ADPU-da Boloniya təhsil sisteminə keçidin ilk nəticələri
Azərbaycanda təhsilin dünya
təhsil sistemi inteqrasiyası prosesini, Boloniya Bəyannaməsinin
tələblərinin yerinə yetirilməsi sahəsində
işləri sürətləndirmək məqsədilə
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
verilmiş 31 yanvar 2008-ci il tarixli sərəncam bu sahədə
zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində
mühüm sənəddir. Həmin sənədin icrası ilə
əlaqədar 2008-2012-ci illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramının layihəsi
hazırlanmışdır.
Bu proqrama uyğun olaraq ADPU-nun Boloniya təhsil sisteminə qovuşması prosesi demək olar ki, başa çatmışdır. Artıq fakültələrin hamısı kredit sisteminə keçidlə yanaşı, qüsurları da üzə çıxarır və onların aradan qaldırılması üçün tədbirlər hazırlayır. Rektorluğun fikrincə, kredit sistemi ilə imtahan verən və qeyri-müvəffəq qiymət alan tələbələrə bir dəfə də (imtahandan bir həftə sonra) şans verilməsi vacib hesab edilir. Qeyri-müvəffəq qiymət alan tələbələr üçün bir aylıq əlavə dərslər təşkil edilməsi və bu yolla dərs deyən müəllimlərin (saat hesabı ilə) əmək haqlarının ödənilməsi barədə Böyük Elmi Şura qərar qəbul etmişdir. Bütün tədbirlər yay imtahan sessiyasının uğurlu keçməsinə rəvac verir. Tələbələrin növbəti imtahanlardan müvəffəq qiymət almalarına xeyli kömək edir.
Dördüncü
ildir ki, universitetdə “Qaynar xətt” fəaliyyət göstərir
və imtahan prosesinə nəzarət edir. Məlumdur ki,
ADPU-da imtahan sessiyasında və məqbulların
götürülməsi gedişində əsaslı dəyişikliklər
olmuşdur. Bu yeniliklər haqqında ictimaiyyətə
vaxtaşırı məlumat verilmişdir. Qeyd edək ki, əyani
şöbələrdə imtahanların hamısı testlə
— kompyuterlə götürülür. Əlbəttə, bu
üsulun həyata keçirilməsi çətinliklə
üzləşir, imtahanların bu yolla aparılması iki ilə
yaxın vaxt apardı. Kafedralar imtahanı olacaq fənlərin
hər birindən 500 ədəd test hazırlayıb, tədris
hissəsinə təhvil verdilər. Universitet üzrə testləri hazırlamaq
üçün xüsusi test komissiyası yaradıldı.
Suallar dəfələrlə yoxlanıldı. Yəqin ki,
hazırlıq işi ilə məşğul olan hər bir
şəxs bu işin çətinliklərini bilir. 2008-2009-cu
tədris ilinin yaz-yay semestrinin əyani şöbələrində
imtahanların bu yol ilə sınaqdan keçirilməsi məqbul
hesab olundu. Məsələn, riyaziyyat fakültəsinin 201-ci
qrupunda testlə imtahan verən 25 nəfərdən 1-i
qeyri-kafi, 12-si 5, 9-u 4, 3-ü isə kafi qiymətlər
almışdır. Həmin fakültənin 301-ci qrupunda da
analoji nəticə əldə edilmişdir. Belə
qrupların sayı kifayət qədərdir.
Əlbəttə, imtahan prosesində
qüsurlar da üzə çıxır və onlar operativ
düzəlir. İmtahan zallarına nəzarətçilər
və kompyuter zalının işçiləri ilə
yanaşı, rəhbərliyin nəzarəti də gücləndirilib.
İmtahan zalında televizor qoyulmuş, onun gedişi, kənar
şəxslərin imtahan prosesinə müdaxiləsi isə
rektor və prorektorların otaqlarından izlənilir.
Bundan əlavə, hər bir
fövqəladə halı nəzarətdə saxlayan və
operativ həll edən “Qaynar xətt”ə təcrübəli
və obyektiv müəllimlər cəlb olunmuşdur. Əvvəlki
illərə nisbətən bu semestr “Qaynar xətt”ə
müraciət edənlərin sayı da azalmışdır.
Rektorluq tərəfindən həyata
keçirilən bu tədbirlər Təhsil Nazirliyi, nazirliyin
nəzdində yaradılmış “Qaynar-xətt”in üzvləri,
həmçinin ali və orta ixtisas təhsili şöbəsi
tərəfindən məqbul hesab edilmişdir. Universitetin
qiyabi şöbələrində keçirilən
yazılı imtahanlar da kodlaşdırılıb
yoxlanışa verilir. Müəllim kimin yazısını
yoxladığını bilmir, tələbə obyektiv qiymətini
alır, biliyin meyar olduğunu başa düşür. Beləliklə,
hər bir qrup üzrə, xüsusilə qiyabi şöbədə
kəsrlərin sayı getdikcə azalır, tələbələr
bu tədbiri çox səmimi qəbul edirlər.
Bu tədbirlər semestrdən
semestrə təkmilləşir, qüsurlar aradan
qaldırılır. Bu da ADPU-da mənimsəmənin səmərəliliyini,
yazıların obyektiv yoxlanması, digər ali məktəblər
üçün nümunə ola bilməsinə əminlik
yaradır. Bütün bunların hamısı isə
universitet rəhbərliyinin, şəxsən də
AMEA-nın müxbir üzvü Yusif Məmmədovun səmərəli
fəaliyyətinin nəticəsidir.
S.MƏMMƏDOV,
V.MUSAYEV,
ADPU-nun professorları
Xalq qəzeti.-
2009.- 25 iyun.- S. 5.