Strasburqda Heydər
Əliyev Fondunun xeyriyyəçiliyi ilə
bağlı tədbir
keçirilmişdir
İyunun 22-də Strasburqun mərkəzində yerləşən
Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev
Fondunun təşəbbüsü ilə göstərilən
maliyyə yardımının təqdimat mərasimi keçirilmişdir.
Strasburqun meri senator Rolan
Ris, şəhərin baş yepiskopu və dini
qurumlarının nümayəndələrinin, Alzas regionunun
prefektinin, yerli özünüidarə orqanlarının məsul
şəxslərinin, Fransa Mədəniyyət Nazirliyinin Alzas
bölgəsi üzrə Baş İdarəsinin rəhbəri
və əməkdaşlarının, Azərbaycan Milli Məclisinin
deputatlarının, Türkiyənin Avropa Şurası
yanındakı nümayəndəliyinin rəhbəri və
Strasburqdakı baş konsulunun, Azərbaycanın Avropa
Şurası yanındakı daimi nümayəndəliyinin əməkdaşlarının,
universitet ziyalılarının, diasporumuzun təmsilçilərinin
iştirak etdiyi mərasimi açmış Notr-Dam kilsəsi
fondunun rəsmi nümayəndəsi Remi Bodrü xeyriyyəçilik
işinin müxtəlif xalqların və ölkələrin
yaxınlaşmasında mühüm rolunu qeyd etmiş, 1500
kvadratmetrlik sahəni əhatə edən və Xl əsrə
aid qədim tarixi abidənin təmiri məqsədi ilə Heydər
Əliyev Fondunun göstərdiyi diqqət və
qayğını yüksək qiymətləndirmişdir. Fondun
departament direktoru, Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı daimi nümayəndə heyətinin
üzvü Qənirə Paşayeva Avropanın rəmzi
paytaxtı sayılan Strasburqda belə bir tədbirin çox
böyük əhəmiyyət kəsb etdiyini
vurğulamış, mərasimi Fransa ilə Azərbaycan
arasında bütün sahələrdə uğurla davam edən
ikitərəfli münasibətlərin daha da dərinləşməsi
istiqamətində atılan növbəti addım kimi dəyərləndirmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda Azərbaycanla
bağlı bir sıra mədəni tədbirlərin
keçirildiyini xatırladan deputat belə layihələr
çərçivəsində Azərbaycan uşaq xoru və
simfonik orkestrinin ötən il mayın 28-də Respublika
Günü münasibətilə bu kilsədə konsert verməsini
diqqətə çəkmiş, kilsədə konsert
proqramı ilə çıxışa müstəsna hallarda
icazə verildiyini qeyd etmişdir. Q.Paşayeva belə müqqədəs
yerdə gənc azərbaycanlı istedadların
çıxışına şərait yaratmış şəhər
bələdiyyə idarəsinin addımını yüksək
qiymətləndirmiş, ilk dəfə olaraq müsəlman
ölkəsinin nümayəndələrinın kilsədə
konsert verməsini xüsusi vurğulamışdır.
Heydər Əliyev
Fondunun məqsədlərindən danışan deputat
2004-cü il mayın 10-da fəaliyyətə başlayan fonda
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyini, fondun Azərbycanın inkişafı naminə,
müxtəlif sahələr üzrə irimiqyaslı proqram və
layihələr həyata keçirdiyini, bir çox beynəlxalq
qurumlarla əməkdaşlıq etdiyini və dünyanın
bir neçə ölkəsindəki nümayəndəliklərinin
uğurlu fəaliyyətini xüsusi
vurğulamışdır. Q.Paşayeva fondun mədəniyyətlər
və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki
fəaliyyəti və təcrübəsi barədə məlumat
vermiş, Mehriban xanım Əliyevanın təkcə Azərbaycan
ictimai-siyasi həyatında deyil, həmçinin beynəlxlaq
mədəni proseslərdə fəal iştirak etdiyini, mədəniyyətlərarası
dialoqla bağlı təşəbbüslərə xüsusi
diqqət yetirdiyini bildirmişdir.
Mehriban Əliyevanın
qayğısı və təşəbbüsü ilə mədəni
müxtəlifliyə, mədəniyyətlər və dinlərarası
dialoqa həsr edilmiş mötəbər beynəlxalq
konfransların təşkil edildiyini, xüsusilə
qadınların belə dialoqda rolunun artırılmasına
dair Bakıda keçirilmiş konfransın dünya ictimaiyyəti
tərəfindən yüksək qiymətləndirildiyini,
bugünkü tədbirin də fondun mədəniyyətlər
və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsi
olduğunu qeyd etmişdir.
Heydər Əliyev
Fondunun ölkəmizdə də dini abidələrin
qorunması və bərpasına yardım etdiyini vurğulayan
Qənirə Paşayeva, fondun dəstəyi ilə
Bakıdakı pravoslav və Müqəddəs Məryəm
kilsələrində də təmir-bərpa işləri
aparılmasından, yəhudi uşaqları üçün
təhsil və mədəniyyət mərkəzinin tikintisinə
dəstək verməsindən söhbət
açmışdır. Q.Paşayeva fondun, həmçinin
Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin
təmirinə kömək göstərdiyini bildirmişdir. Strasburq
şəhərinin meri Rolan Ris Heydər Əliyev Fondunun
Strasburqdakı kilsənin təmirinə yardımını Azərbaycanın
Avropaya, onun mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirmişdir.
Avropa Şurasının üzvü olan Azərbaycan öz mədəni
irsinə xüsusi diqqət göstərir, Avropa mədəni
irsinə də qayğı ilə yanaşır. Strasburqdakı
kilsə də Avropa mədəni irsinin bir abidəsidir. Mədəniyyət
sahəsində böyük xidmətlər göstərən
Heydər Əliyev Fondu beynəlxalq aləmdə Azərbaycanın
müsbət imicinin formalaşmasına və təşviqinə
ciddi diqqət göstərir. Bu, təqdirəlayiq haldır.
Azərbaycanla
bağlı birgə bir sıra mədəni tədbirlərin
həyata keçirildiyini xatırladan şəhər bələdiyyə
idarəsinin rəhbəri azərbaycanlı uşaqların
konsertinin sakinlərdə unudulmaz izlər
buraxdığını bildirmiş və Strasburqda ənənəvi
olaraq keçirilən Yeni il yarmarkasında Azərbaycanın
fəxri qonaq statusunda iştirak etmək arzusunun nəzərdən
keçirildiyini və bununla bağlı layihənin gerçəkləşməsinə
çalışdığını, 2010-cu ildə
keçiriləcək Yeni il yarmarkasında məsələnin
baş tutacağına ümidvar olduğunu qeyd etmişdir.
Sonda mer Heydər Əliyev
Fondunun prezidentinə, Azərbaycan rəhbərliyinə və
xalqımıza bu xeyirxah aksiyaya görə dərin təşəkkür
etmişdir.
Alzas regionunun prefekti
Pyer-Etyen Biş, Strasburqun baş yepiskopu Jan-Pyer Orale Heydər Əliyev
Fondunun kilsənin təmirinə göstərdiyi
qayğını yüksək qiymətləndirmiş və
fondun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq
hissini ifadə etmişlər. Regionun prefekti Fransanın mədəniyyət
və kommunikasiya naziri xanım Kristin Albanelin adından fondun
prezidenti Mehriban Əliyevaya təşəkkür etmişdir.
Azərbaycanın Avropa
Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri
səfir Arif Məmmədov bu tədbirin Heydər Əliyev
Fondunun mədəniyyətlər və dinlərarası
dialoqa, eləcə də dünya mədəni irsinə
layiqli töhfəsi olduğunu vurğulamışdır. Strasburqun
Azərbaycanla bağlı bir sıra tədbirlərə ev
sahibliyi etdiyini xatırladan səfir, şəhərin meri
Rolan Risə göstərdiyi diqqətə görə təşəkkürünü
bildirmişdir.
Mərasimin sonunda
Q.Paşayeva və Arif Məmmədov Heydər Əliyev Fondu
adından kilsənin təmiri üçün nəzərdə
tutulmuş hədiyyə çekini, habelə fond tərəfindən
nəşr edilən “Qarabağ xanəndələri” və
qurumun beşillik fəaliyyətinə dair kitabları merə
təqdim etmişlər.
Hədiyyələrin təqdimatı
zamanı mer Rolan Ris beş il əvvəl Fransa
Senatının nümayəndə heyətinin tərkibində
Azərbaycana səfəri zamanı ölkəmizin qədim
tarixi, zəngin mədəni irsi ilə yaxından
tanışlığın onda böyük təəssürat
yaratdığını qeyd etmişdir.
Səfir Arif Məmmədov
və şəhər meri Rolan Ris tədbirlə bağlı
nüfuzlu Frans-3 televiziya kanalına, “Frans Blö” radiosuna,
“Alzasın son xəbərləri”, “Alzas” və “20 dəqiqə”
qəzetlərinə müsahibə vermişlər. Bu
müsahibələrdə Heydər Əliyev Fondunun fəaliyyətindən,
Mehriban xanım Əliyevanın mədəni irsin qorunması
və bərpası sahəsində xidmətlərindən
söhbət açılmışdır.
Tədbir barədə
Parisdə nəşr olunan “L’Express” qəzetinin 22 iyun tarixli
nömrəsində yazı dərc edilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Strasburq
Xalq qəzeti.- 2009.- 24 iyun.- S. 3.