Sabunçu rayonunda əhalinin
sosial vəziyyəti diqqət mərkəzindədir
Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş sosial siyasət ölkə Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirilir, ölkədə sosial ədalət prinsipi
başlıca amilə çevrilir.
Ölkəmizin dinamik
inkişafı sayəsində müavinətlər, pensiyalar,
ünvanlı dövlət sosial yardımları, təqaüdlər
ilbəil artırılır. Belə ki, indiyədək,
minimum pensiya 4 dəfə, minimum əməkhaqqı isə 8 dəfə
artırılmışdır. Müharibə əlillərinə,
şəhid ailələrinə yaşayış evləri
inşa olunub istifadəyə verilib, bu kateqoriyadan olan insanlara
minik avtomobillərinin verilməsi yaxşı bir ənənə
kimi qorunub saxlanılır. İndi elə il olmur ki, şəhid
ailələrnə, müharibə veteranlarına yeni mənzillər
verilməsin. Möhtərəm Prezidentimiz İlham Əliyev
demişdir: “Biz iqitsadiyyatı inkişaf etdirməklə
yanaşı, əlbəttə ki, sosial məsələlərin
həlli ilə də ciddi məşğuluq. Bu bizim siyasətimizin
əsas istiqamətlərindən biri olmuşdur. Bir daha bunu
demək istəyirəm ki, biz xalq üçün
yaşayırıq, xalq üçün işləyirik ki, Azərbaycan
xalqı daha da yaxşı yaşasın. Bunu etmək
üçün, əlbəttə ki, keçən beş il
ərzində dəfələrlə maaşlar
artırılmışdır, minimum əməkhaqqı,
minimum pensiyanın səviyyəsi dəfələrlə
artırılmışdır. Bunu biz növbəti illərdə
də edəcəyik”.
İnsanların həyat
səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin
minimuma endirilməsi məqsədilə həyata keçirilən
tədbirlər içərisində ünvanlı dövlət
sosial yardımlarının verilməsi xüsusilə
mühüm əhəmiyyət kəsb edir. ÜDSY-nın təyin
olunduğu 3 il ərzində Azərbaycanda 800 min nəfərdən
çox vətəndaş ünvanlı dövlət sosial
yardım alıb. Belə ki, ailəyə 98,19 manat olmaqla hər
bir ailə üzvünə 21,56 manat yardım təyin
olunmuşdur.
Ünvanlı dövlət
sosial yardımı haqqında qanunun həyata keçirildiyi 3
illik müddət ərzində ünvanlı dövlət
sosial yardımının təyin edilməsi məqsədilə
ehtiyac meyarının həddi 30 manatdan 60 manatadək
qaldırılmış və müvafiq qaydalar daha da sadələşdirilmişdir.
Əhalinin aztəminatlı
təbəqələri ilə işləyən bir qurum kimi
Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
də möhtərəm Prezidentimizin müvafiq fərman və
sərəncamlarından irəli gələn vəzifələrin
operativ şəkildə yerinə yetirilməsini təmin edir.
İnsanların rahat yaşaması üçün öhdəmizə
düşən vəzifələri yerinə yetirməyə
çalışırıq. Belə ki, hər dəfə
sosial artımların şamil olunduğu kontingent dəqiq
şəkildə müəyyənləşdirilir, hər bir
müraciətə vaxtında münasibət bildirilir.
Sabunçu rayon üzrə
ünvanlı dövlət sosial yardımı 2008-2009-cu illərdə
1667 ailənin 21009 nəfər üzvünə şamil
olunmuş, orta hesabla hər ailəyə 97,5 manat vəsait
verilmişdir.
Ölkə Prezidentinin fərmanına
əsasən 1 sentyabr 2008-ci ildən etibarən sosial müavinətlərin,
o cümlədən bir yaşınadək uşağı
olan aztəminatlı ailələrə ödənilən
müavinətlərin məbləği
artırılmışdır. Bu da Sabunçu rayonu üzrə
6000-dən çox ailəyə şamil edilmişdir. Həmçinin,
respublikamızın suverenliyi və ərazi
bütövlüyü uğrunda döyüşlərdə,
cəbhədə olmaqla və ya döyüş əməliyyatları
aparılan ölkələrdə beynəlmiləl borcu yerinə
yetirməklə bağlı əlil olan 448 nəfər rayon
sakininə Prezident təqaüdü təyin edilmişdir. Ümumiyyətlə
dövlət rəhbəri tərəfindən aztəminatlı
insanların sosial müdafiəsinin gücləndirilməsi
üçün atılan addımlar əhali tərəfindən
rəğbətlə qarşılanır. Sosial təminat sahəsində
həyata keçirilən tədbirlər zamanı heç
bir vətəndaş kənarda qalmır. Bu da dövlət
başçımızın insanlara göstərdiyi diqqət
və qayğının nəticəsidir.
Odur ki, xalq öz rəhbərini
sevir, onun sosial-iqtisadi, siyasi kursunu birmənalı şəkildə
dəstəkləyir. 2008-ci ilin 15 oktyabr tarixində keçirilən
prezident seçkilərinin parlaq nəticələri bir daha
bunu təsdiq edir. Hərtərəfli inkişafa
dayanıqlı ictimai-siyasi sabitliyə səs verən Azərbaycan
xalqı bununla bir daha ümummilli liderimiz tərəfindən
başlanan yolun bizi daha böyük qələbələrə
apardığına əminliyini ifadə etdi.
Məhərrəm BALAKİŞİYEV,
Sabunçu Rayon Əhalinin Sosial
Müdafiə Mərkəzinin direktoru
Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 6.