26 iyun Silahlı Qüvvələr Günüdür

 

Güclü Azərbaycan ordusu qürur mənbəyimizdir

 

Azərbaycan tarixinin qürur doğuran şərəfli hadisələrindən biri 26 iyun 1918-ci ildə Milli Ordumuzun yaradılmasıdır. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Ordu yaratması sadəcə dövlətin əsas artibutlarından birini formalaşdırmaq naminə atdığı addım deyildi. Yeni yaradılmış gənc müstəqil dövlətə müxtəlif istiqamətlərdən hücumlar başlanır, erməni quldur birləşmələri şəhər və kəndlərimizi viran qoyur, qoca, qadın, körpə bilmədən xalqımıza qarşı xüsusi bir amansızlıqla soyqırımı həyata keçirirdilər. Torpaqlarımızı qorumaq, törədilən vəhşiliklərin qarşısını almaq və müstəqilliyə sahib olmaq üçün ordunun yaradılması sözün həqiqi mənasında zərurətə çevrilmişdi.

 

Tarixi faktlar göstərir ki, o dövrdə digər ölkələrdən fərqli olaraq 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti məhz Müdafiə Nazirliyi yaratmış və onun tabeliyi altında milli ordumuzu formalaşdırmağa başlamışdır. Lakin çox böyük arzularla başlanan bu işlərə Rusiya bolşeviklərinin 11-ci Qırmızı ordusu son qoymuş və Azərbaycan Sovet İmperiyasının tərkibinə qoşulmuşdur. Bütün bunlara baxmayaraq, mərd Azərbaycan oğulları Sovet dönəmində Qırmızı ordunun tərkibində böyük döyüş qabiliyyəti nümayiş etdirmiş, II Dünya müharibəsi zamanı göstərdikləri şücaətlərlə adlarını qızıl hərflərlə tarixin səhifələrinə yazmışlar.

Əfsuslar olsun ki, daim imperiya təxəyyülü ilə yaşayan Sovet rəhbərliyinin böyük əksəriyyəti azərbaycanlıların hərb sənətini öyrənməsinə bütün vasitələrlə əngəl olmağa çalışmış, hətta onları ordu sıralarına çağırarkən inşaat-tikinti işləri üzrə ixtisaslaşmış hərbi hissələrdə xidmət etməyə göndərmişlər. Lakin Azərbaycan xalqının dahi lideri, ulu öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə bütün sahələrdə olduğu kimi, Vətənin yüksək hərbi təhsil almış milli zabit kadrlarına da böyük ehtiyacı olduğunu nəzərdən qaçırmamışdır. Məhz onun ciddi səyləri və mübarizəsi nəticəsində 70-ci illərin əvvəllərində Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır.

Tarix müdrik və uzaqgörən şəxsiyyətin atdığı bu addımın nə qədər böyük bir amala, mərama hesablandığını, Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra təsdiqlədi. Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşmuşdu. Lakin 70 il əvvəl mövcud olan problemlər daha ciddi şəkildə Azərbaycanın varlığını təhlükə altında qoymuşdu. Qonşu dövlətin yardımı ilə təpədən dırnağa silahlanmış Ermənistan silahlı birləşmələri Azərbaycanın şəhər və kəndlərini, qəsəbələrini bir-bir ələ keçirir, ölkəmizin, ayrı-ayrı siyasi quruplarına xidmət edən silahlı dəstələri isə hakimiyyət uğrunda gedən daxili çəkişmələr üzündən birləşib onlara müqavimət göstərə bilmirdilər.

Məhz bunu nəzərə alan respublika Prezidenti İlham Əliyev 2008-ci il iyunun 26-da keçirilən hərbi parad zamanı haqlı olaraq deyirdi: “1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə ki, Milli Ordunun yaranması çox vacib məsələ idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Azərbaycanda ordu quruculuğu lazımi səviyyədə aparılmırdı”.

Bu acı tarixi gerçəkliyin ağrısı uzun zamandır ki, göz qabağındadır. Bu ağrı işğal olunmuş 20 faiz ərazilərimiz, öz məmləkətimizdə bir milyona yaxın qaçqın həmvətənimiz, erməni vandalizminin qurbanına çevrilmiş mədəni tarixi abidələrimiz, viran qoyulmuş şəhər, qəsəbə və kəndlərimizdir.

Əgər 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtmasa, öz zəngin dövlət idarəçiliyi təcrübəsi, rasional düşüncəsi, iradəsi, qətiyyəti sayəsində dövlətin digər atributları ilə yanaşı milli ordu quruculuğuna başlamasa nələrin baş verəcəyini göz önünə gətirmək belə adamı dəhşətə gətirir. Qısa zamanda Milli Ordunun formalaşması üçün təcili və təxirəsalınmaz tədbirlər başlandı. Hər şeydən əvvəl bütün silahlı qüvvələr vahid komandanlıq altında birləşdi, ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi və ordunun siyasiləşdirilməsi kəskinliklə aradan qaldırıldı.

Yaxşı yadımızdadır, 1994-cü il yanvarın 24-də ümummilli lider Heydər Əliyev cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xeyir-dua verərkən deyirdi: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır”.

Dövlət başçısının əsgərlərə dediyi bu sözlər təkcə onları yox, bütün Azərbaycanı səfərbərliyə çağırdı. Görülən tədbirlər özünü çox gözlətmədi və ordumuz cəbhənin bir neçə istiqamətində Ermənistan silahlı birləşmələrinə güclü zərbələr endirib, onları xeyli geri oturtdular. 1994-cü ildə atəşkəs əldə olunandan sonra ordu quruculuğunda islahatlar daha böyük miqyas aldı.

Ulu öndər XX əsrin sonunda aparılan islahatları və əldə edilən uğurlu nəticələri belə ifadə edirdi: “Biz 1993-cü ilin payızından başlayaraq Azərbaycanda müstəqil dövlətin bütün atributlarının yüksək səviyyədə qurulması, bərpa edilməsinə başladıq. O cümlədən ordu quruculuğuna böyük önəm verdik, diqqət ayırdıq, bu işə məsuliyyətlə yanaşmağı təmin etdik. Odur ki, bu gün Azərbaycan Ordusu yeni əsrin tələbləri səviyyəsində, yeni standartlara uyğun qurulubdur, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək iqtidarında olan səviyyəyə qaldırılıbdır”.

Çox sevindirici haldır ki, ulu öndərin bu tarixi çıxışından az qala, 10 ilə yaxın bir vaxt keçir və ordumuz öz döyüş qabiliyyətinə, texniki təminatına və digər göstəricilərinə görə iki boy daha da böyümüş və güclənmişdir. Bir faktı qeyd etmək kifayətdir ki, son beş ildə Azərbaycanın sürətlə artan dövlət büdcəsindən hərbiyə ayrılan xərclər mühüm yer tutur və ildən-ilə artır. Müqayisə zərərli olsa da inkişaf səviyyəsini göstərmək üçün deməliyik ki, 2003-cü ildə Azərbaycanda, hərbi xərclərə 135 milyon dollar ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 10 dəfədən çox artaraq 2 milyard dolları keçmişdir.

Ölkədə gedən sürətli sosial-iqtisadi inkişafla yanaşı, ordu quruculuğuna da birbaşa rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev haqlı olaraq qeyd etmişdir ki, “bu gün Azərbaycan, sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik bir ölkədir. Əlbəttə, bu mövqeni şərtləndirən mühüm amillər vardır. Bu amillər böyük iqtisadi potensial və güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Bütün məqsədlərimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq, biz daha da möhkəm orduya malik olacağıq”.

Sevindirici haldır ki, beynəlxalq ekspertlər də bu gün Azərbaycan Ordusunu regionun ən yüksək standartlara cavab verən mobil silahlı qüvvəsi kimi dəyərləndirirlər. Bu işdə ölkə başçısının həyata keçirdiyi tədbirlər, tez-tez on cəbhədə zabitlər və əsgərlərlə görüşməsi, onların hazırlıq səviyyəsi, döyüş bacarıqları, sosial təminat məsələləri ilə maraqlanması və bu sahəyə qayğı və diqqətlə yanaşması öz sözünü deyir.

Milli Ordumuzun hərbi texnika və döyüş sursatı ilə təmin olunması istiqamətində atılan ən mühüm nailiyyətlərdən biri də Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksinin yaradılmasıdır. Dövlət başçısının bu məsələyə xüsusi önəm verməsi bir daha onu göstərir ki, Azərbaycan Ordusunun ən müasir texnika və hərbi sursatlarla təminatı, onun döyüş qabiliyyətinin yüksəldilməsində müstəsna rol oynayır.

Azərbaycan Ordusunun əsgərlərinin artıq BMT-nin sülhməramlılarının tərkibində müxtəlif ölkələrdə əmin-amanlığa öz töhfələrini verməsi, onlar haqqında müxtəlif beynəlxalq qurumlardan minnətdarlıq və təşəkkür məktublarının gəlməsi də bir Azərbaycan qadını olaraq bizi çox sevindirir.

Ən əlamətdar faktlardan biri ondan ibarətdir ki, bu gün gənclərimiz ordu sıralarına böyük sevinc hissi ilə gedir və hərbi xidmətə ən müqəddəs borc kimi baxırlar. Çünki bütün Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla ölkəmizi hər an düşmən tapdağından azad etməyə hazır olan Milli Ordumuza qürur mənbəyi kimi baxır və onunla öyünür.

 

 

 

Məhəbbət İBRAHİMOVA,

Yeni Azərbaycan Partiyası Qadınlar

Şurası sədrinin müavini, YAP Nərimanov

 rayon təşkilatı qadınlar şurasının sədri,

7 saylı uşaq infeksion xəstəxanasının baş həkimi

 

 

Xalq qəzeti.- 2009.- 26 iyun.- S. 5.