Mingəçevir: Boz dağın qoynunda yaşıllıq və səliqə-sahman nümunəsi yaradılır

 

Bir neçə il bundan əvvəl qəbul edilmiş böyük ekoloji proqram icra edilir... Nəzarət gücləndirilməlidir və bütün lazımi tədbirlər görülməlidir... Mən hesab edirəm ki, biz xüsusilə ağacların əkilməsində daha da fəal olmalıyıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Təxminən iki aydan sonra mətbuat tariximizin ən uzunmüddətli dövriliyə malik qəzeti olan “Xalq qəzeti”nin 90 yaşı tamam olur. Bu münasibətlə qəzetimizin ötən saylarından bir neçəsini vərəqlədik, görülmüş işlərin salnaməsi olan çoxsaylı qəzet məqalələrinə ötəri də olsa yenidən nəzər salmaq istədik. Xüsusən, bölgə müxbiri kimi fəaliyyət göstərdiyim rayonlarda həyata keçirilmiş sosial-iqtisadi yönümlü tədbirlərin tarixçəsi ilə bir daha tanış olmaq istədim. Maraqlı bir məqamın şahidi oldum.

 

Azərbaycan tarixinə “Nur şəhəri” kimi düşmüş Mingəçevirin həyatından bəhs edən yazılarda xüsusilə qeyd edilməli bir tendensiya var: “Energetiklər şəhəri böyük sənaye mərkəzinə çevrilir”, “Ölkənin iri sənaye mərkəzlərindən olan Mingəçevir yeni olimpiya-idman qurğuları ilə tanınır”, “Nur şəhəri elm, təhsil müəssisələri ilə daha böyük diqqət çəkir”, “Mingəçevirə gedəndə tamamilə yenidən qurulmuş şəhər teatrında bir tamaşaya baxacağam” və başqa cümlələr “Boz dağın qoynundakı” şəhərdə cəmiyyət həyatının bütün sahələrinin iti sürətlə inkişaf etdiyindən xəbər verir. Yəni çoxsaylı dəyişikliklər, yeniliklər Mingəçevirə yeni görkəm verməklə yanaşı yeni nüfuz da qazandırır. Şəhərə bu gəlişimdə isə...

Hələ tələbəlik, bəlkə də uşaqlıq illərimdən bəri yüz dəfələrlə gəldiyim Mingəçevir şəhərini heç zaman bu qədər yaşıl görməmişdim. İnsanın ruhuna sakitlik bəxş edən, göz oxşayan, ən başlıcası təmiz ekoloji mühit yaradan yaşıllıq dünyanın harasında olursa, olsun bir nemət kimi, sərvət kimi qəbul edilir. Ancaq mənə elə gəlir ki, nemət Tanrının yaratdığı yaşıllıqdır, sərvət isə insanların əli ilə yaradılmış yaşıllıq. Mingəçevir Şəhər İcra Hakimiyyətində çalışan dostum Mirsədi Daşdəmirov dedi ki, ölkənin hər yerində yaşıllıqların sayının artırılması həm ulu öndər Heydər Əliyevin daimi diqqət mərkəzində idi, həm də cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verir. Hətta, ilin birinci rübünün sosial iqtisadi inkişafının yekunlarına həsr edilmiş geniş toplantıda cənab Prezident bu məsələni daha konkret bir vəzifə kimi hamımızın qarşısına qoydu. Mingəçevir şəhər rəhbərliyi də yeni yaşıllıqlar salınmasına, mövcud yaşıllıqların qorunmasına daim diqqət və qayğı göstərir.

Əlbəttə, harada olur, olsun, görülmüş işlərin bir təşkilatçısı, rəhbərlik edəni mütləq vardır. Bayaqdan haqqında danışdığımız işləri də Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi həyata keçirib. İdarənin rəisi Əli Ağamirovla bilavasitə iş üstündə – Heydər Əliyev prospektində görüşdük. Əli müəllim rəhbərlik etdiyi kollektivə hansısa tapşırığı verməklə kifayətlənmir, bilavasitə işin icrası ilə özü də maraqlanır, vəziyyətlə tanış olur.

— Bilirsinizmi, elə işlər var ki, onları vəzifə borcunu yerinə yetirmək üçün görürsən. Elə işlər də var ki, onun qiyməti olmur. On illər, yüz illər sonrakı insanlar üçün görülən işlərin qiymətini kim verə bilər ki? Yaşıllıq yaratmaq, ekoloji mühitin sağlamlaşdırılmasına xidmət etmək bilirsiniz nə qədər savabdır. Bu fəaliyyət hər yerdə dəyərlidir. Mingəçevir kimi təbii şəraitə malik aran şəhərində isə daha vacib, daha zəruridir. Biz çox məmnunuq ki, şəhər rəhbərliyi idarəmizin qarşısında duran vəzifələrin həyata keçirilməsində lazım olan bütün köməkliyi göstərir.

Rəisin “qarşımızda duran vəzifələr” adlandırdığı işlərin adı ilə, miqyası ilə tanış olmaq istədik. Məlum oldu ki, ilin ilk beş ayında şəhərdəki prospekt, küçə, park və xiyabanlarda, idarə və müəssisələrə məxsus ərazilərdə yaşıllaşdırma işləri aparılıb. Bu işlər çəmən otu səpilməsi (qazon), gül-çiçək və bəzək kollarının, həmişəyaşıl ağacların əkilməsi və digər yaşıllıq sahələrində görülmüş işlərdən ibarət olubdur. Heydər Əliyev adına park, ulu öndərin adını daşıyan prospekt və meydan, eləcə də 20 Yanvar, Dilarə Əliyeva küçələrində, yerüstü keçidin qarşısında, tibb işçiləri parkında və digər ünvanlarda daha çox yaşıllaşdırma işləri aparılıbdır. Eyni zamanda 6500 kvadratmetr sahəyə çəmən otu səpilib, yuxarıda qeyd edilən ünvanlarda 9750 ədəd müxtəlif gül və çiçək kolu, 500-dən çox bəzək ağacı, 3600 ədəd şəmşid adlı sarı çiçək kolu, 1350 ədəd çinar, şam və sərv ağacları əkilibdir. Şəhər təhsil və səhiyyə şöbələri, idman və sosial sığorta idarələri, avtonəqliyyat departamenti, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və digər qurumların əraziləri daha mükəmməl şəkildə yaşıllaşdırılıbdır.

Mən bu yerdə bir məqamı da vurğulamaq istəyirəm. “Nur şəhəri yaşıllıqlar məskəninə çevrilir” – deyib yarım ildə 1350 ağac əkilməsi və ya 6500 kvadratmetr çəmən otu səpilməsi barədə konkret fakt göstərirəm. Bu rəqəmlər oxucuya kiçik görünə bilər. Ona görə də qeyd edim ki, əvvəla, görülmüş bu işlərin hamısı yeni layihələrdir. Əvvəlki illər və hətta, on illər boyu salınan yaşıllıqlar məhz bu işlərlə zənginləşdirilib, çoxalıbdır. İkinci, bu rəqəmlər şəhərdə aparılmış ümumi yaşıllaşdırma işlərinin cəmi deyil, bilavasitə haqqında söz açdığımız idarənin gördüyü işlərdir. Şəhərin göstəriciləri isə fərqlidir. Məsələn, bu idarənin kollektivi ilk beş ayda 1350 ağac əkibsə, şəhər üzrə həmin göstərici 2350-dir. Yaxud, idarə tərəfindən 6500 kvadratmetr sahəyə çəmən otu səpilibsə, şəhər üzrə bu göstərici 16 min 950 kvadratmetrdir. Yəni Mingəçevir sözün həqiqi mənasında başdan-başa yaşıllıqlarla əhatə olunur. Bu isə yuxarıda dediyimiz kimi ulu öndər Heydər Əliyevin istəyi, dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası deməkdir.

Bir məsələ də vardır ki, şəhərdə yaşıllaşdırma işləri nə qədər genişmiqyaslı şəkildə aparılsa da, normal təmir-bərpa, abadlıq işləri, səliqə-sahman olmayanda mövcüd yaşıllıq əhəmiyyətsiz görünə bilər. Ona görə də Mingəçevirdə həmin funksiyaları yerinə yetirən qurumların fəaliyyəti barədə bəzi faktları öyrənmək istədik. Oxucuların nəzərinə çatdırım ki, Mingəçevirdə Şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı Kombinatı və Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi adlı iki qurum vardır. Mənzil-Kommunal Təsərrüfatı Kombinatı özünün xidmət ərazisində olan dövlət mənzil fondunun qorunub saxlanılması və kommunal xidmət haqlarının yığılması ilə məşğul olur. Kombinatın direktoru Ağa Ağayevlə söhbətimiz zamanı məlum oldu ki, bu təşkilatın xidmət ərazisində 58 ədəd çoxmərtəbəli yaşayış binası, 2 ədəd 436 yerlik yataqxana, 109 yerlik yataqxana tipli mehmanxana, tərəvəzçilik sovxozu, “vaqonlar” adlanan müvəqqəti yaşayış sahəsi və sairə tikililər vardır. Bütün bu fondun qorunub saxlanılması üçün şəhər rəhbərliyinin qarşıya qoyduğu vəzifələr layiqincə yerinə yetirilir. Məsələn, bu ilin ilk beş ayında kombinat xidmət ərazisindəki binaların dam örtüklərinin cari təmirinə 2906 manat, zirzəmi kommunikasiya xətlərinin bərpasına 2170 manat, yolların və küçələrin abadlaşdırılmasına 1100 manatdan artıq, inzibati binanın təmirinə 795 manat, magistral isti su borularının təmirinə isə 600 manat vəsait xərcləyib. Ağa müəllim deyir ki, bu gün bütövlükdə Azərbaycan böyük sosial-iqtisadi inkişaf yolundadır. Mingəçevir şəhəri də həmin inkişaf prosesinə özünəlayiq töhfələrini verir. Biz məmnunuq ki, təmsil etdiyimiz təşkilat da Mingəçevirin abadlaşdırılmasında, özünəməxsus gözəlliyinin qorunub saxlanılmasında yaxından iştirak edir.

“Nur şəhərində” olanda şəhər icra hakimiyyətinin tərkibində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin gördüyü işlərlə də tanış olmaq istədik. Bu qurumun nəzdində fəaliyyət göstərən Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Əli Əliyevlə söhbətimiz zamanı məlum oldu ki, indi haqqında söhbət açdığımız idarə də yuxarıda danışdığımız kombinatla təxminən eyni funksiyanı yerinə yetirir. Sadəcə, hərənin öz xidmət sahəsi vardır. Ə. Əliyev 2009-cu ilin ilk beş ayında görülən işləri 2008-ci ilin müvafiq dövründə həyata keçirilmiş işlərlə müqayisə edərək maraqlı fikirlər söylədi:

— Şəhər icra hakimiyyətinin rəhbərliyi ötən il bizim qarşımızda çox konkret vəzifələr qoymuşdu. 2008-ci il ölkədə sosial-iqtisadi inkişafın yüksək templə irəlilədiyi illərdən biri olduğuna görə şəhər rəhbərliyi bizdən tələb edirdi ki, xidmət ərazimizdə olan mövcud mənzil fondunun qorunub saxlanılması, şəhər sakinlərinə nümunəvi xidmət göstərilməsi üçün var qüvvəmizlə çalışaq. Biz çalışdıq. İl ərzində 442 min 20 manatlıq müxtəlif təmir-bərpa işləri gördük. Bu isə orta hesabla ayda 36.835 manatlıq iş demək idi. 2009-cu ilin ilk beş ayında isə reallaşdırdığımız orta aylıq iş həcmi 22 min 832 manatlıqdır. Bu fərq nəyə görədir? Yuxarıda qeyd etdiyimiz kimi 2008-ci ildə, hətta ondan əvvəlki ildə də biz mənzil fondunun qorunub saxlanılması üçün kifayət qədər tədbir həyata keçirmişdik. Məlum olduğu kimi idarəmizin əsas işi dam örtüklərinin əsaslı təmiri, müasir standartlara cavab verməyən dam örtüklərinin şifer örtüklə əvəzlənməsi, zirzəmilərdə su və kanalizasiya xətlərinin yenidən qurulması və bu kimi başqa işlərdən ibarətdir. Yəni həmin işlərin bir çoxunu artıq lazımi səviyyədə yerinə yetirmişik. Ancaq bu o demək deyildir ki, bizim işimiz azalıb. Əsla belə deyil. Bizim əsas işimiz 2009-2010-cu illər qış mövsümünə hazırlaşmaqdır. Bu vəzifəni şəhər rəhbərliyinin və dövlətin tələb etdiyi səviyyədə yerinə yetirəcəyik. İnkişaf edən Mingəçevirin tərəqqisinə töhfə vermək şəhər sakini kimi hər birimizin vəzifə borcu, vətəndaşlıq borcudur.

... Vəzifə borcu, vətəndaşlıq borcu. Mingəçevirlilərin qəlbinə hakim kəsilmiş bu iki amil Boz dağın qoynunda cənnətmisal bir şəhər yaranması ilə nəticələnib. Gecələri göz oxşayan, gur işıqlı, gündüzləri yaşıllıqlı, yaraşıqlı, küçələri abad, gözəl, qonaqları gündən-günə artan şəhər. Mingəçeviri bu gün hamı məhz belə təsəvvür edir, belə görür...

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 5.