Xalqın milli dəyərlərin keşiyində

 

Eşidəndə ki, “Xalq qəzeti”nin nəşrə başlamasının 90 illiyi qeyd olunacaq, çox sevindim, ötən onilliklər yada düşdü. Ömrümün 35 ili bu qəzetlə sıx tellərlə bağlı olub. 1970-ci ildə, o vaxt “Kommunist” adlanan bu qəzetə işə qəbul olunmuşam.

 

Ötən əsrin 70-ci illəri mənim üçün ona görə yaddaqalandır ki, həmin dövrdə qəzetin yaradıcı kollektivi respublikanın həyatına başqa mətbu orqanlarına nisbətən daha operativ, obyektiv, prinsipial yanaşır, səhifələrinə çıxardığı sanballı yazılarla fərqlənir, ölkədə başlamış yeniləşmə hərəkatına fəal yardımçı olurdu. Bu, o dövr idi ki, Azərbaycanda rəhbərliyə Heydər Əliyev kimi coşqun enerjili, yüksək təşkilatçılıq istedadına malik lider gəlmişdi. Respublikanın iqtisadi, mədəni həyatında sürətli, dinamik inkişaf başlanmışdı. Sənaye, tikinti, kənd təsərrüfatı sahələrində, abadlıq-quruculuq işlərində, mənəviyyatda dirçəliş, yeniləşmə hər addımda özünü göstərirdi. Qəzet bütün bunlara özünün salnaməçilik ənənəsinə uyğun reaksiya verir, həyatın harmoniyasını dolğun əks etdirmək üçün bütün vasitələrdən istifadə edirdi.

70-ci illərdə Azərbaycan sürətli inkişaf yolu keçdi. Respublikada çoxlu sənaye müəssisəsi yaradıldı, paytaxtda, digər şəhər və rayonlarda yeni yaşayış massivləri salındı. Sosial yönümlü obyektlər tikildi, geniş abadlıq-quruculuq işləri həyata keçirildi. “Kommunist” qəzeti də bütün bu işlərin icraçıları ilə bir cərgədə idi. Qəzetin diqqətindən heç nə yayınmırdı. Çünki yeniləşən respublikanın hər yerində onun müxbir postu, fəal yazarlar şəbəkəsi vardı. Qəzet Kür–Abşeron su kəmərinin tikintisində, ən müasir texnologiyalar əsasında yenidən qurulan neftayırma zavodlarında işlərin gedişindən, metronun yeni stansiyalarının, kondisioner, dərin özüllər zavodlarının inşasından, respublikanın müxtəlif coğrafi məkanlarında ucaldılan mədəniyyət, səhiyyə, təhsil komplekslərindən, kənd təsərrüfatı məhsulları emalı müəssisələrindən müntəzəm, bir-birini tamamlayan yazılar dərc edirdi. Ölkənin aparıcı sahəsi olan kənd təsərrüfatı daim diqqət mərkəzində saxlanılırdı. Yeni meyvə bağlarının salınması, üzümçülüyün sürətlə inkişafı, pambıqçılıqda əl əməyinin minimuma endirilməsi, taxılçılıqda olduğu kimi, burada da işlərin mexanikləşdirilməsi və sair məsələlər elmi, nəzəri, təcrübi materiallar əsasında işıqlandırılırdı.

O vaxtlar geniş ictimaiyyət, rəhbər orqanlar bu qəzeti Azərbaycan mətbuatının bayraqdarı hesab edirdilər. Bu, qəzetin həm ideya-siyasi səviyyəsinin günün tələblərinə tam uyğun olduğuna, yüksək peşəkarlığına, həm də kütləviliyinə dəlalət edirdi. Yarım milyon tirajla nəşr edilən qəzet hər il respublikanın bütün yaşayış məntəqələrindən, keçmiş SSRİ məkanından və xarici ölkələrdən on minlərlə məktub alırdı. Redaksiyaya məktub axınının başlıca səbəbi adamların qəzetə inamından irəli gəlirdi. Bunu bir də onunla izah etmək olar ki, qəzetə ünvanlanan məktubların heç biri diqqətdən kənar qalmırdı.

Redaksiyada bütün məktublara qayğı və həssaslıqla yanaşırdılar. Qəzetin əməkdaşları məktubların izi ilə ölkənin ən ucqar guşələrinə yollanır, müəlliflərlə görüşür, onların arzu və təkliflərini hərtərəfli öyrənir, vəziyyətlə ətraflı tanış olduqdan sonra qəzet üçün müvafiq material hazırlayırdılar. Belə yazılarda bəhs olunan məsələnin həlli yolları göstərilir, ayrı-ayrı təşkilatların diqqəti vacib işlərə yönəldilirdi.

Qəzetdə müntəzəm olaraq “Məktublar səhifəsi...”, “Bir məktubun izi ilə”, “Məktub dərc olunmasa da”, “Oxucu məktubları”, “Məktublardan sətirlər” və başqa rubrikalar altında çoxlu yazılar dərc edilirdi. Belə materialların səmərəliliyi ondan ibarətdir ki, həmin yazılarda irəli sürülən məsələlər öz həllini tapır, lazımi tədbirlər həyata keçirilirdi. Qəzetə materiallar hazırlanarkən yalana, böhtana, şayiəyə qətiyyən yol verilməzdi. Bütün faktlar dönə-dönə yoxlanıldıqdan, dəqiqləşdirildikdən sonra qəzet səhifəsinə çıxarılırdı. Hər cümlə, fikir, ifadə, ideya üçün redaksiya məsuliyyət daşıyırdı. İctimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsində plüralizmə, fikir ayrılığına geniş yer verilirdi. Belə müzakirələr zamanı çoban da, inşaatçı da, neftçi də, həmçinin elm adamları, tanınmış ziyalılar, dövlət və hökumət rəhbərləri də öz sözlərini deyə bilirdilər.

Bunları yazmaqda məqsədim odur ki, o vaxt indiki “Xalq qəzeti” başqa adla çıxsa da, onun məqsədi və məsləki Azərbaycana, dövlətə, xalqa sədaqətlə xidmət etməkdən ibarət idi. Qəzet bütün dövrlərdə Azərbaycanla bağlı hər hansı bir məsələ ortaya çıxanda öz münasibətini dərhal və prinsipiallıqla bildirmişdir. Azərbaycan dilinin saflığı, orfoqrafiya qaydalarının tənzimlənməsi istiqamətində qəzet həmişə öncül mövqe tutmuşdur. Azərbaycan SSR-in son Konstitusiyası layihəsinin müzakirəsi zamanı ulu öndərimiz Heydər Əliyevin tapşırığı əsasında dövlət dilinin Azərbaycan dili kimi qəbul olunmasında qəzetin apardığı kütləvi işin müstəsna rolu olmuşdur.

Qəzetin daha bir mübariz ruhlu çıxışını xatırlayıram. Məlumdur ki, ötən əsrin 80-ci illərinin sonuna yaxın ümummilli liderimiz Heydər Əliyevi ermənilərin fitvası ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırdılar. Bunun ardınca ermənilər fitnəkarlıqlara başladılar. Onların havadarları–Moskvanın araqızışdıran jurnalistləri bəd niyyətlə Dağlıq Qarabağa ayaq açdılar. Çağrılmamış qonaqlar, xüsusilə “Komsomolskaya pravda” qəzetinin müxbirləri yazdıqları məqalələrdə Dağlıq Qarabağı qəsdən Ermənistan torpağı kimi qələmə verirdilər. Belə məqamda “Kommunist” qəzeti Vətən, yurd təəssübkeşliyini önə çəkdi, Azərbaycanın ərazi bütövlüyünü əsas götürərək “Komsomolskaya pravda”ya layiqli cavab verdi, özündən razı, “çoxbilmiş” jurnalistlərə coğrafiyadan əməlli-başlı dərs keçdi, həm də daşın haradan atıldığını dəqiq göstərdi, ruhən “Xalq qəzeti” olduğunu bir daha sübut etdi. Amma respublikanın o vaxtkı fərsiz rəhbərləri qəzetin mövqeyini demokratik mərkəziyyət prinsipinə zidd adlandırdılar, redaksiya kollektivinə göz ağartdılar, qəzeti cəza ilə hədələdilər.

Xalqımızın tarixinə qanla yazılmış “20 Yanvar” hadisələrini qəzet sonsuz kədər və qəm hissi ilə qeyd etdi. Həmin hadisələrin səhəri günü Bakını pəncəsinə keçirən hərbi rejim bütün qəzet və jurnalların çapını dayandırdı. Yalnız beş gündən sonra ilk dəfə “Kommunist”in əlavəsi kimi çıxan “Səhər” qəzeti işıq üzü gördü. O dövr üçün mətbuat tarixində bərabəri olmayan həcmdə və tirajda çap edilən qəzet başdan ayağadək qara haşiyəyə alınmışdı. Tarixin səhifəsindən silinməyəcək “20 Yanvar”ın unudulmaz dəhşətləri qəzetdə verilmiş foto-şəkillərdə bütün çılpaqlığı ilə əks olunmuşdu. Burada şahidlərin dili ilə qəhrəman şəhidlər barədə ağılar, laylalar, mərsiyələr də dərc edilmişdi. Pulsuz paylanaraq, əl-əl gəzən qəzetin həmin nömrəsi respublikadan kənara xarici ölkələrə də yayıldı.

Yubileyinə hazırlaşdığımız “Xalq qəzeti” bax belə zəngin şərəfli yol keçib. Müsbət haldır ki, qəzetin indiki kollektivi öz sələflərinin şanlı ənənələrini uğurla davam etdirir, yeni həyata uyğun təcrübəsini getdikcə zənginləşdirir, xalqa, dövlətimizə qulluq göstərir.

 

 

Rafiq HƏSƏNOV,

“Xalq qəzeti”nin sabiq əməkdaşı

 

Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 5.