Unutsaq, unudularıq

 

Dünya bir pəncərədir...

 

Yer üzünün əşrəfi sayılan insan yalnız bir ömür yaşayır. Amma həyatın mənasını, şirinliyini hərə bir şəkildə görür, dərk edir. Kimisi Tanrının ona bəxş etdiyi ömür payını tamamilə boşa verir, özündən sonra heç bir iz qoymur, bəziləri isə ömrünü yalnız özünə, ailəsinə həsr edir. Belələri çox az xatırlanır, illər ötdükcə unudulub gedirlər. Amma elə insanlar da var ki, ömrünü elinə, obasına sərf edir, həyatın mənasını yaxşılıq, xeyirxahlıq etməkdə, qurub-yaratmaqda, savab əməllərdə görürlər. Həmin insanlar isə cismən həyatdan köçsələr də, əməlləri ilə ürəklərdə yaşayır, dünya durduqca xatırlanır, təqdir olunurlar. Tanınmış ziyalı, vaxtilə müxtəlif dövlət vəzifələrində çalışmış qayğıkeş insan, nəcib əməllər sahibi Muxtar Cavadov kimi...

 

Muxtar Rəzi oğlu Cavadov 1909-cu ildə Lerik rayonunun (keçmiş Zuvand rayonu) Tatoni kəndində anadan olmuşdur. Sadə kəndli ailəsində dünyaya gələn bu uşaq ilk yaşlarından qeyri-adiliyi ilə diqqəti cəlb edir, məntiqi, iti düşüncəsi, hazırcavablığı ilə yaşıdlarından seçilirdi. Məhz buna görə də valideynləri balaca Muxtara təhsil vermək qərarına gəlirlər. Bu məqsədlə onu Lənkəran şəhərindəki məktəblərdən birinə qoyurlar. O, 1918-1922-ci illərdə burada ibtidai təhsil alır. Sonra atası Muxtarı uzun illər dostluq etdiyi Mirəsgər xanın yanına gətirir. Mirəsgər xan da öz növbəsində dostunun övladını evində saxlayır, ona hər cür qayğı göstərir, təhsilini davam etdirmək üçün köməyini əsirgəmir. 1924-1926-cı illərdə Lənkərandakı müəllimlər seminariyasını müvəffəqiyyətlə bitirən Muxtar Cavadov doğma Tatoni kəndinə qayıdır. Lakin ailəsinin dolanışığının son dərəcə çətin olduğunu görən 17 yaşlı gənc Bakıya üz tutur. Suraxanıdakı neft mədənində çalışan Muxtar gündüzlər işləyir, gecələr isə fəhlə məktəbində təhsilini davam etdirir.

Ən böyük arzusu isə ali təhsil almaq, savadlı bir mütəxəssis kimi rayona qayıdıb məhz burada fəaliyyət göstərmək idi. 1931-ci ildə Müəllimlər İnstitutuna daxil olsa da, təhsilini tamamlamaq ona nəsib olmur. Belə ki, 1933-cü ildə atası vəfat etdiyindən o, təhsilini yarımçıq qoyub kəndə qayıtmaq məcburiyyətində qalır. Muxtar ailənin böyük övladı olduğu üçün, necə deyərlər, külfətin bütün yükü onun üzərinə düşür. Bütün çətinliklərə baxmayaraq, o işləyib, anasını, iki qardaşını, dörd bacısını və şikəst əmisini dolandırır, onlara maddi və mənəvi dayaq durur. Qonşu Rəzgöv kəndinə müəllim təyin olunan Muxtar Cavadov hətta qışın qarlı, çovğunlu günlərində uzun bir yol qət edərək işə gedir, uşaqları, çətinliklə də olsa məktəbə, təhsilə cəlb edirdi.

İşgüzarlığı, fədakarlığı diqqəti cəlb etdiyi üçün onu 1933-cü ildə kommunist partiyası sıralarına qəbul edirlər. 1935-ci ildə isə Muxtarı qonşu Hamarat kəndindən olan Höccət Əsgərovla birlikdə Bakıya Ali Partiya məktəbində təhsil almağa göndərirlər. 1938-ci ildə buranı müvəffəqiyyətlə bitirdikdən sonra hər ikisi rayona qayıdır və müxtəlif məsul vəzifələrə təyin olunur.

Həmin vaxt rayon partiya komitəsinə rəhbərlik edən Ümid Süleymanov Muxtar Cavadovun şəxsi keyfiyyətlərini, bacarığını nəzərə alaraq onu rayon qəzetinə redaktor təyin edir. Muxtar Cavadov 1939-1940-cı illərdə “Zuvand kolxozçusu”, “Kolxoz yolu” adı ilə nəşr olunan qəzetin redaktoru kimi çalışır. Həmin dövrdə redaksiyanın formalaşdırılmasında, rayonun ictimai-siyasi həyatının, burada aparılan quruculuq işlərinin qəzetin səhifələrində müntəzəm işıqlandırılmasında xüsusi səy göstərir. O, 1941-ci ildə rayon maarif şöbəsinin inspektoru vəzifəsinə təyin olunur. Burada çalışdığı vaxtlarda M. Cavadov rayonda kütləvi savadsızlığın ləğvində yaxından iştirak edir, əhalinin maarifləndirilməsinə böyük səy göstərir.

İkinci Dünya müharibəsinin başlanması, necə deyərlər, bu ailənin də nizamını pozur. Qardaşı Mircəfər Cavadov 1939-cu ildə könüllü olaraq cəbhəyə gedir. Bir müddət ağır döyüşlərdə iştirak edir. 1941-ci ilin oktyabr ayında Moskvaətrafı döyüşlərdə həlak olur. Az sonra ailənin digər üzvü Muxtar Cavadov da cəbhəyə yollanır. 1941-ci ilin payızından müxtəlif döyüşlərdə fədakarlıq göstərdiyindən komandirlərin dərin rəğbətini qazanır. 1943-cü ildə isə sovet qoşunları cəbhə boyu üstünlüyü ələ aldığından Muxtar Cavadov kimi partiya işçilərini geriyə, arxa cəbhəyə qaytarırlar. Bu da ondan irəli gəlirdi ki, yerlərdə savadlı kadrlara, nüfuzlu partiya işçilərinə çox böyük ehtiyac duyulurdu.

Cəbhədən qayıdan Muxtar Cavadov bir müddət Mistan kənd məktəbində direktor işləyir. Sonradan isə onu rayon icraiyyə komitəsinə işə dəvət edirlər. Burada özünü yaxşı cəhətdən göstərən M.Cavadov daha bir məsul vəzifəyə – partiya komitəsinin üçüncü katibi vəzifəsinə irəli çəkilir. O, 1946-cı il fevralın 24-dən 1948-cı ilin yanvarın 1-dək bu vəzifədə vicdanla çalışır, camaatın hüsn-rəğbətini qazanır. 1948-ci ildə naməlum səbəbdən işdən çıxarılan Muxtar Cavadov rayonun Əliabad kənd sovetinin sədri təyin olunur. Burada çalışdığı iki ildə də o özünün bacarıqlı partiya işçisi, xeyirxah insan olduğunu bir daha təsdiqləyir. İnsanların problemlərinə həssaslıqla yanaşmaq bacarığı, təşəbbüskarlığı, xeyirxahlığı Muxtar Cavadovu bütün Lerikdə məşhurlaşdırır. Bu da rayon rəhbərliyinin diqqətindən yayınmır. Məhz buna görə də 1950-ci ilin sonlarında onu rayon ictimai təminat şöbəsinin müdiri vəzifəsinə irəli çəkirlər. Bu məsul vəzifə onun əmək bioqrafiyasında mühüm yer tutur. Belə ki, Muxtar Cavadov rayon ictimai təminat şöbəsinin müdiri kimi sakinlərin sosial-qayğılarının öyrənilməsi və onların həllində yaxından iştirak edir, imkansız şəxslərə maddi yardımların paylanması işinin təşkilinə nail olur. Bu məsul vəzifədə çalışdığı 9 il ərzində o, rayonda böyük hörmət və nüfuz qazanır, sakinlərin son ümidinə çevrilir. Lakin səhhətində yaranmış ciddi problem ona nəcib, xeyirxah əməllərini sona çatdırmağa imkan vermir. 1959-cu ilin fevral ayında birinci qrup əlil kimi işdən azad edilən Muxtar Cavadov elə həmin ilin iyun ayının 25-də dünyasını dəyişir. Amalı, qayəsi insanlara yaxşılıq etmək, xeyirxah işlər görməkdən ibarət olan bu nəcib insanın neçə-neçə arzusu, diləyi ürəyində qalır, doğma rayonunun inkişafı ilə bağlı görmək istədiyi işlər yarımçıq qalır.

Bu il anadan olmasının 100 ili tamam olan Muxtar Cavadovun haqq dünyasına qovuşmasından da 50 il ötür. Düz 50 ildir ki, mədəni rəftarı, alicənablığı, xeyirxahlığı, mərdliyi ilə doğmalarının, onu yaxından tanıyanların yaddaşında əbədi iz qoymuş M.Cavadov böyük hörmət və ehtiramla xatırlanır, yad olunur. İndi Lerikin yaşlı sakinləri onu minnətdarlıqla xatırlayır, bu xeyirxah əməllər sahibi ilə bağlı xoş xatirələr söyləyirlər. 1919-cu ildə anadan olmuş birinci qrup müharibə əlili Nəriman Abbasov deyir ki, Muxtar Cavadov Böyük Vətən müharibəsində fiziki sağlamlıqlarını itirmiş həmyerlilərinə əsl qardaş münasibəti bəsləyir, qayğı və köməyini əsirgəmir, onları respublikanın ayrı-ayrı şəhərlərində təşkil olunmuş peşə kurslarına göndərirdi. Nəriman kişinin özü isə Şamaxıdakı kursda çəkməçi peşəsinə yiyələndikdən sonra, necə deyərlər, əli çörəyə çatmışdı. 90 yaşlı ağsaqqal onu da xatırlayır ki, həmin dövrdə rayondakı bütün aztəminatlı ailələrə hər il 20 manat yardım verilməsini də məhz Muxtar Cavadov təşkil etmişdi.

Muxtar Rəzi oğlu Cavadov qayğıkeş, xeyirxah olmaqla bərabər, həm də cəsur, mərd, sözü üzə deyən adam kimi tanınırdı. O, neçə-neçə dindar insanı sovet represiya maşınının pəncəsindən qurtarıb. Tanınmış pedaqoq, uzun illər məktəb direktoru işləmiş oğlu Məhrəməli Cavadov söyləyir ki, rayonun Veri kəndindən olan din xadimi Mirkərim axundu, Perzarakəndli şeyx Camalı sovet ideoloji sisteminin, ateizmin haqsız təqiblərindən, represiya hədəsindən məhz atası Muxtar kişi qoruyub, hifz edə bilib. Muxtar Cavadova dindar adamlara qarşı mübarizə aparmaq tapşırılsa da, o nəinki bunu etməmiş, hətta ağır seyid nəslindən olduğu üçün özü də ibadətindən qalmamışdır. Seyid nəslindən olması onun özünü də respublika rəhbəri Mircəfər Bağırovun qəzəbindən xilas etmişdi. Bu əhvalatı isə digər oğlu Firudin Cavadov belə xatırlayır: – 1952-ci ildə Lerikin İranla həmsərhəd kəndlərinin əhalisini zorla Puşkin rayonuna (indiki Biləsuvar) köçürdülər. Muğanın qızmar yay günləri dağ havası udmuş insanlar üçün çox məşəqqətli keçirdi. Hətta buna dözməyib dünyasnı dəyişənlər də olmuşdu. Ölənlər arasında bizim Teymur adlı qohumumuz və həyat yoldaşı da vardı. Həmin il Azərbaycana rəhbərlik edən Mircəfər Bağırov Lerikə gəlir. Camaatla görüşü zamanı atam ona bu siyasətin düzgün olmadığını deyir. Mircəfər Bağırov isə tərs baxışları ilə onu süzüb deyir: – Balaca kişi, bu dəfə səni seyidliyinə bağışlayıram. Get işinlə məşğul ol!

Muxtar Cavadov Tanrının ona bəxş etdiyi qısa ömür payını çox mənalı, şərəflə başa vurdu, namusla yaşadı, həyatın mənasını savab əməllərdə, xeyirxah işlərdə gördü. O, sözün həqiqi mənasında nəsillərə örnək ola biləcək bir ömür yaşadı, əməlləri ilə Tanrının sevimlisinə çevrildi. Bəlkə elə buna görə də bir belə işi 50 illik zaman çərçivəsinə sığışdırıb Allah dərgahına qovuşmağa tələsdi.

... Lerik ölkəmizin uzunömürlülər diyarı kimi tanınır. Burada yaşı 100-ü ötmüş insanlar çox olub. Amma mənə elə gəlir ki, insan cismani baxımdan olduğu kimi, mənəvi cəhətdən, ruhən də uzunömürlü olmalıdır. Sağlığında elə işlər görməlidir ki, həyatdan köçəndən sonra ürəklərdə özünə həmişəlik məskən salsın, əbədiyaşar olsun. Muxtar Cavadov da məhz belələrindəndir...

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 7.