Bələdiyyə seçkilərinə hazırlıq işlərinə həsr edilmiş tədbir keçirilmişdir

 

YAP Binəqədi rayon təşkilatının qərargahında 2009-cu il martın 18-də keçirilən referendumun yekunları və 2009-cu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbir keçirildi.

 

YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov indiyə qədər keçirilən seçkilərin nəticələrindən söz açdı. Bildirdi ki, regionların son beş ildəki inkişafı, abadlıq, quruculuq işləri, yeni məktəblərin, xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin açılışı, yeni yollar salınması, körpülər qurulması, bütün sahələr üzrə çalışanların əməkhaqlarının artırılması və bir sıra davamlı tədbirlər xalqa əsas verir ki, indiki iqtidarı bundan sonra da qətiyyətlə dəstəkləsin. Seçkilər zamanı seçicilərin bu prosesdə aktivliyi göstərir ki, xalq öz istəyi, öz arzusu ilə, böyük fəallıqla seçkilərdə iştirak edir və xoşbəxt gələcəyə, aydın sabaha səs verir.

Natiq bələdiyyələrin inkişaf yoluna və fəaliyyətinə nəzər salaraq, bu ilin sonunda keçirilməsi nəzərdə tutulan seçkilərə hazırlıqla əlaqədar görülən işlərdən danışdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvləri bələdiyyə seçkilərində fəal iştirak edəcəklər. Prezident seçkilərindən və digər seçkilərdən fərqli olaraq, bələdiyyə seçkilərində ərazidə yaşayan əhalinin sayına görə namizədlərin irəli sürülməsi prosesi həyata keçirilir. Bu məqsədlə artıq ərazi nümayəndəliklərinə, mənzil-istismar sahələrinə tapşırıqlar verilmişdir. Onlar ərazidə yerləşən çoxmərtəbəli binaların, yeni tikililərin, həyət evlərinin dislokasiyasını hazırlamalı, dəqiqləşmələr aparmalıdırlar. Odur ki, bütün qəsəbələr və rayon mənzil - kommunal təsərrüfat birliyi ərazilərində yaşayan əhalinin sayı bir daha dəqiqləşdirilir, bizə və dairə seçki komissiyalarına məlumat verilir. Həmin dəqiqləşmiş siyahıya əsasən Mərkəzi Seçki Komissiyası hər bələdiyyənin ərazisindən neçə nəfərin namizədliyinin irəli sürüləcəyi haqda qərar qəbul edir. Çünki Seçki Məcəlləsinin tələbinə uyğun olaraq əhalisinin sayı 5 mindən 10 minədək olan bələdiyyə ərazisindən 11 bələdiyyə üzvü, əhalisinin sayı 10 minlə 20 min arasında olan bələdiyyə ərazisindən 13 bələdiyyə üzvü seçilir. Əhalinin sayı 20 mindən 50 minədək olan ərazidən 15, say 50 minlə 100 min arasında olan ərazidən 17, 100 mindən 300 minədək əhali yaşayan ərazidən isə 19 bələdiyyə üzvü seçilməlidir. Qeyd edildi ki, rayon ərazisində olan Binəqədi rayon bələdiyyəsi, M. Ə. Rəsulzadə bələdiyyəsi, Biləcəri qəsəbə bələdiyyəsi, Binəqədi qəsəbə bələdiyyəsi və Xocasən bələdiyyəsi üzrə üzvlərin sayı 68 nəfərdir. Onlardan 24 nəfəri YAP tərəfindən, 3 nəfəri iqtidaryönlü, 10 nəfəri müxalifət partiyaları tərəfindən namizədlikləri irəli sürülənlərdir. Üzvlərdən 31 nəfəri isə bitərəflərdir.

Nəbi Xəlilov rayon partiya təşkilatında təşkilatlanma və partiya üzvləri sıralarının artması sahəsində görülən işlərdən də söz açdı. Bildirdi ki, 2009-cu ilin əvvəlindən keçən dövr ərzində 3 yeni ərazi ilk partiya təşkilatı yaranmışdır və 400 nəfər partiya üzvlüyünə qəbul olunmuşdur. Sevindirici haldır ki, onların böyük əksəriyyətini gənclər təşkil edir.

YAP idarə heyətinin üzvü Eldar İbrahimov bələdiyyələrin fəaliyyəti haqda qısa məlumatdan sonra növbəti seçkilərdə təmsil etdiyi partiyanın üzvlərinin fəal iştirak edəcəklərinə əminliyini, seçkidə iştirak edəcək namizədlərin müəyyənləşdirilməsinə ciddi yanaşmanın vacib olduğunu bildirərək, əsasən təhsilli və təcrübəli namizədlərin irəli sürülməsini təklif etdi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ölkənin bugünkü inkişafında bələdiyyələrin rolundan, bu sahədə qazanılan uğurlardan söz açdı. O, seçki təcrübəsi olan, beynəlxalq təşkilatların keçirdiyi treninqlərdə fəal iştirak etmiş və diplomlar almış gənclərə üstünlük verilməsinin vacibliyini vurğuladı. YAP Binəqədi rayon təşkilatının şura üzvü Ramiz Göyüşov bələdiyyə seçkilərinə hazırlıqla bağlı rayonda görüləcək işlər haqda məlumat verdi.

Toplantının sonunda Binəqədi rayon sakini, partiyanın fəal üzvü, Azərbaycanın xalq artisti Tariyel Qasımovun 70 illik yubileyi təbrik edildi, ona bu münasibətlə qiymətli hədiyyə verildi və partiya sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olundu.

 

 

Zərifə BƏŞİRQIZI 

 

Xalq qəzeti.- 2009.- 25 iyun.- S. 5.