Yeni kitablar

 

“Peyğəmbər” ucalığından “Türkün dünyası”na

 

(Xalq şairi Zəlimxan Yaqubun iki yeni kitabı barədə incələmə)

 

Ömrünün və yaradıcılığının yetkin, məhsuldar çağını yaşayan xalq şairi Zəlimxan Yaqub parlaq istedadının bar - bəhrəsi olan yeni-yeni əsərləri ilə pərəstişkarlarını və ədəbi ictimaiyyəti sevindirməkdədir. Müstəqillik dövrü ədəbiyyatımızın ünlü əsərlərindən olan “Heydər dastanı”ndan sonra şairin ciddi poetik axtarışlarından yaranan “Peyğəmbər” poeması və türk sevgisinə çıraq tutan silsilə şeirləri — “Dünya türkün dünyası” toplusu bu yaxınlarda nəfis kitablar şəklində oxuculara təqdim olmuşdur.

 

Peyğəmbər

 

İslam peyğəmbəri həzrəti Məhəmmədin həyat və mübarizəsinin, şəxsiyyətinin bənzərsizliyini və ucalığını poetik sözün qüdrəti ilə nurlandıran coşğun təbli şair bu irihəcmli mənzuməsi ilə ədəbiyyatımızda dini mövzunu və çoxəsrlik poema janrını zənginləşdirmişdir. Uşaqlıqdan dinimizə sevgi, Məhəmməd peyğəmbər şəxsiyyətinə sonsuz rəğbət mühitində böyüyüb tərbiyələnən şair illər boyu qəlbində bəslədiyi bu müqəddəs duyğuları dövlət müstəqilliyimizin qapı açdığı din-imana qayıdış prosesində ərsəyə çatdıraraq poetik bir dastana çevirmişdir.

Poemanın əvvəlində — “Minacat”da üz tutduğu mövzunun ağırlığını və məsuliyyətini dərindən anlayan şair Ulu Yaradandan zəkasına nur, ilhamına qanad diləyir:

 

Düşdüm Peyğəmbərdən yazmaq eşqinə,

Sidq ilə, sevgiylə “Bismillah” dedim.

“Məndən əsirgəmə məhəbbətini,

Güc ver varlığıma, ya Allah” dedim.

Ağırdı bu işin altına girmək,

Çətindi bu yükə çiynini vermək...

Nur ver, işıq salım qaranlıqlara,

Dil ver, bal eləsin sözüm dilləri,

Yol ver, rahat gəzim bu mənzilləri.

Söz ver, İslam adlı dinindən yazım...

 

İslam mövzusuna, “Peyğəmbər” dastanına həyatının bütün əvvəlki gedişiylə gəlib çatan, amalından, imanından ilhamlanan Zəlimxan Yaqub İlahidən mədəd diləməklə yanaşı, müqəddəs “Quran”ı dəfələrlə oxuyur, dinimizin tarixindən, Məhəmməd peyğəmbərin həyatından bəhs edən qiymətli mənbələri — tarixi, elmi, bədii əsərləri də diqqətlə nəzərdən keçirir, bütün bunlardan öz qəhrəmanının poetik obrazını yaratmaqda məharətlə bəhrələnir. Əsərin məzmun və tarixi gerçəklik baxımından qüsursuz, kamil alınması üçün istedadlı qələm sahibi Şeyxülislam Hacı Allahşükür Paşazadənin məsləhətindən, akademik Vasim Məmmədəliyevin rəyindən faydalanmışdır. Kitabın redaktorları Hacı Mirəziz Seyidzadə və Hacı Azər Turan da ədəbi nəşrin səlis və nöqsansız işıq üzü görməsində şairin köməkçisi olmuşlar.

Zəlimxan Yaqub “Peyğəmbər”i niyə yazdım?" adlı ön sözdə poemanın yazılma səbəbini, əsər üzərində gərgin işini, məram və duyğularını belə açıqlayır: “Dəyərli oxucu! Həyatımın Borçalıda — Kəpənəkçidə keçən gənclik illəri, məni Əli Fəhmiyə qovuşduran tələbəlik çağları, taleyimin Heydər Əliyev mərhələsi, iki dəfə Məkkəni ziyarətim, qoca Şərqin gördüyüm və sevdiyim müqəddəs ziyarətgahları, qədim şəhərləri, oxuduğum elmi, bədii, tarixi kitablar silsiləsi, ucalığına heyran olduğum zirvələr ömrümün 60-cı pilləsinə qədəm basmağa başlayanda öz barını-bəhrəsini verdi — ”Peyğəmbər"i dünyaya gətirdi. Yaşadığım illərin təcrübəsi mənə deyir: “Zəlimxan, elə mövzular var ki, onlara gəncliyimdə yox, ancaq ömrün altmışında — yetmişində yaxınlaşa bilərsən”. “Peyğəmbər” də məhz belə yazıldı, belə yarandı".

Şair Məhəmməd peyğəmbərin həyat və mübarizəsinin ən önəmli məqamlarını, sadəcə, təsvir etmir, həm də mənalandırır, İslam dininin bəşəri mahiyyətini bu axarda açıb göstrəməyə çalışır. Poemada tarixlik müasirlik işığına qərq olur, peyğəmbərin ölməz şəxsiyyəti zamana və məkana sığmaması ilə səciyyələndirilir. Poemanı “Bir işıq doğulub gəldi dünyaya”, “Peyğəmbərin ürəyi”, “Xəlvət”, “Peyğəmbər və şairlər”, “Peyğəmbər Quran oxuyur”, “Merac gecəsi”, “Hicrət”, “Bədr savaşı” kimi xronikal fəsilləri şairin poetik ricətləri olan “And olsun qələmə”, “Əxlaq nuru, din işığı”, “Mən üzümü sənə tutub yazıram”, “Şairlik ziyarəti”, “Türk və İslam”, “İlahi” fəsillərindəki coşğun duyğularla tamamlanır, tarixi həqiqət bədii həqiqətə çevrilir. Bu baxımdan “Allahu-Əkbər!” ricəti müasirlərimizin imanının və inamının bədii ümumiləşdirməsi kimi səslənir:

 

Bir ələ güc verib yüz əl eyləyər,

Yazı gül, payızı xəzəl eyləyər,

Neyləsə, həmişə gözəl eyləyər,

Haqqı var, haqlıdır “Allahu- Əkbər!”

 

Şair peyğəmbər ucalığını “Əxlaq nuru, din işığı” fəslində böyük sevgi, çağlayan ilhamla sözə çevirir:

 

Ona məhəbbətimin

Yox çəkisi, ölçüsü.

Əxlaq zirvəsindədir

Yaradanın elçisi.

 

Ülfəti var, mehri var,

Cazibəsi, sehri var.

Peyğəmbər fərmanında

Tanrının öz möhrü var.

 

Zəlimxan Yaqubun hiss-həyacanları, İslami dəyərlərə bələdliyi və rəğbəti, Tanrı sevgisi, Peyğəmbər məftunluğu “Məkkənin himni”ndə zirvəyə çatır:

 

Yerdən göyə məhəbbət var,

Göydən yerə mərhəmət var,

Haqqa doğru hərəkət var,

Bircədi sifət Məkkədə.

 

Ər demişik ərənlərə,

Haqqa könül verənlərə,

Məhəmmədi görənlərə

Var bir şərafət Məkkədə.

Söz köhlənini dünəndən bugünə, mənzildən mənzilə, yerlərdən göylərə qanadlandıran şair, nəhayət, qəlbinin atəşini bir dastanlıq sözə çevrib sona — “Əlhəmdülillah”a yetişir:

 

Məndən salam olsun ulu dərgaha,

Tapındım Tanrıya, yetdim Allaha,

Ölsəm də bir zərrə dərdim yox daha,

Çatdım muradıma, Əlhəmdülillah!

 

“Peyğəmbər” poeması çağdaş şerimizdə uğurlu bir hadisə olub, xalq şairi Zəlimxan Yaqubun iman əhlinə, Tanrı dərgahına sığınan soydaşlarımıza dəyərli töhfəsidir.

 

 

“Dünya türkün dünyası”

 

Zəlimxan Yaqubun ikinci yeni kitabı olan “Dünya türkün dünyası” toplusunda isə şairin sonsuz türk sevgisindən qaynaqlanan şeir və dastanların türkcəyə çevirmələri yer almışdır. Poetik nümunələri qardaş dilə Azad Anaroğlu çevirmişdir.

Türkiyə Cümhuriyyətinin Bakıdakı səfiri Hulusi Kılıç topluya yazdığı ön sözdə Zəlimxan Yaqubu Dədə Qorqudu, Manası, Ural Baturu, Koroğlunu yaradan dastançı şairlərin davamçısı kimi təqdim edir: “Adı və sənəti qardaş Azərbaycanın sərhədlərini aşaraq Türkiyəyə, İrana və bütün Türküstana yayılmış olan, dastanlarımızdan gələn xalq şairi və fikir adamı Zəlimxan Yaqubu da bu şəxsiyyətlərin arasında saya bilərik. Onun bu sıradakı yeri sağlam və möhtəşəmdir, zira o:

 

Haray sazı, ün sazı,

Ömür sazı, gün sazı,

Köksümdə türkün sazı.

Dilimdə dastan gəldim.

 

Buludlardan üzüldüm,

Çiçəklərə düzüldüm.

Füzulidən süzüldüm

Axdım Yunusdan gəldim

 

— deyərək haradan gəldiyini və bu yolun onu haraya aparacağını lap gənc yaşlarından etibarən bəlirləmiş olan bir düşüncə insanıdır”.

 

Səfirin bu tanıtması Zəlimxan Yaqubun həyat və fəaliyyəti barədə yığcam bioqrafiya ilə davam edir, kitaba daxil edilmiş əsərlər barədə məlumat verilir. Professor Həsən Əzizoğlunun “Söz ilə sazın birliyini yaşadan şair” adlı yazısında Azərbaycan şairini türk dünyasında tanıdan başlıca xüsusiyyətlər önə çəkilir, Zəlimxan Yaqubun bənzərsizliyi açıqlanır: “Dədə Qorqudda ”saz”, Koroğluda “misri qılınc”, Camidə “duyğu”, Nəsimidə “insan”, Füzulidə “Məcnun”, Xəyyamda “şərab”, Hafizdə “bülbül”, Sabirdə “millət”, Müşfiqdə “tar”, Bəxtiyarda “ana dili” olduğu kimi, dostum Zəlimxanın bəhrələndiyi qaynaq “saz”dır”.

Topluya şairin türklüyü tərənnüm edən “Ruh”, “Savaşan türk”, “Nazim Hikməti oxuyarkən”, “İstanbul qızı”, “Memar Sinan”, “Mövlanə türbəsində”, “Qurbanam, türkə qurban”, “Dadaloğlunda”, “Salam olsun”, “Atatürk köşkündə keçən günlərim” kimi məşhur şeirləri də daxil olmaqla, 43 şeiri daxil edilmişdir. Zəlimxan Yaqubun “Kərkük”, “Saz”, “Yunus Əmrə” və “Sən getməsən mən getmərəm” dastanları da kitabda yer almışdır.

Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikrinin epiqraf seçildiyi “Qurbanam, türkə qurban” şeiri toplunun ümumi yönünü, ruhunu yaxşı ifadə edir:

 

Tanrının əsəridir,

Bilsən haradan gəldi,

Çırpdı qanadlarını,

Enib göylərdən gəldi.

 

Can içində can nədir?

Damardakı qan nədir?

Altay, Türküstan nədir?

Bu eşqi dərkə qurban.

 

“Dünya türkün dünyası” Zəlimxan Yaqubun yaxın-uzaq ellərdəki türkdilli oxuculara qardaş salamı, könül sovqatı kimi diqqəti cəlb edir. Sevimli şairimizi yenicə işıq üzü görmüş hər iki kitabına görə oxucularımız adından təbrik edir, tükənməyən həvəsinin və sönməyən ilhamının yeni-yeni əsərlərə çevrilməsini arzu edirik. Qoy “Peyğəmbər” ucalığından “Türkün dünyası”na yol alan şairimizin səsi həmişə söz zirvələrindən gəlsin!

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2009.- 21 iyun.-  S. 7.