Neft və qaz hasilatına dair tapşırıqlara əməl olunmuşdur

 

2009-cu ilin ilk yarısı başa çatır. İlin ötən dövrünün sosial-iqtisadi mənzərəsinə nəzər saldıqda açıq-aydın görmək olur ki, dünyanı bürümüş maliyyə böhranının Azərbaycana elə bir ciddi təsiri olmamışdır. Belə ki, dünyanın əksər ölkələrində iqtisadi gerilik qeydə alınmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım tempi davam etmiş, iri qlobal enerji və infrastruktur layihələri uğurla reallaşdırılmışdır. Təkcə onu demək kifayətdir ki, cari ilin ilk beş ayında Azərbaycanda ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artmışdır ki, bu da dünya ölkələri üzrə yüksək göstərici sayılır.

 

Hesabat dövründə ölkə iqtisadiyyatının mühüm sahəsi sayılan sənayedə 1,3 faizlik artım qeydə alınmışdır. Sənayenin mühüm sahəsi olan neft və qaz hasilatında artım tempi də əvəvlki dövrlərdə olduğu kimi, davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-may aylarında Azərbaycanda 20 milyon 369,7 min ton neft və 10 milyard 22,6 milyon kubmetr qaz hasil olunmuşdur. Neft-qaz sənayesində əldə olunmuş uğurlardan ölkə neftçilərinə də xüsusi pay düşür.

Dövlət Neft Şirkəti tərəfindən neft hasilatında əldə olunmuş sabitliyin qorunub saxlanması, eləcə də qaz istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlər ilin ötən aylarında da davam etdirilmişdir. Neft sənayesinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatla bağlı əvvəlki illərdə müşahidə olunan çətinliklərin tam aradan qaldırılması və s. bu kimi tədbirlər isə böyük iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Məhz bunun nəticəsidir ki, ilin ötən dövrü ərzində şirkət üzrə neft və qaz hasilatına dair proqnoz tapşırıqları, bir qayda olaraq, vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilmişdir.

Dövlət Neft şirkətinin socar.az saytının məlumatına görə, cari ilin yanvar-may aylarında ARDNŞ üzrə qaz kondensatı da daxil olmaqla 3 milyon 802,28 min ton neft hasil olunmuşdur. İlin ilk beş ayı ərzində çıxarılmış ümumi neftin 3 milyon 15,66 min tonu “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəmizdə fəaliyyət göstərən xarici tərəfdaşları ilə birgə həyata keçirdiyi layihələrin də iqtisadi səmərəsi getdikcə artır. Ötən 10 ildə mütərəqqi texnologiyaların tətbiqi, infrastrukturun yeniləşdirilməsi və həyata keçirilən digər tədbirlər köhnə mədənlərdə neft hasilatının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Qurudakı yataqların istismarını həyata keçirən müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən, eləcə də Dövlət Neft Şirkətinin “Azəri — Çıraq — Günəşli” və “Şahdəniz” layihələri üzrə payı çərçivəsində yanvar-may ayları ərzində 786,62 min ton neft və qaz kondensatı hasil edilmişdir. Bundan əlavə, ötən beş ayda müştərək müəssisələr və əməliyyat şirkətlərindən alınan yerli bazar nefti 132,95 min ton təşkil etmişdir.

2009-cu ilin ilk beş ayı ərzində Dövlət Neft Şirkəti üzrə emala 2 milyon 486,66 min ton neft təhvil verilmişdir. Hesabat dövründə şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Azərbaycandan xaricə 1 milyon 289,48 min ton neft ixrac olunmuşdur.

Son illər ölkəmizdə qaz hasilatının artırılması istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Artıq həmin tədbirlərin müsbət nəticələri getdikcə daha çox hiss olunur. Belə ki, Dövlət Neft Şirkəti tərəfindən yeni qaz proqramının uğurla reallaşdırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi, yeni quyuların qazılıb istismara verilməsi nəticəsində ölkədə əvvəlki illərdə müşahidə olunan qaz böhranının qarşısı tamamilə alınmışdır. Hətta son zamanlar Dövlət Neft Şirkəti üzrə qaz hasilatı iki dəfəyə yaxın artmışdır ki, bu da əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatının xeyli yaxşılaşdırılmasına imkan yaratmışdır. Təsadüfi deyil ki, son illər təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respubilkasına “mavi yanacağın” verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi, Beyləqan rayonları və Ağdam rayonunun Quzanlı qəsəbəsi, eləcə də ölkənin bir sıra kənd və qəsəbələri qazlaşdırılmışdır. Hazırda isə yeni regional inkişaf proqramı çərçivəsində kənd və qəsəbələrin “mavi yanacaq”la təminatının başa çatdırılması üçün mühüm tədbirlər həyata keçirilir.

Ölkənin “mavi yanacağa” olan tələbatının ödənilməsi, eləcə də ixrac imkanlarının genişləndirilməsi qaz hasilatının daha da artırılmasını tələb edir. Məhz buna görədir ki, son zamanlar bu istiqamətdə həyata keçirilən tədbirlər getdikcə intensiv xarakter alır. 2009-cu ilin yanvar-may aylarında Dövlət Neft Şirkəti üzrə 3 milyard 397,48 milyon kubmetr qaz hasil olunmuşdur. Hesabat dövründə çıxarılan ümumi qazın 3 milyard 135,46 milyon kubmetri “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür. Bununla yanaşı, cari ilin ilk beş ayında “Şahdəniz” layihəsi çərçivəsində ARDNŞ-in qaz payı 262 milyon kubmetr təşkil etmişdir. “Azəri—Çıraq—Günəşli” layihəsinin uğurla reallaşdırılması neftlə yanaşı, səmt qazı istehsalının da ilbəil artırılmasına imkan yaradır. 2009-cu ilin yanvar-may aylarında adı çəkilən layihə üzrə Dövlət Neft Şirkətinə əvəzsiz olaraq 1 milyard 744,20 milyon kubmetr qaz təhvil verilmişdir. Bundan əlavə, hesabat dövründə “Şahdəniz” layihəsinin iştirakçıları tərəfindən ARDNŞ-ə satılan qazın həcmi 415,30 milyon kubmetr təşkil etmişdir.

İlin əvvəlindən ötən beş ay ərzində qazın təhvili planı üzrə də yüksək göstəricilər qeydə alınmışdır. Belə ki, yanvar-may aylarında dövlətə 5 milyard 254,62 milyon kubmetr qaz təhvil verilmişdir. Hesabat dövründə daxili bazarda satılmış 4 milyard 745,58 milyon kubmetr qazın 2 milyard 613,11 milyon kubmetri yerli istehlakçıların “mavi yanacağa” olan tələbatının ödənilməsi üçün “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Qazın 2 milyard 132,41 milyon kubmetri isə ölkənin istilik elektrik stansiyalarının normal fəaliyyətinin təminatı üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Yanvar-may aylarında Dövlət Neft Şirkəti tərəfindən xaricə satılmış “mavi yanacağın” həcmi isə 509,04 milyon kubmetr təşkil etmişdir.

Neft və qaz hasilatında digər vacib amillərdən biri də qazma işlərinin intensivliyindən asılıdır. Bu baxımdan təqribən iki il əvvəl şirkətin tərkibində ayrıca bir qurumun — Kompleks Qazma İşləri Trestinin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Məhz adı çəkilən qurumun fəaliyyətə başlaması dənizdə, eləcə də 160 ildir istismarda olan qurudakı yataqlarda qazma işlərinin xeyli intensivləşməsinə səbəb olmuşdur. 2009-cu ilin yanvar-may aylarında ARDNŞ üzrə 80109 metr qazma işi həyata keçirilmişdir. Bu da qazmadan alınan yeni quyuların sayının artmasına səbəb olmuşdur. Kəşfiyyat və istismar qazmasının həcminin ilbəil artması isə yeni neft və qaz ehtiyatlarının aşkara çıxarılmasına, eləcə də onların hasilatına geniş imkanlar yaradır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 25 iyun.- S. 5.