Azərbaycan – Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) layihəsi “Association Make a Better World” müsabiqəsində qalib olmuşdur

 

ATAF - ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, fondun təsisçisi olan Azərbaycan—Türkiyə İş Adamları Birliyinin Amerika Assosiasiyaları Rəhbərləri Cəmiyyətinin (American Society of Association Executives — ASAE) hər il keçirdiyi “Association Make a Better Vorld” müsabiqəsinə təqdim etdiyi “ATAF Avrasiyada Sosial və İqtisadi İnteqrasiya Modeli olaraq Regional Sülh naminə Birgə Fəaliyyət” adlı layihəsi HONORABLE MENTİON AWARD WİNNER nominasiyasında qalib elan edilmişdir. ATAF-ın bu layihəsi Qafqaz xalqlarının sülh şəraitində yaşamasına, regionda sosial inteqrasiyanın inkişafı və əhalinin rifahının yüksəldilməsinə ən çox töhfə verə biləcək təşəbbüs olaraq qiymətləndirilmişdir.

 

Bu təşəbbüs ASAE tərəfindən həyata keçirilən proqramda iştirak edən namizədə təmsil etdiyi təşkilatı tanıtmaq imkanı yaradır. Təqdim edilən uğurlu layihə təşkilata müxtəlif kateqoriyalarda üzv olan sənaye partnyorları, məsləhətçi, eləcə də icma üzvü statusuna malik münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər 2009-cu il avqustun 15- dən 18- dək keçiriləcək “2009 Annual Meeting & Exposition” adlı tədbirə dəvət almaqla “Associatitons Make a Better World”ə bir illik pulsuz üzv olmaq, eləcə də mükafatı Kanadanın Torronto şəhərində almaq imkanı qazanacaqlar.

2009- cu il üzrə “Associations Make a Better World” müsabiqəsinin digər qalibləri olaraq ABŞ-ı təmsil edən NRECA Beynəlxalq Fondu (NRECA İnternational Foundation), İxtisaslı Dəyirmançılar Beynəlxalq Assosiasiyası (İnternational Association of Operative Millers), Tibbi Təcili Yardım Cəmiyyəti (Society of Critical Care Medicine), Perunu təmsil edən Latın Amerikası Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyası (ALİDE), İndoneziyanı təmsil edən Korporativ Direktorluq üzrə İndoneziya İnstitutu müəyyən edilmişdir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan – Türkiyə Tarixi Araşdırmalar Fondunun yaradılmasında əsas məqsəd Azərbaycan və Türkiyə tarixinin araşdırılması və ortaq problemlərin müəyyən edilməsinə kömək göstərilməsi, onların həlli yollarının müəyyən edilməsi və təkliflər hazırlanması, regionda xalqların sülh və əmin-amanlıq mühitində yaşamalarına və iqtisadli inteqrasiyaya mane olan problemlərin həllinə və bu çərçivədə regionun iqtisadi rifahının yüksəlməsinə töhfə verməkdən ibarətdir.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 26 iyun.- S. 6.