Ötən günlərin xatiratı

 

Bu məqaləni mən gələn il yazmağı planlaşdırmışdım. 2010-cu il oktyabrın 5-də onun 50 yaşı tamam olacaqdı. Bəzi sözlər demişdi mənə, onlara cavab vermək üçün gözəl məqam idi. Səmimi insan idi, səmimi sözləri də çox gözəl qəbul edirdi. Sonra dostumun ölüm xəbərini eşitdim. Bir neçə gündən sonra xatirə yazısı yazmaq istədim. Gücüm başqa nəyə çatır ki... Alınmadı. Bu yaxında eşitdim ki, onun yaratdığı İnsan Hüquqları İnstitutuna Rövşənin həyat yoldaşı, tanınmış alim Aytən Mustafayevanı direktor qoyublar. Çox təsirləndim. Bir xatirə yadıma düşdü. O biri xatirələri də ona qoşdum.

 

Az.TV-nin “Xəbərlər” proqramında işləyirdim. Milli Elmlər Akademiyasına çəkilişə tez-tez gedirdim. Zala bitişik bir zal da vardı. İclaslar uzun çəkəndə oraya keçib, kresloya oturub çay içirdik. Toplantıların birində bizə hündür boylu, eynəkli, Azərbaycan dilində bir az çətinliklə danışan (bilinirdi ki, rus dilində təhsil alıb) 35-36 yaşlı bir nəfər də qoşuldu. Söhbət əsnasında dedi ki, dünən Fransadan qayıdıb və bu səfərdən çox təsirlənib. Fikirləşdim ki, indi deyəcək ki, insanlara münasibət belədir, iqtisadi inkişaf elədir. Necə deyərlər, hamı deyən şeylər.

O vaxtlar mitinqlər tez-tez keçirilirdi. Axırda müxalifət üçün Motodromda yer də ayırmışdılar. Rövşən müəllim dedi ki, beynəlxalq konfransda mən də çıxış etdim. Azərbaycandakı siyasi-iqtisadi vəziyyətdən danışdım. Motodrom deyilən ərazinin müxalifətin ixtiyarına verildiyini dedim. Dediyimi gördüm. Bütün zal ayağa qalxdı və başladı əl çalmağa. Özüm də məəttəl qaldım. Əyləşdim yerimə. Amma yenə məni fikir götürmüşdü. Axı, mən nə dedim ki, zal ayağa qalxaraq əl çaldı. Özü də Fransada, özü də az tanınan Azərbaycanı təmsil edən bir alimə. İclas qurtarandan sonra tanıdığım bir alimdən soruşdum ki, bunlar axı məni niyə belə alqışladılar? Avropa miqyası üçün bu çox böyük şeydir ki, Motodrom müxalifətin ixtiyarına verilib? Dostum cavab verdi ki, xaricdə mitinqlər postsovet məkanındakı kimi deyil. Mitinqə camaatı cəlb etmək üçün müğənnilər çağırırlar, hədiyyələr verirlər, xüsusi tamaşalar göstərirlər. Siz deyəndə ki, Motodrom müxalifətin ixtiyarına verilib, onlar bunu öz səviyyələrində qəbul etdilər. Yəni ki, müxalifət liderləri motodromdakı mitinqə kartinqdə, motosikletdə, idman avtomobillərində gələcəklər. Yəni qeyri-adi vasitə ilə camaatın diqqətini mitinqə cəlb edəcəklər. Avropada belə bir şey olmayıb və Azərbaycan müxalifətinin bu addımı qeyri-adi bir şey kimi alqışlandı. Bunlar haradan bilsinlər ki, Motodrom sadəcə olaraq meriya tərəfindən müxalifətə ayrılmış ərazidir.

Rövşən müəllimin danışdığına biz də güldük. Lakin maraqlı həmsöhbət bizi ovsunlamışdı. Dedi ki, Parisdə küçəyə çıxdıq, gördük ki, mitinq var. Qadınlar və uşaqlar nəsə qışqırırlar. Tərcüməçidən soruşduq ki, bunlar nə tələb edirlər? Dedi ki, bunlar hamısı məşuqələrdir. Məşuqlarından olan uşaqlarla küçələrə çıxıblar ki, bəs nikahsız ərimiz öləndən sonra bizə də miras çatmalıdır. Qanunlara dəyişiklik edilməlidir. Söhbətimiz bununla da başa çatdı. Heç tanış da ola bilmədik. Sonda biz televiziya işçilərinə minnətdarlığını bildirdi ki, “sağ olun, harada görürsünüz, məni çəkib efirə veririsiniz”. Sonradan bildim ki, alimdir, adı Rövşən Mustafayevdir. Azərbaycanda ilk dəfə yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktorudur. “Dirçəliş-XX1 əsr” və “Vozrojdenie-XX1 vek” jurnallarının baş redaktorudur.

Üstündən bir müddət keçmişdi. Yenidən akademiyada görüşdük. Əlaqə telefonumu istədi. Dedi ki, artıq mən Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılan İnsan Hüquqları İnstitutunun direktoruyam. Müxtəlif tədbirlər keçirəcəyəm. Sizi də dəvət etmək istəyirəm ki, işıqlandırasınız. Daha doğrusu istəyirəm ki, Mahir, sən gələsən. İlk tədbiri Azərbaycanda ombudsman təsisatının yaradılmasıyla bağlı oldu. Demə, yeni təsisatla bağlı qanun layihəsini hazırlamaq bu instituta tapşırılıbmış. Gəldim. Akademiya şəhərciyində 2 mərtəbəli, qəzalı bir binaya daxil olduq. 25 kvadratmetrlik bir otaqda Avropa Şurasından gələn bir qonaqla görüş keçirilirdi. Rövşən müəllim söhbətə başladı və birdən orada iştirak edən jurnalistlərə müraciət etdi ki, bəs qonaq üçün maraqlıdır ki, siz ombudsman təsisatının yaradılmasına necə münasibət bəsləyirsiniz? Rövşən müəllim mənə də söz verdi. Dedim ki, indi də Azərbaycanda ombudsman var. Ombudsman biz jurnalistlərik. Kimi incidirlər həmən qaçırlar üstümüzə. Biz də çəkib veririk efirə, hökumət də lazımi tədbirlər görür. Ombudsman yaradılsaydı, camaat da bilərdi ki, hara, kimə müraciət etsin. Bu Rövşən müəllimi yaman tutmuşdu. Yeni fikirli insan idi. Ondan sonra münasibətlər yaxınlaşdı. Günlərin bir günü xəbər tutdu ki, bəs mən şair Qabilin oğluyam. Ondan sonra münasibətimiz daha da doğmalaşdı. Demə o da tanınmış jurnalist, atamın böyük hörmət bəslədiyi publisist Faiq Mustafayevin oğluymuş. Necə deyərlər atalarımız dost olub, biz də dost olduq.

Bundan sonra mən təkcə çəkilişlər etmirdim. Rövşən Mustafayevin alim, direktor, naşir, hətta inşaatçı kimi fəaliyyətinin şahidinə çevrilirdim. Bəli, inşaatçı kimi də. Rövşən müəllim başda olmaqla İnsan Hüquqları İnstitutunun bütün kollektivi elm ocağının binasının tikintisində hətta fəhləlik də edirdilər.

Rövşən müəllim təkcə öz institutunun tədbirlərinə məni dəvət etmirdi, hansı tədbirə dəvət edirdilərsə mənə zəng vururdu. Bir dəfə də zəng vurdu ki, bəs qonaqlarım gəlib, onları Milli Məclis sədrinin 1-ci müavini Arif Rəhimzadə də qəbul edəcək. Sən gələrsən çəkməyə, – deyə ərklə əlavə etdi də... Oraya da “Xəbərlər”dən Sakit Ocaqlını təhkim etmişdilər. Dedim ki, Sakit sən çək, amma bir yerdə yazarıq. Ombudsman təsisatıyla bağlıdır görüş, incəlikləri bilirəm. Elə də oldu, Sakit getdi çəkdi, qayıtdı. Elə yazmağa oturmuşduq ki, prezident çəkilişi çıxdı. Sakiti də ora göndərdilər. Qeydlərini mənə verdi ki, özün tək yaz, montaj da elə, mən getdim. Mən də Rövşən müəllimin zövqünü bilən adam kimi, süjeti hazırladım. Material efirə getdi. Zəng elədi ki, Sakit sağ olsun. Amma Mahir, sənə çatmaz. Sənin ruhun o materialda yox idi. Rövşən Mustafayev və onun başçılıq etdiyi institut 1999-2009-cu illər arasında böyük layihələr həyata keçirdi. Özü də kiçik kollektivlə. Özü də Azərbaycanda yeni olan İnsan Hüquqları sahəsində. Azərbaycana gələn Avropa Şurası, ATƏT, BMT, NATO və digər beynəlxalq təşkilatların nümayəndələri hökmən İnsan Hüquqları İnstitutuna gəlirdilər. Gələndə necə gəlirdilər və Rövşən müəllimlə görüşdən hansı təəssüratla, necə heyrətlə ayrılırdılar onu mən yaxşı bilirəm. “Heyrət” sözünü elə-belə işlətmədim.

Günlərin bir günü yenə də görüş idi. Qonaqlar gecikirdi. Penitensiar sahədə vəziyyətlə bağlı gəlmişdilər. Müxalifət liderləriylə görüşdən İnsan Hüquqları İnstitutuna gəlməliydilər. Təsəvvür edirsiniz də orada onlara nələr deyəcəkdilər. Gəl indi ağ parçadan qara ləkəni sil. Yaxud da ki, vəziyyəti öz xeyrinə dəyiş. Rövşən müəllim fikirli görsənirdi. Soruşdum ki, nə olub? Dedi ki, bəs bunlar 5-6 görüş keçiriblər. İndi mən onlara nə deməliyəm ki, fikirlərini dəyişdirə bilim, ya nə iləsə heyrətləndirim. İndi özün görəcəksən ki, bura proqramlarına “quş” qoymaq üçün gəlirlər, yəni xala-xətrin qalmasın. Onlara müxalifət təşkilatları o qədər yalan, böhtan deyirlər ki, təkzib etmək üçün beş qat əziyyət çəkirsən. Qonaqlar gəldi. Rövşən müəllim qonaqları ağızlarını açmağa da qoymadı. “Nə danışacağam! Boş-boş danışmaqdan nə çıxar? Beynəlxalq təşkilat deyilsiniz? Gəlin birgə tədbirlər keçirək. Vəziyyəti obyektiv təhlil edək. Yoxsa ki, gəldiz, danışdız, getdiz. Bir dənə də müxalifətsayağı raport hazırlayacaqsınız. Elə bilirsiniz ki, bununla da iş bitir?” Qonaqlar çaş-baş qalmışdılar. Daş qayaya rast gəlmişdi. Nə danışacaqdılar onu da yaddan çıxarmışdılar. Rövşən müəllim davam etdi. Bizim institutun devizi belədir: “Biz işgəncələrə ”Yox" deyirik”. Gəlin birlikdə belə bir plakat buraxaq. Sonra cəzaçəkmə müəssisələrində məhkumların, türmə rəislərinin, Ədliyyə Nazirliyinin iştirakı ilə seminar keçirək. Onlara hüquq və vəzifələrini başa salaq. Beynəlxalq təcrübəni aşılayaq. Polis Akademiyasında dərslər təşkil edək. Qonaqlar nə danışacaqlarını bilmirdilər. Rövşən müəllim ağıl və bacarığı ilə, diplomatik şəkildə qonaqları pat eləmişdi.

Rövşən müəllim həm də institutun beynəlxalq əlaqələrini genişləndirdi. Yeni elmi kadrlar yetişdi. Rus dilində “19-21-ci əsrlərdə erməni terrorçu və bandit dəstələrinin bəşəriyyətə qarşı cinayətləri” adlı qısa xronoloji ensiklopediyası meydana gəldi. Bu nəşr Milli Təhlükəsizlik Nazirliyinin mükafatına layiq görüldü. Təqdimat mərasimində Rövşən müəllimə söz verildi. Fikirləşdim ki, nəsə ənənəvi sözlər deyəcək. Amma bir cümlə dedi: “Mən həyat yoldaşım Aytən xanıma minnətdaram”.

Atam rəhmətə getmişdi. Yanına gəldim. Bir vəzifəli adama əlimin çatmadığını dedim. Durdu ayağa, məni otuzdurdu yerində. 4 nömrə hökumət telefonunu qoydu qabağıma. Kitabçanı da verdi ki, nömrələr buradadır. Day soruşmadı ki, kimə zəng edirsən, niyə edirsən? Həmin adamı yerində tapmadım. Çağırdı köməkçisini ki, Mahir müəllim nə vaxt gəlsə, aç otağı hökumət telefonundan zəng edəcək. Bu mənim üçün milyon idi. Ölümünə 5-6 ay qalmış incimişdim ondan. Ha zəng edirdim, görüşmək istəyirdim, yaxın buraxmırdı. Fikirləşirdim ki, əcaba, yəni Rövşən müəllim də başqaları kimi minnətli adamdır. Axı belə deyildi. Dedim, yəqin ki, vəzifə axır onu da dəyişdirib. Amma ara-sıra zəng edirdim. Bir gün isə dedi ki, dur gəl yanıma. İnstituta girəndə Musa müəllimlə, Araz Qurbanovla görüşdüm. İncikliyimi onlara da dedim. Dedilər bəs xəbərin yoxdur, Rövşən müəllim xaricdə müalicə olunurdu. İndi bir az babatdı. Yəqin səni də narahat etmək istəməyib. Otağına girdim. Qucaqlayıb öpdü məni. Çay gətizdirdi. Cibimə pul qoydu. Etiraz elədim. Dedi ki, bu qardaş payıdır. Belə çıxır ki, nə vaxtsa mən dünyada olmayanda, oğlum yanına gəlsə sən belə etməyəcəksən? Güldüm. Ayrılanda dözmədim soruşdum: “Axı , nə olub, Rövşən müəllim? Nə kömək? Bəlkə mən də həkim tanıyıram”. Güldü. Bircə söz dedi: “Mahir, qapını döydülər. Açdım. Gördüm ki, qocalıqdır”. İndi başa düşürəm ki, qocalıq yox, ölüm demək istəyirmiş. Sadəcə məni təsirləndirmək istəməyib.

Bir müddət sonra eşitdim ki, xaricdə əməliyyat keçirib. Əməliyyat isə uğurlu olmayıb.

O mənim yadımda cavan, sağlam, enerjili, ağıllı, təcrübəli, gözəl insan, qeyrətli oğul, qayğıkeş ata, təmənnasız dost kimi qaldı.

 

 

Mahir QABİLOĞLU  

 

Xalq qəzeti.- 2009.- 26 iyun.- S. 7.