“Yenə qəlbimdədir
mehriban səsin”
İnsan yaşa dolub ahıllaşdıqca irəlidən
çox geriyə baxır. Yaşanmış illərini,
ömrünün acılı-şirinli xatirələrini
çözələyir. Sıraları get-gedə seyrəkləşən
dost-tanışlarını yad edir. Gəlimli-gedimli, son ucu
ölümlü dünyanın mənası barədə bəzən
kədərli, bəzən də sevincli xatirələrə
dalır...
Qəzənfər
müəllimlə bugünkü söhbətimiz də belə
bir ovqata köklənib. Mənalı bir ömrün 80-ci
yaş zirvəsindən həmsöhbətim dünəninə
boylanır. Ömür salnaməsini aram-aram varaqladıqca, istər-istəməz,
məni də o əlçatmaz çağlara qaytarır.
Müsahibimi şəxsən
tanımasaydım, onun
keçdiyi həyat yolunun sanballı, uzun illər hüquq-mühafizə orqanlarında işləməsi,
podpolkovnik rütbəsinin,
çoxsaylı təltif
və mükafatlarının
xofu bəlkə də məni rəsmi, bir qədər “quru” söhbət ab-havasına kökləyərdi. Lakin, Qəzənfər müəllimi
çoxdan tanıdığımdan
bu rəsmi təqdimatın fövqündə
necə mehriban, xeyirxah, şairanə bir şəxsiyyətin dayandığını bilirdim.
Həyat elə gətirib ki, bu uzun ömrün
bir hissəsi gözlərim qarşısında
ötüb. Və mən qəhrəmanımı
müxtəlif situasiyalarda,
müşahidə etmişəm...
İlk tanışlığımız
yaxın rəfiqəmin,
o vaxtlar səhiyyə nazirinin müavini işləyən
Safo xanım Rəsulbəyovanın həyat
yoldaşı kimi baş tutub. Elə onda da
Qəzənfər müəllimin
bir ər kimi, ata kimi
nə qədər mehriban, diqqətli, qayğıkeş insan olduğunu duymuşam. Sonralar gözəl insan, istedadlı həkim Safo xanımla yaxınlığımız ailəvi
dostluğa çevrildikcə
Qəzənfər müəllimlə
təmasımız daha
da artıb və mən onu çətində, darda etibarlı bir dost, işinə
böyük məsuliyyətlə
yanaşan, Vətənini,
xalqını, elini, obasını ürəkdən sevən
bir vətəndaş
kimi də tanıyıb özüm üçün kəşf
etmişəm. Elə
bu keyfiyyətlərinə
görə də ətrafındakılar Qəzənfər
Aslanovu bu gün də sevir, hörmət edirlər.
Qədim Gəncə
torpağında həyata
göz açıb Qəzənfər müəllim.
Böyüyüb boya-başa
çatdıqca zirəkliyi,
məsuliyyəti ilə
həmyaşıdlarından seçilib. Qohum-əqraba, dost-tanış gələcəyinə
böyük ümid bəsləyib. Və səhv etməyblər.
1949-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən
gənc Qəzənfər
elə həmin il Bakıya gələrək Azərbaycan
Dövlət Bədən
Tərbiyəsi İnstitutuna
daxil olur. Ali təhsilini başa vurduqdan sonra o zamankı
APİ-nin (hazırda
ADPU) bədən tərbiyəsi
fakültəsində müəllim
işləməyə başlayır.
Tez bir zamanda
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi
İnstitutuna baş müəllim kimi işə dəvət olunur. Gənc mütəxəssis vəzifə
pillələri ilə
müvəffəqiyyətlə irəliləyir. Ancaq əldə etdiyi ilə kifayətlənmək,
bir yerdə dayanmaq bu gəncin
xarakterinə yad idi. 1959-cu ildə Q.Aslanov Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə
daxil olanda çoxları təəccüb
etdi. Axı, institutda böyük hörmət qazanmış
bu gəncə daha nə lazımdır?
Tələbələrin və
işlədiyi müəllim
kollektivinin sevimlisi olmaq məgər kifayət deyilmi? Ancaq, Qəzənfər müəllim
üçün, görünür,
bu, kifayət deyildi. 1962-ci ildən daxili işlər orqanlarında çalışmağa
başlayan Qəzənfər
Aslanov işə xüsusi həvəs və şövqlə girişdi. Ömrünün
30 ildən çoxunu
sərf etdiyi bu işə ürəkdən bağlı olduğu
üçün vəzifə
pillələri ilə
sürətlə irəlilədi.
İlk iş yeri Səbail Rayonu Milis İdarəsinin
cinayət axtarışları
üzrə əməliyyat
müvəkkili vəzifəsi
olsa da, heç iki il keçməmiş Daxili İşlər Nazirliyinin xidməti şöbəsinə baş
inspektor vəzifəsinə təyin edildi. İnsanların
asayişinin qorunması
işinə böyük
məsuliyyətlə yanaşmağı,
ciddiliyi, intizamlılığı
diqqəti cəlb etdi. 1967-ci ildə Oktyabr Rayonu Milis İdarəsinə rəis müavini vəzifəsinə irəli
çəkildi. 1973-cü ildən
Daxili İşlər
Naziriyi kollegiyasının
qərarı ilə Bakı Şəhər Milis İdarəsi yanında mühafizə şöbəsinin rəisi
təyin edilir. 10 ilə yaxın bu vəzifədə çalışır. 1989-cu ilin
noyabrında isə öz xidməti vəzifəsini ləyaqətlə
başa vurub pensiyaya çıxır.
Daxili işlər orqanlarında çalışdığı
30 ilədək müddətin
hər gününü,
hər ayını Q.Aslanov xalqa xidmət nümunəsinə
çevirmişdir. Elə
ona görə də əməyi yüksək qiymətləndirilmişdir.
O, müxtəlif illərdə
“Milis əlaçısı”,
“Əməkdə igidliyə
görə” medalı,
qüsursuz xidmətə
görə I, II, III dərəcəli
medallarla, “Əmək
veteranı” medalı ilə təltif olunmuşdur. Nümunəvi
xidmətinə görə
Qəzənfər müəllim
dəfələrlə fəxri
fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılmışdır. Daxili İşlər Nazirliyinin nəşrlərində
və dövri mətbuatda onun haqqında çoxlu məqalə və oçerklər dərc olunmuşdur.
Gərgin əməyi
özünə gündəlik
iş norması kimi qəbul edən Qəzənfər
müəllim dxili işlər orqanlarından
pensiyaya çıxandan
sonra da boş oturmamış, müəllimlik fəaliyyətini
davam etdirmişdir. Qəzənfər Aslanov
1989-cu ildən bu günə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının ictimai elmlər kafedrasında baş müəllim işləyir. O, burada da öz əməksevərliyi,
dəqiqliyi və fədakarlığı ilə
çoxlarına nümunədir.
Onun mühazirələri
tələbələrə Vətəni sevmək, həyatda fədakar olmaq kimi keyfiyyətlər
aşılayır. Onun inzibati
hüquq pozuntusu və inzibati məsuliyyət mövzusundakı
metodik vəsaiti akademiyanın tələbələri
üçün, sözün
əsl mənasında,
stolüstü kitabdır.
İdman çoxnövçülüyü
üzrə kadr hazırlığında Q.Aslanovun
böyük əməyi
olmuşdur. 1956-cı
ildə o, Moskvada SSRİ xalqlarının I Spartakiadasında hakimlik etmiş, 1954-cü
ildə isə yüngül atletika üzrə respublika dərəcəli hakim adına layiq görülmüşdür.
İnsan ömrü...
Təbiətin bizə
bəxş etdiyi ən böyük və əvəzsiz nemət. Onu hərəmiz bir cür yaşayır, bir cür başa
vururuq. Ancaq nə qədər
müxtəlif və bənzərsiz olsa da, bir şeyi
yəqin bilirik: bu həyatda öz yaş zirvəsindən geriyə
boylanan hər kəs dünəni ilə fəxr edə bilirsə, deməli xoşbəxt, bəxtəvər bir ömür yaşayıb və yaşayır.
Yəni, təəssüflənməli,
heyfsilənməli bir
şey yoxdur...
Bu sözləri bütövlüklə Qəzənfər Aslanovun 80 illik mənalı ömrünə şamil etmək olar. Bu gün o, dolğun, mənalı bir ömür yaşayır. Həyatı sevən bu insana həyat da öz səxavətini göstərir. Onun “Həyat təranələri” şeirlər kitabını əlinə alan hər kəs bu qarşılıqlı məhəbbəti dərhal hiss edir. Doğulub boya-başa çatdığı şəhərinə müraciətlə deyir:
Şaxtada, tufanda, boranda, qarda,
İsidir canımı
odlu nəfəsin.
Olsam da nə qədər uzaq diyarda,
Yenə qəlbimdədir mehriban səsin.
Qəlbi elə isti hisslərlə dolu olduğundandır ki, Qəzənfər Aslanov bu gün
də yaşa boyun əymir. Və ömrünün
80-ci ilini gələcək
90, 100 illik yubileyləri
qarşısında növbəti
“dayanacaq” kimi qəbul edir. Ömrünüz uzun, canınız sağ olsun, Qəzənfər müəllim!
Svetlana NƏCƏFOVA,
əməkdar jurnalist
Xalq qəzeti.- 2009.- 26 iyun.- S. 7.