Masallı: sosial siyasət fərəhli nəticələr
verir
Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində
həyata keçirilən tədbirlərin nəticələri
fərəhlidir. Bu ilin əvvəlində Azərbaycan
Prezidenti İlham Əliyevin söylədiyi fikirlər gələcəyə
daha nikbin baxmağımıza əsas verir: “Biz sosial siyasətimizi
bundan sonra da davam etdirəcəyik. Bütün sosial proqramlar
icra olunur. 2008-ci ildə minimum əməkhaqqı və minimum
pensiyaların baza həddi 50 faiz artmışdır və indi
Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta pensiya 120
dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir”.
Ölkəmizin qazandığı nailiyyətlərdə, sözsüz ki, Dövlət Sosial Müdafiə Fondunun da öz payı vardır. Fond üzrə ötən il və bu ilin beş ayında plan-proqnoz tapşırıqlarını artıqlaması ilə yerinə yetirən yerli qurumlardan biri də Masallı rayon şöbəsidir. Ülvi Nemətovun bacarıqla rəhbərlik etdiyi şöbə məcburi dövlət sosial sığortası, əmək pensiyası sahəsində idarəetməni və dövlət sosial sığorta sistemində fərdi uçotu bir yerli icra hakimiyyəti orqanı kimi uğurla həyata keçirir.
Ülvi Nemətovun bu barədə dedikləri:
— Azərbaycan Respublikası regionlarının 2009– 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında göstərilir ki, sosial təminat sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri sosial müavinətlərin ünvanlılığının təmin edilməsindən, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən az təminatlı hissəsinə xüsusi diqqət yetirilməsindən ibarətdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət proqramında bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Şöbəmiz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, o cümlədən “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını rəhbər tutur.
Şöbənin məcburi dövlət sosial sığorta vəsaitləri Dövlət Sosial Müdafiə Fondunun vahid sistemində cəmləşdirilir. Şöbənin gəlir və xərcləri proqnozu fondun büdcəsinin gəlir və xərclər göstəricilərinə uyğun olaraq təsdiq olunur.
Şöbəmiz tərəfindən 5 ay üzrə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 1231,6 min manata qarşı 1704,3 min manat və ya 138,4 faiz, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 369,1 min manata qarşı 369,4 min manat və ya 100,1 faiz, ümumilikdə isə 1600,7 min manata qarşı 2073,7 min manat və ya 129,5 faiz yerinə yetirilmişdir.
Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramının yerlərdə uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda da çoxlu yeni iş yerləri yaradılmışdır. Belə ki, 6 saylı Ərazi Vergilər İdarəsinin məlumatına əsasən, beş ayda 267 yeni iş yeri açılmışdır. Onlardan 11 nəfəri hüquqi şəxslərdə çalışanlar, 196 nəfəri fiziki şəxslər, 50 nəfəri fiziki şəxslərlə müqavilə əsasında işləyənlər, 10 nəfəri payıbəlli torpaqdan istifadə edən şəxslərdir. Yeni yaradılmış iş yerlərində çalışanlar tərəfimizdən məcburi dövlət sosial sığortasına cəlb olunmuşlar.
Şöbədə hazırda 27116 nəfər əmək pensiyaçısı uçotdadır. Onlardan 17667 nəfəri yaşa görə, 7804 nəfəri əlilliyə görə və 1645 nəfəri ailə başçısını itirdiyinə görə əmək pensiyası alanlardır. Hazırkı vəziyyətə 167 nəfərə yaşa görə, 84 nəfərə əlilliyə görə və 33 nəfərə ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin olunmuşdur.
“Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli sərəncamı əsasında, yaşa görə əmək pensiyası alan 3617 nəfərin əmək pensiyasının sığorta hissəsi 14,4 min manat, əlilliyə görə əmək pensiyası alan 6543 nəfərin əmək pensiyasının sığorta hissəsi 12,1 min manat, ailə başçısını itirdiyinə görə əmək pensiyası alan 2092 nəfər ailə üzvünün əmək pensiyasının sığorta hissəsi 6 min manat və cəmi 12252 nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsi 32,5 min manat artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 aprel tarixli sərəncamı əsasında “1941–1945-ci illər Böyük Vətən müharibəsinin 64-cü ildönümü ilə əlaqədar 79 nəfər müharibə iştirakçısının hər birinə 150 manat 586 nəfər müharibə iştirakçılarının dul qalmış qadınlarına və 384 nəfər arxa cəbhə iştirakçısının hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilmişdir.
Yeri gəlmişkən,
Masallı Rayon İcra Hakimiyyəti rəhbərliyinin, şəxsən
Qəzənfər Ağayevin yaxından köməkliyi sayəsində
pensiyaçıların öz pensiyalarını plastik
kartlarla bankomatlar vasitəsilə almalarından ötrü
DSMF rayon şöbəsi lazımi işləri layiqincə
yerinə yetirə bilmişdir. Masallıda pensiya ödənişi
“Kapitalbank”ın 6 bankomat aparatı vasitəsilə rahat həyata
keçirilir. Rayon mərkəzində
2, Ərkivan və Boradigah qəsəbələrində, habelə
Şərəfə və Yeddioymaq kəndlərində isə
1 bankomat əmək pensiyaçılarına və əhaliyə
xidmət göstərir. Bankomat sisteminə cəlb edilmə
Masallıda 100 faiz təmin edilmişdir.
Şöbədə vətəndaş
müraciətlərinə həssaslıqla
yanaşılır. Adamlar ehtiramla qarşılanır, ərizə
və şikayətlərə, daxil olan xidməti məktublara
vaxtlı-vaxtında baxılır. Bundan ötrü “Dövlət
qulluqçularının etik davranış qaydaları
haqqında” Qanunun tələblərinə ciddi riayət
olunur. Ötən beş ay ərzində Dövlət Sosial
Müdafiə Fondundan 78, rayon icra hakimiyyətindən 3, digər
idarə, müəssisə və təşkilatlardan 109, vətəndaşlardan
21 xidməti məktub və ərizə qəbul edilərək
vaxtında icrası təmin olunmuşdur.
Biz şöbədə olarkən
dövlət qulluqçusu pensiyası alan Əliniyaz Əkbərov,
Ağamməd Nuriyev və Böyük Vətən müharibəsi
veteranı, müvafiq şuranın sədri Atabala Hacıyev
Masallıda onlara göstərilən diqqət və
qayğıdan razılıqlarını bildirdilər:
— Rayonumuz son illər sürətlə inkişaf edir. İstər icra hakimyiyətinin başçısı Qəzənfər Ağayev və aparatın işçiləri, istərsə də icra hakimiyyəti orqanları, o cümlədən DSMF rayon şöbəsi əllərindən gələni edirlər ki, camaatın hər cür rahatlığı təmin olunsun.
— Buraya nə vaxt gəlsəm,
mehriban, gülərüz və işgüzar adamların əhatəsinə
düşürəm. Heç kəs diqqət və
qayğısını əsirgəmir. Bu, adamı fərəhləndirir.
Dövlət qulluqçuları məhz belə
olmalıdırlar.
— Sağ olsunlar, biz qocaları hər
zaman səbrlə, təmkinlə dinləyir, həvəslə
qanunu başa salır və kömək edirlər. Bu
qaydanı rayonda Qəzənfər müəllim qoyub, yerlərdə
isə ciddi riayət edirlər. Bu şöbədə hər
kəs işini peşəkar səviyyədə görür,
bizə ən yüksək insanpərvərlik münasibəti
bəsləyir. Çox razıyam...
Əlbəttə, başqa
cür ola bilməz. Əgər ölkə rəhbərliyi
daim öz siyasətində insan amilinə önəm verirsə,
sosial yönümlü iqtisadi siyasət yürüdürsə,
yerlərdə də bu, öz əksini beləcə
tapmalı, vətəndaşların maddi və mənəvi
rifahı hərtərəfli təmin olunmalıdır. Bu
baxımdan Masallı nümunəsi əsl örnəkdir.
DSMF-nin Masallı şöbəsi
tam kompyuterləşdirilib, mütərəqqi “Server” sistemi də
tezliklə tətbiq ediləcək. Şöbə
üçün rayonda yeni, müasir inzibati bina tikilib və
yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan sonra
faydalı iş əmsalı daha da yüksələcək, vətəndaşlara
xidmətin səviyyəsi bir qədər də artacaqdır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 23 iyun.- S. 5.