Mədəniyyət Turizm Nazirliyinin növbəti regional kollegiyası keçirilib

 

Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin növbəti səyyar-regional kollegiya iclası keçirilib. Gəncə şəhərinin, Tovuz, Şəmkir, Qazax, Samux, Ağstafa, Göygöl rayonlarının mədəniyyət və turizm şöbələrinin fəaliyyətinin müzakirə mövzusu olduğu toplantını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq qonaqları salamlayıb. O, belə tədbirlərin bölgələrdə keçirilməsinin mədəni proseslərə müsbət təsirini xüsusi vurğulayıb.

 

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı ilə kollegiya iclası işini davam etdirib. Nazir bildirib ki, belə kollegiyaların keçirilməsində əsas məqsəd dövlətimizin mədəniyyət siyasətinin yerlərdə uğurlu icrasına nail olmaqdır. Kollegiya iştirakçıları Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş şöbəsinin müdiri Azəri Əhmədzadənin Gəncə şəhəri və ətraf rayonlar üzrə hazırladığı təhlili məruzəni dinləyiblər. Sonra adıçəkilən rayonların müzakirəyə cəlb olunmuş mədəniyyət və turizm şöbələrinin rəhbərləri hesabatla çıxış ediblər. Eyni zamanda onlar fəaliyyətlərinə dair səslənmiş tənqidi fikirlərə və konkret faktlara münasibət bildirərək aydınlıq gətiriblər. Aşkar olunan nöqsanlar müzakirə olunmuş və aradan qaldırılması üçün müəyyən vaxt ayrılmışdır.

Kollegiya iclasında iştirak edən icra hakimiyyətlərinin başçıları qaldırılan məsələlərin müzakirəsində yaxından iştirak ediblər. Çox faydalı çıxışlar və dəyərli təkliflərlə müşayiət olunan iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müzakirə olunan məsələlərə münasibət bildirməklə yanaşı, dəyərli tövsiyələrini də iştirakçıların diqqətinə çatdırıb. Nazir bildirib ki, bu gün yerlərdəki mədəni proseslər dövlət tələbinə uyğun yeni yanaşmalar və radikal islahatlar tələb edir. Mədəniyyət sferasında çalışanları bu yöndə fəallığa və təşəbbüskar olmağa səsləyən Ə.Qarayev xüsusi olaraq diqqətə çatdırıb ki, ölkə başçısının sözügedən sahəyə göstərdiyi qayğı hər bir mədəniyyət işçisini daha fəal, daha işgüzar olmağa səsləyir. Eyni zamanda nazir onu da bildirib ki, bu bölgənin böyük turizm potensialı var və bütün imkanlardan yararlanmaq, xüsusilə Gədəbəy rayonunun turizm imkanlarından səmərəli istifadə etmək lazımdır.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və nazirlik kollegiyasının bütün üzvləri iştirak edib.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 21 iyun.- S. 3.