1948-ci ildə başa vurub. 1949-cu ildə Moskva Baytarlıq
Akademiyasına daxil olub. 1955-ci ildə bu təhsil
ocağını uğurla bitirən Qara müəllim təyinatla
Astara rayonuna göndərilib. Burada əvvəlcə
baytarlıq üzrə sahə müdiri, sonra isə Astara
Maşın – Traktor Stansiyasının (MTS) rəisi işləyib.
Astarada baş baytar həkimi vəzifəsində
çalışdığı vaxtlarda isə heyvanlardan
insanlara keçən xəstəliklərlə – brüselyoz,
qarayara, vərəm və s. ilə bağlı baytarlıq tədbirlərini
uğurla yerinə yetirdiyinə görə keçmiş
SSRİ-nin Kənd Təsərrüfatı Nailiyyətləri
Sərgisinin iştirakçısı olub və sərginin
medalı ilə mükafatlandırılıb.
Q. Sarıyev daha sonra təsərrüfatdan
birbaşa Azərbaycan ET Baytarlıq İnstitutunun əyani
aspiranturasına daxil olmuş, iribuynuzlu heyvanların pasterelyoz
xəstəliyinə təsiri mexanizmi ilə bağlı ciddi
tədqiqat işləri aparmış, bu sahədə
uğurlu nəticələr əldə etmişdir.
Apardığı elmi işlərin nəticələri
simpozium və konfranslarda yekdilliklə qəbul olunmuşdur.
Qara müəllim
yüzdən artıq elmi məqalənin müəllifidir.
Keçmiş SSRİ Ali Attestasiya Komissiyasının Azərbaycanda
tibbi və baytarlıq təbabəti sahələrində virusologiya
ixtisası üzrə “baş elmi işçi” diplomu ilk dəfə
Qara Sarıyevə qismət olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının 26 may 2005-ci il tarixli qərarı ilə
ona baytarlıq etmələri doktoru alimlik dərəcəsi
verilmişdir. Həmin komissiyanın qərarı ilə Qara
müəllimə baytarlıq mikrobiologiyası,
virusologiyası, epizoologiyası, immunologiyası ixtisası
üzrə professor elmi adı verilmişdir.
Q.Sarıyev hazırda
elmi fəaliyyətini Azərbaycan Elmi-Tədqiqat Baytarlıq
İnstitutunun heyvanların infeksion xəstəliklərini
öyrənən laboratoriyasında davam etdirir.
Qara müəllim ictimai
əsaslarla Azərbaycan Elmi-Tədqiqat Baytarlıq
İnstitutunun Elmi Şurasının və Ekspert
Komissiyasının üzvü, Rejim komissiyasının sədri,
İkinci Dünya müharibəsi, əmək, silahlı
qüvvələr, mühafizə orqanları veteran təşkilatlarının
Nəzarət-Təftiş Komissiyasının sədri vəzifələrini
icra edir.
Q. Sarıyev söhbətimizin
sonunda onu da dedi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin
Azərbaycanda yenidən hakimiyyətə qayıdışı
ilə müharibə veteranlarına münasibətdə haqq-ədalət
öz yerini tutdu. Bu dahi şəxsiyyət bizim xidmətlərimizi
çox yüksək qiymətləndirdi və veteranlara
qayğı göstərmək barədə fərman verdi.
Biz müharibə veteranları bu gün çox xoşbəxtik
ki, bu siyasi kurs hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən
də davam etdirilir. Dövlət başçımızın
1941-45-ci illər müharibəsi
iştirakçılarına daim diqqət yetirməsi də
bunun əyani sübutudur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 5.