Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğu günü qeyd edilmişdir

 

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda müasir dövlət qulluğu sistemi quruculuğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Dövlət qulluqçularının peşə bayramı – Beynəlxalq dövlət qulluğu gününə həsr olunmuş tədbiri akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə ümummilli liderimiz Heydər Əliyevin töhfəsini vurğulamış, respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açaraq, bu məsələləri Prezident İlham Əliyevin daim diqqətdə saxladığını bildirmişdir. Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən professor S.Qəndilov uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına başçılıq etməsinin qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirmişdir.

“Azərbaycanda dövlət qulluğunun inkişafı” mövzusunda məruzə ilə çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov artıq ölkəmizdə bayram kimi qeyd edilən bu günün vacibliyindən danışmış, dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlərdən söz açmışdır. Bildirmişdir ki, dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.

Bəhram Xəlilov demişdir ki, rəhbərlik etdiyi komissiyanın əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya sosial müdafiəsi sahəsində, həmçinin digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Komissiya dövlət qulluğu digər kadr məsələləri sahəsində vahid siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması ilə bağlı təkliflər hazırlayır. Komissiya, eyni zamanda, bu istiqamətdə normativ-hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.

Konfransda, həmçininMüasir dövlət qulluqçusu modelinin akmeoloji əsaslarıAzərbaycan Respublikasında dövlət qulluğu sistemi quruculuğunun bəzi aktual problemlərimövzularında məruzələr dinlənilmişdir.

Məruzələr ətrafında müzakirələr aparılmışdır. 

 

 

Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 3.