Otuz beş il əvvəl, 1974-cü il iyunun 21-də

 

Azərbaycan partiya fəalları yığıncağında respublikada bədən tərbiyəsi və idmanın problemləri haqqında açıq və prinsipial söhbət getmişdir

 

Bugünkü böyük qələbələrimizin təməli də məhz həmin gün qoyulmuşdur. Yaşlı nəslin, xüsusən də idman ictimaiyyəti nümayəndələrinin yadında olar, Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev yığıncaqda idmanımızın bütün sahələrini əhatə edən geniş nitqində yaranmış vəziyyəti hərtərəfli təhlil etmiş, irəliləyişə mane olan nöqsan və çatışmazlıqları göstərmiş, gümrahlıq və sağlamlıq məşğələlərinin məişətimizə daha möhkəm daxil edilməsi, kütləviliyin artırılması, böyük idmanda isə yüksək nailiyyətlər qazanılması yolları üzərində dayanmışdı.

 

Azərbaycan rəhbəri buna qədər görülmüş işlərin respublikanın imkanlarına heç də uyğun gəlmədiyini bildirərək qeyd etmişdi ki, məhz bu səbəbdən bədən tərbiyəsi və idmanı daha da inkişaf etdirmək tədbirləri məsələsini partiya fəalları yığıncağının müzakirəsinə vermək zərurəti yaranmışdır. H. Ə. Əliyev nitqini yekunlaşdırarkən isə demişdi ki, bu, respublika partiya fəallarının ilk mötəbər yığıncağıdır ki, kommunist tərbiyəsi sahəsində işimizin ən mühüm cəhətlərindən birini hərtərəfli müzakirə etdi.

Respublikada böyük əks-səda doğuran və idman ictimaiyyətimizin ürəyindən olan yığıncaqda Azərbaycan idmanının yetirdiyi ən görkəmli mütəxəssislərdən biri, yüngül atletika üzrə SSRİ əməkdar məşqçisi Əfqan Səfərov da çıxışında bu tədbirin əhəmiyyətini böyük razılıq hissi ilə qeyd etmişdi: – Azərbaycan idmanının ağsaqqallarından biri kimi deyə bilərəm ki, respublika partiya fəallarının indiki yığıncağı bədən tərbiyəsi və idmanın inkişafına Azərbaycan KP MK-nın göstərdiyi qayğının yeni parlaq təzahürüdür. Bu yığıncaq Azərbaycanda idman hərəkatına çoxdan bəri ehtiyac duyulan bir təkan olacaqdır.

Hadisələrin sonrakı gedişinin təsdiq etdiyi kimi, partiya fəalları yığıncağı Azərbaycan idmanında tarixi bir hadisəyə çevrilib, gələcək uğurlarımız üçün gözəl zəmin yaratdı. Məhz həmin tədbirdən sonra idman təşkilatlarımız öz işlərini yığıncağın qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində qurub, fəaliyyətlərini canlandırdılar, MK rəhbərinin qeyd etdiyi bütün sahələrdə işin daha yaxşı aparılması, yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün qüvvə və bacarıqlarını səfərbərliyə aldılar. Görüləsi işlər isə çox idi.

Xalqın cansağlığını möhkəmlətməkdə, əmək məhsuldarlığını yüksəltməkdə, daxili zənginliyi, mənəvi saflığı və fiziki kamilliyi özündə cəmləşdirən yeni insan tərbiyə edilməsində səmərəli vasitə olan və adamlara nəcib keyfiyyətlər bəxş edən bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirən H. Ə. Əliyev yığıncaqdakı nitqində, yuxarıda qeyd etdiyimiz kimi, görülmüş işlərin respublikanın imkanlarına uyğun olmadığını diqqətə çatdıraraq, irəliləyişə mane olan çatışmazlıqları da göstərmişdi: “Başlıca nöqsan budur ki, biz fəhlələrin, qulluqçuların, kolxozçuların, ziyalıların, məktəblilərin bədən tərbiyəsi ilə müntəzəm məşğul olmasında əsil kütləviliyə nail ola bilməmişik. Halbuki Ümumittifaq yarışlarında və beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməyə qadir olan idman ustalarını yalnız bunun əsasında yetişdirmək və tərbiyə etmək mümkündür”.

Azərbaycan partiya təşkilatının rəhbəri nitqində təkcə Bakıya ümid bəsləməyib, digər şəhərlərdə və kənd rayonlarında da bədən tərbiyəsi və idman hərəkatının problemlərinə, bu hərəkatın inkişaf etdirilməsinə diqqəti artırmaq zərurətini xüsusi vurğulamış, bunsuz sabit müvəffəqiyyətlər qazanmağın mümkün olmadığını nəzərə çatdırmış, qadınları bədən tərbiyəsi və idmanla müntəzəm və fəal surətdə məşğələlərə cəlb etməyin böyük ictimai-siyasi vəzifə olduğunu bildirmiş, tələbə idmanının vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini, idman qurğularının sayının kifayət qədər olmadığını qeyd etmiş, mövcud qurğulardan səmərəli istifadə məsələsinin xüsusi əhəmiyyət kəsb etdiyini xatırlatmış, yeni qurğular yaratmaq barədə göstəriş vermişdi. Məktəb idmanına da mühüm əhəmiyyət verən H. Ə. Əliyev bu məsələ ilə əlaqədar demişdi ki, uşaqlar, oğlan və qızlar məhz məktəbdə ümumtəhsil fənləri üzrə bilik əldə etməklə yanaşı, fiziki cəhətdən də inkişaf etməli, orada hər bir oğlan və qıza bütün ömrü boyu bədən tərbiyəsi və idmana məhəbbət bəsləmək duyğusu aşılanmalıdır. Hər bir şagird başa düşməlidir ki, insan fiziki cəhətdən mətinləşmədən nə istehsalatda, nə elmdə, nə də mədəniyyətdə yüksək zirvələr fəth edə bilməz.

Beləliklə, respublikamızın rəhbəri öz nitqində bədən tərbəyəsi və idmanın bütün sahələrini hərtərəfli təhlil etmiş, əhali ilə aparılan işin vəziyyətini yaxşılaşdırmaq yollarını müəyyənləşdirmiş və öz tövsiyələrini vermişdi: “Bədən tərbiyəsi və idmana fikir vermək, məktəblilərin bədən tərbiyəsindən tutmuş ta qocalar arasında bədən tərbiyəsi-sağlamlıq tədbirlərinədək bütün mərhələlərdə bədən tərbiyəsinin və idmanın inkişafına daim qayğı göstərmək, yeni idman qurğularının tikilməsi və mövcud idman qurğularının yaxşılaşdırılması üçün bütün yerli imkanlardan istifadə etmək, bədən tərbiyəsi-idman işini ürəkdən sevən, kütlələri həmin işə cəlb etməyə qadir olan adamları axtarıb tapmaq, belə işin təşkilatçılarını hər vasitə ilə müdafiə etmək – respublikanın rayonlarında və şəhərlərində bədən tərbiyəsinin və idmanın inkişafı sahəsində geriliyi aradan qaldırmaq üçün partiya, sovet təşkilatlarımızdan, ictimai təşkilatlarımızdan tələb edilən bax budur”.

İndi, aradan 35 il keçdikdən sonra həmin respublika partiya fəalları yığıncağını ulu öndərə dərin minnətdarlıq hissi ilə xatırlayırıq. Heydər Əliyev respublikamıza rəhbərliyinin artıq beşinci ilində idman həyatımızda böyük dəyişikliklərə səbəb olan çox mühüm addım atmışdı. Məhz onun təşəbbüsü ilə keçirilən yığıncaqda Azərbaycanda bədən tərbiyəsi və idmanın vəziyyəti geniş müzakirə olundu və onu daha da yaxşılaşdırmaq yolları müəyyənləşdirildi.

Bunun bəhrəsini isə çox gözləmək lazım gəlmədi. Artıq bir il sonra təkcə paytaxtda 250 idman meydançası və şəhərciyi salındı. İndi Bakıdan başqa, respublikanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi. 1976-cı il isə Azərbaycan idmanı tarixində əsl zəfər ili oldu. Üç həmyerlimiz – voleybolçu İnna Rıskal, həndbolçular Rəfiqə Şabanova və Lyudmila Şubina Kanadanın Monreal şəhərində keçirilən dünya idmançılarının ən ali məclisi — Olimpiya oyunlarından SSRİ yığma komandası heyətində medallarla qayıtdılar və dərhal da Azərbaycan rəhbəri Heydər Əliyev qızları qəbul edərək onların bu qələbəsini – Şabanova ilə Şubinanın olimpiya çempionluğunu, Rıskalın gümüş mükafatını layiqincə qiymətləndirdi.

Burada böyük məmnuniyyətlə xatırlatmaq yerinə düşər ki, çox-çox sonralar, 2000-ci ilin finişində Beynəlxalq Voleybol Federasiyasının ekspertləri XX əsrdə dünyanın ən yaxşı iki qadın voleybolçusunu müəyyənləşdirərkən kubalı Reqla Torresdən sonra ikinci yeri məhz Heydər Əliyevin həmvətəni, Mexiko və Münhen Olimpiya oyunlarının çempionu, Tokio və Monreal olimpiadalarının gümüş mükafatçısı İnna Rıskala verdilər. Bizim hər birimizə, Azərbaycan idmanına, bütün ölkəmizə böyük qürur gətirən bu xəbər Beynəlxalq Voleybol Federasiyasının 12 dekabr 2000-ci il tarixli qərarında öz əksini tapmışdır.

Məhz Rıskal, Şabanova və Şubinanın olimpiya uğurlarından sonra azərbaycanlı qızların voleybol və həndbola, elə idmanın digər növlərinə də marağı daha da artdı, yerlərdə yeni-yeni bölmələr açıldı, məşğələlərə təcrübəli mütəxəssislər cəlb olundu, onların apardıqları məqsədyönlü və müntəzəm məşqlər sayəsində beynəlxalq yarışlarda idmanımızın şərəfini layiqincə qoruyan yeni istedadlar meydana çıxdı. Nəticədə mötəbər beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında fəxri kürsüdə təbrikləri və medalları qəbul edənlər sırasında respublikamızın qadın təmsilçiləri də alqışlandılar.

Bu gün biz Azərbaycanda qadınlar arasında bədən tərbiyəsi – idman hərəkatının inkişafında, qazanılmış qələbə və rekordlarda böyük xidmətləri olmuş neçə-neçə insanın adlarını sadalaya bilərik. Hələ ötən əsrin 30-cu illərində idmanla məşğul olmağa başlamış ilk azərbaycanlı qadınlardan biri, sonralar respublikada bədən tərbiyəsi və idman üzrə qadınlar şurasının sədri, gimnastika üzrə respublika dərəcəli hakim, uzun illər ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda (indiki akademiyada) bədən tərbiyəsi fənnini yorulmadan tədris etmiş Zeynəb Rzayeva, məşhur yüngül atletika ustası, dünya rekordçusu, 1964-cü il SSRİ çempionatının qızıl medalçısı Ziba Ələsgərova, sambo üzrə dəfələrlə dünya çempionu, cüdoda da bir çox mötəbər beynəlxalq yarışların iştirakçısı Zülfiyyə Hüseynova, voleybol ustaları Vera Lantratova, Alla Həsənova, Azərbaycan şahmat məktəbinin istedadlı yetirmələri kimi bir çox məsul yarışda respublikamızın şərəfini layiqincə qorumuş Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova, xokkeyçi Zeynəb Nuriyeva, Sidney Olimpiadasının çempionu və Afina Olimpiya Oyunlarının bürünc medalının sahibi stend atıcısı Zemfira Meftahəddinova, Yunanıstan paytaxtında onun kimi Olimpiadanın fəxri kürsüsünün üçüncü pilləsinə yüksəlmiş güllə atıcısı İradə Aşumova və bir çox başqaları... Onlar Azərbaycan idmanının görkəmli yetirmələridir.

Artıq diqqətinizə çatdırdığımız kimi, respublika partiya fəalları yığıncağında Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyevin nitqində uşaqların idman məşğələləri, məktəb və tələbə idmanı, yeni-yeni idman qurğuları yaradılması zərurəti də xüsusi qeyd edilmişdi. Tezliklə bu istiqamətlərdə də irəliyə doğru inamlı addımlar atıldı. Nəticədə ötən əsrin 70-ci illərinin ikinci yarısı respublikada bədən tərbiyəsi və idmanın yüksəliş dövrü ilə əlamətdar oldu. Statistikaya görə 1977-ci il yanvarın 1-dək Azərbaycanda 996,9 min idmançı (o cümlədən 262,5 min qadın), 2522 SSRİ idman ustası, 16 SSRİ əməkdar idman ustası, 10 SSRİ əməkdar məşqçisi, hər birində tribunaları 1500-dən çox tamaşaçı tutan 36 stadion, 2764 futbol, 4882 voleybol, 1662 basketbol meydançası, 86 atıcılıq tiri, 17 üzgüçülük hovuzu, 845 idman salonu var idi.

Bundan bir neçə il sonra keçirilən Qazax – Bakı atçılıq yürüşü də Azərbaycanın idman həyatında tarixi hadisəyə çevrildi. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Qasım İsmayılov (indiki Goranboy), İsmayıllı, Göyçay, Şamaxı və digər rayonların ərazisindən keçən, otuz nəfərin iştirak etdiyi bu qeyri-adi tədbirin təşəbbüsçüsü respublikanın əməkdar məşqçisi Fikrət Hüseynov idi. Atçapanlar olduqları rayonlarda həm də çövkən, sürpapaq oyunlarını nümayiş etdirirdilər. O zaman mən “İdman” qəzetinin əməkdaşı kimi yürüşün gedişini işıqlandırırdım və onun necə böyük bir bayrama çevrildiyi yaxşı yadımdadır. Hər yerdə adamlar yürüş iştirakçılarını gül-çiçəklə qarşılayır, oyunları maraqla izləyir, qədim ənənələrimizi yaşatdıqlarına görə çaparlara təşəkkür edir, ağsaqqallar isə göz yaşlarını gizlətmirdilər. Bir sözlə, unudulası hadisə deyildi...

Bax beləcə, respublika partiya fəalları yığıncağının qarşıya qoyduğu vəzifələr idman təşkilatlarımızı böyük işlərə səfərbər etmişdi və həyata keçirilən təxirəsalınmaz tədbirlər öz nəticəsini verirdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərliyinin ikinci dövründə də bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamaqla idmanımızın və idmançılarımızın ən yaxın dostuna çevrildi. Ulu öndərin çıxışlarından birində bütün ölkəyə qətiyyətlə bəyan etdiyi “Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz” sözləri isə idman ictimaiyyətimizi daha da ruhlandırdı.

Heydər Əliyevin bədən tərbiyəsi və idmana daimi qayğısı Azərbaycanda sağlam gənc nəsil yetişməsi və məşhur ustalar hazırlanması işinə güclü təkan verdi. Maddi-texniki bazanın durmadan möhkəmləndirilməsi, təlim-məşq toplanışları üçün ideal şərait yaradılması, bir-birindən yaraşıqlı olimpiya idman kompleksləri inşa edilməsi və onların qapılarının həvəskarların üzünə taybatay açılması nəticəsində ölkədə idman ən qabaqcıl sahələrdən birinə çevrildi. Tez-tez Azərbaycanda keçirilən mötəbər beynəlxalq turnirlərin, dünya və Avropa çempionatlarının yüksək səviyyədə təşkili, bu yarışların iştirakçılarının Bakıdan evə Azərbaycan qonaqpərvərliyi, Azərbaycan həqiqətləri haqqında zəngin təəssüratla qayıtmaları ilk növbədə ümummilli liderin idmanımıza böyük diqqətinin, hərtərəfli köməyinin nəticəsi idi və təbii ki, hamıdan çox onu sevindirirdi.

İndi müstəqil dövlət olan Azərbaycanın dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq meydanda ölkəmizin qüdrətini və imkanlarını inamla nümayiş etdirməsi, ümumdünya idmançılar ailəsində layiqli yer tutması Heydər Əliyevin müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Bədən tərbiyəsi – idman işlərinin yaxşı şəraitdə, günün tələbləri səviyyəsində qurulmasında 2000-ci ildən başlayaraq respublikamızda bir-birinin ardınca istifadəyə verilən müasir idman qurğularının rolu böyükdür. Dövlətin idmana daimi qayğısının daha bir parlaq təzahürü olan bu sağlamlıq mərkəzlərinin bir çoxu ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə ucaldılmışdır. Bu gün Bakı, Gəncə, Naxçıvan, Şəki, Bərdə, Lənkəran, Quba, Şamaxı, Qazax, Masallı və s. yerlərdə Azərbaycan idmanına, onun daha da tərəqqisinə xidmət edən yaraşıqlı olimpiya kompleksləri fəaliyyət göstərir. Onlardan hələlik sonuncusu, sayca 19-cusunun lap bu yaxınlarda Şəmkirdə açılış mərasimi olmuşdur. Yaxın vaxtlarda isə digər bölgələrdə də əhalinin istifadəsinə belə komplekslər veriləcəkdir. Azərbaycan idmançıları son bir neçə ildə inşa olunmuş Taekvondo İdman Mərkəzinin, Yaxt-klubun, Otüstü Xokkey Bazasının, Stend Atıcılığı Kompleksinin və bir sıra başqa idman qurğularının da xidmətindən məmnuniyyətlə istifadə edirlər.

Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycanda idman əsl tərəqqi yoluna qədəm qoymuşdur. Prezident Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 26 iyul 1994-cü il tarixli fərmanı ölkədə idmanın inkişafına güclü təkan vermişdir. Həmin vaxtdan bəri ölkənin baş idman idarəsi artıq 15 ildir ki, idmanımızın yeni-yeni zirvələr fəth etməsi naminə qarşısında duran vəzifələri müvəffəqiyyətlə həyata keçirir. Nazirliklə Milli Olimipiya Komitəsi bütün idman təşkilatlarımızı, ayrı-ayrı federasiyaları vahid bir komanda şəklində öz ətraflarında möhkəm birləşdirmişlər və idmanımızın daha da tərəqqisi yolunda inamlı addımlarla irəliləyirlər. Birgə səylə məqsədyönlü fəaliyyət və bunun da nəticəsində təmsilçilərimizin dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında qazandıqları qələbə və medallar, ölkəmizdə yarışların yüksək səviyyədə təşkili beynəlxalq dairələrdə belə bir rəy yaratmışdır ki, müstəqil Azərbaycan Respublikası durmadan çiçəklənən qüdrətli bir idman dövlətinə çevrilmişdir.

Bununla da Heydər Əliyevin 2002-ci ilin noyabrında Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində öz nitqində ifadə etdiyi arzu tam həyata keçmişdir. Ulu öndər onda belə demişdi: “... İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir”.

Bu gün ümummilli liderə dərin ehtiramla qeyd edə bilərik ki, indi dünya Azərbaycanı bədən tərbiyəsi və idmanın dövlətin daimi qayğısı ilə əhatə olunduğu, olimpiya-idman kompleksləri tikintisinin geniş vüsət aldığı, idman və olimpiya hərəkatımızın çoxlarına nümunə göstərildiyi bir ölkə kimi tanıyır. Bununla əlaqədar ötən ilin fevralında respublikamızın qonağı olmuş Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun Bakıda keçirdiyi mətbuat konfransında söylədiyi bir fikri xatırlatmaq yerinə düşər. BOK-un rəhbəri qeyd etmişdi ki, 1994-cü ildə onun Azərbaycana ilk səfərindən sonra ölkədə olimpiya hərəkatının inkişafı üçün çox işlər görülmüş, çoxsaylı idman obyektləri tikilmişdir. Qonaq həmçinin bildirmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə idmanın inkişafına böyük diqqət yetirir və bu sahədə qazanılmış uğurlar müasir standartlara cavab verir.

İdmana göstərilən gündəlik qayğı və diqqət öz əksini beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruyan ustaların sıralarının getdikcə genişlənməsində tapır. Bu gün Azərbaycan idmanı, bütün xalqımız Namiq Abdullayev, Zemfira Meftahəddinova, Fərid Mansurov, Elnur Məmmədli, Mövlud Mirəliyev, İradə Aşumova, Rövşən Bayramov, Vitali Rəhimov, Teymur Rəcəbov, Aliyə Qarayeva və bir çox başqa məşhur yetirmələri ilə haqlı olaraq fəxr edir.

Azərbaycan gəncləri, Azərbaycan idmançıları on ilə yaxındır ki, respublikamızda bir-birinin ardınca istifadəyə verilən olimpiya-idman komplekslərində böyük həvəslə məşğul olur, ustalıqlarını artırırlar. Bakı, Gəncə, Naxçıvan və Şəkidə bu komplekslərin açılışı mərasimində ulu öndərin onların əhəmiyyətini necə yüksək qiymətləndirdiyi hamımızın yadındadır. Elə 2004-cü il martın 10-dan dahi şəxsiyyətin adını daşıyan və tutumuna görə bütün Qafqazda ən böyük örtülü idman qurğusu olan əzəmətli İdman-Konsert Kompleksi də məhz Heydər Əliyevin Azərbaycan idmanına əvəzsiz töhfəsidir.

Respublika partiya fəalları yığıncağında bədən tərbiyəsi və idmanın daim diqqət mərkəzində saxlanılması zərurətini xüsusi vurğulayan ümummilli lider ömrünün sonunadək idmançılarımızın ən yaxın dostu oldu. Ulu öndərin bu sahədə gördüyü işləri, həyata keçirdiyi tədbirləri bir qəzet yazısına sığışdırmaq mümkün deyil. O, həyatın bütün sahələrində olduğu kimi, idmanda da silinməz bir iz qoymuşdur. Təsadüfi deyil ki, Heydər Əliyev idmana göstərdiyi böyük qayğı və diqqətə görə Milli Olimpiya Komitələri Assosiasiyasının 1997-ci ildə İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş baş məclisində “Olimpiya ləyaqəti” mükafatı ilə təltif edilmişdir. Bu ali mükafata isə idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimləri layiq görülürlər.

Azərbaycan idmanının pərəstişkarları mötəbər yarışlar zamanı xalqımızın ümummilli liderini dəfələrlə hökumət tribunasında, idman ictimaiyyətinin nümayəndələri ilə görüşlərdə görmüş, ən yaxşı idmançılarımızın Olimpiya oyunlarına yolasalınma mərasimində onlara necə xeyir-dua verdiyinin, Olimpiadadan sonra isə nümayəndə heyətimizi qəbul edib, qazandıqları qələbə və medallara görə çempionları səmimi-qəlbdən təbrik edərək mükafatlandırdığının, onların sevincinə şərik çıxdığının şahidi olmuşlar. Qədirbilən bütün xalqımız kimi, güləşçilər, boksçular, voleybolçular, gimnastlar, atıcılar, şahmatçılar və idmanın digər növlərinin nümayəndələri də ulu öndəri daim minnətdarlıq hissi ilə xatırlayırlar.

İdmanımızın ağsaqqallarından biri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov ümummilli liderin vəfatından bir neçə gün sonra qəzetimizə müsahibəsində belə demişdi: – Əlbəttə, bu, bütün xalqımız üçün böyük itkidir. Biz şahmatçılar da Heydər Əliyevi özümüzə çox doğma, çox yaxın insan kimi tanıyırdıq və həmişə də tanıyacağıq. Onun şahmata xüsusi qayğısı daim yadımızda qalacaq. Heydər Əliyev elə şəxsiyyətlərdən idi ki, istənilən sahənin xalqımıza necə gərək olduğunu hamıdan yaxşı bilirdi. Belə ki, şahmatın intellektual oyun olduğunu və xalqımız üçün vacibliyini bizimlə görüşlərində dəfələrlə demişdi. Doğrudan da, onun respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində şahmat məktəblərinin təməlini qoyması, bütün rayonlarda şahmat məktəbləri tikilməsi barədə göstərişlərinin bəhrəsi bu günlər də aydın hiss olunur. Onun uzaqgörənliyini indi dərk edirik. O vaxtlar respublikamızda yaranan, sözün əsl mənasında, şahmat universitetləri indi qazandığımız uğurlara güclü təkan vermişdir. Biz şahmatçılar Heydər Əliyevə borcluyuq. Azərbaycanda şahmatın nə qədər uğurları, qələbələri varsa, onların hamısını ümummilli liderimizin adı ilə bağlayırıq.

Həqiqətən də, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində sürətli inkişafa dəqiq istiqamət verildi və bu gün təkcə şahmat federasiyası deyil, digər federasiyalar da onlara yaradılan şəraitdən tam razıdırlar.

Ən başlıcası isə idmanımızın bəxti gətirmişdir, estafet etibarlı əllərdədir. Bugünkü qələbələrimiz üçün hələ 35-40 il əvvəl yaxşı zəmin yaradan, Azərbaycan idmanına qayğı və diqqəti gündən-günə artırmaqla respublikamızı dünyaya nümunə göstərilən ölkələr sırasına çıxaran, 1996-cı ildə ilk dəfə müstəqil komanda kimi çıxış etdiyimiz Atlanta (ABŞ) Olimpiadasında Namiq Abdullayevin qazandığı gümüş medala hamıdan çox sevinən və bu mükafatı qızıla bərabər tutan ulu öndər Heydər Əliyevin başladığı işi bu gün möhtərəm Prezidentimiz, ölkə Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev kimi lider inamla davam etdirir.

 

 

Oqtay BAYRAMOV,

respublikanın əməkdar jurnalisti

 

Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 4.