Gürcüstanla mədəni əlaqələr
genişlənir
Bu yaxınlarda Gürcüstanda Azərbaycan Mədəniyyəti
Günləri keçirilmişdir. Qonşu ölkəyə səfər
etmiş nümayəndə heyətinə Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri cənab
Əbülfəs Qarayev rəhbərlik etmişdir.
Gürcü
tamaşaçıları və orada yaşayan
soydaşlarımız qarşısında xalq artisti Teymur
Göyçayevin bədii rəhbəri və baş dirijoru
olduğu Dövlət Kamera Orkestri, xalq artisti Afaq Məlikovanın
rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı,
Dövlət Pantomima Teatrının kollektivi, xalq artisti Rauf
Babayevin rəhbərliyi ilə “Qaya” ansamblı, Salman Qəmbərovun
“Bakustik-caz” qrupu, Ənvər Sadıxovun ansamblı, solistlərdən
vokal ifaçıları Samir Cəfərov, İnarə
Babayeva, muğam ifaçıları İlkin Əhmədov, Vəfa
Orucova, tarzən Rüfət Həsənov, kamança
ifaçısı Toğrul Əsədullayev, aşıq
Samirə Əliyeva çıxış etmişlər. Konsertlərin
rejissoru əməkdar incəsənət xadimi, professor Əli
Usubov olmuşdur. Bu barədə Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam
Hümbətov məlumat vermişdir. Məlumatda deyilir ki, əvvəlcə,
Tbilisidəki “Tbilisi Kortiat” mehmanxanasında Gelati Elmlər
Akademiyasının akademiki, professor Rövşən
Mustafayevin “Mirzə Şəfi nəğmələri”
kitabının təqdimat mərasimi ilə Gürcüstanda
Azərbaycan mədəniyyəti günləri
başlanmışdır.
Tədbiri Azərbaycan
Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev
açmışdır. Səfir həyat və
yaradıcılığı Tbilisi ilə sıx bağlı
olmuş Mirzə Şəfinin ömür yolundan geniş
söhbət açmışdır.
Kitabda Azərbaycan
və gürcü xalqları mədəniyyətlərinin
yaxınlaşmasında mühüm
rolu olan M.Ş.Vazehin
yaradıcılığının unudulmaz və az məlum olan,
rus dilindən tərcümələrin toplandığını
deyən N.Əliyev bu nəşrin siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin
gərgin əməyi
nəticəsində ərsəyə
gəldiyini bildirmişdir.
N.Əliyev hər iki ölkənin mədəniyyət nazirlərinin
bu tədbirdə iştirakından məmnunluğunu
vurğulamışdır. Diplomat bu ərazidə
tarixi keçmişin
bərpası istiqamətində
addımlar atılmasını
təklif etmişdir. Demişdir ki, həmin binanın bərpası sayəsində
xalqlarımızın qədim
mədəni əlaqələrinə
işıq salınması
ilə yanaşı, bu sahədə əməkdaşlığımızın daha da inkişafına
nail olmaq mümkündür.
Mirzə Şəfi
ilə gürcü şairi Nikolaz Barataşvilinin taleləri
arasındakı oxşarlığa
diqqəti cəlb edən N.Əliyev kitabın müəllifi, xalqımızın vətənpərvər
oğlu, həyatdan erkən köçmüş
istedadlı alim Rövşən Mustafayevin
də vaxtilə Gürcüstanla sıx əlaqəsi olduğunu vurğulamışdır. O, səfirliyin
təşəbbüsü ilə Tbilisinin “Unniversal” nəşriyyatında
işıq üzü
görmüş bu kitabı Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin
inkişafı tarixində
orijinal fakt adlandırmışdır. Mərasimdə Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın
mədəniyyət, abidələrin
mühafizəsi və
idman naziri Nika Rurua, Gürcüstan
Yazıçılar Birliyinin
sədri Mağvala Qonaşvili, şair-tərcüməçi İmir
Məmmədli və başqaları çıxış
edərək mərhum professor
R.Mustafayevin “Mirzə Şəfi nəğmələri”
kitabının təqdimatı
ilə rəsmən açılan Gürcüstanda
Azərbaycan Mədəniyyət
Günlərinin dost gürcü xalqının
Azərbaycan ədəbiyyatı,
incəsənəti və
musiqisi ilə yaxından tanışlığında
mühüm rol oynayacağına əmin olduqlarını bildirmişlər.
R.Mustafayevin həyat yoldaşı, Azərbaycan
Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun
direktoru Aytən Mustafayeva tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını ifadə etmişdir.
Təqdimat mərasimində
Azərbaycan-Gürcüstan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın Bakıdakı
səfiri Nikoloz Natbiladze iştirak etmişlər.
Gürcüstanda Azərbaycan
Mədəniyyəti Günləri
çərçivəsində iyunun 16-da Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında
Bakıdan gəlmiş
incənəsət ustalarının
iştirakı ilə
konsert olmuşdur. Konsertdən əvvəl hər iki ölkənin
dövlət himnləri
səsləndirilmişdir. Gürcüstan
mədəniyyət, abidələrin
mühafizəsi və
idman naziri Nika Rurua qonaqları
salamlayaraq Azərbaycan
Mədəniyyət Günlərinin
keçirilməsindən məmnunluq
duyduğunu bildirmişdir.
Belə tədbirlərin, görüşlərin
dostluq əlaqələrinin
daha da möhkəmləndirilməsinə
xidmət etdiyini vurğulayan N.Rurua Azərbaycan və gürcü xalqlarının
tarixi bağlılığına
diqqət çəkmiş
və demişdir ki, bu dostluğun
qədim tarixi vardır, bundan sonra da davam
edəcəkdir.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyəti adından qonaqpərvərliyə görə
təşəkkür etmişdir.
Azərbaycan və gürcü
incəsənət xadimlərinin
mehriban əlaqələrindən
söhbət açan
Ə.Qarayev son illər qarşılıqlı
mədəniyyət günlərinin
keçirilməsində fasilələrə
yol verildiyini və bu məsələnin
Azərbaycan və Gürcüstan prezidentlərinin
tövsiyəsi ilə
həllini tapdığını
demişdir. Ə.Qarayev
bildirmişdir ki, Azərbaycan incəsənət
ustaları gürcüstanlı
tamaşaçılar üçün
maraqlı proqram hazırlamışlar. Müstəqil
Azərbaycanın müstəqil
Gürcüstanda mədəniyyət
günlərinin keçirilməsindən
məmnunluq duyduğunu
vurğulayan nazir bu bayram münasibətilə
tədbir iştirakçılarını
təbrik etmişdir.
Konsert Eldar Mansurovun “Azərbaycan” xoreoqrafiya süitası ilə başlamışdır.
Müğənnilər Vəfa
Orucova, İlkin Əhmədov, aşıq
Samirə Əliyeva və başqalarının
ifa etdikləri mahnılar tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanmışdır. Azərbaycan Dövlət Rəqs Ansamblı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları tamaşaçıların
rəğbətini qazanmışdır.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevi Gürcüstan Prezidenti Mixeil Saakaşvili qəbul etmişdir.
Gürcüstanda Azərbaycan
Mədəniyyəti Günlərinin
iştirakçıları ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla anmışlar.
Əklilqoyma mərasimində
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, respublikamızın
Gürcüstandakı səfiri
Namiq Əliyev, Azərbaycan-Gürcüstan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Qənirə Paşayeva iştirak etmişlər.
Gürcüstan Mədəniyyət,
Abidələrin Mühafizəsi
və İdman Nazirliyində keçirilən
görüşdən sonra
nazirlər Əbülfəs
Qarayev və Nika Rurua birgə
brifinq keçirmişlər.
Nika Rurua azərbaycanlı həmkarı
ilə gələcək
fəaliyyət planlarını
müzakirə etdiklərini
bildirmişdir. Əbülfəs
Qarayev jurnalistlərin
“Gürcüstanda qədim
Azərbaycan və türk abidələrinin dağılmaq təhlükəsi
var. Gürcüstanlı həmkarlarınızla görüşdə bu barədə söhbət
aparıldımı?” sualını
cavablandıraraq demişdir
ki, təəssüf ki, həm Azərbaycanda,
həm də Gürcüstanda abidələrin
qorunması məsələsində
problemlər vardır.
Bu istiqamətdə tədbirlər
görülür və
nazirliklərin mədəniyyət
üzrə komissiyalarının
iclası keçiriləcəkdir.
İclasda bu qəbildən olan problemlərin həlli yollarına baxılıb birgə fəaliyyət planı işlənib hazırlanacaqdır.
Ə.Qarayev demişdir ki, gürcü həmkarlarımla Tbilisinin
Nəbatat bağında
azərbaycanlı ictimai
xadimlərin dəfn olunduqları qəbiristanlığın
qaydaya salınıb qorunması məsələləri
barədə də söhbət etdik və Gürcüstan tərəfi bu işi öhdəsinə götürdü.
Jurnalistlərin Qaxdakı gürcü teatrı ilə bağlı sualını cavablandıran
nazir teatrın normal fəaliyyəti üçün müvafiq
tədbirlər görüldüyünü
demişdir.
Sonra hər
iki nazir gələcəkdə mədəniyyət
xadimlərinin, yazıçı
və şairlərin,
musiqi kollektivlərinin
yaradıcılıq gecələrinin
keçirilməsi, qarşılıqlı
səfərlərin təşkil
olunması, birgə film çəkilişi layihəsinin də planlaşdırıldığını bildirmişlər.
Həmin gün Əbülfəs Qarayev Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini
ziyarət etmiş, onun fəaliyyəti ilə tanış olmuş, muzeyin xatirə kitabına ürək sözlərini
yazmışdır.
Ə.Qarayev Tbilisidəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan məktəbində
olmuş, bu təhsil ocağı şagirdlərinin rəsmlərindən
ibarət sərgiyə
baxmışdır.
Əbülfəs Qarayev mədəniyyət günləri
çərçivəsində Tbilisidəki “Karvansara” şəkil qalereyasında
müasir Azərbaycan
incəsənəti sərgisinin
açılış mərasimində
iştirak etmişdir.
Sərgidə 17 azərbaycanlı
fotoqrafın əsərləri
nümayiş etdirilir.
Həmin gün Azərbaycan incəsənət
ustaları Gürcüstan
azərbaycanlılarının yığcam yaşadıqları
Kvemo Kartli-Borçalı bölgəsinin
inzibati mərkəzi Rustavi şəhərində,
iyunun 18-də isə Bolnisi rayonunda geniş konsert proqramı ilə çıxış
etmişlər.
2009-cu il iyunun 18-də
Tbilisidəki K.Marcanişvili
adına Dövlət
Akademik Dram Teatrında Gürcüstanda
respublikamızın mədəniyyət
günləri çərçivəsində
Azərbaycan Dövlət
Pantomima Teatrının
yaradıcı kollektivi
Z.Zeynalovun “Maska” tamaşasını tamaşaçılara
təqdim etmişdir. Tamaşanı
əməkdar incəsənət
xadimi Bəxtiyar Xanızadə səhnələşdirmişdir.
O, həm də tamaşanın plastik həll üzrə rejissorudur. Tamaşanın
quruluşçu rəssamı
Qurban Məsimov, musiqi tərtibatçısı
Elman Rəfiyevdir. Əsas rollarda respublikanın əməkdar
artisti Nargilə Qəribova, Elnur İsmayılov, Bəhruz Əhmədli və Ceyhun Dadaşov çıxış etmişlər.
Mədəniyyət günləri
çərçivəsində Salman Qəmbərovun rəhbərliyi ilə “Bakustik-caz” qrupunun Tbilisidə tamaşaçılar
qarşısında çıxışı
da maraqla qarşılanmış və
dəfələrlə alqışlanmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 8.