Liderlik zirvəsi böyük tarixi xidmətlərlə fəth olunur

 

Tarixən dönə-dönə təsdiq olunmuş fikirdir: son hökmü zaman verir. Yaxşının yaxşı, dahinin dahi, müdrikin müdrik qiymətini zamandan başqa verən yoxdur. Ancaq çox zaman insanın, tarixi şəxsiyyətin özünün əsl qiymətini alması üçün də zaman tələb olunur. Bəzən bu zaman kəsiyi qərinələrə, əsrlərə bərabər olur...

 

Amma tarixin müəyyən bir mərhələsində, xüsusən Vətənin, xalqın sınağa çəkildiyi ağır zamanlarda cəmiyyətin içindən elə müdrik, ağıllı və uzaqgörən bir insan çıxa bilir ki, tarixin içində canlı bir tarix yarada, dünyanın gözü qarşısında Vətənini, xalqını məruz qaldığı amansız fəlakətdən, böyük tarixi imtahandan cəsarətlə çıxara bilir və hələ özünün sağlığında ölməzlik zirvəsinə ucalır. Bax, belə tarixi şəxsiyyətlər barmaqla sayılacaq qədərdir, hər xalqın tarixində bir, ya iki nəfərdir. Xoşbəxtlikdən ulu yaradan müəyyən tarixi dövrlərdə Azərbaycan xalqını ağır sınaqlara çəkmiş olsa da, onu bu sınaqlardan çıxarmaq üçün özünün seçdiyi liderləri köməyə göndərməyi də unutmayıb. Əgər iyirminci əsrin əvvəllərindəki mürəkkəb və Azərbaycan xalqı üçün faciəli dövrdə Nəriman Nərimanov millətin nicatı üçün özünü çatdırmışdısa, iyirminci əsrin sonları və iyirmi birinci əsrin başlanğıcında bu müqəddəs missiyanı müdrik və işıqlı insan, millətin taleyində silinməz izləri olan görkəmli şəxsiyyət, hələ sağlığında Azərbaycanın ümummilli lideri səviyyəsinə yüksəlmiş dövlət xadimi Heydər Əliyev yerinə yetirmişdi. Məhz Heydər Əliyevin böyük tarixi xidmətinin, sözün əsil mənasında mərdlik və qəhrəmanlığının nəticəsidir ki, hələ onun sağlığında Azərbaycan parlamenti 15 iyunu xalqımızın Qurtuluş Günü kimi rəsmiləşdirməyi, millətin tarixinə yazmağı vacib hesab etmişdi. Bu haqqı Azərbaycanın qəhrəman və ölməz oğlu Heydər Əliyev özü qazanmışdı, Vətəni və xalqı qarşısındakı nəhəng xidmətləri, böyük və işıqlı əməlləri ilə qazanmışdı.

Vaxtilə Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkə Zəki adlı gənc bir həkim belə demişdi: “Siz komandan olaraq başarılı, dövlət adamı olaraq böyük, lider olaraq bulunmaz bir insansınız! Doğruların içindən ən doğru olanı seçir, seçdiyiniz doğrularla milləti inandırırsınız! Az gəlir dünyaya sizin ölçünüzdə insan! Onun üçün biz sizə güvənirik!” Bəli, ”doğruların içindən ən doğru olanı seçmək” və “milləti inandırmaq” bacarığı dahi şəxsiyyətlərin ən nadir qabiliyyətlərindən biridir. Şübhəsiz ki, belə olmasa, insan lider səviyyəsinə yüksələ bilməz. Liderlik zirvəsi ancaq və ancaq işlə, əməllə fəth oluna bilir.

Təbii ki, Heydər Əliyevin Azərbaycan tarixində gördüyü işləri Atatürkün Türkiyə tarixində gördüyü işlərlə eyniləşdirənlər tamamilə haqlıdırlar. Vaxtilə Atatürk haqqında deyilmiş sözləri də eynilə Heydər Əliyev haqqında demək mümkündür. Atatürk təcavüzkar ölkələrin hücumuna məruz qalmış Türkiyəni müharibələr, qanlar, faciələr içərisindən çıxardığı kimi, Heydər Əliyev də xəyanətkar və nankor qonşuların təcavüzünə uğramış Azərbaycanı eyni cəsarət və mərdliklə müharibə, fəlakət və soyqırım dəhşətləri içindən çıxararaq ayağa qaldırmışdı. Atatürk xilas edilmiş Türkiyənin dağılmış iqtisadiyyatını bərpa etdiyi kimi, Heydər Əliyev də qurtuluş və nicat bəxş etdiyi Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin etmiş, bataqlıq və uçurumun dibinə yuvarlanmış Azərbaycanı dünyanın mədəni millətləri sırasına daxil etmişdi.

Biz, Azərbaycanın bugünkü sıravi vətəndaşları – dövlət adamları, elm, mədəniyyət xadimləri, sahibkarlar Heydər Əliyevin bu böyük əməllərini daim minnətdarlıq hissi ilə yad etməli, onun müdrikliyini və qəhrəmanlığını lazımınca qiymətləndirməyi bacarmalıyıq. Açıq etiraf etməliyik ki, Heydər Əliyev Azərbaycan tarixinə ulu yaradan tərəfindən müqəddəs missiya ilə göndərilmiş şəxsiyyətdir. Onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr də, 1993-2003-cü illərdə ölkə Prezidenti olduğu zamanlar da bu tarixi missiyanın uğurla həyata keçirildiyi vaxtlar idi. Doğrudur, bu zamanlar özlərinin ictimai-siyasi mahiyyəti, ölkədə gedən proseslər baxımından bir-birindən köklü surətdə fərqlənir. Ancaq hər iki dövrdə ölkənin taleyində böyük işlər görülüb, silinməz izlər qoyulub.

Mən bir sahibkar, bir iş adamı olaraq ulu öndərin əvəzsiz ictimai-siyasi fəaliyyəti ilə yanaşı, sosial-iqtisadi quruculuq sahəsində gördüyü nəhəng işlərlə çox maraqlanmışam. Onun həmişə qarşısına qoyduğu məqsədləri aydın şəkildə və dərindən dərk edərək işə başladığını görmüşəm. Azərbaycana rəhbərlik etdiyi təxminən 30 illik bir dövrdə Heydər Əliyevin haçansa müəyyən qərar qəbul edərkən, hər hansı bir işə başlayarkən səhv etdiyini, yaxud gələcəkdə əldə ediləcək hər hansı nəticəni yanlış hesabladığını müşahidə etməmişəm. Əksinə, qənaətlərimə görə, bu müdrik dövlət xadimi həmişə başladığı işin sonucunu bəri başdan olduqca aydın görüb, onun gələcəkdə ölkəyə və xalqa verəcəyi mənfəəti düzgün qiymətləndirib. Məhz buna görədir ki, Heydər Əliyevin istər keçən əsrin 60-70-80-ci illərində, istərsə də bütün 90-cı illər və iyirmi birinci əsrin əvvəllərində başladığı işlər son nəticədə uzun müddət milli iqtisadiyyatın inkişafına, əhalinin sosial rifah halının yaxşılaşmasına, yaxud sadə insanların bu və ya digər probleminin həllinə kömək edib. Mən Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrlərdə Bakıda, Gəncədə, Sumqayıtda, eləcə də ölkənin digər iri sənaye şəhərlərində tikilmiş böyüklü-kiçikli zavod və fabrikləri nümunə göstərə bilərəm. Bu sənaye müəssisələri sovet dövrü ərzində minlərlə, yüz minlərlə vətəndaşımızı işlə təmin etmiş, ölkəmizin iqtisadi qüdrətinin və sənaye potensialının güclənməsində mühüm rol oynamışdır. Eyni zamanda, ölkədə on illərlə yığılıb qalmış sosial problemlərin həllinə yardım etmişdir. Həmin müəssisələrdə çalışan insanlarımız ən azı qısa müddət ərzində mənzil alaraq yaşayış şəraitini qaydaya sala bilmiş, maddi güzəranını nizamlamışdır. Təsadüfi deyil ki, bu fabrik və zavodların çoxu indinin özündə də xalqımızın xidmətindədir. Bəziləri öz istiqamətini dəyişərək, bəziləri isə istehsal gücünü daha da artıraraq fəaliyyət göstərir, hazırkı beynəlxalq iqtisadi böhran şəraitində Azərbaycan vətəndaşlarının daha yaxşı yaşamasını təmin edir. Amma təəssüf ki, bu istehsal potensialının məhz Heydər Əliyev tərəfindən yaradıldığını unudanlar da var.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə – keçən əsrin 60-70-ci illərində ölkənin iqtisadi inkişafı baxımından gördüyü misilsiz işləri, təbii ki, sadalamaqla qurtarmaq mümkün deyil və onların haqqında aylarla, illərlə danışmaq lazımdır. Ona görə də qısaca da olsa, bu işlərdən ən yaddaqalanları haqqında bir neçə kəlmə söhbət açmağı zəruri hesab edirəm. Zənnimcə, Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsindən sonra iqtisadiyyatda yaradılmış əsaslı dönüşün başlanğıcı Azərbaycan sənayesinin neftin monopoliyasından (inhisarından) çıxarılması barədəki mühüm qərar oldu. Yəqin, o dövrün rəhbər işçiləri və partiya-dövlət xadimləri yaxşı xatırlayırlar ki, Heydər Əliyev hakimiyyətə gəlişi ilə ölkənin sənaye və kənd təsərrüfatının inkişafına dair yeni konsepsiya irəli sürdü. Bu konsepsiya ondan ibarət idi ki, sənayemiz neftin, kənd təsərrüfatımız isə pambığın monopoliyasından çıxarılmalı idi. Azərbaycanda elektronika, elektrotexnika, radiotexnika, neft emalı, kimya, maşınqayırma sahəsində yeni zavodlar, fabriklər, energetika müəssisələri, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri tikilməli və işə salınmalı idi. Ancaq bu konsepsiya heç də neft sənayesinin və pambığın birdəfəlik unudulması demək deyildi. Sadəcə olaraq, onlara yeni baxış demək idi. Eyni zamanda, texniki tərəqqi Azərbaycan iqtisadiyyatının indiyədək geridə qalmış başqa sahələrini də əhatə etməli idi. Təbii ki, ölkədə neft hasilatının həcmi əvvəlki illərlə müqayisədə heç də azalmadı, əksinə, bu sahədə bir sabitlik yarandı, qaz istehsalı artdı. Neft emalı zavodlarımız 100 faiz rekonstruksiya olundu. Bununla paralel olaraq neft sənayesinin tərəqqisi üçün maşınqayırma sənayesinin inkişafına diqqət artırıldı. Məhz Heydər Əliyevin SSRİ rəhbərliyi ilə apardığı işgüzar siyasətin nəticəsində o vaxtkı rəsmi Moskva Azərbaycanda neft-maşınqayırma sənayesinin inkişafında maraqlı oldu. Üstəlik, o illərdə SSRİ miqyasında əsas neft-maşınqayırma zavodları Azərbaycanda yerləşirdi. Buna görə də SSRİ rəhbərliyinin Heydər Əliyevin irəli sürdüyü yeni konsepsiyanı müdafiə etməkdən başqa əlacı qalmadı. 1970 və 1976-cı illərdə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Heydər Əliyevin təklifləri əsasında iki mühüm qərar qəbul etdi ki, bunlar ölkədə ayrı-ayrı sənaye sahələrinin sürətlə inkişafına böyük təsir göstərdi. Bu qərarlar Azərbaycan üçün tamamilə yeni sənaye sahələrinin yaranmasının, son nəticədə bütün ölkə iqtisadiyyatının inkişafının əsasını qoydu. Maşınqayırmanın yeni sahələrinin yaradılması və inkişafı üçün şərait yaratdı. Beləliklə, ulu öndərin ilk uzaqgörən siyasəti öz bəhrələrini verməyə başladı. 70-ci illərdən başlayaraq Azərbaycanda neft-maşınqayırma, ümumiyyətlə, maşınqayırma sənayesi özünün çiçəklənmə dövrünə qədəm qoydu. Bu sahə üçün yeni böyük obyektlər tikildi, çoxlu müəssisə, sex və istehsal sahəsi istismara verildi.

Amma Heydər Əliyev bununla kifayətlənmədi. Əslində sənayenin bir çox sahələri bir-biri ilə sıx bağlı idi və bir sahənin inkişafı başqa sahələrin də tərəqqisinə təkan verirdi. Həmin illərdə maşınqayırma, qara və əlvan metallurgiya, elektrotexnika və digər sahələrdə də nəhəng müasirləşmə və yenidənqurma işlərinə başlanıldı, köhnə dəzgah və avadanlıqlar dəyişdirildi, bunların nəticəsində əmək məhsuldarlığı hissolunacaq dərəcədə artmağa başladı. İstehsal qüvvələrinin intensiv surətdə respublikanın kiçik şəhərlərində yerləşdirilməsi həyata keçirildi. Sumqayıt şəhəri kimya və neft kimyasının, qara və əlvan metallurgiyanın, yüngül sənayenin mərkəzinə çevrildi. Kimya sənayesi kompleksi güclü inkişaf mərhələsinə gəlib çatdı. Yeni qurğular tikilib istifadəyə verildi. Ümumiyyətlə, kimya, neft kimyası, neftayırma sənayesinə böyük məbləğlərdə vəsait qoyuldu.

Gəncədə alüminium zavodu genişləndirildi, yeni güclü elektronika sənayesi yaradıldı, cihazqayırma, radio və tikinti sənayeləri böyük sürətlə inkişaf etdi. Mingəçevir və Əli Bayramlıda (Şirvan şəhəri) energetika sahəsinin inkişaf etdirilməsi üçün mühüm işlər görüldü. Rabitənin, yüngül, yeyinti sənayesinin, əhaliyə xidmət və başqa sahələrin inkişafına nail olundu. Dəmir yollarımız, hava nəqliyyatımız, ümumiyyətlə, nəqliyyat sahələrimiz böyük tərəqqi yoluna çıxdı.

Bakı şəhərində iri sənaye müəssisələri – Bakı kondisionerləri, elektrotermik avadanlıqlar, elektron hesablayıcı maşınlar, dərin dəniz özülləri və s. kimi yeni zavodlar tikildi, bir çox müəssisələrdə əsaslı şəkildə rekonstruksiya işləri görüldü. Azərbaycanın əksər şəhər və rayonlarında sosial-mədəni obyektlərin inşasına başlanıldı. Əslində, Heydər Əliyevin başladığı yeni inkişaf proqramından əvvəl bu sahələr tamamilə yarıtmaz vəziyyətdə idi, xüsusilə rayon və kənd miqyasında bu sahələr, demək olar ki, diqqətdən kənarda qalmışdı.

O dövrün iqtisadi göstəricilərini əks etdirən məlumatlar da görülmüş işlərin miqyasını aydın göstərir: 1970-1985-ci illərdə yeni sənaye sahələrinin tikintisi üzrə əldə olunmuş nailiyyətlər Azərbaycan tarixinin bütün əvvəlki dövrlərində olduğundan müqayisə edilməyəcək dərəcədə çox və böyük idi. Təkcə mənzil tikintisi sahəsini götürsək, olduqca maraqlı mənzərənin şahidi olarıq. Keçən əsrin 70-80-ci illərində paytaxt Bakı şəhəri, demək olar ki, iki dəfə böyümüşdü, yeni mikrorayonlar, Əhmədli, Günəşli, Yeni Günəşli, Bakıxanov və s. kimi geniş yaşayış massivləri sakinlərin istifadəsinə verilmiş, faktik olaraq Bakıda ikinci bir şəhər salınmışdı. O illərdə Bakı əhalisinin mənzillə təminatı sahəsində görülən işləri tariximizin başqa heç bir dövrü ilə müqayisə etmək mümkün deyil. Bütün bu işlər, şübhəsiz ki, Azərbaycan xalqının böyük və uzaqgörən oğlu, tükənməz quruculuq və yaradıcılıq imkanlarına malik olan Heydər Əliyevin canından artıq sevdiyi doğma Vətəni və xalqı qarşısında təmənnasız xidmətlərinin cəmi bir neçə nümunəsidir. Azərbaycanın gələcək inkişafı üçün mühüm təməl olan bu əməllər şəxsən Heydər Əliyevin böyük cəsarəti, sınmaz iradəsi, dəmir məntiqi hesabına həyata keçirilirdi. Bunun üçün gecəli-gündüzlü çalışmaq, rəhbərlikdə təmsil olunan kadrları inandırmaq, həvəsləndirmək, Azərbaycan KP-nın qurultaylarında, MK-nın plenumlarında, büro iclaslarında dönə-dönə izah etmək, geniş əhali kütlələrinə çatdıraraq onların dəstəyini qazanmaq, nəhayət, əldə olunmuş qərarı Azərbaycana qarşı münasibəti heç də isti olmayan SSRİ rəhbərlərinə bəyəndirmək lazım idi. Təkcə müəyyən məsələlərlə bağlı qərarları Moskvada təsdiq etdirmək ayrıca bir qətiyyət tələb edirdi. Bəli, çoxlarında bu qətiyyət olmadığından Azərbaycanın keçmiş SSRİ respublikaları arasında sosial-iqtisadi cəhətdən ön sıralara çıxarılması on illərlə mümkün olmamışdı. Bu qətiyyət isə Heydər Əliyevdə oldu və Azərbaycan məhz onun rəhbərliyi dövründə on illərlə həsrətində olduğu arzulara qovuşdu. Heydər Əliyev təkcə Azərbaycan əhalisinin mənzillə təminatı məsələsini ölkənin rəhbər şəxsləri ilə dəfələrlə müzakirə etmiş, bütün detalları, digər müttəfiq respublikalardan geri qalmanın səbəblərini tamamilə aydınlaşdırmışdı. Problem onda idi ki, Azərbaycanda adambaşına mənzillə təminat SSRİ-nin başqa regionlarına, xüsusilə Baltikyanı respublikalara nisbətən az idi. Bu gerilik özünü kənd yerlərində daha artıq büruzə verirdi. Uzun təhlillərdən sonra müəyyən edilmişdi ki, bunun səbəbi Moskvanın müttəfiq respublikalar arasında apardığı ayrı-seçkilik siyasətidir. SSRİ Dövlət Tikinti və Dövlət Plan komitələri tərəfindən belə bir qərar qəbul edilmişdi ki, bütün ittifaq üzrə kənd yerlərində tikilən şəxsi mülklərin sahəsi 90 kvadratmetrdən artıq olmasın. Bu, təbii ki, sovet hökumətinin şəxsi mülkiyyət məsələsinə mənfi münasibətindən irəli gəlirdi. Ancaq bu hədd ailə tərkibi 2-3 nəfərdən ibarət olan Baltikyanı respublikalar üçün normal idisə, Azərbaycan üçün qaneedici deyildi. Çünki Azərbaycanda ailələr adətən çoxuşaqlı olurdu. Xüsusən kənd yerlərində. Təxminən hər ailə 10 nəfərdən hesablanırdı. Çox hallarda isə bir evdə bir neçə ailə yaşamalı olurdu. Bu, Azərbaycanda vəziyyəti çətinləşdirən səbəb idi. Ancaq Moskva bu cür sosial müxtəlifliyə eyni stereotiplərlə yanaşırdı və son nəticədə ayrı-seçkilik yaranırdı. Heydər Əliyev ədalətsiz hesab etdiyi bu tipli məsələləri Moskvanın qarşısında təkrar-təkrar qaldırmaqdan çəkinmir və nəhayət, onların müsbət həllinə nail olurdu. Nəhayətdə, Azərbaycanın kəndlərində geniş, irihəcmli evlər tikilir, kənd sakinlərinin yaşayış şəraiti yaxşılaşırdı. Üstəlik ölkədə aparılan islahatlar nəticəsində əhalinin maddi rifahı da yüksəlir, yeni, yaraşıqlı evlər tikməyə imkan verirdi.

70-ci illərdə sovet dövlətinin rəhbərliyi Heydər Əliyevin təkidli səyləri ilə Azərbaycan kənd təsərrüfatının dinamik inkişafı üçün üç qərar qəbul etdi. Bu sənədlərdə kənd təsərrüfatı istehsalını dərin ixtisaslaşma əsasında intensivləşdirmək, qabaqcıl aqrotexniki tədbirlər tətbiq etmək və kənd təsərrüfatını sənaye əsasları üzərinə keçirmək nəzərdə tutulurdu. Həmin qərarlar əsasında bu sahəyə böyük həcmdə kapital qoyuldu. Respublikada geniş meliorativ tikinti proqramı həyata keçirildi, heyvandarlıq, quşçuluq kompleksləri, mineral gübrələr, eləcə də meyvə-tərəvəz və üzüm məhsullarının saxlanması üçün anbarlar tikildi. Təbii ki, minlərlə başqa nümunələr də gətirmək olar.

Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanın rəhbərliyinə qayıtması isə ölkənin tarixində tamam yeni bir inkişaf dövrünün əsasını qoydu. Ulu öndərin gəlişinə qədər ölkədə böyük xaos və anarxiya yaranmış, dövlət idarəçiliyi prinsipləri pozulmuş, təsadüfi adamlar hakimiyyətə yiyələnmiş, iqtisadiyyat dağılmış, müharibə vəziyyətində olan, torpaqları işğal altına düşən ölkə vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Amma uzun illər ərzində topladığı zəngin siyasi təcrübə, şəxsiyyətində cəmləşdirdiyi qətiyyət, prinsipiallıq, uzaqgörənlik kimi dəyərli xüsusiyyətlər Heydər Əliyevə bu çətinliklərin öhdəsindən gəlməyə imkan verirdi. Bunu keçən əsrin 60-80-ci illərində onun rəhbərlik və siyasi səriştəsinə yaxşı bələd olan Azərbaycan xalqı da yaxşı bilirdi. Bütün ölkə ictimaiyyəti əmin idi ki, ən doğrusunu Heydər Əliyev bilir, Azərbaycanı SSRİ-nin dağılmasından sonra düşdüyü fəlakətli ictimai-siyasi və hərbi böhrandan qurtara biləcək bir siyasi xadim varsa, o da Heydər Əliyevdir. Ondan başqa heç kəs xalqın kürəyinə vurulmuş ağır yaranı sağaltmağa qadir deyil. Və təbii ki, xalq öz inamında yanılmadı. Azərbaycanın mərd və mübariz oğlu doğma ölkəsinin xilası naminə xalqın təkidli tələblərindən sonra Naxçıvandan Bakıya qayıtdı, 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. O gündən də Azərbaycanın tarixində böyük qurtuluşun əsası qoyuldu. Heydər Əliyev tezliklə xalqın böyük etimadını doğruldaraq hakimiyyətə gəldiyi qısa zaman ərzində nəinki Azərbaycanı düşdüyü faciəli ictimai-siyasi durumdan çıxara bildi, eyni zamanda cəbhədə işğalçı Ermənistan qüvvələrinə sarsıdıcı zərbələr endirilməsi nəticəsində atəşkəsə nail oldu, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Və yeni qüvvə və ilhamla Azərbaycanın yenidən qurulması, çökdürülmüş iqtisadiyyatın bazar münasibətləri əsasında yenidən ayağa qaldırılması, əhalinin ağır sosial vəziyyətdən çıxarılması istiqamətində ardıcıl və inadlı fəaliyyətə başladı.

1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev heç bir il də keçməmiş – 1994-cü il sentyabrın 20-də Azərbaycanın uzaqgörən neft strategiyasını reallaşdırmaq istiqamətində ilk böyük və uğurlu addımını atdı, dünyanın bir çox ölkələrinin iştirakı ilə sonralar “Əsrin müqaviləsi” adını almış məşhur neft kontraktının imzalanması mərasimini keçirdi. O gün Bakı bütün dünyanın diqqət mərkəzində idi. Hər yandan gözlər Azərbaycanın paytaxtına dikilmişdi. İmperiya zəncirindən cəmisi 3 il əvvəl qurtarmış balaca Azərbaycan artıq dünyanın 20 ölkəsini birləşdirərək misli-bərabəri olmayan böyük bir neft kontraktı imzalayırdı. Buna sevinənlər, təbii ki, çox idi. Bunlar Azərbaycanın müstəqilliyini istəyənlər, onun öz sərvətlərinə sahib olmasına, bu sərvətlər üzərində istədiyi kimi hökm verməsinə tərəfdar olanlar idi. Amma xain gözlər də az deyildi. Belə mövqedə dayanan ölkələr nəinki Azərbaycanın yeni neft müqaviləsi imzalamasından rəncidə düşür, eyni zamanda, bu addımın ölkənin müstəqilliyini möhkəmləndirdiyini başa düşərək xəyanətkar planlar cızırdılar. Amma Azərbaycanın xoşbəxt sabahını çox aydın görən Heydər Əliyev düşmən qüvvələrə əhəmiyyət vermədən inadla öz siyasi xəttini həyata keçirirdi. Çünki zaman gözləmirdi, düşmənlər, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını istəməyən qüvvələr çox idi. Onlar hər addımda ölkənin suverenliyinə zərbə vurmağa hazır idilər. Bu şər güclərin qarşısını almaq üçün Azərbaycanı yubanmadan Qərbin azad cəmiyyətinə inteqrasiya etdirmək, sıx tellərlə bağlamaq lazım idi. Heydər Əliyevin inadlı siyasi fəaliyyəti çoxları üçün xülya kimi görünən bu arzuları da reallaşdırdı.

Tezliklə Azərbaycanın Xəzər dənizindəki yataqlarından “Əsrin müqaviləsi” çərçivəsində hasil edilən neftin dünya bazarına daha təhlükəsiz çatdırılması məsələsi meydana çıxdı. Tranzit ölkə olmaq arzusunda olanlar, Azərbaycan neftinin dünya bazarına çıxarılmasına nəzarəti öz əlinə almaq istəyənlər çox idi. Amma ölkənin gələcəyini düşünən Azərbaycan Prezidenti yenə ən doğru olanını seçdi - Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftinin ixracı üçün ən səmərəli marşrut kimi qəbul olundu. Bu, təkcə Azərbaycanın deyil, müstəqilliyi və suverenliyi təhdid altında olan Gürcüstanın da təhlükəsizliyinə təminat idi. Odur ki, ulu öndər Gürcüstanı da neft kəmərinin çəkilişini təcili surətdə həyata keçirməyə çağırırdı. Yubanmaq olmazdı. Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlandı. Təəssüf ki, ulu öndər Azərbaycanın təkcə iqtisadi inkişafının deyil, müstəqilliyinin də qarantı olan bu kəmərin açılış gününü görə bilmədi. Ömür vəfa etmədi. Bu kəmərin və ideya bazası Heydər Əliyev tərəfindən qoyulmuş digər layihələrin - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təmin etdi. Hazırda isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi davam etdirilir. Bunlar Azərbaycanı işıqlı gələcəyə aparan yollardır. Bu yolların o başında isə ulu öndər Heydər Əliyevin işıqlı siması dayanır...

 

 

Elxan BƏŞİROV,

 “Mətanət A” şirkətinin prezidenti,

Abşeron Rayon Sahibkarlar Şurasının sədri

 

Xalq qəzeti.- 2009.- 28 iyun.- S. 4.