Dövlətçiliyin və xalqın mənafeyi naminə
1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı tariximizin xüsusi mərhələsi,
əsaslı dönüş nöqtəsi oldu. Bu
qayıdış Azərbaycanın itirilmiş inamını
özünə qaytardı, sabaha, gələcəyə
ümidini artırdı. Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı tarixi zərurət, Azərbaycan
xalqının istəyi, Azərbaycanın başı üzərində
dolaşan təhlükələrin aradan
qaldırılması idi.
Heydər Əliyev şəxsiyyəti
milli şüurumuzda özünə elə yer tutmuşdu ki,
Azərbaycanda ondan böyük lider qəbul olunmurdu və
hesab edirəm ki, bundan sonra da belə olacaq. Müdrik şəxsiyyət
Azərbaycanı idarə etməyin ən müasir üsulunu
göstərmişdi. Digər bir mühüm məsələ
isə ondan ibarət idi ki, Heydər Əliyev Azərbaycanı
idarə etməkdən daha yüksək bir səviyyəyə
qalxmışdı. Bu da Azərbaycanın dövlət
başçısının dünya səviyyəli bir lider
olduğunu göstərirdi. Bu mənada dahi şəxsiyyəti
əvəz edə biləcək kimsə təsəvvür
olunmurdu.
Hamımızın yaxşı
xatirindədir, sovetlər birliyi dağılandan sonra Azərbaycan
müstəqillik əldə etdi. Hərəkat
adlandırdığımız hadisələrin hər
anı göstərirdi ki, xalqı arxasınca apara bilən
lider yoxdur və belə bir liderə böyük ehtiyac var.
Separatçılıq, ölkənin parçalanması,
iqtisadi tənəzzül, mövcud olan potensialı
qoruyub-saxlaya bilməmək, təsərrüfatsızlıq,
azadlıq düşüncəsindən vulqar istifadə
texnologiyasının meydana çıxması və bu kimi digər
məsələlər xalqa, onun şüuruna diqtə edirdi
ki, mütləq böyük tarixi şəxsiyyət Heydər
Əliyev lazımdır. Ona görə də
düşünmək olmaz ki, hər hansı hərəkat, hər
hansı siyasi qüvvə, partiya Heydər Əliyevi yenidən
hakimiyyətə gətirdi. Bir daha qeyd etmək istərdim ki,
ulu öndəri yenidən hakimiyyətə Azərbaycan
xalqının yaşamaq inersiyası gətirdi. Hesab edirəm
ki, burada beynəlxalq aləm faktoru da ciddi məqamlardandır.
Təbii ki, beynəlxalq aləm Heydər Əliyevi
yaxşı tanıyırdı, onun dövlət idarəçiliyi,
dövlət quruculuğu işinə yaxşı bələd
idi.
Ümummilli lider bu məharətindən
faydalanırdı və Azərbaycana olan təzyiqləri dərhal
beynəlxalq sferaya çıxarırdı. Məsələnin
bu müstəvidə müzakirəsinə nail olmaq, qapalı
mühitdə hər hansı münaqişəyə imkan verməmək,
belə məsələləri tələb olunan səviyyədə
həll etmək kimi məqamlar Heydər Əliyevin dövlət
quruculuğu istedadının nəticəsi idi ki, bu da xalqa
lazım idi.
Respublikamızın hər yerində,
dünyanın bir sıra dövlətlərində 15 iyun Azərbaycan
dövlətinin, Azərbaycan xalqının xilas günü
kimi qeyd edildi. Bu gün qurtuluşumuzun bir simvoludur. Dünya
tarixində belə simvolluq həmişə mövcud olub.
O gün Azərbaycan
dağılmaqdan, məhv olmaqdan, hər hansı qeyri-demokratik
yola düşməkdən, hərc-mərclikdən, millət
kimi özünü təsdiq etmək ümidlərinin
qırılmasından, milli dövlət quruculuğu
istedadımızın olmaması barədə təsəvvürlərin
yaranmasından qurtuldu. Milli birlik, demokratik dövlət
yaratmağa nail olduq. Gerçəkliyə söykənən
müəyyən tarixi iddialarımız var idi ki, onlar həyata
keçirildi. Uzun müddət arzulanan, ümid edilən bir
şeyin puça çıxması millət
üçün ən böyük faciədir. Bunun
qarşısını məhz ulu öndər aldı.
Dövləti, xalqı məhv olmaq təhlükəsindən
xilas etdi.
15 iyun bizim üçün
müqəddəs bir gündür. Məhz həmin gündən
başlayaraq münaqişələr, milləti
parçalayacaq hadisələr, etnik
bütövlüyümüzü gözləyən təhlükələr
aradan qaldırıldı, elmə, mədəniyyətə
dağıdıcı baxışlar yox edildi. Həmin günə
qədər parlamentdə müzakirə mövzusu nə idi,
ondan sonra nə oldu? Bütün bunlar Milli Qurtuluş
Gününün fəlsəfəsini dərk etmək mənasındadır.
Qurtuluş Gününü qeyd etməyi ümummilli liderə,
onun oynadığı tarixi xidmətə bir ehtiram kimi də
qiymətləndirmək olar.
Xalq öz xilaskarını əbədi
olaraq yaddaşına həkk edir. Xilaskarlıq
missiyasını istər-istəməz xalqın iradəsini
ifadə edən şəxslər həyata keçirir. Bu
günü biz hər dəfə qeyd etməklə eyni zamanda
xalqın iradəsini də qeyd edirik. Xalqın iradəsini təmsil
edən lider xalqını ayaq üstə qaldıra bilir,
inkişafı lazımi relslər üzərinə qoya bilir,
bu mənada da bu günün qeyd edilməsinin böyük əhəmiyyəti
var.
Azərbaycanın gələcəyinin
müəyyənləşdirilməsində hamının
bildiyi kimi, müxtəlif amillər var. Birinci, ölkədə
siyasi sabitlik yaradıldı, qanunçuluq möhkəmləndirildi.
Düşüncəyə, intellektə hörmət meydana
çıxdı. Halbuki, 15 iyuna qədər əlinə silah
keçirən özünü hakimi-mütləq elan edirdi.
Bu mənada silahla danışmaq iddialarının, ölkənin
iqtisadi təsərrüfat
dağınıqlığının qarşısı
alındı. Müstəqil dövlətimiz dünyaya
inteqrasiya olunmağa başladı və bununla Azərbaycanın
dünyaya inteqrasiyasının əsası qoyuldu. Azərbaycan
neft siyasətindən başlamış mədəniyyət
siyasətinə qədər bütün sahələrdə
dünyaya inteqrasiya edir. Artıq dünya ilə danışmağın
dili tapıldı. Bunların hamısı gələcəyə
yönəlmiş addımlardır və bu qətiyyətli
addımlar qüdrətli şəxsiyyət Heydər Əliyevin
rəhbərliyi altında atıldı.
Təsadüfi deyil ki, 1993-cü
ilin ikinci yarısında Azərbaycan dövlətinin, Azərbaycan
dövlətçiliyinin həm daxildə sabitlik yaratmaqdan
ötrü güclü ideoloji-mənəvi, siyasi silahı
var idi, həm də dünya miqyaslı spektrlər
hazırlanmağa başlamışdı. Müdrik şəxsiyyət
hakimiyyətə yenidən qayıtdıqdan sonra 1994-cü ildə
Bakıda “Əsrin müqaviləsi” imzalandı. Hesab edirəm
ki, bu kimi məsələlər hərc-mərclik illərində
həyata keçirilə bilməzdi. Azərbaycanda sabitlik
yaranandan sonra dünyanın müxtəlif ölkələrindən
iş adamlarının ölkəmizə axını
başlandı. Azərbaycan dünyanın rahat, insan
üçün təhlükəli olmayan məkanlarından
birinə çevrildi ki, bu da özlüyündə
bütün sahələr üzrə inkişafın əsasını
qoydu. Təbii ki, qurtuluşdan sonra müəyyən nizamlanma,
harmoniyanın, ölkənin həyat ritminin bərpası
qısa bir zamanda elə bir vəziyyətə gəldi ki, Azərbaycan
dünyanın müasir ölkələrinin birinə
çevrildi.
1993-cü ilin 15 iyunundan
sonrakı hər gün qurtuluşun məntiqi
özünü göstərdi. Tam qətiyyətlə deyə
bilərik ki, 15 iyun müstəqilliyimizin, xalqımızın
xilas günü kimi tarixə düşsə də, bu gün
həm də Azərbaycanın xoşbəxt gələcəyinə
möhkəm baza, münbit şərait yaratdı.
Çağdaş dünyanın əsas hədəflərindən
biri də insan faktorunun yüksəldilməsi ilə
bağlıdır. 15 iyundan sonra Azərbaycanda bu sahədə
vəziyyət yüksək səviyyəyə
qaldırıldı.
Ötən XX əsrin ən dəhşətli
faktorlarından biri ölkədə yaranmış
böyük qaçqın və məcburi
köçkünlər ordusu idi ki, Azərbaycan əhalisinin
hər səkkizdən biri məcburi köçkünə
çevrilmişdir.Ağır həyat şəraiti,
yataqxanalar, çadır şəhərcikləri,
baxımsızlıq həmin adamların həyat tərzi idi.
15 iyundan sonra insan dəyərə sahib olmağa başladı.
Ulu öndər bütün işğal olunmuş
rayonların sakinləri, şəhid ailələri,
veteranlarla görüşü bu insanların bir daha
yaşamağa haqları olduğunu sübut etdi.
Ümummilli lider öz
yurd-yuvalarından didərgin salınan qaçqın və məcburi
köçkünlərin problemlərini Azərbaycan dövlətinin,
hökumətinin və şəxsən Azərbaycanın
dövlət başçısının həlli vacib
problemi hesab edirdi. Ulu öndər deyirdi: “Bu problem Prezident kimi
mənim qarşımda duran ən əsas vəzifədir və
daim hər gün, hər saat mənim diqqət mərkəzimdədir.
Qaçqınların, məcburi köçkünlərin
yaşadığı yerlərdə onların
yaşayış şəraitini daim
yaxşılaşdırmaq lazımdır. Bu, bizim əsas vəzifəmizdir.
Bizim ali vəzifəmiz, məqsədimiz işğal
olunmuş torpaqları azad etmək, Azərbaycanın ərazi
bütövlüyünü bərpa etmək və yerlərindən
didərgin düşmüş soydaşlarımızı
öz yurdlarına qaytarmaqdır”.
Ulu öndər qaçqın və
məcburi köçkünlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində bir-birinin ardınca
mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul
edirdi. Qaçqın və məcburi köçkünlərin
həyat səviyyəsinin
yaxşılaşdırılmasını dövlət
orqanlarının ən şərəfli vəzifəsi hesab
edirdi. Qüdrətli şəxsiyyət deyirdi: “Biz
qaçqınlara qayğı, diqqət məsələsinin
nə qədər mühüm olduğunu günü-gündən
dərk edirik və həmin problemlərin həlli bundan sonra
da bizim diqqət mərkəzimizdə olacaqdır”.
BMT Təhlükəsizlik
Şurası Dağlıq Qarabağ münaqişəsinin
tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş
ərazilərin azad edilməsi, qaçqın və məcburi
köçkünlərin doğma yurdlarına
qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 4
qətnamənin üçünü məhz ümummilli lider
Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışından sonra qəbul edib. BMT kimi nüfuzlu
bir qurumun Təhlükəsizlik Şurasının 1993-cü
ilin 29 iyulundan (buna qədər yalnız bir qətnamə qəbul
olunmuşdu) 11 noyabra qədər 3 qətnamə qəbul etməsi
böyük tarixi şəxsiyyət Heydər Əliyevin həm
siyasi qüdrətinin, həm də nüfuzunun nəticəsi
idi. Həmin dövrdə ölkədə iqtisadi problemlərin
mövcudluğuna baxmayaraq, yaranan hər bir cüzi iqtisadi
imkanı ulu öndər ilk növbədə qaçqın və
məcburi köçkünlərin sosial problemlərinin həllinə
yönəltmiş, problemin siyasi yolla həlli
üçün bütün imkanları səfərbər
etmişdi. Məhz ümummilli lider Heydər Əliyevin xarici
siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə bu
problemə olan münasibət Azərbaycan həqiqətlərinə
uyğun olaraq dəyişdiyindən, problemin əsl mahiyyəti
düzgün dərk edilməyə başlandı və tədricən
Azərbaycan problemlə əlaqədar öz mövqeyini
möhkəmlətdi. Bir daha dünya ictimaiyyətinə
sübut etdi ki, bu, Azərbaycan dövlətinin və
xalqının bir nömrəli problemidir.
1993-cü il iyunun 15-də yenidən
hakimiyyətə gələn, dövlətçiliyi və
xalqı düçar olduğu ağır bəladan, Azərbaycanı
parçalanmaqdan xilas edən ümummilli lider Heydər Əliyev
hər bir azərbaycanlının qəlbində əbədi
heykəlini ucaldıb. Həmin gündən başlayaraq Azərbaycanın
müstəqilliyi möhkəmləndirildi və əbədi
oldu.
Həvva MƏMMƏDOVA,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 3.