2008-2012-ci illərdə məktəblərin informasiya texnologiyaları ilə təminatına 85 milyon manat vəsait ayrılmışdır

 

Ölkə başçısı İlham Əliyev informasiya texnologiyalarının tətbiqini prioritet sahələrdən biri kimi xarakterizə etmişdir. İKT-nin təhsilə tətbiqi də günün vacib məsələsidir.

 

Ölkədə fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin kompyuterləşdirilməsi işinə 2004-cü ildə ölkə başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı (2005-2007-ci illər) Proqramı”nın həyata keçirilməsi ilə başlanmışdır. Proqrama uyğun olaraq ilk illər hər 33 şagirdin 1 kompyuterlə təmin edilməsi nəzərdə tutulmuşdu. Bu proses 2007-2008-ci tədris ilinin əvvəlində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun bütün ümumtəhsil məktəblərində uğurla başa çatdırıldı. Ancaq bu şəhərlərdə hər 29 şagirdə bir kompyuter nisbəti həll olundu. Buraya həm kompyuterlər, həm də proyektorlar daxil idi. Elektron dərsliklərdən istifadə edilməsi üçün hər məktəbə proyektorlar da verildi. Bu sahədə müəllimlər hazırlanmasına da xüsusi diqqət yetirildi. Xüsusi treninqlərdə müəllimlər bu sahəni öyrəndilər.

Həmin sahənin daha da təkmilləşdirilməsi və inkişafı məqsədilə yeni bir proqram, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” qəbul edildi. Bu günlərdə Təhsil Nazirliyi tərəfindən proqramın fəaliyyət planı da təsdiqlənmişdir. Dövlət proqramından irəli gələn vəzifənin icrası ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində Təhsil sistemini informasiyalaşdırma idarəsi yaradılmışdır. Qəbul edilən yeni proqrama əsasən ilk dəfə olaraq Bakı, Abşeron və Sumqayıtda 200-ə yaxın ümumtəhsil məktəbi genişzolaqlı sürətli internetlə təmin olunacaqdır. Müqayisə üçün nəzərə çatdıraq ki, 4 il bundan əvvəl respublikamızın ən nümunəvi tədris müəssisələrində 1047 şagirdə cəmi 1 kompyuter düşürdüsə, hazırda V-XI sinif şagirdlərinin hər 29 nəfərindən biri kompyuterlə təmin edilmişdir.

Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də ölkəmizin təhsil tarixində ilk dəfə olaraq DATA mərkəzinin - məktəblərin internet şəbəkəsinin vahid mərkəzdən idarəetmə sisteminin, vahid təhsil portalının, elektron tədris resursları bazasının yaradılması, həmin resursların hazırlanaraq orta məktəblərə çatdırılmasıdır. Artıq tədris müəssisələrinin bəzilərində “elektron məktəb” layihəsi uğurla həyata keçirilməkdədir. Bu proqram 2009-cu ildən etibarən həmin tədbirlərin Azərbaycanın bütün təhsil obyektlərində həyata keçirilməsinə, şagirdlərin internetdən maksimum dərəcədə istifadə etmələrinə, bütün məktəbəqədər və ümumtəhsil müəssisələrini informasiya ilə təmin etmək üçün ümuminformasiya mərkəzi yaratmağa imkan verəcəkdir.

2008-2012-ci illərdə təhsil sistemində informasiya proqramının həyata keçirilməsinə dövlət tərəfindən 8,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Dünyanın İKT sahəsində tanınmış şirkətləri ilə Təhsil Nazirliyinin birgə layihələri üzrə səmərəli əməkdaşlığı da ilbəil genişlənir. Artıq 20 min nəfərdən artıq müəllim və məktəb rəhbəri treninqdən keçirilərək elektron avadanlıqdan maksimum istifadə edilməsi sahəsində zəngin təcrübə qazanmışdır. DATA informasiya mərkəzinin ilk öncə paytaxtda yaradılması nəzərdə tutulmuşdur.

2008-2009-cu tədris ilində Bakı şəhərinin bütün təhsil ocaqlarının internetə çıxışı təmin olunmuşdur. Bu prosesə nəzarəti məhz DATA mərkəzi həyata keçirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan hər bir ümumtəhsil məktəbinə özünün elektron saytını yaratmaq tapşırığı verilmişdir. Həmin sayt vasitəsilə hər bir məktəb haqqında tez və asanlıqla məlumat əldə etmək mümkün olacaq. Bundan sonra respublikamızın iri şəhərlərində, o cümlədən, Gəncə, Mingəçevir və Şirvanda, daha sonra isə ölkənin bütün ümumtəhsil müəssisələrində reallaşdırılması nəzərdə tutulmuşdur. Lakin bu sahədə də problemlər var. Bakı, Sumqayıt və Abşeronun bütün təhsil müəssisələri kompyuterlərlə təmin edilməsinə baxmayaraq, onlarla işləməyi bacaran ixtisaslı informatika müəllimləri çatışmır. Ötən il Təhsil Nazirliyi Bakı Dövlət Universiteti və Pedaqoji Universitetlə birlikdə informatika müəllimlərinin hazırlanması istiqamətində tələbə qəbulunu həyata keçirdi. Ümumtəhsil məktəblərinə kompyuterlərin verildiyi ilk illərdə onlarla işləmək üçün bütün məktəb direktorları və müəllimlərin bir hissəsi xüsusi kurslara cəlb olunmuş, bu sahədəki problemlər qismən həll edilmişdi. Lakin hazırda informasiya texnologiyaları ilə işləmək yeni forma və məzmun kəsb etdiyindən ixtisaslı kadrlara böyük ehtiyac vardır. Xüsusilə ölkə məktəbləri internet şəbəkəsinə qoşulduqdan sonra ixtisaslı informatika müəllimlərinə olan tələb daha da artacaqdır.

2008-2012-ci illər üçün qəbul edilmiş təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının nəzərdə tutulan vaxtda tam yerinə yetirilməsi məqsədilə hazırda bütün vacib tədbirlər görülür. Yaxın gələcəkdə respublikamızın bütün orta ümumtəhsil məktəbləri sərbəst şəkildə internet şəbəkəsinə qoşularaq beynəlxalq aləmə çıxa biləcəkdir. Bunun üçün ölkədə hər cür şərait yaradılmışdır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 8.