Azərbaycanda ən yüksək standartlara cavab verən Milli Ordu formalaşmışdır

 

Ordu quruculuğu və bu istiqamətdə əldə edilmiş uğurlar ölkəmizə imkan verib ki, bu gün Azərbaycanın nizami, güclü ordusu var. Orduda peşəkarlıq artır, ordunun maddi-texniki bazası bundan sonra daha da möhkəmlənəcəkdir. Azərbaycanın buna imkanları var və orduya diqqət, orduya qayğı bizim əsas məsələmizdir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Hər bir milləti tanıdan, dünya miqyasında sayılıb-seçilənlər cərgəsinə qoşan onun müdrikləri, ictimai-siyasi xadimləri, mədəniyyət və incəsənət ustaları, habelə peşəkar hərbçiləridir. Dövləti dövlət kimi tanıdan da onun ordusudur. Azərbaycan ilk dəfə müstəqillik əldə edəndə qarşıda duran ən mühüm vəzifələrdən biri məhz milli ordu formalaşdırmaq idi. Çünki müstəqil dövlətin özünəməxsus milli ordusunun olması vacib və zəruridir.

 

Hələ 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmənləri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Həmin il ADP-nin milli ordusu yaradıldı. Təəssüf ki, ötən əsrin əvvəllərində qazanılmış müstəqilliyimizi uzun müddət qoruyub saxlaya bilmədik. Sözsüz ki, 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublikanın yaranması çox böyük tarixi hadisə idi. Buna baxmayaraq, obyektiv və subyektiv səbəblərdən müstəqilliyimizi qoruya bilmədik. Cəmi 23 ay davam gətirən Azərbaycan Demokratik Respublikasının Milli Ordusu tam formalaşmadı. Buna səbəb isə ordu quruculuğu üçün vaxtın az olması idi.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra da ordu quruculuğu sahəsində hər hansı bir irəliləyiş, tərəqqi yox idi. Həmin vaxt hakimiyyətdə olanların səriştəsizliyi, dövlət idarəçiliyindəki naşılığı digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da özünü büruzə verirdi. Sərhədlərimizi qorumalı olan ordu bölmələri ayrı-ayrı şəxslərə xidmət edir, hakimiyyətdə birinci olmaq iddiasını yeridən bəzi dövlət məmurları isə ordunun gücündən öz şəxsi mənafeləri üçün istifadə edirdi. Nəticədə torpaqlarımız çox asanlıqla ermənilər tərəfindən işğal olunur, daxildə isə silahlı qruplaşmalar meydan sulayırdılar. Xalqın təkidli tələbindən sonra yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin gərgin səyi nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinə başlanıldı. 1993-cü ilədək hərc-mərclik, vahid ordunun olmaması üzündən Azərbaycan bütün cəbhə boyu silsilə məğlubiyyətlərə məruz qalıb torpaqlarını itirirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycan milli ordu quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa vaxt ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Müstəqil dövlətimiz müasir hərbi texnika ilə təchiz olundu, tədricən formalaşdı.

Ümummilli lider Heydər Əliyev hələ Sovet İttifaqı dövründə də Azərbaycana rəhbərlik etdiyi zaman azərbaycanlılar arasında hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirirdi. Xatırladaq ki, 60-cı illərdə Azərbaycandan Sovet ordusuna ildə təxminən 60 min əsgər göndərilirdi. Bu qədər əsgərin 15 faizi döyüş bölgələrində, qalanları isə tikinti və digər hərbi hissələrdə xidmət edirdilər. Sovet rəhbərliyi bunu düşünülmüş şəkildə həyata keçirirdi. Orduda belə acınacaqlı vəziyyətin aradan qaldırılmasına, azərbaycanlılara olan münasibətin yaxşılaşdırılmasına, mərkəzi şübhələndirməmək şərti ilə milli hərbçi kadrların hazırlanması üçün baza yaradılmasına, hərbi sahədə azərbaycanlıların irəli çəkilməsinə böyük ehtiyac duyulurdu. Bunu isə həyata keçirmək üçün həm risk, həm də böyük ustalıq, siyasi uzaqgörənlik tələb olunurdu. Belə çətin bir şəraitdə qüdrətli şəxsiyyət Heydər Əliyev bu işin öhdəsindən məharətlə gəldi. O vaxt heç kimin ağlına belə gəlməzdi ki, Azərbaycan nə vaxtsa müstəqil dövlət olacaq, onun milli ordusu formalaşdırılacaq. Bütün bunlara baxmayaraq, ümummilli lider hər vasitə ilə çalışırdı ki, Azərbaycanın milli hərbi kadrları olsun. O vaxt Bakıda iki ali hərbi – Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri olsa da, burada təhsil alan 300 nəfərdən 3-5 nəfəri azərbaycanlı idi. Bu ali məktəblərdə təhsil alanlar əsasən Ukrayna, Belarusiya, Rusiya, Gürcüstan, hətta Ermənistan və digər ölkələrdən gəlmiş gənclər idi. Azərbaycanlıların isə həmin məktəblərdə təhsil almaları müxtəlif vasitələrlə əngəllənirdi. O vaxt Heydər Əliyev öz nüfuzundan, siyasi uzaqgörənliyindən və qətiyyətindən istifadə edərək bu ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənni tədris olundu. 1971-ci ildə isə Bakıda gəncləri ali hərbi məktəblərə hazırlayan ilk ümumtəhsil məktəbi olan ixtisaslaşdırılmış internat məktəbi açıldı. Bu qətiyyətli addımı atmaqla ulu öndər bir tərəfdən respublikamız və xalqımız üçün böyük tarixi əhəmiyyəti olan hərbi məktəbi yaratdı, digər tərəfdən isə SSRİ-nin ali hərbi məktəblərinə hər il 800-900 nəfər gəncin göndərilməsinə nail oldu. Bir müddət sonra isə ixtisaslaşdırılmış internat məktəbinə Cəmşid Naxçıvanskinin adı verildi.

Həmin dövrdə milli respublikalarda hərbi məktəbin açılması böyük problem idi. Maddi-texniki bazanın yaradılmasında da ciddi maneələr olurdu. Lakin bütün bunlara baxmayaraq ulu öndər qarşısına qoyduğu məqsədə nail oldu. Bundan sonra azərbaycanlıların hərbi sahəyə, hərb elminə olan marağı artdı, peşəkar hərbçilərin sistemli hazırlanması üçün fəaliyyətin əsası qoyuldu. Ümumiyyətlə, ümummilli lider Sovet İttifaqı dövründə, hakimiyyətdə olduğu dövrdə çox böyük ustalıqla hərbi məktəb açır, onun maddi-texniki bazasını gücləndirir, azərbaycanlı gəncləri hərbi təhsilə və hərb elminə cəlb edirdi. Hərbçi kadrların hazırlanması ulu öndərin uzaqgörənliyinin, müstəqil dövlətçilik baxışlarının tərkib hissəsi idi. Eyni zamanda, bu hisslər ulu öndərin millətsevərlik, vətənpərvərlik və xalqına olan dərin məhəbbətinin təzahürləri idi. Bu təzahürlərin nəticəsi Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra özünü daha qabarıq şəkildə göstərdi. Ordu quruculuğuna olan tələbat Heydər Əliyevin milli hərbçi kadrlaırn hazırlanması sahəsindəki fəaliyyətinin uzaqgörənliyini bir daha təsdiqlədi.

Milli ordu elə-belə, heçdən yaranmır. Göründüyü kimi, ümummilli lider Heydər Əliyev öz təcrübəsinə, müdrikliyinə və siyasi uzaqgörənliyinə güvənərək milli ordunun əsasını qoydu, Azərbaycanın hərbi ənənələrinə uyğun olaraq formalaşdırdı. Yenidən hakimiyyətə gəldikdən sonra isə müstəqil Azərbaycanın Milli Ordusunu daha da mətinləşdirdi. Dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı olan nizami ordu yaradılmasına nail oldu. Xüsusi diqqət və qayğı nəticəsində onun maddi-texniki bazasını gündən-günə gücləndirdi. Əsgər və zabitlərin döyüş qabiliyyəti ilə yaxından tanış olmaq üçün tez-tez cəbhə bölgələrinə getdi, səngərlərdə döyüşçülərlə söhbət etdi, onlara müxtəlif hədiyyələr verdi, bir yerdə yemək yedi. Bu, Milli Ordu üzvlərini daha da ruhlandırdı. Onların hərbi vətənpərvərlik hisslərini gücləndirdi. Bundan sonra hər bir əsgər və zabit Vətənin müdafiəsi uğrunda döyüşlərdə canından keçməyə hazır olduqlarını bildirdilər. Ulu öndər hərbi hissələrdən yayınanlara müraciət edərək onları əfv etdiyini, əvvəl xidmət etdikləri yerə qayıdıb hərbi xidmətlərini davam etdirmələrini bildirdi. Bununla da orduda fərarilik hallarına birdəfəlik son qoyuldu. Məhz bunların nəticəsi olaraq orduda peşəkarlıq artdı, maddi-texniki baza getdikcə gücləndi, mətin, qüdrətli, düşmənlərimizə layiqli cavab verə biləcək Milli Ordu formalaşdı. 1994-cü ildən başlayaraq, ölkəmiz NATO ilə əməkdaşlıq yaratdı. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlıq sahəsində qətiyyətli addımlar atıldı.

Ümummilli lider Heydər Əliyevin yarımçıq qalmış işlərini böyük müvəffəqiyyətlə həyata keçirən, onun ideyalarını layiqincə davam etdirən möhtərəm Prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğuna, maddi-texniki bazanın daha da möhkəmləndirilməsinə, orduda peşəkarlığın artırılmasına xüsusi diqqət yetirir. Milli Ordunun beynəlxalq standartlara uyğunlaşdırılması üçün zəruri olan bütün tədbirləri həyata keçirir. Azərbaycanın ərazi bütövlüyünü təmin edən, qoruya bilən Milli Ordu formalaşdırılması yolunda bütün bilik və bacarığından yetərincə istifadə edir. Həm ulu öndər, həm də möhtərəm Prezidentimiz İlham Əliyevə görə hərbi sənaye kompleksinin yaradılması ordu quruculuğunda çox vacib məsələlərdən biri idi. Möhtərəm Prezidentimiz gərgin fəaliyyəti nəticəsində buna da nail oldu. Bu məsələnin indiki dövrdə nə qədər böyük əhəmiyyət kəsb etməsini xüsusi vurğulayan cənab Prezident İlham Əliyev deyirdi: “Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılmışdır. Bildiyiniz kimi, mən bir müddət bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında sərəncam imzalamışdım. Bu gün çox şadam ki, bu sərəncamdan sonra əməli-praktik işlər çox sürətlə gedir. Hərbi sənaye kompleksinin yeni tərkib hissəsi olan zavodun açılışında olarkən bir daha gördüm ki, Azərbaycanda bu sahədə istehsal olunan məhsullar dünyanın ən yüksək standartlarına cavab verir”.

2003-cü ildən başlayaraq ölkəmizin hərbi xərcləri artırılmış və son 5 ildə hərbi xərclər ən azı 10 dəfə artırılaraq 2 milyard dollara çatmışdır. Bu müddət ərzində ordu quruculuğu sahəsində xeyli işlər görülmüş, peşəkarlıq artmış, ən yüksək standartlara uyğunlaşdırılmışdır. Silahlı qüvvələrdə peşəkarlığın artırılması ilə əlaqədar inkişaf etmiş ölkələrin qabaqcıl iş təcrübəsindən də istifadə olunur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri təxminən 50-dən çox ölkənin silahlı qüvvələri ilə əməkdaşlıq edir. Türkiyə, ABŞ, Macarıstan, Pakistan, Böyük Britaniya, Almaniya, Bolqarıstan kimi inkişaf etmiş ölkələr də daxil olmaqla 24 ölkə ilə hərbi sahədə əməkdaşlığa dair saziş imzalanmışdır. Sazişlər imzalanarkən tərəflər arasında öhdəliklər də götürülüb. Milli Ordumuzun əsgər və zabitlərinin sülhməramlı qüvvələr tərkibində beynəlxalq terrorizmə qarşı mübarizədə fəaliyyəti yüksək qiymətləndirilir. NATO rəsmlərinin açıqlamalarında da bildirilir ki, Azərbaycan Milli Ordusu bu qurumun stantdartlarına uyğundur. Eyni zamanda, Azərbaycan Ordusunun bu gün bölgədə ən güclü ordu olması da xüsusi vurğulanır.

Bu gün Azərbaycan hərtərəfli inkişafına, beynəlxalq aləmdə əlaqələrinin getdikcə möhkəmlənməsinə, iqtisadiyyatın artım tempinə görə dünyanın super dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq qurumların maraq dairəsindədir. Ölkədə sosial-iqtisadi inkişafın sürətli artımı gələcəkdə daha qüdrətli dövlətin formalaşmasından xəbər verir. Bu da ordu quruculuğuna öz müsbət təsirini göstərir. Çünki iqtisadi cəhətdən qüdrətli olan dövlətin güclü ordusu olar. Belə bir ordu artıq Azərbaycanda formalaşıb. Onu da qeyd edim ki, son illər gənclər arasında ordudan yayınma hallarına tamamilə son qoyulub. İşlədiyim Balakən rayonunda gənclər özləri hərbi komissarlığa gəlir, hərbi xidmətə böyük həvəslə getmək istədiklərini bildirirlər. Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə mütəmadi olaraq hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirlər öz bəhrəsini verib. Belə tədbirlərin nəticəsindir ki, bu gün gənclərimiz Vətən qarşısında öz borcunu verməkdən qürur hissi keçirirlər. Ali Baş Komandanımızın yeritdiyi məntiqli siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən Milli Ordu formalaşmasından qürur hissi ilə danışırıq.

 

 

Nizami QULİYEV,

mayor, Balakən rayon hərbi komissarı

 

Xalq qəzeti.- 2009.- 26 iyun.- S. 5.