Bu il Azərbaycanda turizm infrastrukturunun inkişafı
üçün əlavə tədbirlər həyata
keçiriləcək
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirib ki, turizmin inkişafı üçün indi əsas
məsələ istirahət mərkəzlərinin və
mehmanxanaların sayının artırılmasıdır.
Mədəniyyət və
Turizm Nazirliyi ölkə ərazisində turizm
zonalarının müəyyənləşdirilməsi
prosesini bu il tam yekunlaşdıracaq və bundan sonra hər bir
zonada infrastrukturun inkişafı planı hazırlanacaq. Nazir
deyib: “Buna görə də bölgələrdə kortəbii
inkişaf məhdudlaşdırılır. Hər zonanın
öz infrastruktur planı hazırlanacaq və turizmin
inkişafı həmin plana uyğun həyata keçiriləcək”.
Nazirin sözlərinə
görə, son illərdə ölkədə turizm
infrastrukturunun inkişaf etdirilməsi nəticəsində
xarici turistlərin sayı 40 faiz artıb. 2009-cu ildə 35
mehmanxana və motel tikilərək turistlərin istifadəsinə
verilib, daha 56 belə obyektin inşası isə davam etdirilir. Əbülfəs
Qarayevin sözlərinə görə, istirahət mərkəzlərinin
və mehmanxanaların sayının artması nəinki xidmətin
keyfiyyətinin yüksəlməsinə, həmçinin bu
sahədə ucuzlaşmaya gətirib çıxaracaq: “Hesab
edirəm ki, bu il turizm şirkətləri tərəfindən
keçən ilə nisbətən daha yaxşı şərait
yaradılıb. Bu il Azərbaycana gələn turistlərin
sayında çox böyük artım gözləmirik,
dünyada gedən böhranla əlaqədar, təxminən
5-10 faiz civarında olacağını
düşünürük”.
Qeyd edək ki, Əbülfəs
Qarayev Gəncəbasar zonasında yerləşən mədəniyyət
və turizm idarə və müəssisələrinin vəziyyəti
və fəaliyyətinin qiymətləndirilməsi
üçün təşkil olunan zona müşavirəsində
iştirak edib. Toplantıda nazir bu regiona gələn turistlərin
Gəncəbasar zonasının tarixi abidələri və mədəniyyət
obyektləri ilə də maraqlandığını
vurğulayaraq, onların vəziyyətinin
yaxşılaşdırılmalı olduğunu, bu sahədə
işlərin aparılmasının vacibliyini qeyd edib.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 8.