Ermənistan Avropa Şurasında ermənipərəst qüvvələr tərəfindən həmişə müdafiə edilir

 

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının üçüncü gününün sonundaErmənistanda demokratik təssisatların fəaliyyətiməsələsi müzakirə olunmuşdur. Məsələ üzrə həmməruzəçilər Jorj Kolombye Con Preskott əsl ermənipərəst mövqedən çıxış etmişlər. Xüsusilə, Jorj Kolombye hazırladığı məruzəsində Ermənistanda gedən prosesləri ilahiləşdirmiş, bir müddət əvvəl mart hadisələrinə görə az qala bu ölkənin nümayəndə heyətlərinin mandatlarının dondurulması barədə həmkarlarının təkliflərini yaddan çıxarmış, Ermənistanı demokratik don geymiş mələyə bənzətməyə səy göstərmişdir.

 

Digər məruzəçi fransalı həmkarına nisbətən bir qədər sərt mövqe tutmasına baxmayaraq, onun çıxışında da Ermənistana qarşı ciddi iradlar səsləndirilməmişdir. O, yumşaq tərzdə olsa da, mart hadisələrində 10 nəfərin həlak olduğunu bir daha xatırlatmış, bu işdə günahı olanların indiyədək məsuliyyətə cəlb edilmədiyini qeyd etmiş, erməni rəsmilərinə seçkiləri daha da təkmilləşdirməyi məsləhət görmüşdür.

Məruzələr ətrafında müzakirələrdə deputatların əksəriyyəti erməni mövqeyindən çıxış etsələr də, İsveçdən olan Marietta de Purbaix-Lindin Ermənistanın ünvanına sərt ittihamlar səsləndirmiş, bu ölkənin hələ demokratiyadan uzaq olduğunu, insanların təqib edildiyini, mətbuat və söz azadlığının boğulduğunu, prezident və Yerevan şəhər merinin seçkilərində saxtakarlığa yol verildiyini bildirmişdir.

Müzakirələrdə azərbaycanlı deputat Rafael Hüseynov çıxış edərək demişdir: Ermənistan artıq 9 ildir ki, Avropa Şurasındadır. Adətən Avropa Şurasına demokratiya məktəbi deyilir. Arxada qalan 9 ildə Ermənistan bu demokratiya məktəbindən hansı dərsləri alıb, 9 il ərzində Ermənistan daha sivil, daha qanuni, insan haqlarına hörmət bəsləyən bir dövlətə çevrilmək yolunda hansı tərəqqiyə nail olub, öz xalqını daha firavan, qonşuları ilə münasibətlərini daha ədalətli qurmaqdan ötrü hansı səyləri göstərib?

Təəssüf ki, bu suallara müsbət cavab vermək, Ermənistanın 9 il ərzində Avropa Şurası ailəsinə layiq bir üzvə çevrilmək istiqamətində ciddi işlər görməsi haqda söz söyləmək çətindir.

Ermənistan 2001-ci ildə bu mötəbər quruma onun bütün tarixi ərzində ilk işğalçı dövlət kimi qəbul edilmişdi. Həm də paradoksal cəhət bu idi ki, Ermənistan AŞ-ın üzvü olan digər dövlətin 20 faiz ərazisini işğal etmişdi. Adi məntiqlə gərək Ermənistan belə ləkəli reputasiyası ilə o vaxt heç AŞ-a qəbul edilməyəydi. Lakin münaqişəni tezliklə və sülh yolu ilə həll etmək şərti ilə qəbul edildi. Ermənistan nəinki işğala son qoyaraq zəbt etdiyi əraziləri boşaltdı, əksinə, indi də yeni ərazi iddiaları, yeni təcavüz planları cızmaqdadır.

Ermənistan bu təşkilata girərkən demokratiya prinsiplərinə sədaqət göstərəcəyini vəd etmişdi. Lakin bütün bu illər ərzində Ermənistan dövləti qaçqına və məcburi köçkünə çevirdiyi bir milyon Azərbaycan vətəndaşının ən elementar insani hüquqlarını daim pozmuşdur. Lakin bu qəddar münasibətini yalnız qonşusuna göstərmədi. Ermənistan öz ölkəsini də bir polis rejiminə çevirdi və öz əhalisini də daim vahimə, sabaha ümidsizlik içərisində yaşatdı və yaşatmaqdadır. Ermənistan terrorizmi özünün dövlət siyasətinə döndərdi. Bu gün ölkə həbsxanaları siyasi məhbuslarla doludur. Ermənistanda söz, mətbuat azadlığı yoxdur. AŞ-a üzv olduğu müddətdə Ermənistanda bircə dəfə olsa belə, demokratik meyarlara uyğun gələn seçkilər keçirilməmişdir. Bu 9 ildə Ermənistanda qanunların, o cümlədən Konstitusiyanın davamlı və kobud şəkildə pozulması adi normaya çevrilmişdir. Son 9 ildə Ermənistana rəhbərlik etmiş prezidentərin hər ikisi bu kürsünü qeyri-qanuni tutmuşdur. Çünki onların heç biri Ermənistan vətəndaşı deyil. Onların hər ikisi Azərbaycana məxsus Dağlıq Qarabağdandırlar. Deməli, Azərbaycan vətəndaşlarıdır və rəsmən hələ ki, bu vətəndaşlıqdan çıxmamışlar. Son 9 ildə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dövləti nəyə nail olub? Zəbt etdiyi torpaqların hesabına xalqına nəsə fayda verə bilibmi? Əksinə arxada qalan illərdə Ermənistan xalqının vəziyyəti gündən-günə ağırlaşıb, daha da ağırlaşmaqda davam edir və sürətlə irəliləyən siyasi və iqtisadi böhran Ermənistanı daha dərin uçurumlara aparır.

Azərbaycana qarşı işğalı davam etdirdiyindən regiondakı bütün vacib beynəlxalq iqtisadi layihələrdə əsas yer tutan Azərbaycanın haqlı iradəsi ilə Ermənistan həmin faydalı müqavilələrdən kənarda qalmışdır. Həmin layihələr qonşu ölkələrə iqtisadi tərəqqi və rifah gətirsə də, Ermənistan əhalisi durmadan müflisləşməkdədir. Başqa çıxış yolu tapmayan əhali axın-axın ölkəni tərk edir. Son 9 ildə Ermənistan əhalisinin yarısı ölkədəki dözülməz şəraitə görə mühacirət etməyə vadar olmuşdur. Ermənistanda plüralizm, fikir sərbəstliyi yoxdur. Bu ölkədə siyasi opponentləri susdurmağın sınanmış yolu terrordur. Ermənistan parlamentindəki qətllərdən tutmuş son prezident seçkilərindəki kütləvi ölüm hadisələrinə qədər bunun çoxlu arzuolunmaz nümunələri vardır.

Əhali elə miskin kökə salınmışdır ki, hətta özbaşınalığın, qanunsuzluğun, səfalətin hökm sürdüyü erməni ordusunun əsgərləri də tez-tez könüllü şəkildə düşmən hesab etdikləri Azərbaycan ordusu tərəfə keçərək təslim olurlar. Görün bu rejim xalqı nə vəziyyətə çatdırıb ki, onlar nicatı öz ölkəsinin içərisində deyil, düşmən hesab edilən, ərazisi elə onlar tərəfindən işğal olunmuş qonşu dövlətdə arayırlar.

Ermənistan parlamentinin burada təmsil olunan üzvləri ölkədəki əsl vəziyyət haqqında danışa bilsələr, çox şey deyərlər. Lakin onlar ölkənin digər vətəndaşları kimi qorxu içərisindədilər. Ermənistanda həqiqəti söyləmək və həqiqət, ədalət uğrunda mübarizə aparmaq həyat üçün təhlükəlidir.

Bu gün təqdim olunan məruzədə Ermənistandakı vəziyyətlə bağlı müəyyən müsbət tərəflər müşahidə edilərək işıqlandırılır. Bu, əlbəttə, çox yaxşıdır. Ən pisin içərisində də müsbət olanı görmək nəcib əxlaqi keyfiyyətdir. Amma bir şərtlə ki, bu tək-tək müsbət cəhətləri bir sel kimi örtən saysız-hesabsız qanunsuzluqlara, haqsızlıqlara göz yummayasan. Göz tək-tək yaxşı şeyləri görürsə, bəs bu qədər naqislikləri, fəlakətləri, pozuntuları, qanunsuzluqları niyə sezmir?

 

 

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Xalq qəzeti.- 2009.- 30 iyun.- S. 6.