Sağlam körpə
sağlam gələcəkdir
Hər il
olduğu kimi, bu il də
17 iyun respublika səhiyyə işçilərinin
peşə bayramı
günü kimi ölkəmizdə geniş
qeyd olunmuşdur. Xətai rayonundakı 4 saylı uşaq poliklinikasının kollektivi
isə bu bayramı ikiqat sevinclə qarşılamışdır.
Bu da səbəbsiz
deyildi.
Həmin gün
“Tac-Mahal” şadlıq evində poliklinikanın kollektivi
özünün 20 illik yubileyini təntənə ilə qeyd
edirdi. Tədbirdə respublikanın tanınmış elm
xadimləri, səhiyyə işçiləri, Səhiyyə
Nazirliyi və Bakı Baş Səhiyyə İdarəsinin əməkdaşları,
Xətai Rayon İcra Hakimiyyəti
başçısının müavinləri Zaməddin Əkbərov,
Xeyrulla Hüseynov, eləcə də rayonun əksər tibb
müəssisələrinin və poliklinikaların baş həkimləri
iştirak etdirdi. Tədbiri giriş sözü ilə
açan 4 saylı uşaq poliklinikasının baş həkim
əvəzi, YAP Xətai rayon təşkilatının ərazi
üzrə sədri Məlakət Abdulla açaraq
qonaqları salamladı. Sonra o öz
çıxışında respublikada ana və
uşaqların sağlamlığının qorunması,
sağlam və xoşbəxt böyüməsi
yönümündə Azərbaycanın birinci xanımı,
Mehriban Əliyevanın bir çox layihələrə imza
atdığını xüsusi qeyd etdi. Bildirdi ki, rəhbərlik
etdiyi poliklinikanın 86 həkimi və 102 tibb personalı da səhiyyədə
aparılan islahatlarda və dövlət proqramından irəli
gələn tapşırıqların yerinə yetirilməsində
əllərindən gələni əsirgəməmişlər.
Bakı Baş Səhiyyə
İdarəsi adından çıxış edən Aygün
Əliyeva peşə bayramı və 20 illik yubiley münasibətilə
4 saylı poliklinikanın kollektivini təbrik etdi və bir qrup
əməkdaşa baş idarənin fəxri fərmanlarını
və qiymətli hədiyyələrini təqdim etdi. Xətai
Rayon İcra Hakimiyyəti başçısının I
müavini Zaməddin Əkbərov rayon icra hakimiyyətinin
başçısı Razim Məmmədovun adından
poliklinikanın əməkdaşlarını yubiley münasibətilə
təbrik etdi, son illərdə rayonda gedən
abadlıq-quruculuq işlərindən səhiyyə sahəsində
aparılan islahatlardan söz açdı. Z.Əkbərov bu
gün 160 min əhalisi olan Xətai rayon əhalisinə 14
ambulatoriya, 2 təcili yardım stansiyasında 800 həkim və
11000 tibb personalının xidmət göstərdiyini bildirdi və
Xətai Rayon İcra Hakimiyyəti adından 4 saylı
poliklinikanın kollektivindən bir qrupunu fəxri fərman və
diplomlarla təltif etdi.
Milli Məclisin
deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov
da dünyanın ən müqəddəs varlığı
olan uşaqların sağlamlığının
qayğısını çəkən tibb işçilərini
səmimi qəlbdən təbrik etdi və son illərdə
Prezident İlham Əliyevin bu sahəyə də xüsusi
qayğı və diqqət göstərdiyini
xatırlatdı. Natiq Heydər Əliyev Fondunun, onun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın
gördüyü xeyirxah işlərdən, həyata
keçirdiyi layihələrdən də ətraflı
danışdı və bütün bunların Azərbaycan
xalqının genefondunun sağlamlaşdırılmasına
misilsiz töhvələr verəcəyinə əminlik ifadə
etdi.
“Bu dilsiz,
ağızsız mələklərin sağlamlığının
qayğısını, zəhmətini çəkən həkimlərimizin
əməyi isə heç nə ilə müqayisəyə
gəlmir” deyən millət vəkili onlara ən xoş
günlər və işlərində uğurlar arzuladı.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 23 iyun.- S. 7.