Azərbaycan polisi Azərbaycan
xalqının və dövlətinin keşiyindədir
Polisin vəzifəsi,
borcu həm dövlətin mənafeyini, həm də hər
bir vətəndaşın hüquqlarını qorumaqdır.
HEYDƏR ƏLİYEV
Ümummilli lider
Hüquq-mühafizə sistemi müstəqil dövlətin
ən mühüm təsisatlarından biridir. Dövlətin
mühafizəsi, vətəndaşların hüquq və
azadlıqlarının təminatı, hüquqi cəmiyyət
quruculuğu məsələləri bu sistemin inkişafı
ilə birbaşa bağlıdır. Dövlət yalnız
mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş
yalnız demokratik və ədalətli hüquqlarla əhatə
olunanda azad olur. Azərbaycanın dövlətçilik
tarixində bu ənənələr daim əsas
götürülmüşdür. Tarixən mövcud olan
klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə
qədər olan bütün dövrlərdə mövcud dəyərlər
həmişə həmin dövrə müvafiq olan hüquqla
tənzimlənib. Hüquq-mühafizə sistemində polisin
rolu isə həmişə xüsusi əhəmiyyət kəsb
edib.
Azərbaycanda polisin
yaranmasını və inkişafı mərhələlərini
diqqətlə izləsək görərik ki, bu tarix Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması ilə birbaşa
bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq
Cümhuriyyəti elan olunduqdan sonra ilk Müvəqqəti Milli
Hökumət yaradıldı. Ölkənin
hüquq-mühafizə sisteminin yaradılması və
möhkəmləndirilməsi əsas prioritet məsələ
kimi Şərqin ilk demokratik dövlətini yaradanları dərindən
düşündürdü və bu istiqamətdə
lazımi addımlar atıldı. Fətəli xan Xoyski Azərbaycan
Xalq Cümhuriyyətinin birinci Nazirlər Kabinetinin sədri
kimi həm də daxili işlər naziri vəzifəsini
öz üzərinə götürdü. Mayın 29-da
DİN digər nazirliklər kimi fəaliyyətə
başladı. Azərbaycan Xalq Cümhuriyyəti DİN-in ilk
və başlıca vəzifələri – ölkədə
daxili sabitliyə nail olmaq və hüquq normalarına riayət
olunmasını təmin etmək, cinayətkarlıqla
mübarizə aparmaq, milliyyətindən və dinindən
asılı olmayaraq bütün vətəndaşların həyatını,
əmlakını və hüquqlarını qorumaq, milli ordu,
təhlükəsizlik qüvvələri ilə birlikdə ərazi
bütövlüyümüzə və suverenliyimizə qəsd
etməyə çalışan hər hansı təcavüzkar
qüvvələrə qarşı mübarizə aparmaqdan
ibarət idi.
Təsadüfi deyil ki, əsrin
əvvəllərində Azərbaycan müstəqilliyini elan
etdikdən dərhal sonra 1918-ci il 2 iyulunda Xalq Cümhuriyyəti
24 iyun tarixli 178 saylı qərarının icrası olaraq
Yelizavetpol (Gəncə) quberniyasında ilk milli nizami polis
orqanları yaradıldı və onların yeni ştatları
təsdiq edildi. Bu sadəcə formal xarakter
daşımırdı. Cənubi Qafqaz respublikaları içərisində
Azərbaycan yeganə dövlət idi ki, bu dövlətin təsis
etdiyi polis Azərbaycan xalqının və Azərbaycan
dövlətinin azadlıq və müstəqilliyi naminə
erməni separatizminə qarşı əzmkarlıqla
mübarizə apardı, həm də 1920-ci ildə Sovet
Rusiyasının zirehli qatarı Azərbaycan sərhədlərini
qəsbkarlıq məqsədilə keçib ölkəyə
daxil olarkən, sözün həqiqi mənasında,
böyük fədakarlıq göstərdi.
Lakin həmin dövrdə
bəşəriyyətin əxlaq kodeksində ciddi təbəddülatlar
baş verdi. Ədalət gücdədir prinsipi zamanın
hakimi idi. Məhz bu prinsiplə, 1920-ci ilin aprelin 27-də
işğalçı XI Qızıl Ordu Bakıya daxil oldu və
Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradaraq, həmin
ilin aprel ayının 28-də Azərbaycanda sovet hakimiyyətini
qurdu. O vaxtdan başlayaraq Azərbaycan polisi yeni son dərəcə
mürəkkəb və dərin milli-psixoloji çətinliklərlə
müşayiət olunan bir mərhələyə daxil oldu. 1920-ci
ilin aprelin 29-da Bakı şəhərində Azərbaycan Xalq
Cümhuriyyəti polisinin buraxılması və fəhlə-kəndli
milisinin təşkili haqqında Azərbaycan İnqilab Komitəsinin
qərarı verildi. Daha sonra isə Azərbaycan İnqilab
Komitəsinin qərarı ilə Azərbaycan SSR Xalq
Komissarları Soveti yaradıldı və Həmid Sultanov Azərbaycan
SSR-in ilk Xalq Daxili İşlər Komissarı təyin edildi.
Sovetlər birliyinin
mövcud olduğu 70 illik müddət ərzində problemlərə
və çatışmazlıqlara baxmayaraq, Azərbaycan
polisinin inkişafı istiqamətində mühüm irəliləyişlərə
nail olundu. Azərbaycanda Sovet hakimiyyəti 1991-ci ilə qədər
davam etdi. 18 oktyabr 1991-ci ildə Azərbaycan SSR-in Ali Soveti “Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktını qəbul edərək, Azərbaycan
Respublikasının müstəqilliyini bütün dünyaya
bəyan etdi. Dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul olunana qədər Sovetlər
birliyində yaşamağa məhkum olan Azərbaycan və
xüsusilə də Azərbaycan polisi olduqca çətin və
şərəfli bir yol keçmişdir. Əlbəttə
ki, 1988-1991-ci illərdə Ermənistanın Azərbaycana təcavüzü
baş verən zaman Azərbaycan polisinin göstərdiyi qəhrəmanlıq
nümunələri ayrıca tədqiqatın mövzusudur. O
zamanlar siyasi hakimiyyətdə mövcud olan boşluqlar, milli məsuliyyət
hissindən uzaq olan insanların hakimiyyətə təsadüfi
gəlişləri və onların dövlətçiliyə
biganə münasibətləri Azərbaycanın ayrılmaz
parçası olan Dağlıq Qarabağda Azərbaycan
polisini Ermənistan dövləti və onun havadarları ilə
üz-üzə qoydu. Qeyri-bərabər döyüşlərdə
Azərbaycan polisi öz şərəfini qorumaqla
yanaşı, həm də düşmənə ağır
itkilər verdi. Şuşada, Xocalıda, Laçında və
Dağlıq Qarabağın digər yaşayış məntəqələrində
misilsiz igidliklər göstərdilər. Neçə-neçə
polis zabiti və sıravi əməkdaş qəhrəmanlıq
tariximizə yeni imzalar atdı. Müstəqilliyə
keçid dövrünü olduqca ağır yaşayan Azərbaycanda
bütün digər strukturlar kimi hüquq-mühafizə
orqanları da keşməkeşli bir yol keçdi. 1993-cü
ildən başlayaraq hüquq-mühafizə orqanlarının
yeni inkişaf mərhələsi başladı. Hüquq-mühafizə
sisteminin inkişaf mərhələlərini isə
ümummilli lider Heydər Əliyevsiz təsəvvür etmək
qətiyyən mümkün deyil. Azərbaycanın hüquq-
mühafizə sistemi və ümummilli lider Heydər Əliyev
mövzusuna kompleks şəkildə nəzər salsaq görərik
ki, bu sistemdə formalaşma proseslərinin bünövrəsi
və başlanğıcı hələ 1969-cu ildə ulu
öndərin hakimiyyətə birinci dəfə gəlişi
dövründən başlayır.
Ümummilli lider Heydər
Əliyev 1969-cu ildə Azərbaycan Mərkəzi Komitəsinin
birinci katibi təyin olunana qədər respublikanın
bütün digər sahələrində olduğu kimi,
hüquq-mühafizə orqanları sistemində və eləcə
də beynəlxalq təcrübəyə, həm də
dünya standartlarına cavab verən
hüquqşünasların hazırlanması istiqamətində
nəinki heç bir əməli addım atılmamış,
bu barədə heç düşünülməmişdi. Xalqın
və millətin ehtiyaclarını yalnız böyük
liderlər duya bilər və bu ehtiyaclar yalnız böyük
liderlər tərəfindən ödənilə bilər. Birinci
dəfə hakimiyyətə gəldiyi ilk andan ümummilli
lideri düşündürən əsas faktorlardan biri, bəlkə
də birincisi bu idi: necə etmək olar ki, imperiyasız, yəni
ittifaqsız Azərbaycan yaşaya bilsin? Cəmiyyətə hər
şeydən əvvəl hüququn, qanunun və qanunun
keşiyində duran insanların lazım olduğunu dəqiq
bilən Heydər Əliyev ölkədə və eləcə
də xaricdə təhsil alan sözün həqiqi mənasında,
savadlı milli hüquqşünas kadrların
hazırlığına diqqəti artırdı. Respublikada
kadr potensialının gücləndirilməsi məqsədilə
atılan addımlar bir neçə ildən sonra öz bəhrəsini
verdi. 1973-cü ildə isə şəxsi
prinsipiallığı və əzmkarlığı ilə
İttifaq hökumətinə təsir edərək Bakıda
Naxçıvanski adına hərbi liseyin yaradılmasına
nail olan milli lider Heydər Əliyev bu sahədə, demək
olar ki, ən böyük fundamental təhsil kompleksinin əsasını
qoydu. 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi
kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı
Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam
etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci
il mayın 23-də Azərbaycan Polis Akademiyası
yaradıldı. Bu ali təhsil müəssisəsinin
maddi-texniki bazasının möhkəmləndirilməsi və
yüksək peşəkar milli polis kadrlarının
hazırlanması istiqamətində əldə edilən
nailiyyətlər ümummilli lider Heydər Əliyevin Azərbaycan
polisinin inkişafından ötrü atdığı ən
böyük addımlardan biri idi.
Sovetlər dönəmində
hər il Moskvaya kadr sifariş verən Azərbaycan artıq
özü hüquq-mühafizə sistemi ilə bağlı
kadr hazırlayan bir respublikaya çevrildi. Qeyd edilənlər
artıq müstəqil Azərbaycanın özünü idarə
etmək üçün kifayət qədər infrastruktura və
kadr potensialına malik olmasına dəlalət edirdi.
Müstəqillik əldə
edildikdən sonra isə Heydər Əliyevin birbaşa rəhbərliyi
ilə Azərbaycanda demokratik hüquqi dövlət
quruculuğunun möhkəm əsasları qoyulmağa
başladı. Xalqın dövlət hakimiyyətinin yeganə
mənbəyi olmasını, idarəçiliyin hakimiyyət
bölgüsü prinsipi ilə təşkil edilməsini təsbit
edən Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə məhz
Heydər Əliyevin sədrliyi ilə hazırlandıqdan sonra
referendum yolu ilə qəbul olundu. Bu sonralar həyata
keçiriləcək hüquqi-demokratik islahatlar
üçün möhkəm və əsaslı bazaya
çevrildi. Ölkəmizin Avropa təsisatlarına (AŞ və
s.) inteqrasiyası məqsədilə beynəlxalq konvensiyalara əsaslanan
bir sıra qanunlar işlənib hazırlandı. Fikrimizcə,
bu normativ-hüquqi aktların qəbulunu Azərbaycanın beynəlxalq
hüququn subyektinə daxil olması baxımından ən
vacib addımlardan biri kimi qiymətləndirmək olar.
Ümummilli lider Heydər
Əliyev yaxşı bilirdi ki, sağlam vətəndaş cəmiyyəti
qurmaq, güclü Azərbaycan dövləti yaratmaq
üçün başlıca amil sabitlik və əmin-amanlıqdır.
Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə
inkişaf mümkündür. Buna görə də
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsaslı
islahatlar davam etdirilərək qanun
yaradıcılığı sahəsində ciddi nailiyyətlər
əldə olundu. Ümummilli lider Heydər Əliyev hələ
1994-cü ildə “Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydalarının möhkəmləndirilməsi
tədbirləri haqqında” fərmanı imzalamaqla dövlət
quruluşunun mühafizəsinə və insan hüquq və
azadlıqlarına yönələn cinayətkar qəsdlərə
qarşı mübarizədə əsaslı dönüş
yaratdı. Aparılan islahatlar nəticəsində ölkədə
cinayətkarlığın sayı, demək olar ki, minimuma
endirildi. Sabit, güclü və işlək qanunların
yaradılması cəmiyyətin ehtiyaclarından irəli gəlirdi.
Əslində bu, eləcə də digər normativ aktların
və hüquqi sənədlərin qəbulu 1994-1996-cı illərdə
dövlətə qarşı cinayətkar qəsdlərlə
üzləşən Azərbaycan cəmiyyətinin və Azərbaycan
vətəndaşının sosial sifarişinin nəticəsi
idi. Azərbaycan Respublikasının Prezidenti ümummilli lider
Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə
Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər
Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis
edildiyi gün - 2 iyul “Azərbaycan Polisi günü” elan olundu.
Çox keçmədi
“Məhkəmələr və hakimlər”, eləcə də
“Prokurorluq haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” qanunlar hazırlanaraq qüvvəyə mindi. Penitensiar
sistemdə əsaslı islahatların həyata keçirilməsi
üçün ciddi hüquqi tədbirlərə
başlanıldı. Hüquq sisteminin heç bir sahəsi
islahatlardan kənarda qalmadı.
Heç şübhəsiz
ki, ümummilli lider Heydər Əliyevin hüquqi-demokratik
dövlət quruculuğu ilə bağlı xidmətləri
böyük bir elmi araşdırmanın mövzusudur və
hesab edirəm ki, bu uzun illər hüquq elminin tədqiqat
obyekti olacaq. “Polis haqqında” Qanunun qəbulu isə ölkədə
vahid mərkəzləşdirilmiş hüquq-mühafizə
orqanının yaradılması demək idi. Qanun, insan
hüquq və azadlıqlarını təmin etmək və polisin
fəaliyyətini tənzimləmək baxımından son dərəcə
böyük əhəmiyyətə malikdir. Həmin qanunla
polisin fəaliyyətini tam tənzimləyən hüquqi əsasları
yaradıldı. Azərbaycan Respublikasının icra hakimiyyətinə
mənsub olan polisin təyinatı həmin qanuna görə vətəndaşların
həyatını, hüquq və azadlıqlarını,
dövlətin, fiziki və hüquqi şəxslərin qanuni
mənafelərini və mülkiyyətlərini hüquqazidd əməllərdən
qorumaqdan ibarətdir.
Beləliklə,
bütövlükdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar
müstəqil Azərbaycanda demokratik cəmiyyət
quruculuğu istiqamətində möhkəm hüquqi
bazanı formalaşdırdı. Hazırda Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi istiqamətində
hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir
və zənginləşdirilir. Bu, hüquq- mühafizə
sistemində, habelə polis orqanlarında
çalışanların qarşısına yeni və
mühüm vəzifələr qoymaqla yanaşı,
onların məsuliyyətini daha da artırır və bu
şərəfli peşədə çalışmaq
üçün hər bir polis əməkdaşına stimul
verir.
Hikmət EYVAZOV,
Polis Akademiyasının
daxili işlər orqanlarının
inzibati fəaliyyəti kafedrasının
baş müəllimi, polis mayoru, hüquq elmləri
namizədi
Xalq qəzeti.- 2009.- 30 iyun.- S. 6.