Dünya Konqresində qazanılmış baş
mükafatın sevinci...
və buna sözardı
“Brezilya”dan bir güzel haber daha..." İnterneti nəzərdən
keçirərkən Türkiyəyə məxsus “Kanal KBB”
saytında diqqətimi bu sərlövhəli xəbər cəlb
etdi. Osmanlı türkcəsində necə verilmişdisə
həmin xəbəri eləcə də oxuculara təqdim edirəm:
“Brezilya”da geçtigimiz günlərdə yapılan 19.
Dünya KBB Konqresindən Ülkemiz için güzel haber
daha... Bu kez Rinoloji alanında en iyi sözel sunu
ödülü... Ödülü alan Dr. Aydın
Talişinskiy Dokuz Eylül KBB-dən uzmanlığını
alan bir meslektaşımız (Bakü’de babası gibi KBB
uzmanlığı yapıyor) Meslektaşlarımızı
kutluyoruz..."
Bu qısa xəbərlə
yanaşı, gənc alim Aydın Talışinskinin portreti və
Dünya Konqresi tərəfindən ona təqdim edilmiş
sertifikatın surəti də verilmişdi.
Xəbərdən
göründüyü kimi, uzaq Braziliyada keçirilmiş
otorinolarınqoloqların XIX Dünya Konqresinin baş
mükafatına layiq görülən gənc alim Aydın
Talışinski Türkiyənin Dokuz Eylül Universitetində
KBB (qulaq, burun, boğaz) sahəsində uzmanlıq təhsili
almış və hazırda Bakı klinikalarının birində,
atası kimi, öz ixtisası üzrə işləyir.
Yüksək mükafata
layiq görülən gənc alimin atası ilə
bağlı məlumatı oxuyarkən, istər-istəməz
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, qulaq, burun,
boğaz xəstəlikləri üzrə nəinki Azərbaycanda,
eləcə də MDB məkanında yaxşı tanınan
mütəxəssislərdən biri, tibb elmləri doktoru,
professor Əzizağa Talışinski yada düşdü.
Professorla telefon əlaqəsi yaradıb məqsədimi
açıqladım.
— Oğlumdur, — dedi. — Mərkəzi
Klinik Xəstəxanada həkim işləyir.
Dünya konqresində
Aydının qazandığı yüksək nailiyyətlə
əlaqədar professor Ə. Talışinskiyə
gözaydınlığı verəndən sonra bu
mükafatın sanbalı barədə təsəvvür
yaratsın, deyə ondan soruşdum:
— Professor, bizə məlumdur
ki, siz də belə konqreslərdə, beynəlxalq elmi
simpozium və konfransılarda tez-tez iştirak edirsiniz.
İndiyədək bu səviyyədə nəticəniz
olubmu?
— Etiraf edim ki,
olmayıb. Doğrudur, buyurduğunuz kimi, mən də müxtəlif
səviyyəli beynəlxalq tədbirlərdə — elmi konqreslərdə,
simpozium və konfranslarda iştirak etmişəm, bir
çoxunda məruzələrim dinlənilib, bəzi
mükafatlar, diplomlar da almışam. Lakin
otorinolarinqoloqların dünya konqreslərinin bir neçəsində
iştirak etsəm də baş mükafata layiq görülməmişəm.
Ümumiyyətlə, mən biləni, Azərbaycandan indiyədək,
nəinki tibb sahəsində, elmin digər sahələri
üzrə də bu səviyyəli dünya konqreslərinin
baş mükafatını alan olmayıb. Təsəvvür
yaratmaq üçün deyim ki, Olimpiya oyunları kimi dörd
ildən bir keçirilən bu konqreslər otorinolarinqologiya,
baş və boyun cərrahiyyəsi üzrə dünya alimlərinin
ən mötəbər forumudur. Burada elmin son nailiyyətləri,
yeniliklər barədə elmi məruzələr dinlənilir
və həmin işlər ən məşhur alimlərdən
təşkil olunmuş mötəbər münsiflər heyəti
tərəfindən qiymətləndirilir. XVIII konqres 4 il bundan
əvvəl İtaliyanın paytaxtı Roma şəhərində
baş tutmuşdu, XIX konqres isə bu il iyul ayının 1-dən
5-dək Braziliyanın San-Paulu şəhərində
keçirildi...
Söhbətin mabədini
Azərbaycan xalqını və elmini dünya konqresində ləyaqətlə
təmsil edən gənc tədqiqatçı Aydın
Talışinski ilə davam etdirməyə ehtiyac duydum. Onunla
redaksiyada görüşdük.
Tanışlıq
üçün qısa arayış: Aydın 1980-ci ildə
Bakıda anadan olub. Valideynlərinin hər ikisi
tanınmış həkim-pedaqoqdur. 1996-cı ildə
Bakıdakı 160 nömrəli orta məktəbi əla qiymətlərlə
bitirərək fərqlənmə attestatı alıb. Elə
həmin il sənədlərini M. V. Lomonosov adına Moskva
Dövlət Universitetinin tibb, N. İ. Piroqov adına II Moskva
Tibb İnstitutunun və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika
fakültələrinə verib, eyni vaxtda hər
üçünə qəbul olunur. Xeyli məşvərətdən
sonra M. V. Lomonosov adına MDU-nun üzərində dayanır və
2002-ci ildə o, universitetin tibb fakültəsini müvəffəqiyyətlə
bitirərək tibb doktoru ixtisası üzrə diplom alır.
Bundan sonra beş il (2003-2008-ci illər) təhsilini Türkiyənin
İzmir şəhərindəki məşhur Dokuz Eylül
Universitetinin klinikasında — qulaq, burun, boğaz xəstəlikləri,
baş və boyun cərrahiyyəsi üzrə rezidenturada
(uzmanlıq — red.) davam etdirir. Təhsil illərində o, dəfələrlə
həm Türkiyənin özündə, həm də digər
ölkələrdə (Yunanıstan, İtaliya, Avstraliya...)
keçirilən beynəlxalq elmi konfranslarda, dünya konqreslərində
iştirak və bəzilərində elmi məruzələrlə
çıxış edir. 2006-cı ildə Almaniyanın məşhur
Haydelberq Universitetində qulaq və kəllə əsası cərrahiyyəsi
üzrə təkmilləşmə kurslarının
müdavimi olur. 2008-ci ildə rezidenturanı bitirir və Dokuz
Eylül Universitetində uğurla dissertasiya müdafiə edərək
uzman elmi dərəcəsi alır. Bu dərəcəyə
yiyələnmək üçün o, eyni zamanda 5 illik
rezidentura təhsilini başa vurduqdan sonra ixtisas üzrə 5
professordan ibarət Elmi Şura qarşısında
qazandığı nəzəri və praktiki biliyini, həmçinin
xəstələrin konservativ və cərrahi müalicəsini
apara bilmək bacarığını əyani surətdə
nümayiş etdirmişdir.
Mükəmməl təhsil
görmüş kamil mütəxəssis kimi 2009-cu ildə Vətənə
qayıdan Aydın Talışinski Mərkəzi Klinik Xəstəxanada
həkimlik fəaliyyətinə başlamışdır. Ailəlidir.
Həyat yoldaşı Səkinə xanım
iqtisadçıdır, Bakı Dövlət Universitetinin
bakalavr pilləsini, sonra isə M. V. Lomonosov adına MDU-nun
magistraturasını bitirmişdir. Hazırda təhsilini
Türkiyədə doktoranturada davam etdirir. Aytac adlı bir
qızları var. Xobbiləri arasında şahmat oynamaq
(idmanın bu növü üzrə ustalığa namizəddir),
İQ testlər və başsındıran, mürəkkəb
məsələlər həll etmək (Böyük
Britaniyanın Beynəlxalq Mensa Cəmiyyətinin
üzvüdür) əsas yer tutur. Eyni zamanda, internet və
telekommunikasiya texnologiyalarındakı yeniliklər də maraq
dairəsinə daxildir.
Bu təqdimaqdan sonra
söhbəti mətləb üstünə gətirmək
üçün müsahibimdən xahiş etdim ki, XIX
Dünya Konqresi barədə bir qədər də ətraflı
məlumat versin.
— Dünya
otorinolarinqoloqlarının Olimpiya sisteminə uyğun 4 ildən
bir keçirilən belə konqresilərinə elmi biliklərin
ən mötəbər yarışı kimi baxmaq olar.
Braziliyanın San-Paulu şəhərində keçirilən
XIX Konqresə dünyanın 82 ölkəsindən qulaq, burun,
boğaz xəstəlikləri üzrə 6 mindən çox
mütəxəssis, alim qatılmışdı. Beş
gün ərzində müxtəlif seksiyalar üzrə
yüzlərlə məruzə dinlənildi, elmi
araşdırmalar nəzərdən keçirildi, sərgilər
nümayiş etdirildi. Elmin bu sahəsi üzrə dünya
şöhrətli mütəxəssislərdən ibarət
mötəbər münsiflər heyətinin üzərinə
bu işləri obyektiv qiymətləndirmək kimi çox
ağır və məsuliyyətli vəzifə
düşmüşdü. Onların arasında Beynəlxalq
Otorinolarinqoloqlar Cəmiyyətləri Federasiyasının
(İFOS) prezidenti, professor Desiderio Passali (İtaliya), Rinologiya,
Allergiya və Plastik Üz Cərrahiyyəsi üzrə Elmi
Komitənin sədri, professor Eujene Kern (ABŞ), XIX Dünya
Otorinolarinqoloji Konqresinin prezidenti, professor Paulo Pontes (Braziliya),
Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti
Federasiyasının baş katibi, professor Jan Grote (Almaniya),
professorlar Luisa Bellusi (İtaliya), Regionaldo R. Frujita (Braziliya) və
başqaları vardı. Müsabiqə 6 nominasiya (otologiya,
rinologiya, kəllə əsası, foniatriya, audiologiya, pediatrik
otorinolarinqologiya) üzrə aparıldı. Hər nominasiya
üzrə bir mükafat, XIX Dünya Konqresinin ən
yaxşı məruzəsi sertifikatı təqdim olundu.
“Radiotezlikli termal
ablasiyanın aşağı burun
balıqqulağılarının toxuma histologiyası və
ultrastrukturuna təsiri” mövzusunda təqdim etdiyim məruzə
rinologiya nominasiyası üzrə konqresin baş
mükafatına layiq görüldü. Bundan əlavə,
konqresdə mənim elmi araşdırmalarımın video
görüntüləri də nümayiş etdirildi və bu
da böyük marağa səbəb oldu. Məni daha çox
fərəhləndirən bu fakt oldu ki, Vətənim Azərbaycanın
adı Dünya Konqresinin 76 illik tarixi ərzində ilk dəfə
mükafata layiq görülənlər arasında, Amerika Birləşmiş
Ştatları, Almaniya, Braziliya kimi qabaqcıl ölkələrlə
bir sırada çəkildi.
— Bu hadisə Türkiyə
mediasında daha yaxşı işıqlandırıldı və
Türkiyə elminin uğuru kimi qiymətləndirildi...
— Bu da təbiidir. Mən
bu elmin sirlərinə qardaş ölkədə yiyələnmişəm,
araşdırmalarımı Türkiyənin ən məşhur
klinikalarından birində, Dokuz Eylül Universitetinin qulaq,
burun, boğaz xəstəlikləri, baş və boyun cərrahiyyəsi
kafedrasında aparmışam. Orta təhsilimi Bakıda, ali təhsilimi
Moskvada, rezidentura təhsilimi İzmirdə alsam da, həmişə,
hər yerdə fəxr edirəm ki, mən azərbaycanlıyam
və bütün beynəlxalq tədbirlərdə doğma Vətənim
Azərbaycanı təmsil edirəm, üçrəngli
ay-ulduzlu müqəddəs bayrağımızın
altında dayanıram. Və hazırda Azərbaycanın ən
müasir tibb ocaqlarından olan Mərkəzi Klinik Xəstəxanada
öz ixtisasım üzrə işləyirəm...
— İşləmək
üçün digər ölkələrdən dəvətlər
almısınızmı?
— Belə təkliflər
olub. Türkiyədə təhsilimi başa çatdırandan
sonra orada qalıb işləmək imkanı
yaranmışdı. Bu, bir tərəfdən mənə də
sərf edirdi. Çünki ailə üzvlərim —
doktoranturada oxuyan həyat yoldaşım və iki yaşı
hələ tamam olmayan qızım orada yaşayırlar.
Dünya konqresindən sonra da bəzi ölkələrin
nümayəndələri bu barədə mənim rəyimlə
maraqlandılar. Mənim fikrim isə belədir: hələ
xaricdə təhsil alarkən qarşıma məqsəd
qoymuşam ki, qazandığım bütün bilik və
bacarığımı Azərbaycan tibb elminin
inkişafına sərf edəcək, səhiyyə xidmətini
dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə
çatdırmaq işinə öz töhfəmi verəcəyəm.
Məndə belə bir inam var ki, yaxın vaxtlarda Azərbaycanda
tibbi xidmət yüksək səviyyəyə çatacaq və
vətəndaşlarımız şəfa dalınca daha uzaq
xarici dövlətlərə üz tutmayacaqlar. Bu inam səhiyyəmizə
dövlət səviyyəsində göstərilən diqqətdən,
xüsusən də ölkə Prezidenti cənab İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın bu sahəyə şəxsi
qayğılarından qaynaqlanır...
P. S. Bəlkə də
yazıya burada nöqtə qoymaq olardı. Lakin məsələ
ilə bağlı bir məqam sonda bu fikirləri də deməyə
məni vadar etdi. Bu da elmi yeniliklərə, xüsusən gənc
alimlərin qazandıqları elmi uğurlara biganə
münasibətdir. Təsəvvür edin ki, Olimpiya sistemi
üzrə dörd ildən bir keçirilən (təkrara yol
verdiyim üçün oxuculardan üzr istəyirəm —
müəllif) və 82 ölkədən 6 mindən çox
alimin qatıldığı, minlərlə elmi məruzənin
dinlənildiyi (tədqiqatçıların bir çoxu 5-6 məruzə
təqdim edib) Dünya Konqresinin mötəbər münsiflər
heyəti tərəfindən obyektiv qiymətləndirilən əsl
elm yarışında 6 nominasiyadan biri üzrə baş
mükafata sahib çıxan gənc Azəbaycan alimi belə
möhtəşəm qələbə ilə Vətənə
qayıdır... və bir kəs çağırıb quruca,
“sağ ol” da demir. Müvafiq qurumların rəhbərləri
deyə bilərlər ki, xəbərimiz olmayıb. Bu, əsassız
bəhanədir. Hazırda dünyanın hansı guşəsində
nə hadisə baş verirsə internet dərhal bu barədə
məlumat yayır. Mükafatlandırmadan dərhal sonra (5
iyun) Dünya Konqresinin rəsmi saytının “Awards” bölməsində
bu barədə xəbər yer almışdı. Bundan sonra
Türkiyə mətbuatında bu hadisə geniş
işıqlandırıldı və həmçinin AzərTAc
məlumat (9 iyun) yaydı.
Burada Azərbaycan
mediasının, tele-radiokanallarının ünvanına da
haqlı iradlar yerinə düşər. Qəzet və
jurnallarımız, telekanallar ucuz şoulara, səviyyəsiz
toy müğənnilərinin reklamına, hansısa bir
ölkədə 5-10 nəfər üçün onların
bayağı konsertinin təbliğinə o qədər
geniş yer ayırır ki, belə ciddi mövzular kölgədə
qalır, yaxud ona heç maraq da göstərmirlər.
Burada müəyyən
sahələrə rəhbərlik edən qurumların fəallığından
da çox şey asılıdır. Məsələn, fərəhləndirici
haldır ki, ölkəmizdə idmana dövlət
qayğısı yüksək səviyyədədir. Bundan
ruhlanan gənc idmançılarımız müxtəlif
yarışlarda, Olimpiya, dünya və regional
yarışlarda yüksək qələbələr
qazanırlar. Vətənə qayıtdıqda onlar
böyük hörmət və izzətlə
qarşılanır, əmək kollektivlərində onlarla
görüşlər keçirilir, müəyyən
mükafatlar təqdim olunur. Bu da gənclər arasında
idmana marağı artırır. Bu işdə, şübhəsiz,
respublika MOK-nun, Gənclər və İdman Nazirliyinin və
digər qurumların təşkilatçılığı
mühüm rol oynayır.
Yaxşı olardı
ki, elm sahəsinə rəhbərlik edən müvafiq qurumlar
da onlardan nəticə çıxarsınlar. Azərbaycan
elminin inkişafı naminə gənc alimlərin
uğurlarına diqqətlə yanaşılsın, elmi-tədqiqat
işlərinə onların həvəsi və marağı
artırılsın. Azərbaycan elminin gələcək
inkişafı heç də digər sahələrin
inkişafından az əhəmiyyətli deyil. Bütün
dövrlərdə ölkənin gücü həmin məmləkətdə
elmin səviyyəsi ilə ölçülüb.
Qüdrət elmdədir,
başqa cür heç kəs,
Heç kəsə
üstünlük eyləyə bilməz.
Dahi Nizaminin, az qala, 9
yüz il bundan əvvəl qələmə aldığı
və doktor Aydın Talışinskinin həyat devizinə
çevrilən bu misralar bu gün necə də aktual səslənir.
Bu gün də belədir, sabah da, ümumiyyətlə,
dünya durduqca belə olacaq.
Qüdrət PİRİYEV
Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 7.