Qafqaz Albaniyasının məbədləri
Azərbaycan Respublikasına
qarşı əsassız ərazi iddiaları irəli sürən
erməni millətçiləri işğalçılıq
əməllərinə haqq qazandırmaq məqsədilə
Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün
kilsə, məbəd və monastrları erməni abidələri
elan edirlər. Tarixdə əslində
heç vaxt mövcud olmamış, “Böyük Ermənistan
imperiyası” barədə əfsanəni şişirdərək
təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və
Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin
”tarixi torpaqları” kimi qələmə verirlər. Azərbaycandakı
bütün alban xristian abidələri bizim
xalqımızın mədəni irsinə aiddir.
Qafqaz Albaniyası
dövlətinin ərazisi çoxsaylı yazılı tarixi
mənbələrin məlumatına görə,
eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək
cənubda Araz çayından şimali Qafqazadək, şərqdə
Xəzər dənizinin qərb sahilindən Göyçə
gölündən qərbdə yerləşən torpaqlaradək
geniş bir sahəni əhatə etmişdir.
Bu yerlərdə qədim
zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla
məşğul olan müxtəlif dilli tayfalar
yaşamışlar. Bunlar içərisində saklar,
qarqarlar, quzlar, kanqarlar, hunlar, şamaklar, türklər,
muğlar, icmaxilər, suranlar, şirvanlar və digər
türkdilli tayfalar üstünlük təşkil etmişlər.
Eramızdan əvvəl V əsrdə yaşamış antik
müəllif Heredot yazır ki, skiflər - türkdilli tayfalar
midiyalılarla müharibədə qələbə
çaldıqdan sonra Qafqaz ərazisində dövlət
yaratmışlar. Skif çarlığı kimi
tanınmış bu dövlətin qədim Albaniya dövləti
olduğu güman edilir.
Eramızın əvvəllərində
Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək
böyük bir ərazidə skiflər - türkdilli tayfalar
yaşamışlar. Bu fikri bir çox antik müəlliflər
də təsdiq etmişlər. “Tarixin atası” Herodot (e.ə.
V əsr), Miletli Qekatey (e.ə. VI-V əsr), Dionisiy Perieqet (e.ə.
II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin
əsərləri Qafqazın türk etnosunun vətəni
olduğunu təkzibedilməz şəkildə sübut edir. Qafqaz
Albaniyasının tayfa ittifaqları
başçılarının və çarlarının bir
çoxunun adları türk mənşəli olmuşdur:
Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq,
Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək,
Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray,
Urnair, Satay, Asay və sair.
Cənubi Qafqazın ərəblər
tərəfindən işğalı dövründə, VIII əsrin
əvvəllərində bu dövlət
dağılmışdır. Hal-hazırda Azərbaycan
Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin
memarlıq irsinə aid xeyli məbəd, kilsə və
monastrlar vardır. Albaniyanın həqiqi tarixinin və abidələrinin
öyrənilməsi sahəsində son vaxtlar milli tədqiqatçı
alimlərimiz tərəfindən müəyyən işlər
görülmüşdür.
Eramızdan əvvəl
I əsrin sonları, eramızın I əsrinin əvvəllərində
yaşamış Strabon Albaniyada yaşayan tayfaların dini
etiqadlarından bəhs edərək yazır ki, onlar Heli
(günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə
sitayiş edirlər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin
müqəddəs məbədi İberiya
yaxınlığında yerləşir. Ölkədə
günəş, ay və büdpərəstlik məbədləri
ilə yanaşı çoxlu sayda atəşpərəstlik
məbədləri də mövcud olmuşdur.
Bu məbədlərin
bir hissəsi sonralar xristian məbədlərinə
çevrilmiş, əksər hissəsi isə islam dininin
yayıldığı dövrdə
dağıdılmışdır. Qafqaz Albaniyasında atəşpərəstlik
məbədlərinin tikilməsi eramızdan əvvəl VIII əsrdən
Zərdüştlük dininin yayılması ilə əlaqədar
idi.
Atropatenada Sasanilərin
hakimiyyəti illərində baş atəşgah Qazakada Təxte-Süleymanda,
Qafqaz Albaniyasında isə Bakı ərazisinin daxil olduğu
Paytakaran vilayətində yerləşirdi. Qocaman tədqiqatçı
alim D.A.Axundovun fikrincə, indi “Qız qalası”
adlandırılan arxaik görkəmli abidə tarixi mənbələrdə
adı çəkilən Paytakarandakı yeddi məşəlli
Baqink baş məbədidir. O, bu məbədin əsasının
eramızdan əvvəl qoyulduğunu ehtimal edir.
Arxeoloji tədqiqatların
nəticələrindən aydın olur ki, bu məbəd
vaxtilə yerdən çıxan güclü təbii qaz məşəllərinin
alovlanıb yandığı iri qaya üzərində
tikilmişdir. Məbədin plan quruluşu hələ qədim
zamanlardan alovun simvolik işarəsi olan buta şəklindədir.
Məbədin yerləşdiyi qayada arxeoloqlar diametrləri
70-80 sm. olan ona qədər dərin qaz məşəllərinin
quyularını aşkar etmişlər. Quyuların
divarlarında uzaq keçmişdə yanmış məşəl
alovlarının izləri bu gün də aydın
görünür.
Dəniz sahilində yerləşən
bu abidə uzun müddət mayak kimi də istifadə
olunmuşdur. Qafqaz Albaniyasında eramızın əvvəllərində
xristianlığın, sonralar isə islam dininin
yayıldığı dövrdə atəşgahların
hamısı dağıdılmışdır. Suraxanı atəşgahının
dağıdılmış məbəd kompleksi tarixi “İpək
yolu” ilə ticarət səfərlərinə çıxan
hindistanlı atəşpərəst tacirlərin sifarişi
ilə 1713-1720-ci illərdə bərpa edilmişdir. Bu atəşgahda
uzaq Hindistandan gələn atəşpərəst zəvvarların
və kahinlərin iştirakı ilə təntənəli
dini mərasimlər keçirilmişdir. Sonuncu mərasim
1883-cü ildə olmuşdur.
Eramızın I əsrindən
başlayaraq Roma imperiyası ərazisində yaranmış
xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri
olan Cənubi Qafqaza da yayılmağa
başlamışdır. Alban tarixçisi Moisey Kalankatuylunun
“Aqvan tarixi” əsərində Qafqaz Albaniyasında
xristianlıq dininin yayılması, müxtəlif kilsə və
məbədlərin tikilməsi barədə qiymətli məlumatlar
vardır. Tarixi mənbələrdə Alban kilsəsi apostol
kilsəsi adlandırılır. Çünki xristianlığı
Albaniyaya eramızın 54-57-ci illərində apostol müqəddəs
Yelisey gətirib. Təqribən üç əsr sonra
parfiyalı missioner müqəddəs Qriqorisin fəaliyyəti
nəticəsində ermənilər büdpərəstlikdən
əl çəkib 327-ci ildə xristianlığı qəbul
etmişlər.
Bu barədə Alban
salnaməçisi Moisey Kalankatuklunun əsərində kifayət
qədər məlumat vardır. 1130-cu ildə Gəncə
şəhərində anadan olmuş, 1184-cü ildən
ömrünün sonunadək Xaçın knyazlarının
yanında xidmət etmiş alban salnaməçisi Mxitar
Qoş özünün məşhur “Alban salnaməsi” əsərində
bu tarixi faktı bir daha təsdiq edərək yazır:
”...Müqəddəs Yeliseydən müqəddəs Qriqorisə
qədər 300 il keçmişdir”. “Aqvan tarixi” salnaməsindən
məlum olur ki, İsa peyğəmbərin şagirdi müqəddəs
Faddeyin xristian dinini yaymaq məqsədilə Ermənistanda
başlamaq istədiyi missionerlik fəaliyyəti faciə ilə
nəticələnmiş, bütpərəst erməni
çarı Sanatruk müqəddəs apostolu tutdurub qətlə
yetirmişdir. Apostol Faddeyin şagirdi müqəddəs Yelisey
Qüds şəhərinə qayıdıb apostolun şəhid
olduğunu bildirir. İsa peyğəmbərin din
qardaşı müqəddəs Yakov xristianlığı təbliğ
etmək üçün müqəddəs Yeliseyi Albaniyaya
göndərir. Çola vilayətində missionerlik etdikdən
sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn
müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz
Albaniyası ərazisində deyil, ümumiyyətlə,Qafqazda
tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi
hazırda Şəki rayonunun Kiş kəndində yerləşir.
Məbədin üzərində hazırda heç bir epiqrafik
yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri,
inşaat üslubu və texnologiyası abidənin alban
memarlarının yaratdıqları qiymətli sənət əsəri
olmasını sübut edir. Dəfələrlə bərpa və
təmir edilmiş məbəd zəmanəmizə kifayət
qədər yaxşı vəziyyətdə gəlib
çatmışdır. Vaxtilə məbədin üzərində
onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və
1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən
yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin
30-cu illərində Zaqafqaziya Rusiyaya birləşdirildikdən
sonra Sinodun qərarı ilə Alban kilsəsi rəsmən ləğv
edildikdən və məbədləri erməni kilsəsinə
tabe edildikdən sonra bir çox digər alban məbədləri
kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.
Qax rayonunun Qum kəndindəki
xristian məbədi memarlıq-konstruktiv həllinə görə
mütəxəssislərin diqqətini cəlb edən sənət
əsəridir. Ləkit kəndində yerləşən məbəddə
arxaik inşaat üslubu ilə tikilmişdir. Bu məbədlərin
hər ikisinin V-VI əsrlərə aid olması ehtimal edilir.
Təqribən 325-ci ildə
Albaniya çarı Urnayr xristianlığı rəsmi
dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni
xristian məbədləri və kilsələr tikilməyə
başlandı.
Məşhur Avey məbədi
Qazax rayonunun ərazisində yüksək Avey
dağının zirvəsində yerləşir. Ondan bir qədər
aşağıda yerləşən Şişqaya məbədi
və digər süni mağara məbədlər kompleksi tədqiqatçı
alimlər C.Rüstəmov və F.Muradovanın fikrincə, antik
dövrə və xristianlığın yayılmağa
başladığı ilk əsrlərə aid alban məbədləridir.
Qafqaz Albaniyasında
xristianlığın ilk dövrləri üçün
xarakterik olan məbəd kompleksinin qalıqları 1948-ci ildə
Mingəçevirdə arxeoloqlar tərəfindən öyrənilərkən
üzərində alban əlifbası ilə naməlum
yazılar həkk olunmuş, daşdan hazırlanmış
xaç altlığı aşkar edilmişdir.
Albaniya çarı III
Vaçaqanın, ölkənin görkəmli din və
dövlət xadimlərinin iştirakı ilə
keçirilmiş Alban kilsəsinin 488-ci il Aluen məclisindən
sonra xristian memarlığı üslubunda məbədlərin
inşası geniş vüsət almışdı. III
Vaçaqanın (487-510-cu illər) hakimiyyəti
dövründə Albaniyada 300-dən çox kilsə və məbəd
tikilmişdir. VII əsrin
ortalarına yaxın ölkədə 30-dan artıq monastr
olmuşdur.
Alban
katalikosluğunun taxtı IV-V əsrlərdə Dərbənddə
Çola monastrında, VI-VII əsrlərdə Bərdə
monastrında, VIII-IX əsrlərdə Ağdərə
rayonunda müqəddəs Yelisey monastrında, X-XV əsrlərdə
Kəlbəcər rayonunda Xudavəng monastrında, XV-XIX əsrlərdə
Gəncesər monastrında yerləşmişdir. 552-ci ildə
alban kilsəsinin
başçısı katalikos müqəddəs ata Abbas iqamətgahı
Çoladan Bərdəyə köçürdükdən
sonra Bərdə kilsəsi iri monastra çevrilmişdir. Məşhur
şərqşünas alim, akademik Ziya Bünyadov VII əsr ərəb
müəllifi Əl-Vakinin əsərini tədqiq edərkən
maraqlı tarixi bir fakt aşkar etmişdir. Məlum
olmuşdur ki, ərəb xilafətinin başçısı
xəlifə Müaviya (661-680-ci illər) Qafqaz Albaniyasına
qarşı işğalçılıq hücumuna
başlamaq istəyərkən Abid İbn Şəriyyə Əl-Curhumi
adlı şəxsdən Qafqaz Albaniyasında hansı
tayfaların yaşadıqlarını soruşmuşdur.
Hərbi kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədilə
Qafqaz Albaniyasında olmuş Abid Əl-Curhumi xəlifənin
sualına cavab olaraq demişdir ki, bu ölkədə türklər
üstünlük təşkil edir, tayfalararası ümumi
ünsiyyət dili türk dilidir.
Eramızın V əsrindən
etibarən xristianlığın diofizit təriqətinə mənsub
Alban pravoslav kilsəsi ilə monofizit təriqətinə aid
erməni qriqoryan kilsəsi arasında başlamış
mübahisələr və çəkişmələr əsrlər
boyu davam etmişdir. 701-ci ildə Xilafətin cəza dəstələri tərəfindən
mühasirəyə alınmış Bərdə şəhərində
Nerses Bakur və alban çarı Varaz Tiridatın arvadı
çariça Sparama mühakimə edilib, işgəncə
ilə öldürüldü. Təcili
çağırılmış Kilsə qurultayında
bütün alban yepiskoplarına erməni kilsəsi ilə
ittifaq haqqında saziş imzalatdırıldı. Faktiki
olaraq Alban kilsəsi Xilafətlə əməkdaşlıq edən
erməni kilsəsinə tabe etdirildi. Yeni
seçilmiş alban katalikosu Simoen Bərdə monastrından
köçüb Ağdərə rayonunun Maqavuz kəndində
yerləşən müqəddəs Yelisey monastrında məskunlaşdı.
Qədim erməni dili rəsmi kilsə dili olduğundan alban
tayfalarının dillərində olan, alban əlifbası ilə
yazılmış dini kitablar, salnamələr, epiqrafik
yazılar məhv edildi.
Kəlbəcər
rayonunun ərazisində, Tərtər çayının sol
sahilində yerləşən, xalq arasında Xotavəng və
ya Xudavəng, yəni “tanrı məbədi”
adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti
dağıldıqdan bir əsr sonra - IX əsrdə
Qarabağın dağlıq hissəsində yaranmış
Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur.
Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi
fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların
nəticələrindən məlum olur ki, monastrın əsası
VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən
olan Xaçın knyazı Həsən Cəlalın oğlu
Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri
aparmış, Arzu xatun isə 1214-cü ildə əri
Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə
kilsə tikdirmişdir.
Şəki rayonunun Kiş kəndindəki
müqəddəs Yelisey məbədinin, Orta Zəyzid kəndindəki
bir nefli alban məbədinin və Oğuz rayonundakı müqəddəs
Yelisey məbədinin plan quruluşları demək olar ki,
eynidir. Albaniyada xristianlığın yayılmasında
böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə
ölkədə əsrlər boyu bir çox məbədlər
tikilmişdir. Bunlardan bizim günlərə gəlib
çatmış ən maraqlısı Dağlıq
Qarabağın Ağdərə rayonundakı müqəddəs
Yelisey monastr kompleksidir.
Həsən Cəlalın hakimiyyəti
illərində knyazlığın ərazisi xeyli genişlənmiş,
tikinti abadlıq işləri böyük vüsət
almışdır. Həsən Cəlalın
iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz,
Ağdərə rayonunun Vəngli kəndində
Xaçın çayının sol sahilində dağın
üstündə ucaldılmış məşhur Gəncesər
monastrı Qafqaz Albaniyası xristian memarlığının ən
görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki
epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və
böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin
çarı, Böyük Həsənin nəvəsi,
Vaxtanqın oğlu, Həsən Calal Dövlə və
anası Xorişə xatun tərəfindən 1216-1238-ci
illərdə inşa edilmişdir”.
Bir sıra müəlliflər
Arsax sözünü qədim dövrlərdən bu yerlərdə
də yaşamış türkdilli sak tayfaları ilə əlaqələndirirlər.
Albaniyada Balasakan, Sisakan, Sakasen, Arsak və bu kimi
digər yer adları bu fikrə zəmin yaradır. 1261-ci ildə
monqol-tatar işğalçıları tərəfindən
İranın Qəzvin şəhərində qətlə
yetirilmiş Həsən Calal Dövləni oğlu knyaz Atabəy
gətirib Gəncesər monastrında dəfn etmişdir.
Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya
Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv
edilənədək diofizit alban xristianlarının iqamətgahı
olmuşdur.
Qafqaz
Albaniyasının memarlıq abidələrini tədqiq
etmiş alimlərin fikrincə, bu abidələr bir çox
xarakterik elementlərinə, xüsusiyyətlərinə və
memarlıq-planlaşdırılma üslublarına görə
erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir.
İşğalçılıq müharibəsi yolu ilə
xalqımızın
torpaqlarını ələ keçirən erməni
şovinistləri təcavüzkarlıq əməllərinə
haqq qazandırmaq məqsədilə beynəlxalq
konvensiyaları pozaraq tarix və mədəniyyət abidələrimizin
xeyli hissəsini erməni abidələri elan edirlər.
1990-cı illərin
əvvəllərində Azərbaycan Respublikasına
qarşı əsassız ərazi iddiaları irəli
sürüb, beynəlxalq hüquq normalarını pozaraq hərbi
təcavüz yolu ilə Birləşmiş Millətlər Təşkilatına
üzv olan bütün dövlətlər tərəfindən
ölkəmizin rəsmən tanınmış ərazisinin
20 faizindən çoxunu işğal etmiş Ermənistan hərbi
birləşmələri milli mədəniyyət abidələrimizi
qəddarcasına dağıtmışlar. İşğal
zonalarında maddi mədəniyyət
yadigarlarımızın dağıdılması prosesi hələ
də davam edir. İşğal zonalarında dövlət
siyahısında olan yüzlərlə abidə
qalmışdır. İşğalçılar geniş
miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri
aparır, kurqanları dağıdır, qarət etdikləri
tapıntıları Ermənistana daşıyırlar.
Azərbaycan
xalqının mədəni irsi bəşər mədəniyyətinin
ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan
Respublikasının ərazisində xalqımızın
çoxəsrlik tarixi keçmişindən yadigar
qalmış tarix və mədəniyyət abidələrinin
mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
Vaqif ƏSƏDOV,
Azərbaycan Tarix və Mədəniyyət
Abidələrinin Mühafizə Cəmiyyəti sədrinin
müavini
Xalq qəzeti.- 2009.- 25 iyun.- S. 7.