Azərbaycanın bölgə adları yeni tədqiqat əsərində
Onomalogiya adlandırılan xüsusi adların tədqiqinə
keçən əsrin 60-cı illərindən başlansa da,
qısa zaman kəsiyində dilçiliyin bu sahəsi ilə
bağlı bir-birindən maraqlı xeyli tədqiqat əsərləri,
monoqrafiyalar, dərs vəsaitləri çap olunmuşdur.
Xüsusi adların – onomastik vahidlərin antroponim, etnonim,
hidronim, zoonim, kosmonim və s. yarımşöbələri ilə
müqayisədə onun toponimika bölümü daha geniş
tədqiqatçı auditoriyası cəlb etmiş,
onomalogiyanın bu şöbəsi ilə bağlı daha
sanballı elmi əsərlər yazılmışdır. Bu
da təsadüfi deyil. Dəfələrlə qeyd olunduğu
kimi, toponimika ilə bağlı təkcə dilçilər
deyil, tarixçi və coğrafiyaçı alimlər də
sanballı araşdırmalar aparmış, yeni-yeni elmi nailiyyətlərə
nail olmuşlar. Bu baxımdan filologiya elmləri doktoru Nəbi Əsgərovun
“Azərbaycanın makrotoponimləri” (Bakı, 2009; 486 s. elmi
redaktoru prof. M. Çobanov, rəyçilər: prof. Q. Məşədiyev,
f. e. d. İ.Kazımov) adlı kitabı öz elmi, ictimai və
ensiklopedik səciyyəsi ilə diqqəti cəlb edir.
Bu vaxta qədər Azərbaycan
ərazisində mövcud olan makrotoponimlərlə
bağlı bir çox tədqiqat əsərləri
yazılmış, ayrı- ayrı bölgələrin
xüsusi adları tədqiqata cəlb edilmiş, ancaq həmin
makrotoponimlər haqqında vahid, sistemli, ümumiləşdirilmiş
elmi əsər ortaya qoyulmamış, yazılan tədqiqat əsərləri,
əsasən, bir- birini təkzib etdiyindən və faktlara
müxtəlif mövqedən yanaşıldığından,
belə bir əsərin yaranmasına ciddi ehtiyac duyulurdu. Min
illərin ekstralinqvistik təsirlərinə məruz
qalmış adlarımız, eləcə də ayrı-
ayrı etnosların adı əsasında meydana gəlmiş
toponimlərimiz xeyli dəyişikliyə – fonoloji və
leksikoloji dəyişmələrə məruz qalaraq müəyyən
təhriflərə uğramışdır. Bu baxımdan bəzi
paleooykonimlərin etimoloji izahı ilə bağlı
deyilmiş fikirlərdə müxtəliflik özünü
göstərir, yekun fikir söyləmək isə xeyli çətinlik
yaradır. “Azərbaycanın makotoponimləri” kitabında həmin
araşdırmalar müəllif tərəfindən bir daha
saf- çürük edilərək oxucuya
çatdırılmış, yeni arqumentlərlə əsaslandırılmışdır.
Nəbi Əsgərovun
bu tədqiqat əsərində ən önəmli cəhət
odur ki, Azərbaycan Respublikası ərazisində hazırda
mövcud olan bütün şəhər və rayon adları
tarixi- linqvistik və etimoloji istiqamətdə tədqiqata cəlb
edilmişdir. Əsərin uğuru, elmi dəyəri, yetkinliyi
bir də ondadır ki, o, özündən əvvəl
deyilmiş bütün mülahizələrlə tanış
olmuş, onlara tənqidi münasibət bildirmiş, yeri gəldikcə
həmin fikirləri zənginləşdirmiş, bir peşəkar
tədqiqatçı kimi hər bir mənbəyə,
deyilmiş fikrə əsl alim etikası ilə
yanaşmışdır. Müəllif bu əsəri yazarkən
arxiv materiallarından, xarici elmi-tədqiqat əsərlərindən
tutmuş ölkəmizdə dərc olunmuş jurnal, qəzet
yazılarına, hətta rayon qəzetlərinə də
müraciət etmiş, onlardan mənbə kimi
yararlanmış, bəhrələnmiş, makrotoponimlərlə
bağlı xalq yaddaşında, el arasında, qorunub
saxlanılan rəvayət, əfsanə, xalq deyimlərinə
elmi cəhətdən yanaşmış, onlardan
faydalanmağa çalışmışdır.
Müəllif hazırda
mövcud olan oykonimləri araşdırmaqla kifayətlənməyərək,
tarixən mövcud olmuş adlara da münasibət
bildirmiş, onları da tədqiqata cəlb etmişdir. Ümumiyyətlə,
Nəbi Əsgərov bütün makrotoponimləri tarixi
aspektdə araşdırmış, hər bir tarixi dönəmdə
baş vermiş ad dəyişmələrini faktlara söykənərək
tədqiq etmişdir. Məsələn, Gəncə – Abbasabad
– Yelizavetpol – Gəncə – Kirovabad – Gəncə; Qarabulaq –
Malakan – Qaryagin – Sərdarabad – Qaryagin – Füzuli; Şəmkir
– Mütəvəkkiliyyə – Annino – Şamxor – Şəmkir;
Şəki – Nuxa; Dəstəfur – Daşkəsən və s.
Azərbaycan yenidən
müstəqillik qazandıqdan sonra bütün sahələrdə
olduğu kimi, toponimika sahəsində də uğurlu
addımlar atıldı, bir çox yabançı coğrafi
adlar öz tarixi, milli adlarımızla əvəz edildi. Müəllif
Jdanovun – Beyləqan; Puşkinin – Biləsuvar; Kirovabadın – Gəncə;
İliçin – Şərur adlandırılmasını
böyük nailiyyət hesab edir. Ölkəmizdə
milli-azadlıq hərəkatı geniş vüsət
aldığı illərdə – 1990-cı ildə
Naxçıvan Muxtar Respublikasının Türkiyə
Respublikası ilə sərhəddində “qala” vəzifəsini
yerinə yetirən Sədərək kəndi əsasında Sədərək
rayonu yaradıldı. Sədərək rayonunun mərkəzi
Heydərabad adlandırıldı. Bu qəsəbə (Heydərabad
– V. Ə.) 1970-ci ilin sonunda Sədərək kəndi
yaxınlığında salınmışdır. Müəllif
yazır: “Antroponim səciyyəli bu ad xalqımızın
böyük oğlu Heydər Əliyevin şərəfinə
Heydərabad adlandırılmışdır” (s. 334). Kitabda
yeri gəldikcə ümummilli lider Heydər Əliyevin həyat
və siyasi fəaliyyəti haqqında geniş məlumat
verilmişdir.
Əsərdə keçən əsrin
30-cu illərində qəzaların ləğv olunması ilə
əlaqədar aparılmış rayonlaşdırılma
prosesinin tarixi də öz əksini tapmışdır. Hər
bir rayonun yaranma tarixi, birləşdirilməsi, ayrılması
və s. məsələlər faktiki materiallarla, verilmiş fərmanlar
əsasında kitabda öz əksini tapmışdır.
Ölkəmizin ərazisindəki rayonların bəzilərinin
xeyli yaşı olsa da, bəziləri son illərdə
yaradılmışdır. Naxçıvan Muxtar
Respublikasında yaradılmış Kəngərli rayonu
ölkəmizin ən gənc, ən cavan xoronimlərindən
biridir. Bu rayon Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 19 mart 2004-cü il tarixli fərmanı ilə
yaradılmışdır. Kitabda yazılır: “Kəngərli
adlı inzibati rayonun yaradılması həm də bu qədim
türk etnosuna hörmət kimi dəyərləndirilməlidir”(s.
301).
Nəbi Əsgərovun elmi
yaradıcılığında onomastik vahidlərin
areallarının araşdırılması xüsusi önəm
daşıyır. Onun “Areal türk onomastik vahidlərinin
linqvistik xüsusiyyətləri” adlı monoqrafiyası bu
baxımdan dilçiliyimizdə öz elmi aktuallığı
ilə yadda qalmışdır. Müəllif öz elmi
ampulasına sadiq qalaraq “Azərbaycanın makrotoponimləri”
kitabında da bütün makrooykonimlərin areallarını
nəzərdən keçirmiş, türkoloji dilçilikdə
əsaslandırılmış etimolojci araşdırmalar Azərbaycan
dilçiliyində mübahisə doğuran bəzi fikirlərlə
qarşılaşdırılmışdır. Bu baxımdan
onun Biləsuvar oykonimi ilə bağlı gəldiyi nəticələr
elmi və düşündürücüdür. Tədqiqatlarda
“suvar” komponenti əsasən sabir türk tayfası kimi
araşdırılır. “Bilə” komponentinin
araşdırılmasında isə tədqiqatçılar tərəfindən
müxtəliflik özünü göstərir. Mənbələrdə
Biləsuvar – “belə”, “su”, “var”; farsca “baala”(uca),
“suvari”(atlı); ərəbcə “bela” (bədbəxtlik); eləcə
də “iki çay arasında yanmış çöl” kimi
izah edilmişdir. Nəbi Əsgərov isə “bilə”
komponentinin “bülər”, “bolqar” etnonimi əsasında
formalaşdığını faktlarla əsaslandırmışdır.
Biləsuvar oykonimi Bolqar +Suvar etnonimlərinin birləşməsindən
yaranmış oykonimdir. Bu fikri həmin bölgədəki
onomastik vahidlərin olması da təsdiq edir (Bolqar çay,
Mişar çay, Bolqar Göytəpə kəndi və s.).
Müəllif tərəfindən
Bakı, Gəncə, Ağdam, Qazax, Ouba və s. oykonimlərin
areallarının araşdırılması da əsərin
elmi səviyyəsinə müsbət təsir göstərmişdir.
“Azərbaycanın makrotoponimləri” adlı dərs vəsaiti
siyasi baxımdan da böyük əhəmiyyət kəsb
edir. Mənfur qonşularımız torpaqlarımıza, mədəniyyətimizə,
musiqimizə təcavüz etdiyi kimi, toponimlərimizə
qarşı da “səlib yürüşü”nə
başlamışlar. Onların iddialarına görə,
Naxçıvan, Beyləqan, Bərdə kimi protoazərbaycan,
türk mənşəli oykonimlər erməni mənşəlidir.
Müəllif elmi faktlara söykənərək həmin
qeyri-elmi fikirləri əsassız hesab etmiş, areal tədqiqatın
köməyi ilə belə qeyri-ciddi fərziyyələri
absurd muhakimə adlandırmışdır.
Nəbi Əsgərov ölkəmizin
ərazisində dəyişdirilmiş bəzi yer- yurd
adlarına da münasibət bildirmişdir. Müəllifə
görə, Qaradağ, Abşeron və Qobustan rayonları ərazisində
bir neçə Qobustan adlı yaşayış məntəqəsi
mövcuddur. Qobustan tarix muzeyi, Qobustan şəhəri (Mərəzə),
Qobustan qəsəbəsi, Qobustan rayonu, Bakı–Şamaxı
şose yolu kənarındakı Qobustan kəndi, eləcə
də Abşeron rayonu ərazisindəki Qobu kəndi eyni
kökdən yaranmışdır. Belə coğrafi
adların eyni ərazidə təkrarlanması, müəllifə
görə, dolaşıqlıq, çətinlik yaradır.
Böyük zəhmət hesabına işıq üzü
görmüş, ölkəmizin makrotoponimlərinə həsr
edilmiş bu kitab azərbaycanşünaslığa yeni
töhfə olmaqla yanaşı, ümumiləşdirilmiş
elmi sənədlər toplusu kimi də faydalıdır.
İnanırıq ki, bu əsər təkcə elm
adamları, tələbələr üçün yox,
bütövlükdə hər bir azərbaycanlı ailəsi
üçün lazımlı, faydalı, elmi dəyəri ilə
yaddaqalan stolüstü kitab olacaqdır.
Vilayət ƏLİYEV,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.- 2009.- 23 iyun.- S. 7.